Ermənilər minaları taxıl kimi səpiblər
- Hafiz Səfixanov
Azərbaycan öz torpaqlarını
işğaldan azad etsə də, indi də ermənilər tərəfindən
xaincəsinə torpaqlarımızda basdırılan minalar can
alır. Son 7 ay ərzində Azərbaycanda mina
partlayışları nəticəsində 130 nəfər Azərbaycan
vətəndaşı həlak olub və yaralanıb. Ermənistan
minaladığı ərazilərin xəritəsini vermək
əvəzinə, yeni minalar yerləşdirmək
üçün öz diversiya, təxribatçı dəstələrini
sərhəddən Qarabağa və ətraf
rayonlarımıza göndərməkdə davam edir. İyunun
4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən
jurnalistlər və onları müşayiət edən
mülki şəxslərin olduğu avtobusun tank əleyhinə
minaya düşməsi faktı da birmənalı
qaşılanmır. Beynəlxalq təşkilatlar bu hadisəyə
görə Ermənistana heç bir təsir etmək fikrində
deyil.
Bu və digər məsələlərlə
bağlı hafta.az-a müsahibə verən “Minalar Əleyhinə Azərbaycan
Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov məsələ
ətrafında maraqlı fikirlərə diqqət çəkib.
- Hafiz müəllim, Kəlbəcərdə
jurnalistlərin və mülki şəxslərin ermənilərin
basdırdığı minaya düşərək həlak
olması fonunda regiondakı mövcud vəziyyəti necə dəyərləndirmək
olar?
- Kəlbəcərin Susuzluq kəndi yolunda
avtobusun ermənilərin basdırdığı tank əleyhinə
minaya düşməsi, ikisi jurnalist olmaqla daha bir mülki
şəxsin həlak olması, 4 nəfərin də
yaralanması hadisəsi ciddi şəkildə
araşdırılmalıdır.
Araşdırmalardan sonra minaların nə vaxt
qoyulması barədə ictimaiyyətə məlumat verilməlidir. Bu günə qədər hadisənin
baş verməsi ilə bağlı müxtəlif versiyalar irəli
sürülür. Versiyaların
bəzilərində bildirilir ki, o minalar ora son vaxtlar qoyulub. Videolentlərə
də yolun yamaq izləri görünür. Bu yol işlək yol olub və istənilən
avtobus, maşın oradan keçib. Birdən-birə
vəzifə borclarını yerinə yetirən şəxslərin,
ikisi jurnalist olmaqla mina partlayışı ilə həlak
olması bu hadisədə müəmmaların olduğunu deməyə
əsas verir. Bu hadisə bizə çox
pis təsir edir. Yəqin ki, ciddi
araşdırma aparılacaq, Azərbaycanın müvafiq
strukturları ortaya çıxan bütün versiyaları nəzərdən
keçirəcək. Son hadisə ermənilərin
minalanmış xəritələri verməməsinin nəticəsidir. Biz artıq 8 aydır
ermənilərdən minaladıqları ərazilərin xəritəsini
istəyirik.
- Sizin də
qeyd etdiyiniz kimi, jurnalistlərin avtobusda minaya
düşdüyü yol gediş-gəlişli, işlək
olub. Eyni zamanda orada infrastruktur layihələr
işlənilir. Sülhməramlıların, Nəzarət
Mərkəzinin fəaliyyət göstərdiyi bir yerdə
necə ola bilir ki, birdən-birə mina
partlayışı baş verir?
- İlk növbədə sülhməramlıların,
Qızıl Xaç komitəsinin timsalında digər beynəlxalq
təşkilatlar özləri o ərazilərin xəritələrinin
verilməsində daha çox maraqlı olmalıdırlar. Hər bir
hadisənin bumeranq effekt olur. Bu gün erməninin
basdırdığı minaya sən düşməyibsənsə,
bu o demək deyil ki, sabah bu sənin
başına gəlməyəcək. Bu gün
beynəlxalq təşkilatların özləri, sülhməramlılar
da orada risk altında xidmət aparırlar.
Bilirik ki, Ermənistan dövləti işğalda
saxladığı Azərbaycan ərazilərində ağlagələn
və gəlməyən bütün yerləri minalayıb. Beynəlxalq təşkilatlar,
eləcə də
sülhməramlı missiya Ermənistan dövlətinə
təzyiqlər etməlidirlər. Əldə
beynəlxalq hüquqi sənədlər var. Azərbaycan
ictimaiyyətinin, istər dövlət, istər vətəndaş
cəmiyyəti səviyyəsində dediyi sözlər beynəlxalq
hüquq müstəvidə təsbit olunan sənədlər əsasındadır.
- Avopanın bir sıra insan
hüququları təşkilatları, Human Rights Watch , Avropa
Şurasının İnsan haqları üzrə
komissarı, ATƏT-in nümayəndələri
yalnız “təəssüf” hissi keçirdi. Ümumən
beynəlxalq təşkilatlardan mülki şəxslərin,
jurnalistlərin minaya düşərək həlak
olamaları faktına nə dərəcədə ədalətli
reaksiya var?
- Beynəlxalq
ictimaiyyət Azərbaycanda törədilən erməni cinayətlərinə
qarşı ədalətli reaksiya vermir. Hansısa beynəlxalq
təşkilatların, vəzifəli şəxslərin təəssüf
hissini eşidirik. Bizim isə vətəndaşlarımız
həlak olub. Biz bununla əlaqədar olaraq
təmasda olduğumuz bütün beynəlxalq təşkilatlara
sərt formada bəyanat ünvanladıq. Ola
bilər ki, bu gün hansısa reaksiyalar oldu. Verilən cavab, göstərilən reaksiya adekvat
deyil. Ən azından ona görə ki,
burda iki jurnalistin ölümünə səbəb olan hadisə
baş verib. Bu insanlar o əraziyə gəzməyə
getməyiblər, turistik səfərə gəlməyiblər.
Orada olan 7 nəfər öz vəzifə səlahiyyətlərini
icra edərkən partlayışa məruz qalıb. Bu gün mülki şəxslərin mina
partlayışına məruz qalmasına adekvat reaksiya
verilmirsə, görünür, biz də beynəlxalq ictimaiyyətə
qarşı hansısa hərəkətlərimizə yenidən
baxmalıyıq.
Axı biz beynəlxalq təşkilatlardan bundan artıq
reaksiya da görməmişik. Azərbaycana qarşı münasibət həmişə
bir başqa olub, regionda olan digər dövlətlərə
qarşı bir başqa. Bunun da
kökündə müəyyən səbəblər durur.
Azərbaycanda 4 dəfə metro
partladılıb, 1991-ci ildə Azərbaycanın
ziyalıları Qarakənd səmasında vertolyotda vurulanda
hansısa reaksiya gördükmü? Yalnız
təəssüflənib keçəcəklər. Bu isə o deməkdir ki, biz öz təhlükəsizliyimizi,
siyasətimizi yenidən nəzərdən keçirməliyik. Bir sözlə, özümüz öz
başımıza çarə tapmalıyıq. Gözəl atalar
sözü də var ki, qonşuya umidli olan, şamsız
qalar.
Bütün bunların hamısını yadda
saxlamalıyıq, amma öz işimizi də görməliyik. Beynəlxalq təşkilatlara
ünvanladığımız bəyanatdada belə bir fikri
qeyd eləmişik ki,
bizə kömək eləsəniz də, eləməsəniz
də Azərbaycan bu minaları təmizləyəcək. Sonda heç kəs Azərbaycana deməsin ki,
hansısa konvensiyaya qoşulmur, hansısa sənədi yerinə
yetirmir, kiməsə kömək etmir. İnsanların
sağlam yaşaması onun təməl hüququdur. Bu hadisə o zonada
işləyən nə qədər insana psixoloji təsir elədi.
İnsanlar var ki, orada elektrik, su, yol xətlərinin
çəkilişi ilə məşğuldurlar. İndi Ağdam şəhərinin
inşası başlayır, Zəngilanda müəyyən
işlər gedir. Bu hadisə görün,
orada işləyən vətəndaşların
hamısına hansı psixoloji təsiri göstərib.
- Səsimizi
dünya ictimaiyyətinə çatdıra bilirikmi?
- Azərbaycanın
dövlət və vətəndaş cəmiyyəti
strukturları kifayət qədər ciddi addımlar
atırlar. Məsələn, Azərbaycan
Xarici İşlər Nazirliyinin bir neçə ay bundan əvvəl BMT
Baş katibinə xüsusi məktubu oldu. Həmin
məktub minalanmış ərazilər, xəritələrlə
bağlı idi. Bu məktub BMT sənədi
kimi bütün təşkilatlara paylanıldı. Bundan başqa, digər nazirliklər öz səlahiyyətləri
çərçivəsində digər ölkələrin
nazirliklərinin nümayəndələri ilə
görüşlərində bu məsələni
qaldırırlar. Düzdür, daxili auditoriya
üçün məlumatlar ötürülür, amma bu o
demək deyil ki, kənarda bu iş aparılmır. Məsələn,
bizim daxil olduğumuz 5 QHT, hansı ki, minaya düşənlərin
problemləri ilə məşğul oluruq, mart ayının 25-də beynəlxalq
ictimaiyyətə müraciət
ünvanladı. Haradasa bir neçə gün
sonra bir petisiyaya başladıq, o petisiyaya 15 mindən artıq
imza atdıq və dünya ictimaiyyətinə
ötürdük. Yəni iş gedir. Nədənsə
Azərbaycana münasibət bir başqadır.
- Hafiz
müəllim, sizin məlumata əsasən, 7 ay ərzində
100 milyon kvadratmetr ərazi minalardan təmizlənib və 35
000 ədəd mina zərərsizləşdirilib. Bildirmisiniz ki, xəritələr
verilməsə, qurbanların sayı durmadan artacaqdır.
Qurban verməmək üçün hansı
alternativ addımlar atılmalıdır? Belə ehtimal
edilir ki, heç xəritə yoxdur…
- Ora bir
minanın qoyulmasını ola bilər ki,
heç xəritəyə salmayıblar. 30 illik
müddət ərzində işğalda saxladıqları ərazilər,
ermənilərin “ohanyan xətti” dedikləri yerlərdə
kütləvi minalanmadan istifadə olunub. Mümkün
deyil ki, o ərazilərin xəritəsi olmasın. Təəssüf ki,
biz hələ də bu xəritələri ala bilməmişik.
Bilirsiniz ki, Ağdamda, Füzulidə və digər ərazilərdə
çox geniş miqyasda infrastruktur layihələri həyata
keçirilir. Hər bir kəs
tutduğu vəzifədən, milliyətindın asılı
olmayaraq böyük risk altındadır. Ona
görə də nəyin bahasına olursa-olsun
minalanmış ərazilərin xəritəsini əldə
eləməliyik. Əgər israr edib verməyəcəklərsə,
yəqin ki, Azərbaycan dövlətinin arsenalında Ermənistana
qarşı yönələn başqa adekvat addımlar var.
Ermənistanın hərbi sistemi SSRİ-nin hərbi
sistemi qaydaları ilə idarə olunur. SSRİ hərb sisteminin
qaydasında da minalanmış ərazilərin nəinki xəritəsi,
həm də formulu
tərtib olunmalı idi, özü də 3 nüsxə
ilə. O ki qaldı dediyiniz rəqəmlərə, onlar rəsmi
strukturların verdiyi rəqəmlərdir. Ümumiyyətlə,
beynəlxalq minatəmizləmə praktikasında qayda belədir
ki, ərazidə mina təmizlənməlidirsə, orada iki
şərtə əməl olunmalıdır. Bunlardan biri xəritə, digəri həmin ərazidə
yaşayan mülki əhalidən məlumatların
alınması məsələsidir. İndiki
situasiyada nə xəritələr verilir, nə də azad
olunan ərazilərdə mülki əhali olmayıb ki,
onlardan ilkin məlumat alaq. Bu isə o deməkdir
ki, qarış-qarış irəli getməliyik. Hər qarışı yoxlamalıyıq. Minatəmizləyənlərimiz həqiqətən
də orada fədakarlıq edirlər. Ərazi o qədər
metalla çirklidir ki,
minatəmizləyənin əlində olan texniki
qurğu məftil parçasına da siqnal verir. Minatəmizləyən minaya çatması
üçün məcburdur ki, onların hamısını təmizləsin.
Bizim də taleyimiz belə gətirib.
Keçmiş təmas
xəttində səhv etmirəmsə 280 kilometrə yaxın ərazidə
minaları taxıl kimi səpiblər. Kəlbəcər
təmas xətti olmayıb. Bu o demək
deyil ki, orada mina yoxdur. 20 gün əvvəl
Fövqəladə Hallar Nazirliyi Kəlbəcərdən bir
video paylaşmışdı. Qar əriyəndən
sonra minaların necə üzə çıxdığı
görünür. Belə minalanmış
yerlər olacaq. Zaman-zaman minaya düşənlər
də olacaq. Mina qurbanlarının
sayını azaltmağın yeganə yolu icazə verilməmiş
yerlərə getməməkdir. Əhalinin
özündən də çox şey aslıdır. İnsanlar bu durumu anlayışla
qarşılamalıdır.
- Siyasi
ekspertlər hesab edirlər ki, insanlarımız o yerlərə
qayıtmadıqca, Azərbaycan qanunları bütün ərazilərdə
işləmədikcə ermənilər daha çox həddini
aşacaq. Erməni
terrorundan xilas olmaq üçün birinci növbədə nələri
həll etmək lazımdır?
- Bu məsələlər
10 Noyabr bəyanatında qeyd olunub.
Üçtərəfli bəyanatın
müəyyən müddəaları yerinə yetirilmir.
Məsələn, erməni silahlı qüvvələri
Qarabağ ərazisindən çıxarılmır. Bəyanatda qeyd olunur ki, Rusiya sülhməramlıları
bölgəyə daxil olan kimi silahlılar ərazidən
çıxarılacaq. Hazırda Ağdərə
ərazisində müəyyən qədər erməni
silahlı qüvvələri var. Yaxud qaçqınların və
məcburi köçkünlərin məsələsi
düzgün yerinə yetirilmir. Bəyanatda bildirilir ki,
BMT-nin Qaçqınlar Ali Komissarlığının nəzarəti
aldında
bütün qaçqınlar və məcburi
köçkünlər öz yerlərinə
qayıtmalıdırlar. Sülhməramlılar
erməniləri bizim ərazilərə qaytarır, amma bizim əhalidən
bir kəlmə də söz deyilmir. Əhalimiz
Xankəndidə, Ağdərədə, Xocalıda
yaşıyıb, öz yerlərinə
qaytarılmalarından söz getmir. Belə
olduqda da mən bir Azərbaycan vətəndaşı kimi
fikirləşməyə başlayıram ki, mənə
qarşı yenə oyun oynanılır. Necə olur,
gedib ermənini Yerevanda avtobusa oturdub gətirə bilirlər,
amma burden-bura özümün evimə getməyimə imkan vermirlər?
Bu, Azərbaycan insanlarında müxtəlif
fikirlər yaradır. Təbii ki, birinci
növbədə sərhədlərimizi
bağlamalıyıq, orada Azərbaycanın Sərhəd
Qoşunları dayanmalıdır. Bilməliyik
ki, ərazilərimizə icazəmiz olmadan bir quş da
uça bilməz. Digər tərəfdən, mütəxəssislər
minaların təmizlənməsini həyata keçirməlidirlər.
Siyasətçilər də siyasi məsələləri
həll etməlidir. Sərhədlər tam
qapanmalı və qorunmalıdır ki, daxildə təmizlik
işlərini düzgün apara bilək.
Tahirə
Qafarlı
Həftə
ici.- 2021.- 8-9 iyun.- S.3.