Heydər Əliyev
işlədiyi insanları ətraflı öyrənirdi
Heydər
Əliyev gözəl danışdığı kimi, gözəl dinləməyi də bacarırdı
İyunun
15-i - məşhur
“91”lərdən biri, tanınmış ictimai-siyasi xadim,
Əməkdar elm xadimi, hazırda ahıl yaşına rəğmən
Yeni Azərbaycan Partiyası
Veteranlar Şurasının üzvü və Təhsil
Nazirliyi yanında İctimai Şuranın sədri kimi
ictimai-siyasi fəaliyyyətini davam etdirən professor Şahlar Əsgərovun 80 illik yubileyidir. İlk günlərdən YAP-ın
yaranmasında böyük rol oynamış, uzun müddət
YAP Siyasi Şurası və İdarə Heyətinin
üzvü, Milli Məclisin deputatı, parlamentin Elm və təhsil
məsələləri daimi komissiyasının sədri kimi
çalışmış həmsöhbətimiz Milli
Qurtuluş Gününə təsadüf edən doğum
günündə “Həftə içi”nə
müsahibəsində öz şəxsi həyatından daha
çox Heydər Əliyevin 1969 və 1993-cü illərdə
hakimiyyətə gəlişinin Azərbaycanın taleyində
yaratdığı dönüşlərdən, mərhum Prezidentlə
yadda qalan görüşlərindən bəhs edib.
-
Şahlar müəllim, öncə Sizi Milli Qurtuluş
Günü ilə yanaşı, 80 illik yubileyiniz, eyni zamanda,
budəfəki doğum gününüzü 30 ilə
yaxın işğalda qalan torpaqlarımızın
böyük hissəsinin, o cümlədən doğma Kəlbəcərinizin
azad olunduğu bir vaxtda qeyd etməniz münasibətilə təbrik
edirik... Maraqlıdır, bu gün artıq özü nəvə-nəticə
babası və ölkənin təhsil, təlim-tərbiyə
işlərində söz sahibi olan 80 yaşlı Şahlar
müəllim öz babasının, atasının
davranışlarını, onların tərbiyə
metodlarını necə xatırlayır?
-
Bizim ailədə daim qarşılıqlı hörmət
oub. Babamı, təəssüf ki, yaxşı xatırlamıram: 6 yaşım olanda rəhmətə
gedib, amma atamla dost olmuşuq. Təsəvvür edin, atam
Bakıda Ali Partiya Məktəbinin 4-cü kursunda oxuyanda mən
də indiki BDU-nun 1-ci kursunda təhsil alırdım. Bir
növ tələbəliyimiz birlikdə keçib...
Onu
da deyim ki,
ovaxtkı kişilərin, xüsusən oğlan
övladlara qarşı tərbiyə üsulunda müdrikanə
nəsihətlə sərtlik harmonik şəkildə
çulğaşırdı. Bu mövzudan bəhs edəndə həmişə
bir məqamı xatırlayıram.
Kəndimizdəki köhnə kişilər
danışardı ki,
XX əsrin əvvəlindəki erməni-müsəlman
davası zamanı el qəhrəmanı Sultan bəy Kəlbəcər
kəndlərindən də ermənilərlə
döyüşmək üçün adam
yığarmış. Seçim şərtlərindən
biri belə imiş ki, döyüşçü olmaq istəyən
cavan çılpaq, yəhərsiz-yüyənsiz atı
qaçaraq qovub tutmalı və minib çapa bilməli
imiş. Yəni, o zaman kişiliyin kriteriyası belə idi ki,
oğlan qız kimi olmalı deyil, güclü, çevik və
möhkəm olmalıdır...
Onu
da demək lazımdır ki, hələ ki bizdəki qədər
böyüyə, ağsaqqala hörmət heç bir ölkədə yoxdur. Bir dəfə
ulu öndər Heydər Əliyev xarici qonaqlarla birgə
hansısa parkdan keçəndə skamyada əyləşən
cavanlar ayağa durdu. Qonaqlardan biri təəccüblə
soruşdu ki, bu, nə deməkdir? Heydər Əliyev dedi ki, bu, bizdə
milli adətdir, ağsaqqala hörmət edirlər. Ağsaqqal
gələndə cavanlar ayağa durmaqla onu salamlayırlar...
-
Səhv etmiriksə, sonradan lideri olduğu partiyanın təşkilatlanmasında
fəal rol oynadığınız Heydər Əliyevlə
ilk qısa görüşünüz hələ gənclik yaşlarınızda
baş verib?
-
Bəli, 1969-cu ildə, o vaxt 28 yaşım vardı. O vaxt mən
dissertasiya işimi
rəhbərimlə müzakirə edib müdafiəyə
hazırlaşmaq məqsədilə
Leninqradda idim. Yadımdadır ki, iyul günlərinin birində
eşitdik ki, Azərbaycan KP MK-nın I katibini dəyişiblər
və yeni respublika rəhbərinin adı-soyadı Heydər
Əliyevdir. Doğrusu, biz o vaxt gənc alimlər kimi
yalnız işimizlə - tədqiqatlarla məşğul olduğumuzdan, siyasətlə-filanla
çox maraqlanmırdıq. Biz yaşlılardan soruşduq
ki, kimdir Heydər Əliyev? Dedilər ki, “KQB”
generalıdı, 1967-ci ildən Azərbaycan DTK-nın rəhbəri
olub. Onu da deyim ki, həmin vaxt ildən-ilə Azərbaycanda
neqativ hallar artırdı. Bu vəziyyət cəmiyyətdə
müzakirə edilirdi. “KQB”
generalının hakimiyyətə gəlməsi xəbəri
cəmiyyətdə bir ümid yaratdı. Leninqradda 60-dan
çox azərbaycanlı aspirant tez-tez bir yerə
toplaşardıq. Hamı deyirdi ki, DTK rəhbərinin rəhbər
seçilməsi yaxşıdır.
DTK həmişə savadlı, güclü kadrlar
yetişdirir. Bu rəhbər, yəqin ki, Azərbaycanı
nizama salacaq. Yadımdadı, yoldaşlarımızdan biri
söylədi ki, inşallah, Bakıda aeroportdan taksi ilə
şəhərə yola düşəndə necə dəyişiklik
olduğunu sizə deyəcəm...
Sonra
tale elə gətirdi ki, Bakıya qayıdandan az sonra Heydər
Əliyevlə əyani şəkildə tanış olduq...
BDU-nun 50 illiyi qeyd edilirdi.
Məlum oldu ki, respublika rəhbəri universitetimizə
gələcək. Rektorumuz Mehdi Əliyev də fizik olduğundan, fizika
fakültəsini və işlədiyim fizika
laboratoriyasını ölkə başçısının
ziyarət marşrutuna saldırmışdı.
İki-üç gün öncədən dekan məni
çağırıb tapşırdı ki, get qurğunu
sazla, Heydər Əliyev gələndə sənin iş
otağına da daxil olacaq. Həmin gün qurğunu saz vəziyyətdə
işə salmışdım. Qurğu da lüminofor lampa kimi
işıq saçdığından, o dəqiqə diqqəti
cəlb edirdi. Həyəcanlı anlar idi. Birdən Heydər
Əliyev rektor və digərlərinin əhatəsində
laboratoriyaya daxil oldu. Rəhmətlik düz mənim qurğuma
yaxınlaşdı və soruşdu ki, cavan oğlan, bu, nə
qurğudu belə? Elmi dildə ətraflı izahat verdim ki,
burada biz ionlar əldə edir və ionlarla bərk cismi
bombardmana məruz qoymaqla katod tozlanması deyilən bir hadisəni
müşahidə edirik. Soruşdu ki, bəs bunun faydası nədən
ibarətdir? Cavab verdim ki, bunun termodinamika və elektronika sahəsində
faydaları ola blər. Heydər Əliyev dedi ki, lap
yaxşı, işinə davam et.
I katib gedəndən
sonra Şəmsəddin
müəllm var idi, dedi ki, Şahlar, fürsət idi, deyəydin
ki, evim yoxdu da. Dedim, ay Şəmsəddin müəllim, axı bu sözün yeri
deyildi, ölkə rəhbəri bura ev paylamağa gəlməyib,
universitetin fəaliyyəti ilə tanış olmağa gəlib...
Fikir verin, mənim
apardığım o tədqiqat işinin nəticələrindən
ABŞ-ın NASA Kosmik Agentliyi də yararlanmağa
başladı. Özü də bu işimdən daha çox NASA-nın Ohayo
ştatının Klivlend şəhərindəki kosmik
aparatların ion mühərrikləri laboratoriyası geniş istifadə edirdi. Tale elə
gətirdi ki, 1999-cu ildə Heydər Əliyev həmin Klivlend
şəhərində müalicə olundu...
- Növbəti
görüşünüz, deyəsən, Bakıda yox,
Naxçıvanda olub?
- Elədir. 1992-ci
il noyabrın 20-də ölkədə yaranmış gərgin
vəziyyəti o
zaman Naxçıvan Ali Sovetinin sədri olan Heydər
Əliyevlə müzakirə etmək və onu respublika rəhbərliyinə
dəvət etmək məqsədilə Ziya Bünyadov, Fərəməz
Maqsudov, Əli Nağıyev, Səfiyar Musayev və mən də
daxil olmaqla, 40-dan çox şəxs Naxçıvana
uçduq. Gecə saat 12-də onun qəbulunda olduq və saat
2-dək bizimlə söhbət etdi. Onu da qeyd edim ki, Heydər
Əliyev gözəl danışdığı kimi, gözəl
də dinləməyi
bacarırdı. O, qarşımızda konkret suallar qoydu
ki, bura gəlib məni Bakıya çağırmaqda,
yaratdığınız Yeni Azərbaycan Partiyasının rəhbəri
kimi görməkdə məqsədiniz nədir? Bunun hansı
perspektivlərini görürsünüz? Bir-bir səbirlə hamını
dinlədi. Danışanları Əli Nağıyev təqdim
edirdi. Ziya Bünyadov, Fərəməz Maqsudov, Səfiyar
Musayev, Sirus Təbrizli danışdılar. 5-ci, ya da 6-cı mən
danışdım. Dedim ki, Heydər müəllim, icazə
verin, sözümə
Əbdürrəhman Caminin bir hekayəti ilə başlayım. Həmin hekayətdə
deyilir ki, Hindistan şahı Bağdad xəlifəsinə
çoxlu hədiyyələrlə yanaşı, bir həkim
də göndərir. Xəlifə həkimdən soruşur
ki, hansı xəstəliyin dərmanı var səndə? Həkim
deyir ki, bir dərmanım var, onu qəbul etsən,
başındakı ağ saçların qaralacaq. Bunu eşidən
xəlifə cavab verir ki, mənə elə dərman lazım
deyil, çünki ağ saç işıq rəngindədir,
o, xalqın yolunu işıqlandırar, qara saç isə
zülmət rəngindədir - xalqı zülmətə
aparar. Mən öz ağ saçlarımı qara saçlara
dəyişmərəm. Dedim, Heydər müəllim, bura gəlməkdə
məqsədim də sizin ağ saçlarınızdan Azərbaycanın gələcəyini
işıqlandırmaq üçün istifadə etməkdir.
Hiss etdim ki, bu söhbət onun çox xoşuna gəldi...
Nəhayət, YAP
yarandı. Mən də İdarə Heyətinin
üzvü kimi iclaslarda, tədbirlərdə fəal
iştirak etməyə başladım...
- Sonralar, artıq
YAP fəalı və deputat kimi mərhum eks-prezidentlə, yəqin,
çox görüşləriniz olub?
- Deputat kimi də
görüşürdük. Heydər Əliyev daha
çox partiya rəhbəri kimi İdarə Heyətinin
üzvlərini ya Prezident Aparatına dəvət edirdi, ya da
özü YAP qərargahına gəlib orada bizi qəbul
edirdi. Həm də bu görüşləri gözlənilmədən
keçirirdi ki, çoxları bilməsin...
Çox qeyri-adi
ünsiyyət, iş üslubları var idi. Heydər
Əliyev işlədiyi insanları ətraflı öyrənirdi,
onların çoxlarına bəlli olmayan xüsusiyyətlərinə də bələd idi…
Rəhmətlik Zahid
Qaralovun 80 illik yubiley mərasimində
YAP-ın sədr müavini
Əli Əhmədov maraqlı bir söhbət elədi. Heydər Əliyev Abel Məhərrəmovu
BDU-ya rektor təyin etmək istəyəndə Əli Əhmədovdan
soruşur ki, o filosof Şahlar Əsgərov da universitetdə
işləyir, eləmi? Əli müəllim cavab verir ki, bəli,
cənab Prezident, amma o, filosof yox, fizikdi. Cavabında Heydər
Əliyev isə deyir ki, sən bilmirsən, o, filosofdu...
Doğrudan da mənim gənclikdən ixtisasım fizik olub və
yalnız 1998-ci ildə “Keçid dövrünə fəlsəfi
baxış"
ilk fəlsəfi kitabım çapdan
çıxıb. Sonralar “Kamilləşən
düşüncə”, bu il isə ”Düzgün qərar qəbul
etmənin hikməti” və “Yonulmuş daş yolda qalmaz”
adlı kitablarım işıq üzü görüb. Heydər
Əliyev hələ
1990-cı illərin əvvəllərindən mənimlə cəmi
bir neçə dəfə görüşməklə fəlsəfəyə
bağlılığımı duymuşdu...
- Heydər
Əliyevin 60 illik yubileyinizlə bağlı Sizə “Şohrət”
ordeni təqdim etdiyi gündən yadınızda nə
qalıb?
- Həmin gün - 2001-ci il iyunun 6-da Heydər
Əliyev təxminən 70 adamı təltif etməli idi. Odur ki,
özü əvvəlcədən dedi ki, xahiş edirəm, mənim
yaşımı, səhhətimi nəzərə alaraq
hamı çıxış etməyə cəhd etməsin;
bir neçə nəfər danışar, kifayətdi. Ona
görə də hər kəs gəlib ordeni alanda çox
vaxt almırdı, elə təşəkkür edib əyləşirdi.
Növbə çatanda gəldim, Heydər Əliyev əlimi sıxıb təbrik
etdi, mən də təşəkkür etdim. Onu da deyim ki, onda artıq 80-ə yaxın yaşı olan və ürək xəstəliyi baş
qaldırmış Heydər Əliyevin fiziki baxımdan da nə qədər
güclü olduğunu aşkar hiss etdim. Rəhmətlik
soruşdu ki, eşitmişəm, 60 yaşın ötüb
artıq? Dedim, bəli, cənab Prezident, 70-ə doğru gedirəm.
Dedi ki, 60-da mükafat verdim, 70-də də verəcəm.
Dedim, inşAllah, cənab Prezident. Təəssüf ki, tale
qismət etmədi...
- “91”lərdən
həyatda qalanlar niyə heç olmasa ildə bir dəfə
yığışıb dərdləşmirsiniz?
-Haqlı iraddır.
Allah dünyasını dəyişənlərə rəhmət
eləsin. Qeyd edim ki, Hz.Peyğəmbərimizin
cənab Əliyə belə bir tapşırıqı olub:
“İslami qəbul edənlərin sayı artsa da, ənsarilərin (din uğrunda
savaşlarda Peyğəmbərin ilk silahdaşları)
sayı artmayacaqdır.
Onların qayğısına qalın”...
Ola bilsin ki, “91” lərə
lazımi diqqət yoxdur. Onların hər biri fərd olaraq bir
tərəfdən ədalət sevər, haqq sevər,
dünya malında gözü olmayan, digər tərəfdən,
milli mənafeni şəxsi mənafedən üstün tutan səxslər
olublar. Onlar hakimiyyətdə olanda ölkədə söz sahibləri
idilər. Sonrası məlumdur…
Buna rəğmən zaman keçdikcə yenə də
“91”lərə diqqət artır. Zaman keçdikcə
onların gördüyü işin böyüklüyü
anlaşılır. Rəhmətlik Heydər Əliyev deyirdi
ki, “91”lər qızıl fonddur. Cənab
Prezident İlham Əliyev onları “cəsarətli insanlar”
adlandırıb. Bu cəsarətli insanların sayı “91”dir. Cəsarətsizlərin sayı isə 91
+ 1000…-dir.
Qeyd etmək
lazımdır ki, “91”lər xalqın mənafeyini
düşünərək addımlarını atırlar.
91+1000… –lər isə şəxsi mənafelərini
düşünərək onları
sıxışdırırlar.
“91”ləri
Heydər Əliyev müdafiə edirdi. Tarix də
onları müdafiə edəcək. Onları
sıxışdıranları tarix də
sıxışdıracaqdır…
- Şahlar müəllim, builki
doğum gününüzü və Milli Qurtuluş
Gününü, həm də Qarabağın, Kəlbəcərin
qurtuluş, azadlığı dövrünün
başlandığı bir zamanda
qarşılayırsınız... Azad Qarabağ, Kəlbəcər,
Şuşa Şahlar müəllim üçün nə deməkdir?
- Fəlsəfədə
formanın saxlanması qanunu var. Bu qanuna görə, canlı
bir cismə (ağaca və ya insana) yara vursan, zaman keçdikcə
o yara sağalacaq və
həmin canlı əvvəlki formasını
almağa çalışacaqdır. Qarabağın, Kəlbəcərin,
Şuşanın, Laçının qayıtması
yaranın sağalması deməkdir. Yara sağalanda insan rahat
olur. Allah
kömək etsin, o torpaqlarda tez yaşamağa başlayaq…
Sultan
Laçın
Həftə içi.-2021.-19-21 iyun.-S.2.