Şuşa – ermənilərə qarşı hərbi-siyasi mübarizənin mərkəzi

 

 

Bu günlərdə Azərbaycan Dövləti tərəfindən “Azərbaycanın mədəniyyət  mərkəzi” elan edilmiş Şuşaya Türkiyə lideri R.T.Ərdoğanın iyunun 15-də gözlənilən səfəri və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə bir sıra siyasi danışıqların məhz işğaldan yenicə azad olunmuş bu cənnət-məkan şəhərimizdə keçiriləcəyi bu xanlar qalasına fərqli baxışları da gündəmə gətirir...

 

1992-ci ildə işğalçı ermənilərin Şuşanı o qədər də çətinlik çəkmədən ələ keçirməsi bu şəhərin yalnız “Qafqazın konservatoriyası, musiqi incəsənət beşiyi” olan döyüş, mübarizə  ruhunu itirmiş, ermənilərlə az da olsa, qaynayıb qarışmış kosmopolit bir şəhər obrazını yaratmışdı.

 

Halbuki Şuşa tarixən Azərbaycanın yalnız musiqi, ədəbiyyat beşiyi,  mədəniyyət mərkəzi yox, həm də  hərbi və siyasi mərkəzi olub. XVIII əsrdən –Qarabağ xanlığı ilə yanaşı, Şuşa qalasının da əsasını qoymuş Pənahəli xanın dövründən XIX əsrin əvvəli Rusiya işğalınadək keçən zaman ərzində şəhər bir sıra xarici işğallara müqavimət göstərib. Həm Pənahəli xanın, həm də oğlu İbrahimxəlil xanın hökmranlığı dövründə Şuşa Qarabağ xanlığının mərkəzi olduğundan xanlığın daxili və xarici siyasəti ilə bağlı bütün qərarlar burada verilirdi. Təəssüf ki, 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə keçdi. Düz, 215 il öncə - 12 iyun 1806-cı ildə İbrahim xanın Şuşa yaxınlığındakı Xanbağında 17 nəfər ailə üzvləri ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirilməsindən sonra isə Şuşa artıq əvvəlki siyasi əhəmiyyətini itirdi. 1822-ci ildə sonuncu xanı Mehdiqulu xan olan Qarabağ xanlığının ləğvi isə Şuşanın Azərbaycanın siyasi həyatındakı rolunu heçə endirdi. Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində  ölkəmizdə başlanan maarifçilik hərəkatının Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Firudn bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli və s. kimi  bir sıra nümayəndələrinin şuşalı olması səbəbindən bu qədim şəhərimiz ədəbi-mədəni əhəmiyyəti ilə yanaşı, siyasi-ideoloji mərkəz kimi də öz yerini tutmağa başladı...

 

Xaricdən dəstəklənib yönləndirilən erməni millətçi, separatçı və terrorçularının diqqət mərkəzində olan Şuşanın 1905-1906-cı illərdə ermənilərin  Azərbaycanda, o cümlədən Qarabağda ilk kütləvi terror aktları və qətliamları zamanı müqavimət qalasına çevrilməsi labüd olur. 1905-ci ildə erməni dəstələri Şuşanın azərbaycanlılar yaşayan məhəllərinə hücuma keçirlər, 100-ə qədər azərbaycanlı öldürülür, 20-yə qədər ev yandırılır. Nəticədə 1905-ci ilin dekabrından Əhməd bəy Ağaoğlunun başçılığı altında erməni daşnaksütun partiyasının terrorizminə qarşı mübarizə aparmaq məqsədilə Azərbaycan xalqının birbaşa soyqırımına yönəlmiş terror aktlarına adekvat cavab verməyə məcbur qalan "Difai" (müdafiə) təşkilatının təməli qoyulur. “Difai”nin  Gəncə, Tərtər, Füzuli(həmin dövrdə Qaryagin adlanıb) şöbələri ilə yanaşı Şuşada da fəal şöbəsi yaradılır.

 

Hüseyn Baykaranın “Azərbaycan İstiqlal Mübarizəsi tarixi” və Nağıbəy Şeyzamanlının  “Azərbaycan İstiqlal Mücadiləsi xatirələri" araşdırma əsərlərində  “Difai”nin Şuşa komitəsi haqda  diqqətəlayiq faktlar verilir:

 

Şuşada xalq arasında "dəli sudya" adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ermənilərə kömək etdiyi üçün “Difai”nin Şuşa Komitəsinin qərarı ilə qətlə yetirilir. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə öldürülür. Sonralar Difai Partiyasının üzvlərindən bəziləri Stolıpinin irtica illərində həbs olunur, bəziləri isə 1908-ci ildə Türküstana sürgün edilirlər.

 

Qarabağda (Şuşada) “Difai” Komitəsinin üzvləri Nəcəfqulu ağa Cavanşir, Mircabbar ağa Ağamirov, Seyid Miriş Ağamirov, Əfrasiyab Əzimov, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqaları olmuşdur.

 

1907-ci ildə “Difai” Partiyasının qanadı Qarabağ Birlik Məclisinin fəalları kütləvi həbsə məruz qalıblar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimovu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyovu və Məmmədcəfər Muxtarovu Şuşa həbsxanasına salırlar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün edirlər. Məmmədcəfər Muxtarov Iran təbəəsi olduğundan onu İrana yollayırlar.

 

“Difai” 1917-ci ilin oktyabrına qədər fəaliyyət göstərir və Azərbaycanın digər məkanları kimi Şuşada da erməni terroru və işğalçılığına qarşı mübarizədə yetərli rol oynayır.

 

1918-1920-ci illərdə isə Şuşa Qarabağ general-qubernatorluğunun mərkəzi kimi də tanınmağa başlayır.

 

Adı tarixə Azərbaycan Xalq Cümhuriyyətini elan edən 26 kişidən biri, Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru və xilaskarlarından biri kimi yazılmış  Xosrov bəy Sultanovun da Şuşada ermənizmə qarşı mübarizədə böyük rolu olub.

 

Tanınmış araşdırmaçı  tarix elmləri doktoru Nəsiman Yaqublu “Həftə içi”nə açıqlamasında Xosrov bəy Sultanovun Qarabağ general-qubernatorluğunun mərkəzi kimi məhz Şuşada əyləşdiyini vurğulayaraq bir sıra faktları sadalayıb:

 

“Arxivlərdə Xosrov bəy Sultanovun Qarabağda apardığı əməliyyatlarla bağlı əhəmiyyətli məlumatlar vardır. Bu məlumatlar onun böyük təhlükə və çətinliklər içərisində olsa da, öz vəzifəsini icra etdiyini göstərir.

 

X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdir. Bu müşavirədə Andronikin silahlı dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alındı.

 

 X.Sultanovun Azərbaycan Nazirlər Şurasının sədri N.Yusifbəyliyə Şuşadan 1919-cu ilin 8 mayında göndərdiyi 1348 saylı məlumatda maldarların yaylaqlara təhlükəsiz gedə bilməsini təmin etmək üçün Gorus bölgəsini tutmağın zəruriliyi bildirilirdi. Həmin məlumatdan: “Cənab əlahəzrətə bildirirəm ki, maldarların yaylaqlara təhlükəsiz keçməsi sxeminin surətini Sizə göndərirəm və qeyd edirəm ki, onların Şuşa və Cavanşir bölgəsindən keçməsi faydasızdır. Bundan ötrü Görusu tutmaq lazımdır. Bu əməliyyat üçün artilleriya və pulemyotla təchiz edilmiş iki min nəfərlik piyada və atlı lazımdır. General-qubernator Sultanov”.

 

X.Sultanovun 1919-cu ilin iyunun 5-də Ağdamdan Baş Nazir N.Yusifbəyliyə göndərdiyi teleqramda Şuşada ermənilərlə baş verən toqquşmanın təfərrüatları qeyd olunur. Həmin teleqramdan: “Dünən – 4 iyunda Şuşada ermənilərlə kiçik toqquşma baş verdi: atışma oldu. Lakin bu gün sülh yolu ilə həll etmək mümkün oldu. Bu gün Azərbaycandan Erməni Milli Şurasının fəalları olan Avetisyan, Tumanyan, İşxanyan göndəriliblər. İki nəfər özləri tez gedib, iki nəfər isə bu günlərdə göndəriləcək. Sabah − iyunun 6-da erməni tərəfdəki kazarmalar alınacaq. General-qubernator Sultanov”.

 

X.Sultanovun 1919-cu ilin 26 iyulunda Şuşadan S.Mehmandarova göndərdiyi 3743 saylı məlumatda Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınması qeyd olunurdu.

 

X.Sultanovun 1920-ci ilin martında göndərdiyi teleqramda vəziyyətin getdikcə gərginləşdiyi görünürdü. Onun 1920-ci ilin 24 martında Ağdamdan M.Vəkilova Xankəndi və Şuşada gedən döyüşlər haqqındakı teleqramda yazılırdı: “Martın 23-də ermənilər gecə yarısı bizim Xankəndində olan döyüş hissəmizə güclü hücum etdilər. Eyni zamanda ermənilər Şuşaya da hücuma keçdilər. Hücumun qarşısı alınıb, ətraflarda atışma gedir. Şuşa Şuşukənddən bombalanır. Ağdam-Şuşa arasında olan teleqraf kəsilib. Ekstremistlərin uzaqlaşdırılması üçün bütün tədbirlər görülür. Qəzəblənmiş əhali özündən çıxır. Dəstə rəisi tərəfindən Hərbi-səhra məhkəməsi yaradılıb. Xahiş edirəm, təcili olaraq adamlarla, başlıcası patronla kömək edin. General-qubernator X.Sultanov”.

 

X.Sultanovun Qarabağda hadisələrin təhlükəli inkişafı ilə əlaqədar partizan dəstələrinin yaradılması elanı haqqında parlamentin sədri M.Y.Cəfərova teleqramı: “Ermənilər bu gün Xankəndinə hücum etdilər. Şuşadan olan teleqraf xətləri qəsdən kəsilib. Mənim agentlərdən alıb dəfələrlə Sizə çatdırdığım məlumatlar teleqrafla da özünü doğruldur. Xankəndinə hücumun nəticələri haqqında hələ məlumatım olmadan yazıram. Hamıya partizanların mobilizasiya edilməsi haqqında əmr göndərilib. General-qubernator Sultanov”.

 

1920-ci ilin martın 31-də X.Sultanovun və K.Əliverdiyevin M.Vəkilova Şuşada, Xankəndidə, Əsgəranda ağır vəziyyət və təcili köməklə bağlı digər teleqramında bildirilirdi: “Sizin 28 martda olan gizli məlumatınıza uyğun olaraq 29-da səhər Əsgərana hücum gözləyirdik. Gizli məlumatdakı təxmini gözləntiyə görə hücum Xankəndi tərəfdən başladı. Bizə məlum olmayan səbəbə görə, Əsgəran bu günə qədər alınmayıb. Dünən cəbhədən aldığımız məlumata görə, Zəngəzur erməniləri Bağırbəyli kəndini, Qarabağ erməniləri isə Müsəlmanlar kəndini ələ keçiriblər. Beləliklə, zəngəzurlularla qarabağlılar arasında əlaqə yaranıb. Bu gün, yaxud sabah, saat 10-a qədər gözləmək lazımdır. Səhər Şuşaya, yaxud Şuşadan keçib erməni yaşayış yerlərindən birbaşa Xankəndi və Əsgərana gedilməlidir. Bütün əhali səfərbər və təşkil edilib, ermənilərin hərəkətinin qarşısının alınması və müdafiə üçün lazım olan yerlər tutulub. Əgər kömək bir gün gecikərsə, o artıq kömək olmayacaq. Təcili cavab gözləyirəm”.

 

Təəssüf ki, 1920-ci ildəki sovet işğalından sonra bütünlükdə Azərbaycan xalqı kimi Şuşanın da və Xosrov bəyin də ermənizmə qarşı mübarizəsi yarımçıq dayandırılaraq bolşeviklər tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti  “gecpartlayan minası” şəklində donduruldu.

 

Həmin “mina” isə əsasən 1988-ci ildən işə salınmağa başladı.  Qarabağın digər şəhər və kəndləri kimi Şuşa da həmin  günlərdən erməni separatçı və işğalçılarına qarşı əsas meydanlardan birinə döndü.

 

Təəssüf ki, 1988-1991-ci illərdə Şuşanın da erməni işğalından müdafiəsində həmin dövrdə Azərbaycanda müxtəlif güclər arasında  gedən hakimiyyət uğrundakı anormal, bəzən hətta anti-milli siyasi mübarizə ən böyük  əngəllərdən birinə çevrildi.  Nəticədə, 1992-ci il mayın 8-9-da bu cənnət-məkan təbii qala ermənilərə təslim edildi. Həmin dövrün Şuşası da  şəhid Milli Qəhrəmanlar Ramiz Qənbərov, Albert Aqarunov, Rizvan Teymurov, oğlu Polad Rzayev 44 günlük savaşda ayaqlarını itirmiş, özü isə Şuşanın işğalından sonra itkin düşmüş Tofiq Oğuz, hazırda həyatda olan  kəşfiyyatçı polkovnik Azay Kərimov, keçmiş tabor komandiri Fəxrəddin Səfərov və s. kimi döyüşçü oğullar, eyni zamanda Azərbaycanın ilk şəhid icra başçılarından biri sayıla bilən Şuşanın  1991-ci ildə icra başçısı olmuş Mikayıl Gözəlov kimi məmurlarla yaddaşlara həkk olunub.

 

Düşmənə qarşı sistematik, ardıcıl mübarizəsi ilə daha çox yadda qalan Mikayıl Gözəlov olub. Məhz Mikayıl Gözəlovun şəhidliyindən sonra ermənilər daha cəsarətlə Şuşanın üzərinə gəlməyə  başlayırlar...

 

1988-1990-cı illərdən Şuşanın polis rəisi işləyərkən Mikayıl Gözəlovla dostlaşmış polis polkovniki  Sadir Məmmədov “Həftə içi”nə açıqlamasında  şəhid icra başçısı barədə  xatirələrini danışıb:

 

“Mikayıl Gözəlov həddindən artıq vətənpərvər, milli qeyrətli, daim canını Azərbaycanın, Qarabağın yolunda qoymağa hazır olan bir oğul idi. Mən onu şəxsən 1988-ci ildən tanıyırdım. Bilirdim ki, Ağdamın Mərzili kəndindən rəhmətlik Qoca kişinin oğludur və çox əsl-nəcabətli nəsildəndir…O vaxt mən Şuşa rayon milis şöbəsinə rəis təyin olunmuşdum. Mikayıl müəllim isə o dövrdə “ispalkom” deyilən rayon  Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri idi. O, həmin vaxtlar tikinti sahəsində çalışırdı. O, Xankəndində tikinti trestində 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsində də işləmişdi. Elə o günlərdən tədricən münasibətlərimiz qurulmağa başlandı. Daha sonra dostlaşdıq. Bilirdim ki, Mikayıl müəllim elə Xankəndində işləyəndən separatçı ermənilərin “Krunk”, “Qarabağ komitəsi” təşkilatlarına qarşı qətiyyətlə mübarizə apardığından düşmənlərin hədəfinə çevrilib. Hələ səhv etmirəmsə , 1989-cu ilin dekabrında Mikayıl Gözəlovun Şuşadakı kabinetinin qarşısına səs qumbarası atmışdılar. Bu, yəqin ki, ermənilərin mesajı olub. O vaxt mən bir nəfər şübhəlini həbs etdim. Ancaq Mikayıl müəllim özü gəldi ki, onu buraxın, bu, yəqin, ermənilərin təxribatıdır…

 

Biz o dövrdə Mikayıl Gözəlovun da fəal iştirakıyla Şuşanın bacardığımız qədər müdafiəsini təşkil edirdik. Yadımdadır ki,  bir doludağıdan top var idi, onu  gətirib “Raypo” deyilən Rayon İstehlak Cəmiyyətinin binasının həyətində qurmuşduq. Ermənilər hansısa Azərbaycan kəndinə qarşı təxribat törədən, atəş açan kimi dərhal həmin topdan Xankəndinə sarı bir mərmi atırdıq, o saat ara sakitləşirdi- elə bil, qurbağa gölünə daş atırdılar… Hər bir təxribat zamanı Mikayıl müəllim də çox narahat olur, mümkün qədər ciddi tədbirlər görməyə çalışırdı. Ermənilər, hətta bir dəfə Mikayıl Gözəlovu girov götürməyə cəhd də etmişdilər...”.

 

Mikayıl müəllim yerli camaatın özü demiş, yalnız şuşaılıların deyil, Qarabağın, Azərbaycanın kisəsindən getdi… O, demək olar ki, şəhid oldu. Mikayıl Gözəlov sağlığında gördüyü işlərlə və şəhidiliyi ilə Milli Qəhrəman adına layiqdir. Çünki Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin həlledici dövründə  - 1991-ci ilin dekabrında iş başında xaincəsinə qətlə yetirilib…

 

Nəhayət, 8 noyabr 2020-ci ildə Şuşanın igid oğul-qızlarının da qisası alındı və şəhər Azərbaycanın müzəffər ordusunun hərb tarixində  misli görünməmiş əməliyyatı,  şəhid və qazilərimizin canı-qanı hesabına işğaldan azad olundu...

 

Ümidvarıq ki, Şuşa bundan sonra da - dünya və Azərbaycan durduqca həm təbii və memarlıq gözəlliyi ilə, eyni  zamanda  mədəniyyət, musiqi beşiyi,  həm də döyüşkənlik, kişilik, mərdlik məkanı kimi Vətənimizin, xalqımızın, dövlətimizin daim qürur mənbəyi olacaq...

 

Sultan Laçın

 

Əftə içi.- 2021.-12-14 iyun.- S.2.