Xoşbəxt ailənin düsturu varmı?

 

 

 

Xoşbəxt ailə sağlam cəmiyyətin təməlidir. Hər bir fərd ayrılıqda cəmiyyət üzvü olaraq, onun inkişaf etməsində və ya əksinə, inkişafını ləngitməsində müəyyən rol oynayır. Lev Tolstoy deyir ki, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.

 

Bəs, görəsən, xoşbəxt  ailənin hansısa düsturu varmı? Ailələr hansı hallarda xoşbəxt olurlar? Maddi imkan, pul xoşbəxtlik üçün önəmlidirmi?

 

Mütəxəssislər hesab edirlər ki, ailələr fərqli olduğuna görə  onların problemləri, qayğıları da müxtəlif olur. Xoşbəxt ailə tablosu yaratmaq və onu qorumaq hər ailənin işi deyil. Xoşbəxt evliliyin əsas açarlarından biri birgə zaman keçirməkdir. Xoşbəxt evliliyin açarlarından biri cütlüklərin birgə zaman keçirməsidir. Əgər müxtəlif səbəblərdən buna vaxt tapmırsınızsa, həmin boşluğu hər hansı bir iş görərkən köməkləşərək reallaşdırmaqla doldura bilərsiniz. Məsələn, əgər həyat yoldaşınız şam yeməyindən sonra qabları yumaq üçün mətbəxə keçirsə, yemək yediyiniz qabları mətbəxə aparmaqla ona dəstək ola bilərsiniz. Eyni zamanda, qarşılıqlı təşəkkür etmək münasibətlərinizin istiləşməsinə yol açacaq. Bununla yanaşı, tutaq ki, həyat yoldaşınız işdən evə tez qayıdıbsa, buna sevindiyinizi ona deməyi unutmayın. Sizin üçün meyvə soyubsa, ona bundan məmnun olduğunuzu mütləq deyin. Bu arada, meyvəni ikilikdə yeməyi təklif etməyi də yaddan çıxarmayın. Onunla evləndiyiniz üçün xoşbəxt olduğunuzu deyin. Qarşınıza çıxdığı üçün özünüzü şanslı saydığınızı etiraf edin. Ona necə gözəl ürəyə sahib olması haqda danışın. Bu kimi ifadələr münasibətlərinizə müsbət təsir edəcək. Əgər həyat yoldaşınızın səhvi varsa, ilk fürsətdə onu bağışlayın. Yox, əgər səhv sizindirsə, ondan üzr istəyin.  Unutmayın ki, səhvini anlamaq və buna görə üzrxahlıq etmək insanın böyüklüyünü ortaya qoyur. Ən əsası da sizin bu cəsarətiniz qarşı tərəfin sizə daha çox güvənməsini şərtləndirəcək.

 

Bundan başqa, əgər günün sonunda həyat yoldaşınızla həmin günün necə keçməsi, hansı problemlərin yaranması, hansı xoş olayların yaşanması və s. bu kimi mövzularda söhbət etmir, onunla maraqlanmırsınızsa, bu sizin xoşbəxt evliliyin sirlərindən biri haqqında məlumatsız olduğunuzu ortaya qoyur. Bununla yanaşı, sizin münasibətlərə dəxili olmayan mövzuları evinizin qapısından içəri buraxmayın. Yox, əgər həyat yoldaşınızla bölüşmək istəyirsinzsə, sizin evliliyinizə aidiyyəti olmayan problemlərlə bağlı söhbəti çox uzatmamaq məsləhətdir. Zamanınızı, sevdiklərinizi, bir sözlə, hər şeyinizi həyat yoldaşınızla paylaşın. Amma bütün bunların fonunda qısqanc olmamağı da unutmayın. Əks halda xoşbəxt ailənin bütün sirlərini tapsanız belə, qısqanclıq həmin səadətə kölgə salacaq. Həyat yoldaşınıızın anasını, atasını, bacısını və ya başqa hansısa yaxınını sevməyə borclu deyilsiniz, ancaq onlardan xoşunuz gəlməsə belə, sayğı duymağa məcbursunuz. Ən əsası da həyat yoldaşınızın ailəsinə qarşı soyuq münasibətinizi kiminləsə bölüşməkdən qaçmalı, bunu heç kimə hiss etdirməməyə çalışmalısınız.

 

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, qloballaşma prosesi sürətləndikcə cəmiyyətdə baş verən proseslər gündən-günə mürəkkəbləşir. Onu sözlərinə görə, uğurlu, xoşbəxt ailə hər bir insanı məvi, psixoloji olaraq tənhalıqdan qurtarır:

 

“Hər bir ailə ocağı ən doğma, ən etibarlı bir müalicəxanadır. Cəmiyyətdə insanın üzərinə gələn neqativ enerjidən azad olmaq, öz  daxili rahatlığını bərpa etmək məkanıdır. Ailədə ən önəmli şey ahəngdarlığın olmasıdır. O ailə də ki, ahəngdarlıq var, həmin ailədə xoşbəxtlik var deməkdir. Ahəngdarlığı pozulan ailə heç vaxt xoşbəxt ola bilməz. Bunun üçün bütün ailə fərdləri bir-biri ilə bəslənməlidirlər, əməkdar olmalıdırlar, ailənin nüfuzunun qorunmasına çalışmalıdırlar. Bu gün Azərbaycan ailələrində böyük bir gərginlik var. Bu gərginlikdə isə gələcək nəsillər böyüyür. Biz bunu ciddi siqnal olaraq qəbul etməliyik. Gərginlik olan ailədə xoşbəxlikdən söhbət gedə bilməz. Bu isə uşaqların gələcək inkişafına, şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Uğurlu, xoşbəxt ailələrin sayının çox olması üçün hamı çalışmalıdır. Bunun üçün ilk növbədə müasir dövrün tələblərinə uyğun olaraq ailələrin qurulması məsələsinə həssaslıqla yanaşılmalıdır. Məsələn, həm orta məktəblərdə xüsusi fənlərin, həm də müxtəlif  tövsiyyələrin köməkliyi ilə şagirdlərə ailə, ailə məsuliyyəti barədə aydın təsəvvürlər formalaşdırılmalıdır. Gənclərin hər birinin ailə ilə bağlı aydın təsəvvürləri olmalıdır. Eyni zamanda, yaşlı nəsil müasir gənclərə faydalı məsləhətlər verə bilməlidir. Təbii ki, uğurlu ailə modelləri cəmiyyətdə nə qədər təbliğ olunarsa, bu nümunələr genişlənə bilər”.

 

Ekspert hesab edir ki, xoşbəxt ailələr hamısı bir-birinə oxşayır və ailədə ahəngdarlığı təmin edə bilən fərdlər bu xoşbəxtliyi əldə edirlər: “Bunun üçün sadəcə o ahəngdarlığı yaratmaq lazımdır. Xoşbəxt ailə həm də sağlam cəmiyyətin qarantı olduğundan bu məsələdə ailələrin üzərinə böyük məsuliyyət düşür”.

 

Mövzu ilə bağlı fikirlərini bildirən psixoloq Vəfa Rəşidova isə deyib ki, xoşbəxtliyin pula bağlı olduğunu düşünmək absurddur:

 

“Ümumiyyətlə, “insan xoşbəxtliyi üçün pul heç bir yerdə dayanmır. Yəni onun yeri nə 3-cü, nə 5-ci, nə də digər yerlərdədir. İnsan xoşbəxtliyində pulun rolu, demək olar ki, sıfırdır. Doğrudur, insanların əksəriyyəti bu fikirlə razılaşmır, ”cibdə pul varsa, sən dünyanın ən xoşbəxtisən", “pul varsa, hər şey ala, sata bilərsən”, “Pulun varsa, dostun var, yoxdursa, heç kəs yanında deyil” kimi rəylər bildirirlər. Amma dünyada baş verən son hadisələrə diqqət edəndə gördük ki, əlimizdəki pulu belə xərcləyə bilmədik. Dünyada milyonlarla insan bu vəziyyətdə oldu. Əvəzində biz ailəmizdə olan doğmalarımızla daha çox vaxt keçirdik, dərdləşdik, söhbətləşdik, bir-birimizə dəstək olduq, bununla da boşluqları kompensansiya edə bildik. Düzdür, insanın həyatında pulun rolu var, amma bu əsasən yaşayış üçündür. Əgər sən əlindəki puldan istifadə edə bilmirsənsə, fərqi yoxdur, az və ya çoxdur, o pul sənin heç nəyinə lazım deyil deməkdir və yaxud sənin çoxlu qızılların, var-dövlətin, villaların var, amma yaxınların, dostların ürək açıqlığı ilə sənin evinə gəlmir, səmimi söhbət etmir, yalnız var-dövlətini tamaşa etməyə gəlirlərsə, bunun adı xoşbəxtlik deyil. Xoşbəxtlik hər bir insan üçün müxtəlif məna daşıyır. Kimin üçünsə pul xoşbəxtlik ola bilər. Bu cür insanların hiss və duyğular, səmimiyyətlə bağlı ciddi problemləri var. Ona görə ki, hiss, duyğu, hörmət, diqqət, qayğı  baxımından dostlarından, yaxınlarından alıb-verə biləcəyi heç nə olmadığı üçün o insanlar üçün pul çox əhəmiyyətlidir, yaşamaq üçün əsas vasitədir. Pulla da xoşbəxt olmaq mümkündür. Adam var ki, çox az pulla xoşbəxt ola bilir. Əsl xoşbəxt olanlar elə həmin insanlardır. Onlar xoşbəxtçiliyi pulda görmür. Hisslər, baxışlar, gülüş, səmimiyyətdən, adi, sadə bir şeylərdən xoşbəxt ola bilirsə, xoşbəxtlik budur. Cəmiyyətinə, insanlara, yaxınlarına töhfələri olan insan üçün pulun o qədər də önəmi olmur. Bir çox insanlar hisslərini, bəyan edə, özlərini təsdiqləyə bilmirlər. Bəli, həmin insanlar üçün pul önəmlidir. Onlar pul vasitəsilə özlərini təsdiq edə bilirlər. Milyarderlərin intiharı elə özü bir cavabdır. Milyarder olan insanın hər şeyi var, bəs niyə intihar etdi, bu işə qol qoydu? Öz-özünü cəzalandırdı, başa düşdü ki, pul insanı xoşbəxt edə bilmir. Bəşəriyyətdə maddi durumu çox aşağı olan insanlar var. Düşüncə tərzi daha dinamik, pozitiv olsa, o kasıb insanlar da digər insanlar kimi orta səviyyəyə gəlib çata bilir. Buna insan gücü, beyni qadirdi.Ümumiyyətlə isə xoşbəxtliyin resepti səmimiyyət, olduğun kimi olmaqdır. Olduğu kimi olan, sünilikdən uzaq insanlar həyatda ən çox xoşbəxt olan insanlardır. İnsan maska ilə yaşayanda çox yorular. Ona görə də özünüz olun. Özü olan insan xoşbəxtdir və ətrafdakıları da, ailəsini də xoşbəxt etməyi bacarır. İnsan gərək ilk növbədə özü xoşbəxt olsun ki, başqalarını da xoşbəxt edə bilsin”.

 

 

Həftə içi.-2021.- 8-9 iyun.-S.4