Heç vaxt
çalışmamışam, nazir dostum olsun
Onun Azərbaycanın ədəbi mühitində öz ağırlığı, öz sanbalı, öz yolu var. Bir yazıçı kimi ən böyük uğuru isə öz üslubunu yarada bilməsidir. Başqasını yamsılamamaq, öz cığırını açmaq hər yaradıcı insana nəsib olmur. Söhbət Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, yazıçı Seyran Səxavətdən gedir. Hafta.az oxucularına Seyran Səxavətlə olan müsahibəni təqdim edirik.
- Seyran müəllim, vaxtilə ərkinız çatan bütün dostlarınıza Qarabağ haqqında yazmağı qadağan etdiyinizi demişdiniz. Qarabağ azadlığına qovuşub və yeni mühit, yeni reallıqlar yaranıb. Qarabağdan yazmaq qadağanızı götürmüsünüzmü?
- Mən hələ 10-12 il bundan əvvəl demişdim ki, Qarabağ haqqında ən yaxşı əsəri Ali Baş Komandan yazmalıdır. Şeirlə, poema ilə, romanla Qarabağı almaq olmaz. Ali Baş Komandan da sağ olsun, möhtəşəm bir əsər yazdı. Özü də son 200 ilin ən vacib əsərini qələmə aldı. Hesab edirəm ki, bütün müsabiqələrin də qalibi oldu.
- Bu gün işğaldan azad olunmuş ərazilərə təhlükəsizlik baxımından mülki vətəndaşlar buraxılmasa da, həmin ərazilərə dövlət səviyyəsində mərhələ-mərhələ səfərlər təşkil olunur. Sizə Qarabağa səfərlə bağlı dəvət gəlibmi?
- Füzuliyə dəvət gözləmədən getmişdim. Kaş getməyəydim. İndi özümü ona inandırmağa çalışıram ki, yox, mən orada olmamışam. Bizim kənd gölün qırağında idi. Göldən başa düşdüm ki, bura bizim kənddir. Hər yer darmadağındır, virandır.
- Təxminən, nə vaxt getmişdiniz?
- Lap çoxdan, bəlkə də 4 ay olar. Dəqiq tarix yadımdan çıxıb.
- Doğulduğunuz kəndə yenidən ayaq basanda hansı hissləri keçirdiniz?
- Bu sual məni əsəbiləşdirir. Hiss o vaxt keçirilir ki, maye halında olsun, duru olsun. Hisslərim donub, hələ indi-indi qırışığım açılır. Sevinib qurtarmamışam...
- Qırışığınız açılıb. Maşallah, yaxşısınız…
- Yaxşıyam, Allaha şükür, lap əlayam. Bilirsiniz, 30 illik həsrətin sevincini 5-6 günə yaşamaq qeyri-mümkündür. Gərginlik çox yüksəkdir, adam ölə də bilər. Ona görə, adam o sevinci yavaş-yavaş yaşayır.
- Bəs, bu qədər gərginliyin içində getməklə bağlı qərarı necə verdiniz?
- Qərar vermək mənlik bir iş deyil. Durduğum yerdə ağlıma nə yerləşirsə, onu da edirəm. Ölçüb-biçmək kimi işlər məndə yoxdur. Bu, qəfil bir iş oldu, bir də gördüm kəndimizdəyəm.
- Səhv etmirəmsə, sizin bir tərəfiniz də Şuşadandır. Şuşaya səfər etməmisiniz?
- Şuşaya hələ ki, getməmişəm, mənim nənəm şuşalıdır. İndiyədək Şuşaya gedən yaradıcı insanlar əsl şuşalılar olub, yəni ata tərəfi Şuşadan olanları nəzərdə tuturam. Görünür, əvvəl atası şuşalı olanları dəvət edirlər, sonra keçəcəklər ana tərəfi şuşalı olarlara. Yəqin, Vaqif poeziya günlərinə mən də gedərəm...
- Yeri gəlmişkən, Vaqif poeziya günlərinə hazırlıq necə gedir?
- Yazıçılar Birliyi olaraq biz hazırıq. Bizim işimiz nədir? Yığıb aparsınlar, gedib şeirimizi oxuyaq. Başqa nə hazırlığımız ola bilər? Əsas hazırlığı təşkilatçılar aparırlar. Böyük bir tədbir olmalıdır, “Xarıbülbül” festivalı kimi.
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Öz üzərimdə işləyirəm, özümlə məşğulam. Gün ərzində neçə sayta, qəzetə açıqlama verirəm. Günümü bu gün sizin zənginizlə açmışam. Bəlkə də Azərbaycan mətbuatına, kütləvi informasiya vasitələrinə ən çox açıq olan adam mənəm. İndiyə qədər 5000-dən çox müsahibə vermişəm.
- Sizin çox gözəl şeirləriniz var. Yaradıcılıqda şeirdən nəsrə keçid sizin üçün çətinlik yaratmadı ki?
- Əgər mən inşaat mühəndisliyindən ayrılıb nəsr sahəsinə gəlmiş olsaydım, bu, əlbəttə, çətin olardı, amma indi niyə çətin olsun ki? Şerin də, nəsrin də, dramaturgiyanın da, publisistikanın da materialı, özülü sözdür. Bu baxımdan, keçidlərdə təəccüblü bir şey yoxdur. Hansı sahədə özünü tapsan da, yenə tikinti materialın – xammalın söz olacaq. Buna görə də şeirdən nəsrə keçərkən mən heç bir çətinlik hiss etmədim. Mənim üçün şeirdən nəsrə keçmək şeir yazanda bir bənddən başqa bəndə keçmək kimi bir şeydir.
- Cəmiyyətdə açıqsözlü, heç nədən çəkinmədən öz fikrini bildirən bir insan kimi tanınırsınız. Bununla yanaşı, sizin olduqca zəngin dost çevrəniz var. Mənə şəxsən çox maraqlıdır, açıqsözlülüyü ilə tanınan Seyran Səxavət necə olur ki, bütün təbəqədən olan insanlarla dostluq etməyi bacarır?
- Heç vaxt çalışmamışam ki, nazir dostum olsun. Məsələn, bir dostum var idi, indi rəhmətə gedib, qırçı idi, yola qır vururdu. Evimdə bir nazirlə banketdə üzbəüz otururdu. Mən buna çalışmamışam. Sadəcə, belə alınıb. Buna çalışmaq mümkün deyil, gərək özlüyündən alınsın. Görünür, bu, xasiyyətimin məhsuludur. Hamı ilə ünsiyyətdə olmağı xoşlayıram.
Ətrafım böyükdür, dairəm genişdir, amma yenə gözüm doymur. Dünyanın adamlarında gözüm var, ayrı heç nədə gözüm yoxdur. Görünür, camaatın başqa şeylərdə gözü olur, onun da əvəzinə mənim gözüm adamlardadır. Ona görə də ətrafım böyükdür. Ətrafımda olanların 90 faizi deyir ki, Seyran məclis adamıdır. Onlar mənsiz heç yerə getmirlər. Məclis adamı demək nə deməkdir? Dünya elə özü böyük bir məclisdir də. Dostlarımla görüşməyim dünya adlı böyük bir məclisın balaca bir hissəsidir. Mənim üçün fərd olaraq böyük bir şeydir. Özümün də elə dostlarım olub ki, onlarla danışanda, söhbətləşəndə dərdlərimi, qayğılarımı unutmuşam. İndi onların çoxu həyatda yoxdur.
- Heç tənhalıq hiss etdiyiniz anlar olurmu?
- Qətiyyən.
Bəzi şairlər deyirlər, mən tənhayam-zadam. Onlar
kəllə suyudur, hamısı yalandır. Bu boyda bəşəriyyət,
milyardlarla adam hanı bəs? Əvvəla, tənha nə deməkdir?
Vahid, tək deməkdir. Vahid, bir yalnız Allahdır. Sənin
qohum-qonşun var, dostların, ailən var, necə tənha ola
bilərsən, axı? Deməli, yalandan danışırsan.
Tənhasansa, deməli, başın xarabdır...
- Bəziləri
deyirlər ki, biz bu dünyanın adamı deyilik…
- Onu deyənlər
də qələt edirlər. Çox böyük səhv
edirlər. Əgər bu gün sən bu dünyadasansa, bu
dünyanın adamısan. Özlərindən dünya quraşdırıb,
bu dünyadan təcrid edib, başqa bir
dünyanın adamı hesab edənlər də kökündən
yanılırlar. O da bir az orijinal, ağıllı
görünmək xatirinə deyilmiş sözdür, qeyri-səmimi
fikirdir.
- Bu
gün ədəbi mühitdə olan gənc yazarların bəziləri
ilə Azərbaycan Yazıçılar Birliyi arasında
barışmaz savaş var. Əsas hədəf AYB-nin sədri
Anardır. Sizcə, qovğalı tərəflər nəyi
bölüşə bilmirlər?
- Bu
sualı mənə çoxları ünvanlayıb. Yəqin
ki, siz də sonuncu jurnalist olmayacaqsınız. Deməli, gənc
yazarlar həmişə deyirdilər ki, Yazıçılar
Birliyi yaxşı əsərlər yazmağa bizə mane
olur. İşləməyə şərait yaratmırlar. Mən
də həmişə demişəm ki, bunların hansısa
biri gəlsin desin ki, mən evimdə oturub əsər
yazdığım yerdə Anar qəfil içəri girib qələmi
əlimdən aldı ki, yazma. Bunların hamısı
yalandır, bəhanədir, uydurmadır. Gənc yazarların
arasında kifayət qədər istedadlı insanlar var.
- Gənc
yazarlardan kimləri bəyənirsiniz?
- Bu
gün xeyli istedadlı uşaq var. Yeri gəldikcə də
onlar bərəsində fikirlərimi söyləmişəm
və müdafiə də etmişəm. Yaxşı rəqqasəyə,
yaxşı rəqqasa heç nə mane olmur. İndi o gənc
dediyimiz çoxunun yaşı ya 50-yə yaxındır, ya da
50-ni keçib. 3-4 nəfərdən başqa heç birinin
ortada heç nəyi yoxdur. Demək
olar ki, xəbərim
olsun deyə, hamını oxuyuram. Elə adam var, oxuyuram, amma
bir də heç vaxt onu təkrar oxumuram, “qara siyahı”ya
atıram. Bu gün Azərbaycan ədəbiyyatında xeyli
istedadlı insan var. Yeri gəlmişkən, siz xanım
olduğunuzdan yadıma düşdu və deməliyəm ki,
son 100 ildə Azərbaycan ədəbiyyatında xanımlar
belə gözəl ədəbi nümunələr
yaratmayıblar. Rəhmətlik Fərqanə xanım Mehdiyeva
var idi. Sonra Arzu Nehrəmli var, gözəl şeirlər, hekayələr
yazır. Çinarə Ömray var və b. Dünyada mənim
aləmimdə ən bənzərsiz yazıçılardan
biri Təranə Vahiddir. Çox gözəl, dünyada bənzəri
olmayan bir yazıçıdır. Hədsiz dərəcədə
gözəldir. Demək olar ki, onların sayı həddindən
çoxdur.
- AYB-in
qurultayından nə xəbər? Bu il keçirilməsi
gözlənilirmi?
- Olanda
hamı biləcək. Sizə dəqiq
vaxt deyərəm, sonra yalançı olaram. O da mənə
yaraşmaz.
Həftə
içi.- 2021.-15-16 iyun.- S.7.