Efes - hər bir turistin
şirin arzusu
Səhər
tezdən İzmirin möhtəşəm ənginliklərini
ayrılıb, üzügüneyə uzanan şossenin ətrafını
saran, göz
işlədikcə uzanan şam meşələri,
hər qarış torpağa rəng qatan əkin sahələrini,
meyvə bağlarını seyr edə-edə Efesə səmt
aldıq.
Sürücü deyir ki, 1 saatdan artıq yolumuz olacaq – təxminən
85 kilometr. Ona görə də, yorulmamaq üçün
yolboyu ətrafı seyr etməklə İzmirin tarixi zənginliklərindən,
təbii gözəlliklərindən bacardıqca daha çox
zövq almaq lazımdır. Haqlı idi: şəhərdən
uzaqlaşdıqca hara baxsam diqqətim bir tarixi abidəyə
zillənirdi. Bu torpaqlarda nə qədər qədim
şəhərlərin, məbədlərin
xarabalıqları varmış. Hamısı
da Türkiyə Cümhuriyyəti dövləti tərəfindən
ciddi qorunub, mühafizə edilir.
Əslində,
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti,
nazirllik yanında Turizm Tanıtım və İnkişaf
Agentliyinin təşkilatçılığı ilə “Safe
Tourism” layihəsi çərçivəsində qaradaş
ölkəyə səfərimizin məqsədi, bu əvəzolunmaz
zənginlikləri gəzib-görmək və qayıdandan
sonra Azərbaycan ictimaiyyətinə çatdırmaqdır. Ona görə də hər bir abidə barədə
maksimum məlumat toplamağa çalışırdım.
Uzaqdan
göz oxşayan Səlcuq şəhəri
göründükdə, bələdçimiz Orçun bəy
dedi ki, İzmirdən 74 kilometr cənubda yerləşən bu
kiçik rayonun ərazisi 317 kvadratkilometr, əhalisinin
sayı isə ortalama 45 min nəfərdir. Buna
baxmayaraq, bu kiçik rayonun turizm müstəvisində əhəmiyyəti
dünyaya dəyər. Çünki
rayonun kiçik ərazisində ən məşhur tarixi abidələr,
o cümlədən dünyanın yeddi möcüzəsindən
biri olan Artemis məbədi yerləşir. Turistlərin arzusu olan Efes şəhərinin
xarabalıqları da şəhərdən cəmi 7 kilometr
aralıdadır. Hansı ki, indi biz indi
onun yanından keçərək Məryəm Ana evinə gedəcəyik,
qayıdanda isə, təbii ki, Efesi ziyarət edəcəyik.
O cümlədən, Artemis məbədinin
qalıqlarını da, xarabalıqlara çatmamış –
yolun sağında görə biləcəyik.
Məryəm
ananın evində
Bələdçimizin dediyi kimi, Efes şəhəri
xarabalığının önündən keçərək
təxminən 2-3 kilometr cənub-qərbdə -
yamyaşıl meşəylə örtülmüş
Bülbül dağında yerləşən Məryəm Ana
evinə qalxdıq. Bura necə də gözəldir, dağ
başdan-başa yaşıl meşələrlə
örtülüb. Səlcuqdan gələn
asfalt yol, Ağsu aşırımında olduğu kimi,
dolana-dolana yüz minlərlə turisti dağlar
arasındakı bu müqəddəs məkana – Məryəm
Ana evinə gətirir.
İç-içə iki kiçik otaqdan ibarət Məryəm
Ana evi hazırda dünyanın hər yerindən gələn
turistlərin həm ziyarət, həm də dini müstəvidə
sitayiş yeridir. Ərazinin coğrafi adına
uyğun olaraq, meşənin fərqli yerlərində
ağaclarda quraşdırılmış səsyayıcılar
vasitəsilə bülbül avazı səsləndirilir. Tapındıqları dindən asılı olmayaraq,
Məryəm Ana evini ziyarət edənlər otağın
birindən daxil olub, içəridəki büstün
önündə arzu-diləklərini ürəklərindən
keçirib, digər otaqdan həyətə
çıxırlar. Həyətin
aşağı yamacında cərgəylə su krantları
olsa da, pandemiya səbəbindən buradakı yeməkxanalar
kimi, onlar da istifadəyə bağlıdır. Yalnız kiçik meydançanın
aşağı küncündə turistlər
üçün xatirə əşyaları, suvenirlər
satılan yarmarka-dükan faəliyyətdədir. Hə, yuxarıdakı kiçik çay evi də,
açıq havada içmələri şərtilə, birdəfəlik
kardon stəkanlarda çay və qəhvə təklif edir.
Stəkanı 5 lirəyə və ya Azərbaycan
pulu ilə 1 manat 30 qəpiyə.
Məryəm
Ana evi ziyarətgahına hər il yarım
milyondan 1 milyonadək zəvvarə baş çəkir. Pandemiya səbəbindən hazırda gələnlərin
sayı kəskin azalıb, amma yenə də turistlər bura
mütləq baş çəkməkdədirlər. Əcnəbi turistlər bu ziyarətgaha daxil olmaq
üçün 60 lirəyə (15 manat) bilet
almalıdırlar. Bu müstəvidə Türkiyə vətəndaşlarının
bəxti gətirib, onlar biletə cəmi 10 lirə (2,5 manat) pul ödəyirlər. Səbəb
isə ölkə vətəndaşlarının
marağını sözügedən ziyarətgaha çəkməkdir.
Hətta 12 yaşdan kiçik uşaqlar
üçün ziyarətgaha giriş pulsuzdur.
Bir yuxunun
möcüzəsi
Tarixi mənbələrə
əsasən, Məryəm Ana bura oğlu İsa peyğəmbər
çarmıxa çəkiləndən 4 və ya 6 il sonra mənəvi oğlu Conla – Müqəddəs
Conla birlikdə gəlib. Hətta bu məsələyə
dair bir rəvayət də mövcuddur. İsa peyğəmbər
edam əsasında üzünü həvarisi
və yaxın dostu olan Cona tutaraq deyir ki, sitat: mən
ölürəm, amma anam dünyada qalır. Bil ki, bundan sonra
sən anamın oğlusan və onu bir an
belə tək buraxma. Sonra da anasına xitabən
deyir ki, Conu öz doğma oğlu kimi qəbul etməli və
qalan ömrünü onun yanında keçirməlidir. Bura o qədər gizli yerdir ki, yuxarıdan baxanda
sanki nəhəng qıf formasını xatırladan,
qövsvari şəkildə ətrafını dağların
haşiyələdiyi və keçilməz meşələrlə
örtülü dərəni görmək
mümkündür. Məryəm Ananın
evi də dərənin qərbindəki yoxuşda tikilib.
Bəs bu müqəddəs məkan necə
aşkarlanıb? Deməli, XIX əsrin əvvəllərində alman
rahibə Katerina Emeriç – onun adı Papa II İohan Pavel tərəfindən
müqəddəslər siyahısına salınıb -
yuxusunda Məryəm Aanın ömrünün son illərini
yaşadığı evin burada olduğunu görür. Ardıyla
araşdırmalar başlanılır və həqiqətən
də bu ev aşkar edilir. Xristian
dünyasında yeni tapıntı sayılan bu kəşfdən
sonra, üstündə qübbəsi olan xaç formalı
tikili yenidən qurulub, bərpa edilib və indiki
görünüşə salınıb. Roma Papası VI
Pavelin 1967-ci ildə baş tutan ziyartindən sonra, hər il avqustun 15-də burada ayinlər düzənlənir.
Bu arada, təxminən
101 il ömür sürmüş Məryəm
Ananın məzarının da evin yaxınlığında –
Bülbül dağında (bəsiləri onun məzarının
Panair dağının şimal-şərqində olduğunu
deyir – V.T.) olduğu düşünülür.
Nağıllara
dönən şəhər
Qayıdan baş dağın ətəyində
üzüqərbə - Egey sahillərinə sarı uzanan Efes
xarabalığına baş çəkdik. Bu antik şəhərin
gün üzünə çıxarılmış
xarabalığı sadəcə möcüzədir, baxmaqla,
gəzməklə doymaq olmur. Bura ayaq basan adam
özünü ruhən minillər öncəsindəki antik
şəhərin küçələrində hiss edir.
UNESCO-nun
Mədəni İrs Siyahısında yer alan
Efesin ərazisinə daxil olduq. Solda su anbarı, ortada xeyli
böyük saray salonunun - Bazilikanın yeri, sağda isə
arxa divarları çox da hündür olmayan Panair
dağının ətəklərinə söykənən
şəhər hamamı, yanında da indiki palamenti əvəz
edən, kiçik amfiteatr formalı müşavirə
salonunun qalıqları yer alır. Bələdçimiz
Orçun bəy bişmiş gildən hazırlanan qısa
ölçülü saxsı boruları göstərərək
dedi ki, tikilmə tarixi eramızdan əvvəl 6-cı minilliyə
uzanan Efes şəhərinə içməli su məhz bu
borular vasitəsilə, Bülbül dağındakı
bulaqlardan çəkilib. Sol tərəfdəki
su anbarına yığılan su, oradan şəhərə
paylanırmış. Hamama gəldikdə, Orçun bəyə
görə, o dövrdə adətmiş: şəhərə
daxil olan hər kəs öncə hamamda yuyunub paklanmalı,
sonra darvazadan içəri girə bilərlərmiş. Bu səbəbdən də hamamlardan biri
dayandığımız yerin sağında (Varius hamamı),
digəri isə şəhərin aşağı hissəsində
- limana açılan darvazanın yanında olub. Hamamın solunda isə təxminən 1400 yerlik
amfiteatr formalı müşavirə salonu – Bloterion yerləşir.
Amma burada 1400 deyil, sadəcə 450 nəfərlik
məclis üzvləri toplaşar, Efesin problemlərini
müzakirə edərlərmiş.
İrili-xırdalı
yastı daşlar döşənmiş dar, amma çox səliqəli,
ortalama 300 metr uzunluğunda Kuretlər küçəsi
darvazadan başlayıb şəhərin mərkəzinə,
oradan da limanadək uzanır. Düzdür, o
vaxtdan Egey suları çəkilərək təxminən 5
kilometr uzaqlaşıb Efesdən, amma hər halda zamanında
şəhərin baş planı aydın və mükəmməl
düşünülüb. Yuxarı girişdən liman
qapısınadək antik şəhərin
xarabalıqlarında nələri görə bilərik –
dövrünün bələdiyyə sarayı və Hefaistos
tərəfindən göndərilən müqəddəs atəşin
mühafizə edildiyi binanın – Pritaneonun, sonradan xristian monastırına
çevrilmiş Domitian məbədinin, imperator Sullanın
qardaşı oğlu, şəhər valisi Memmiusun məzarının
yerləşdiyi eyniadlı abidənin, Kuretlər küçəsi
üzərində tikilmiş Herakl qapısının, Trajan
bulağının, Hadrian məbədinin, 44 nəfərin
eyni anda istifadə edə biləcəyi ictimai ayaqyolunun –
Latrinlerin, şəhərdəki varlıların
yaşadığı yamac evlərinin, antik çağın
3 ən möhtəşəm kitabxanasından olan, 262-ci ildə
baş vermiş zəlzələ nəticəsində
dağıldığı güman edilən Kelsus
kitabxanasının, buradakı Efesin ikinci əsas küçəsi
sayılan Mərmər küçənin, kitabxana ilə
üzbəüz “Məhəbbət evi” adlanan, o dövrə
aid əxlaqsızlar binasının, buradan bir az sağda 25 min
yerlik, qladiator döyüşlərinin də keçirildiyi
amfiteatrın, qarşı tərəfdəki nisbətən dərə
ərazidə yerləşən antik bazarın
qalıqları il boyu Efesə gələn milyonlarla turisti heyrətləndirməkdədir.
Bu arada qeyd edim ki, məhz teatr binası ilə bazar
yerinin qarşısından, o dövrdə limana uzanan 530 metr
uzunluğunda Liman və ya digər adıyla Arkadian
küçəsi yerləşir. Yazının əvvəlində
də qeyd etdiyim kimi, bu küçənin aşağı
başında, soldakı təpə üzərində xeyli
iri görünən tağvarı divar qalıqları diqqət
çəkir ki, həmin xarabalıqda vaxtilə şəhər
hamamı fəaliyyət göstərib.
Sərhədləri
bitməyən tarix
Gözlərimizi Efes antik şəhərinin qiymətsiz
əzəmətindən ayırmadan cənub girişində
bizi gözləyən avtobusa sarı addımlamağa
başladıq. Burada soldakı açıq ərazidəki
iri yonulmuş daşları göstərən Orçun bəy
bildirdi ki, həmin yerdə Efes məzarlığı olub.
Gördüyümüz daşlar da ya adi
başdaşları, ya da daş sandıqlardır. Hansı ki, ölünü onun içində dəfn
edirlərmiş.
Bu gün bir növ Efesin sərhədlərini müəyyənləşdirən
rəsmi buraxılış məntəqələrinin
qurulduğu qapılardan çıxanda, əslində şəhərin
hələ özü boyda hissəsinin kənarda
qaldığını fikirləşə bilərik. Çünki
çıxışdan sağda ucu-bucağı görünməyən
antik çağa aid daş divarlar, yolun solunda adda-budda gözə
çarpan daş qalaqları Efesin şöhrəti kimi abidələrini
də uzaqlara aparmaqdadır. Orçun bəy sağda
qalan divarların antik Efes stadionuna məxsus olduğunu,
dövründə orada hər cür idman
yarışlarının keçirildiyini, sol tərəfdə
yayılmış kiçik daş qalaqlarının isə
müxtəlif məqsədli ev və təsislərə,
çoxunun isə şəhər ətrafında yaşayan əhaliyə
aid evlərin xarabalığı olduğunu diqqətə
çatdırdı.
Bu yerdə məlumat verim ki, Efes ard-arda 4 dəfə qurulub, özü də fərqli yerlərdə. Şəhər ilk dəfə Ayasulu və ya digər adıyla, Səlcuq qalasının arxa tərəfində - dəniz sahilində olub. Qədim rəvayətlərə əsasən ilk Efesi qadın döyüşçülər kimi bildiyimiz Amazon qadınlar qurub. Şəhərin ilk adının isə Arzadva (Ana tanrıça şəhəri) krallığının şəhəri olmuş Apasasdan gəldiyi güman edilir. Bu şəhər Lidyalılar zamanında məhv edildiyi üçün ikinci şəhər Səlçuq - Quş adası yolunda salınır. O cümlədən, antik dövrün 7 möcüzəsindən biri olan Artemis məbədi də məhz burada olub. Sayca 3-cü şəhər hazırda xarabalıqlarını dolaşdığımız yerdə salınmış Efesdir. Makedoniyalı İsgəndər eramızdan əvvəl 3-cü yüzillikdə Efesi (ikinci Efesi) böyük şücaətlər göstərmiş general Lisaymafosa bağışlayır. O da əvvəlki şəhərin yanıb-dağılmış məhəllərini yenidən qurmaq əvəzinə, hazırda turistlərin xarabalıqlarını sevə-sevə gəzdiyi Efesi inşa etdirir. Eramızdan əvvəl qurulan bu şəhər bizim eranın 600-cü illərinədək mövcud olub. 614-cü ildə baş verən güclü zəlzələ şəhərdə böyük dağıntılar törədir. Eyni zamanda, Kiçik Menderes çayı uzun müddət dağıntıları yuyaraq Efes limanına axıdır. İllər sonra liman gətirilmə çöküntülərlə dolur və bataqlığa çevrilir, gəmilər sahilə yanaşa bilmir, qızdırma xəstəliyi yayılır və sair. O vaxt şəhərdə yaşayan 40 minlik əhalinin yarısı da xəstəliyin qurbanı olur. Bu səbəbdən də sağ qalanlar Bülbül dağı ilə Panair təpəsinin arasında yerləşən şəhərlərini tərk edir və indiki Səlcuq şəhərinin yerləşdiyi ərazidə 4-cü Efes salınır....
Avtobus tam sürətilə İzmirə istiqamətlənmişdi. Əlbəttə, yolun hər iki tərəfində göz oxşayan əncir, ərik və şaftalı bağları, şəhər bazarlarını faraş tərəvəzlə təmin edən yamyaşıl sahələr, eləcə də antik Artemis xarabalığı, dağlarda qərarlaşmış “Yeddi yatmış müqəddəs” mağarası, dağın təpəsində hər yerdən görünən, müqəddəs Conun da qəbrini öz qoynunda uyudan Ayasulu və ya yeni adıyla Səlcuq qalası – onlarla başqa qədim abidəni izləyə-izləyə tarixin ənginliklərindən ayrılıb, gözəl İzmirin müasir, qələbəlik və gurultulu qoynuna səmt aldıq...
Bakı-İstanbul-Ankara-İzmir
Vüsal
Tağıbəyli
Həftə içi.- 2021.- 27
fevral.-1 mart.-S.7.