Qazi atanın şəhid övladı

 

 

 

İnsan dünyaya gəlir, yaşayır və köçüb-gedir. Yaradılışın mövcud qanunauyğunluğu bu cürdür. Elə insanlar da var ki, bu həyatda etdikləri ilə daim yaddaşlarda qalır. 44 günlük Vətən Müharibəsi bizə tanımadığımız yüzlərlə qəhrəman sayəsində bütövlüyümüzü qazandırdı. Zəfər təkcə torpaqlarımızın azad edilməsi demək deyil. O həm də Xeyirin şər, Haqqın nahaq üzərində qələbəsidir. Hafta.az qələbə imzasını Vətən torpaqlarına qanları ilə çəkən şəhidlərimizə həsr etdiyi növbəti yazını sizlərə təqdim edir.

 

Budəfəki qəhrəmanımız Vətən müharibəsinin 19 yaşlı  iştirakçısı  Məmmədov Rza Əsgər oğludur.

 

Qazi atanın şəhid övladı Rza Məmmədov 23 noyabr 2001-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. Rza ailənin böyük övladı, 2 bacının 1 qardaşı idi. 2007-2018-ci illərdə Göylər kənd 2 saylı tam orta məktəbində təhsil alıb. Rza həm də gözəl səsə sahib idi. Elə buna görə də paralel olaraq, Şamaxı İncəsənət Təhsil Mərkəzində xanəndəlik təhsili alırdı. Təhsilini bitirib, diplomunu almağa cəmi 6 ay qalmış çağırış gəlir, 7 yanvar 2020-ci ildə isə Rza hərbi xidmətə yollanır. Xidməti Beyləqan rayonunda kəşfiyyat qrupunda davam etdirir. Vətən Müharibəsinin ilk günü 9 ayın əsgəri olan Rza Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidliyə ucalır.

 

Hafta.az qəhrəmanımızın ailəsi və yaxınları ilə həmsöhbət oldu. Onlar şəhidlə bağlı xatirələrini bizimlə bölüşdülər.

 

Şəhid atası Əsgər Məmmədov deyir ki, özü hələ 1-ci Qarabağ müharibəsində, Ağdərə, Laçın, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. Elə həmin vaxt yaralanaraq qazi olub:

 

Oğlum hələ uşaq olanda ağrılarımın səbəbini öyrənib, tez-tez məndən harada döyüşdüyüm haqqında soruşurdı. Hər dəfə də səbirlə cavab verirdim. Vətənpərvər ruhda böyümüşdü. Bir başqa idi onun yurd sevgisi... Neçə-neçə arzuları, xəyalları var idi gələcəklə bağlı. Hamısı da ürəyində qaldı... (ağlayır)”.

 

Ana Məmmədova Lamiyə də övladı haqqında danışarkən səsi titrəyir, göz yaşları nitqini yarımçıq kəsirdi. O deyir ki, oğlum hər zaman bizləri düşünürdü. Şirindilli, şirinsəsli idi:

 

Rza ilk gözağrım, birinci övladım idi. Haqqında nə desəm, nə danışsam azdır. Çox qayğıkeş, ailəcanlı uşaq olub. Axırıncı dəfə onu 20 fevral 2020-ci ildə gördük. Pandemiya səbəbindən yanına gedə bilmirdik. Nə vaxt danışsaq, hər şeyin yaxşı olduğunu söyləyirdi. İstəmirdi ki, biz ona görə nigaran qalaq. Sonuncu zəngi isə sentyabrın 20-də oldu. Həmişəki kimi yenə bizdən hal-əhval tutdu. Hər şeyin qaydasında olduğunu bildirdi. Dostlarının dediyinə görə, şəhid olmamışdan bir gün öncə onlara, “Ana, mən şəhid oldum” mahnısını oxuyub. Aylaröncə ortancıl bacısına məktub yazıb. Orada bizikiçik bacısını ona əmanət edib. Elə bil şəhid olacağını bilirmiş...”.

 

Daha sonra şəhidimizin bacısı Sima Məmmədova qardaşının ona yazdığı məktub haqqında danışdı. Bacı söylədi ki, Rza məktubunda atamızdan, anamızdan, balaca bacımızdan muğayat olmağı tapşırıb mənə, halallıq istəyib...

 

“Şəhid bacısı olmaqonun mənə qoyduğu bu ad qürurvericidir. Yoxluğu isə çox ağırdır (ağlayır)”.

 

Şəhidin döyüş yoldaşı Rəşad Qəhrəmanov isə bildirdi ki, Rza xidmətboyu tez-tez vətənpərvər ruhda mahnılar oxuyurdu:

 

“Axırıncı dəfə bizlərə şəhid olacağını, dövlətin ailəsinə ayıracağı pulla isə bacısının təhsil alacağını söylədi…”.

 

Qeyd edək ki, 19 yaşlı şəhid Rza Məmmədovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirilib. O, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşlərdə şücaətinə görə” medalları ilə təltif olunub. Ruhun şad olsun, Vətən fədaisi, qəhrəman əsgər Rza Məmmədov!

 

Banu

 

Həftə içi.- 2021.- 16-17 fevral.- S.7.