Erməni vəhşiliyi məçhur fotoqrafın gözü ilə

 

 

Məndə Xocalı soyqırımı ilə bağlı elə sənədlər var ki, heç kəsdə yoxdur

 

Hərbi savaşlar təkcə odlu silahla deyil, həm də informasiya müharibəsi ilə qazanılır. II Qarabağ savaşında Azərbaycan bu üstünlüyü qazana bildi. Düşmənin daim tətikdə olduğunu qeyd edən ekspertlər informasiya müharibəsini qazanmaq üçün daha hazırlıqlı olmağı, proseslərdə daha müştərək iştirakın təmin olunmasını zəruri hesab edir.

 

Bu gün Azərbaycanın Qarabağ həqiqətlərini çəkdiyi fotoşəkillərlə dünyaya çatdıran dünya şöhrətli fotoqraf Reza Degatinin apardığı informasiya müharibəsi də bu qəbildəndir.

 

Bu və digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Reza Degati çox maraqlı məsələlərə diqqət çəkib. 

 

- Reza bəy, bir fotoqraf  olaraq Qarabağ torpaqlarında hansı dəhşətli mənzərə ilə rastaşdınız? Mümkünsə, bu barədə danışın...

 

 - 1979-cu ildən, bu peşəyə başlayan vaxtdan indiyə qədər çox müharibələri çəkmişəm. Təbii ki, hər bir müharibənin özünün faciələri, dağıntıları olur. Müharibələrdə insanlar ölür, qaçqın, köçkün olur. Müharibə fəlakətdir. Mən I-II Qarabağ müharibəsinə də bu baxışla yanaşırdım. Qarabağ müharibəsini dünyanın başqa müharibələri ilə müqayisə etdim. Gördüm ki, Qarabağ müharibəsində Azərbaycan insanlarının qarşılaşdığı erməni vəhşiliyi heç bir yerdə olmayıb. I Qarabağ müharibəsində Azərbaycan əhalisi məcburi köçkünə çevrildi, erməni silahlıları insanları öz evlərini tərk etməyə məcbur elədilər. Belə dəhşətli hadisələr Balkanlarda - Sarayevoda belə olmamışdı. Ermənilər qadınlara, uşaqlara işgəncə vermişdilər. Kiminsə evindən sağ qaçmasına imkan vermişdilərsə, onun da ayaqqabılarını, üst-başını soyundurub, qadınların qızıllarını qarət edib qovublar. Qışın şaxtasında ayaqyalın, üst paltarları olmadan evindən çıxarılan uşaqlar, qadınlar, qocaların çoxu yollarda donub ölürdülər. I Qarabağ savaşında Azərbaycanın məcburu köçkünlərinə qarşı edilən erməni vəhşiliyini heç yanda görmədim...

 

II Qarabağ müharibəsində, ərazilər işğaldan azad olunandan sonra da mən eyni vəhşiliyin o torpağa, tarixi abidələrə, qəbiristanlıqlara, təbiətə qarşı edildiyini gördüm.

 

Dörd ay olur ki, Azərbaycandayam. Bir ayım müharibədə keçdi, qalan ayları Qarabağın hər yerini addım-addım gəzmişəm. Mən bu dəhşətləri dünyaya göstərmək istəyirəm. İstəyirəm dünya görsün və bilsin ki, bu günə qədər ermənilər onları öz yalanları ilə aldadıblar.

 

Onu da deyim ki, ermənilərin xaricdə diasporaları çox güclüdür. Onlar öz yalanları ilə dünyanın ümumi fikrini yayındırıblar. Biz onlardan bəlkə də 100 dəfə zəifik. Əgər kimsə bu gün bu işi görürsə, gərək hamılıqla ona dəstək verilsin.

 

Onların səsi hələ də qulaqlarımdadır

 

- Xocalı soyqırımının ildönümü yaxınlaşır. Bilirik ki, siz Xocalı ilə bağlı mütəmadi sərgilər keçirirsiniz. Xocalını tanıtmaq istəyirik, dünya nəhayət bunu görə bilirmi?

 

- Xocalı soyqırımı müasir tarixdə baş verən ağlasığmayan bir faciədir. Müharibə belədir ki, tərəflər vuruşur, ölürlər. Bir də var ki, düşmən düşünülmüş şəkildə gecə girir evlərə, qadınların başına oyun açır, hamilə qadınların qarnını yarır, uşaqların başını kəsir, bu dəhşətdir. Bu 30 ildə nə qədər imkanım var, bu dəhşətləri dünyaya çatdırmışam. Kitablar hazırladım faciə haqqında. Çox sağ olsun, Mehriban xanım bir kitabımın nəşr olunmasına dəstək verdi. Məndə Xocalı soyqırımı ilə bağlı elə sənədlər var ki, heç kəsdə yoxdur.

 

İllərdir, bu faktları lazım olan yerlərə çatdırmaq üçün müraciətlər edirəm, hələ də bir cavab almamışam. Yenə də ürəyim yanır. O vaxtlar Xocalı qadınlarının qabağıma qaçıb, “Bunları çək, dünyaya göstər”, - deyə etdikləri fəryad, onların səsi hələ də qulaqlarımdadır. İlk növbədə onlara görə bu işləri görürəm. Bu, həm bir insan, azərbaycanlı kimi, həm də daha çox  bir peşəkar jurnalist kimi borcumdur.  Çox təzyiqlər olsa da, bunu edəcəyəm. Təzyiqlər olur, amma biz hadisəni görürüksə, gərək dünyaya çatdıraq. Yenə də mən haqq sözü deyəcəyəm. İki gündən sonra bir qrup xarici jurnalist Ağdama gedəcək. Xahiş olunub ki, ora gedib sərgi keçirim və bunları göstərim.

 

Ayağımdan tutub aşağı çəkməsinlər

 

- Dediniz ki, əlinizdə çox qiymətli şəkillər var və bu faktları dünyaya göstərmək istəyirsiniz. Bununla bağlı təklifləriniz olsa da, hələ ki, cavab verilməyib. Həmin reaksiya haradan verilməlidir?

 

- Mən Fransa vətəndaşıyam. Bütün müsahibələrimdə deyirəm ki, bu işi yükək səviyyətə görməyim üçün mənə dəstək lazımdır. Hamı da əlini kürəyimə vurub deyir ki, siz nə gözəl insansınız,  sizin kimi gözəl insan yoxdur, siz haqqı dünyaya çatdırırsınız. Mən də deyirəm ki, çox sağ olun, amma bu işləri tək təriflə həll etmək olmaz.

 

Fransada işimi aparan işçilərim var, onlara da maaş verirəm. Birlikdə bir sıra layihələr hazırlamışdıq. Ermənilər o qədər təzyiq elədilər ki, onları əlimizdən çıxardılar. Bir neçə xarici ölkədə sərgi açmaq istəyəndə ermənilər imkan vermədilər, dağıtmaq istədilər. Mənə qarşı bu cür təzyiqlər ola-ola yenə də bir azərbaycanlı kimi bu işləri aparıram, yəni hər kəs öz ürəyini qoymalıdır. Siz bir adam tapın ki, 5 ay  Fransada bütün layihələri buraxıb gəlib bu işlə məşğul olsun.  Hazırda bu işimi özüm tək aparıram. Erməni olsaydım, erməni diasporası nə lazımdır mənim ayağına tökəcəkdi və buradakı faktları böyük pullar xərcləyib dünya televiziyalarında yayacaqdı. Mənim isə ayağımdan tutub aşağı çəkməsinlər, buna da razıyam.

 

Məni pantürkizmdə günahlandırırlar

 

- Reza bəy, dediniz ki, erməni diasporası çox güclüdür. Öz yalanlarını dünyaya göstərmək üçün nə qədər dəridən-qabıdan çıxır, toparlanırlar.  Bəs Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xaricdə lobbimiz, diasporamiz nə dərəcədə fəliyyət gösətərə bilir?

 

- Xaricdə iki cür azərbaycanlı var: bir İran -cənubi azərbaycanlılar, bir də Azərbaycan -şimali azərbaycanlılar. Şimaldan olanlar ya tələbədir, ya da ki, böyüksəviyyəli işlərdə çalışmırlar. Cənubi azərbaycanlılar isə Azərbaycana ürəkyanğısı ilə baxmırlar. Onlar dünyada olan o 40 milyon azərbaycanlının arasında yoxdur. Baxırsan ki, Cənubdan olan azərbaycanlılar da mənə təzyiq edirlər ki, siz niyə Azərbaycana kömək edirsiniz? Məni pantürkizmdə günahlandırırlar; gah Fransadan, gah İrandan mənə təzyiqlər var.

 

Onu da deyim ki, müharibə başlayan ilk həftədə Azərbaycan diasporasından olan bir neçə azərbaycanlı ofisimlə əlaqə saxlayıb dedilər ki, biz bir qrup azərbaycanlıyıq, Moskvada milyonlarımız var.  Biz istəyirik ki, Reza bəyin Qarabağda, Xocalıda çəkdiyi fotolarından sərgi düzəldək, gərək dünya bunu görə.  Dünyanın müxtəlif yerlərində sərgi təşkil edə bilərik. Bu adamlar bizim uşaqları bir ay işlətdilər, layihlər yazdırdılar, bir aydan sonra bunlardan xəbər olmadı.  İşçilərimə 1 ay işlədiklərinə görə öz cibimdən maaş verməli oldum. Bu da Azərbaycanın xaricdə olan  diasporası. Lazım olsa bunların e-maillərini dünyaya çatdıraram. Qoy biri bunlardan soruşsun ki, siz niyə Rezanın adamlarını işləldib axlrda e-mailə cavab belə verməmisiniz.

 

İndi ermənilər, onların havadarları yaralı heyvan kimidir

 

- Qarabağda ermənilərin törətdiyi  vəhşiliyi  öz sərgilərinizlə dünyaya göstərirsiniz. Dünya ictimaiyyəti, beynəlxalq aləmin mövqeyində nə dəyişikliklər baş verir?

 

- Müharibədə aparılan mübarizənin əsas istiqamətlərindən biri də informasiya müharibəsidir.  Müharibə gedən zaman Prezident dünya mediasına çox gözəl müsahibələr verdi və Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. O vaxta qədər  bütün dünyada – Avropada, Amerikada yaşayan ermənilərin  səsi daha çox eşidilirdi. Dünyadakı ermənilər və havadarları bizə yazıq, zəif, torpağı işğal olunan, 1 milyondan çox insanı qaçqın salınan bir məmləkət kimi baxırdılar.  Düşünürdülər ki,  Minsk qrupu təşkilatı 30 ildir bunları tovlaya-tovlaya aparır, 20 il bundan sonra da belə davam edəcək, axırda hər şey ermənilərə qalacaq.  Azərbaycan birdən ayağa qalxdı və gücünü göstərdi. Göstərdi ki, həm güclü Prezidenti var, həm güclü ordusu. Rəhbərlik yüksək iradə ortaya qoydu və müharibəni uddu.  İndi ermənilər, onların havadarları yaralı heyvan kimidir.  Yaralı heyvan isə daha təhlükəli olar. İndi onlar bu yaralı halları ilə daha kəskin formada informasiya müharibəsinə başlayıblar. Məsələn, ermənilər bir film çəkib: orada guya iki Azərbaycan əsgəri  erməni qəbrini təpikləyib. Ermənilər bu filmi elə bir televiziya, qəzet, sayt qalmayıb ki, orada yayınlamasınlar. Burada mən 4 aydır, bəlkə də dağıdılmış Azərbaycan qəbirlərinin fotosunu çəkmişəm. Həmin qəbirlərin hamısını ermənilər dağıdıb, qəbirdəki insan sümüklərini, kəllələri yerin üstündə atıblar. Hələ də bu faktları dünya kanallarında, qəzetlərdə, saytlarda lazımi səviyyədə yayınlaya bilmirəm. Bu məsələyə ciddi diqqət ayırmalıdır.

 

- Niyə edə bilmirsiniz, maliyyə dəstəyi azdır?

 

- Səbəb tək maliyyə dəstəyinin olması deyil.  Bu faktların dünyaya çatdırılması təşkilatlanmış, nizamlı şəkildə aparılmalıdır. Gərək  biri çağırıb mənə deyə ki, siz belə bir önəmli iş görürsünüz, gəlin bu faktları dünyaya yayaq və bunun üçün ortaq yollar tapaq. Mən özüm də dünyada ən böyük informasiya müəssisəsinin müşaviriyəm. Bu işləri necə qurmağı bilirəm, 40 ildir bu işi görürəm.  Görünən odur ki, əlimizdəki faktları lazımi səviyyədə dünyada yaya bilmirik.

 

Bu istiqamətdə informasiya müharibəsini qazanmaq üçün vahid informasiya mərkəzində toparlanmaq və informasiya sahəsində qazanmaq üçün bütün səylərin birləşməsinə ehtiyac var.  Araşdırma aparıb dünyada  Azərbaycan həqiqətlərini tanıyan, Azərbaycana ürəyi yanan adamları müəyyən edib onları bir bir yerə yığa bilərlər. Bəlkə o bir nəfərdir, bəlkə də 1000 nəfər.

 

Neçə dəqiqə o kəlləyə baxa-baxa ağlamışam

 

- İşğaldan azad olunan ərazilərimizdə  fotoşəkillər çəkərkən sizi təsirləndirən, ağrıdan anlar oldumu?

 

- Sağ olsun Prezident, Prezident Aparatı, mənə rayonlara səfərlər etmək üçün bir maşın verib. Otel məsrəflərini ödəyirlər. Çox sağ olsunlar, buna görə məmnunam.

 

Bir sürücüm var, o, hər rayonda, hər çəkilişimdə mənimlədir.  Nələri gördüyümü, hansı hisslər keçirdiyimin şahididir.  Bir dəfə qəbiristanlıqda çəkiliş aparırdım. Orada insan sümüklərini, kəllələri ermənilər qəbirdən çıxarıb qırağa atmışdılar. Yəqin ki, insanların başsümüklərini çıxarıb qızıl dişlərini axtarıblar. Yerdə çoxlu kəllə sümükləri var idi. Bunu görəndə halım xarab olmuşdu, çünki belə şeyləri görməmişdim. Birdən uzaqdan balaca bir kəllə gördüm, görünür ki, həmin adam gənc olub. Yaxınlaşdım bunu çəkməyə, gördüm ki, başın skletinin yanında sarı uzun hörük var.  Bunu görəndə çox pis oldum.  Neçə dəqiqə o kəlləyə baxa-baxa ağlamışam. Sürücü mənə yaxınlaşıb deyir ki, yarım saatdır ağlayırsınız, qorxdum ki, ürəyiniz partlayar. Bu hadisə məni ağrıtdı. Bir də bu tarixi abidələrin dağıntılarını  görəndə ürəyim dözmədi. Ermənilər o abidələrdə, məscidlərdə  donuz saxlayıblar. Həmin kənddə məsciddən bir qədər aralıda donuz saxlamağa bir tövlə var imiş. Ermənilər həmin məscidi təhqir etmək üçün donuzları orada saxlamışdılar. 

 

Ermənilər 3-cü texnoloji müharibəyə hazırlaşırlar

 

- Azərbaycan cəmiyyətinə, bu prosesdə iştirak edə biləcək qurumlara, diasporlara, imkanlı insanlara nə təklif edirsiniz? Həmin mərhələdə hansı anı buraxmamalıyıq?

 

- Burada Diaspora Komitəsinin rəhbəri ilə 2-3 dəfə görüşmüşəm.  O, gənc və istedadlı adamdır. Onların o cür böyük işləri görmək üçün İnformasiya Komitəsi yaratmağa imkanları yoxdur.

 

Bu gün Kaliforniyada bütün informasiya texnologiyalarının rəhbərləri bir küçədə yaşayır. Onların arasında çoxlu erməni var. Məndə xəbər var ki, ermənilər texnoloji qrup yaradaraq, 3-cü texnoloji müharibəyə hazırlaşırlar. Gördülər ki, müharibədə drona uduzdular, indi onlar başlayıblar. Ermənilər öz yalanlarını yayırlar.  Mənim də öz halımıza yazığım gəlir ki, bizdə ermənilərin vəhşiliyini göstərən bu qədər faktlar ola-ola az göstərə bilirik. Yolunu göstərəndə heç kəs reaksiya vermir. Əgər erməni olsaydım, indi məni dünyanın başına aparardılar ki, gəl işlə.

 

- Ermənilər sizə iş təklif etdilərmi?

 

- Sosial şəbəkədə aparatımı satışa çıxardığımı yazanda,  3 nəfər erməni almaq istədiyini yazıb. Biri deyib ki, guya aparatı Qarabağda fotolar çəkdiyinə görə alıb İrəvanda muzeyə qoymaq istəyir. Sonra bizim işçilərimizi söyüb, gülüb deyib ki, istəyirəm onu alıb İrəvanın mərkəzi meydanında yandıram. Burada bir həftədir deyirəm ki, aparatı satıb pulunu YAŞAT fonduna köçürmək istəyirəm, bir nəfər də reaksiya verməyib, yaxud hər hansı təkliflə mənə müraciət etməyib.

 

Ola bilməz ki, bu işi 30 ildir dəstəksiz görəm.  Düşünürəm, bir gün gələr, kimsə gəlib məndən soruşar ki, sizə hansı köməyimiz, dəstəyimiz lazımdır?  Mən 4-5 aydır Qarabağı gəzə-gəzə  dəhşətli  məkanlar gördüm. Fotolarım dünyanın hər məhkəmələrində əks olunmuşdur.

 

Bu gün ölkədə kimisə qınamaq da olmur. Müharibə gedir, qazilər, şəhidlər var. Ona görə də elan elədim ki, aparatımı satıb pulunu YAŞAT fonduna köçürəcəyəm. Deyirəm, gəlin bu barədə yazaq, hələ də bir xəbər yoxdur.

 

- İşiniz bitdimi ki, aparatınızı satırsınız?

 

- Bu işi ömrümün sonuna kimi görəcəyəm. Dörd aydır minaların arasında gəzib o fotoları çəkirəm.   Məsələ bu deyil. Hələ ki, işlər gedir, görək necə olacaq.

 

- Neçəyə satırsınız?

 

- Bir manata satıram. Bilirsiniz, istəyirəm onu hərraca qoyam görüm, Azərbaycanda kimdir Qarabağı, Xocalının şəkillərini çəkən, aparatı dəyərləndirən insan? Bilmək istərdim ki, burada bizim mədəniyyəti qiymətləndirən kimlər var.

 

- Qarabağda çəkilən şəkillərlə müqayisədə o aparata qiymət vermək çətin olacaq...

 

- O biri aparatları da satmaq istəyirəm. Cibi boş adamam. Düşünürəm ki, bir vaxt gələcək, elə bir adam tapılacaq ki, zəfərdən sonra Qarabağın faciəsini görən, çəkən o aparatdan və şəkillərdən ibarət bir muzey düzəldəcək. Deyəcək ki, bu əşyalar Qarabağ savaşlarını, işğal faktını çəkən Reza Degatinin əşyalarıdır. Məncə bu, gələcək insanlar üçün maraqlı olacaq.

 

 

Tahirə Qafarlı

 

 

Həftə içi.- 2021.- 25-26 fevral.- S.5.