Xankəndi də
Azərbaycandır
Bu,
tək xankəndlilərin yox, bütün azərbaycanlıların,
Türk dünyasının ürəyindən verilən bir
mesaj oldu
Şuşada
imzalanan “Şuşa Müttəfiqlik Bəyannaməsi”
dünyaya, xüsusilə də region dövlətlərinə
növbəti mesajını verdi. Güc dövlətləri
regiondakı iddialarını gerçəkləşdirmək
üçün ikili oyunlarından əl çəkmək
niyyətində deyil. Region yenə də gərginliyi və həllini
gözləyən problemləri ilə diqqət çəkir.
Bu və ya digər məsələlərlə bağlı
hafta.az-a müsahibə verən Xankəndinin keçmiş
deputatı Həvva Məmmədova bəzi məsələlərə
aydınlıq gətirib.
-
Həvva xanım, “Şuşa Müttəfiqlik Bəyannaməsi”
“Dəmir Yumruğa” hansı gücü qatacaq?
-
Tam iki əsrdən sonra Qarabağın işğaldan azad
olunması tarixi bir hadisədir. Başda Ali Baş Komandan,
müzəffər Azərbaycan Ordusu olmaqla 30 illik həsrətə
son qoyuldu. Bu illər ərzində işğal altında qalan
torpaqlarımızın hansı vandalizmə məruz
qaldığını nəinki Azərbaycan, bütün
dünya siyasətçiləri, mediası, ölkəmizə
səfər edənlərin hər biri gördü, bildi. Azərbaycanda
heç bir insanlığa, heç bir beynəlxalq hüquqa
sığmağan vəhşiliklər törədildi. Erməni
faşistləri Azərbaycanın qəbiristanlıqlarını
dağıdıb, qəbir daşlarından özlərinə
pilləkən düzəltdilər. Biz ermənilərin bu vəhşiliyini
tək bu gün, sabah yox, bütün tarix boyu
yazılarımızda, çıxışlarımızda əks
etdirməklə ifşa eləməliyik. Heç bir xalq Azərbaycan
xalqı qədər belə dəhşətlərə məruz
qalmamışdır. Bir erməni kilsəsinə toxunmuş
olsaydıq, ermənilər və onların havadarları
bütün dünyanı ayağa qaldırardı. Ona görə
də bütün dünya azərbaycanlıları,
bütün Türk dünyası Azərbaycanın
işğal altında qalan ərazilərində baş verən
bu vandalizmi dünyaya çatdırmalıdırlar. Bu 30 il ərzində erməni hesab
edirdi ki, işğal etdikləri əraziləri geri verməyəcəklər.
Bir neçə il əvvəl deyirdilər ki, Qazax tərəfdən
iqtisadi zona yaradaq, gediş-gəliş olsun, ticarət əlaqələri
quraq. İşğal altında qalan ərazilərin azad
olunmasını isə müzakirə etmək istəmirdilər.
Bir növ, Qarabağın işğalını indiki nəslin
ağlından çıxarmaq istəyirdilər. 2016-cı
ilin Aprel döyüşlərindən sonra Azərbaycan
xalqı öz torpaqlarını işğaldan azad etməyə
qadir olduğunu göstərdi və 44 günlük müharibədə
sübut etdi ki, bir qarış torpağını belə
işğal altında qoymayacaq. Tarixi Azərbaycan torpaqları
öz əzəli və əbədi sahiblərinə
qaytarılacaqdır.
“Şuşa
Bəyannaməsi” isə 100 ilə hesablanmış tarixi bir sənəddir. Bu Bəyannamənin içərisində
hər şey vardır. Bu onu
göstərir ki, Şuşa Türk dünyasının bir mədəniyyət
mərkəzidir. Şuşa tarixən Azərbaycanın
adı ilə bağlıdır. Azərbaycan Prezidenti dəfələrlə
elan edib göstərdi ki, Pənahəli xanın
dövründən tutmuş bu günlərə qədər
orada yaşamış insanların hamısı azərbaycanlılardır.
Tarixə nəzər yetirsək, hələ 1923-cü ildə
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda əhalinin
sayına və tərkibinə görə paytaxt statusu
Şuşa şəhərinə verildi. Moskvada oturan ermənilərin
havadarlığı ilə sonradan mərkəz Xankəndiyə
verildi və aradan bir ay keçməmiş Xankəndinin
adı dəyişdirilərək Azərbaycan xalqının
qəddar düşməni olan Stepan Şaumyanın adı ilə
adlandırıldı. Vilayət təşkil olunan gündən
Dağlıq Qarabağda yaşayan azərbaycanlıların ən
ağır günləri başladı. Yavaş-yavaş
Qarabağa ermənilər yerləşdirildi. Ermənistandan vəzifələrə
kadrlar gətirildi, Qarabağın yeraltı, yerüstü sərvətləri
talan edilib ermənilərə göndərildi. Dağlıq Qarabağın o
xoş taleyi 1960-1982-ci illəri əhatə edir. Bu, ulu öndər
Heydər Əliyevin hakimiyyətdə olduğu
dövrdür. Heydər
Əliyev Qarabağa xüsusi diqqət yetirirdi. Şuşa ilə
bağlı yayılan videokadrlardan da görünür ki, Azərbaycan
Prezidenti cənab Tayyib Ərdoğanı Şuşa ilə
tanış edərkən o yerləri bir-bir göstərir. O
Heydər Əliyevin dövründə tikilmiş İcra
Hakimiyyəti binasını, 9 mərtəbəli “Qarabağ”
otelini, Vaqifin məqbərəsini, Xurşudbanu Natavanın,
Üzeyir Hacıbəyovun ev-muzeylərini göstərir.
Bütün bunların hamısı Heydər Əliyev
dövründə Azərbaycan xalqı üçün
yaradıldı.
-
Şuşada Prezident İlham Əliyev həmkarı Rəcəb
Tayyib Ərdoğana bir yeri də göstərib deyir ki, bax,
dağdan o tərəfi görürsünüz? O yer Xankəndidir. Ərdoğan “Otel oradamı?”
soruşur və Prezident “Orada da olacaq”, – deyir. Bu, hansı mesajdır?
-
Mən əslən Xankəndidənəm. Bu
görüntüləri öz sosial şəbəkə
hesabımda da paylaşmışam və ona çoxlu sayda
baxanlar olub. Bu, tək xankəndlilərin
yox, bütün azərbaycanlıların, bütün
Türk dünyasının ürəyindən verilən bir
mesaj oldu. Bu, Bəyannaməyə bərabər bir mesajdır.
Əlbəttə, Xankəndidə “Qarabağ” oteli də
olacaq və Ərdoğan səfərlərinin birində Xankəndidə
dincələcəkdir. Bu o mesajdır ki, Xankəndi də Azərbaycandır!
Xankəndi Xanın kəndidir.
Bilirsiniz ki, 1992-ci ilə qədər ora “Stepanakert”
adlandırılırdı.
1992-ci ildən başlayaraq o şəhərə öz əzəli
adı, Xankəndi statusu verildi, adı özünə qaytarıldı.
Əlbəttə ki, biz Xankəndinə də
qayıdacağıq. Buna çox az qalıb. “Şuşa Bəyannaməsi”,
ermənilər, Ermənistan, erməni havadarları
üçün düşünmək üçün yeni
bir fürsət verdi. Ərdoğan Şuşada
“altılıq” deyilən ölkələrin adını
çəkir və bölgəyə sülh və əmin-amanlığın
gəlməsi üçün bu ölkələri birliyə
çağırır. Bu, Ermənistana səslənən bir
mesajdır. Ermənistanın Qarabağ klanından olan
Köçəryanla Sarkisyandan bezən xalq onların hakimiyyətinə
son qoydu. Levon Ter Petrosyan, artıq Ermənistanın
uçuruma getdiyini, erməni hökumətinin məsləhətləşmələr
aparıb ölkəni düşmüş olduğu çətin
vəziyyətdən çıxarmağı təklif edib. Bu
gün Ermənistanın özündə Azərbaycan dilində
danışan insanlar var ki, onlar bu dili mükəmməlləşdirməyi
hədəf qoyublar. Ermənistanın Dövlət
Universitetində Azərbaycan dili fakültəsi
yaradılıb. Ermənilər Azərbaycan dilini bilən
mütəxəssislər hazırlayırlar. Bu da onu göstərir
ki, artıq Ermənistanın başqa çıxış
yolu yoxdur. Məsələn, Petrosyan deyir ki, əgər bir
ölkə parlament idarəçiliyinə verilirsə, bu
ölkədə söhbət hansı idarəçilikdən
gedə bilər? Deyir ki, seçkidən sonra vətəndaş
qarşıdurması baş verə bilər, ölkədə
xaos hökm sürür, iqtisadi tənəzzül
yaşanır, uşaqları itkin düşənlərə
cavab verən yoxdur. Bu o deməkdir ki, Ermənistan bir daha
düşünməlidir.
-
Həvva xanım, bu gün Azərbaycanın nəzarətində
olmayan ərazilərə, sülhməramlıların o yerlərə
etdiyi erməni köçünə nəzər salsaq, necə
hesab edirsiniz, hazırda hansı problemlərlə üz-üzə
qalmışıq və növbəti addımlar nə
olmalıdır?
-
Bu gün fotoşəkillərdən, videomateriallardan
Qarabağda, Xankəndidə yaşayan ermənilərin
hamısının oradan çıxıb-gediyini
müşahidə edirəm. Prezidentin də səsləndirdiyi
bir fikir vardır ki, Qarabağda o adamlar yaşayacaqlar ki,
Qarabağda doğulmuş olsunlar. Qarabağa sonradan
köçürülən insanların heç biri
Qarabağda yaşaya bilməz. Sülhməramlılarla
bağlı məsələlər – hamısı öz yerini
tutacaqdır. Ermənistanda belə bir xaotik vəziyyət
olduğu halda, Xankəndidə yaşayan ermənilər kimə
arxalanır? Sülhməramlıların da bir vaxtı var.
Onlar nə vaxta qədər burada yaşayan ermənilərə
arxa duracaqlar? Bütün bunların bir sonu olacaq. Xankəndi
Azərbaycanın əzəli torpağı, orada yaşayan
xalqlar isə vətəndaşıdır. Kimlər Azərbaycanın
qanunlarına tabe olacaq, orada yaşaya biləcək, kimlər
olmayacaq, yol açıqdır. Azərbaycan Ordusu öz tarixi ərazilərinə
girəcək, o yerlərə nəzarət edəcəkdir.
Hesab edirəm, imzalanmış Bəyannamədən sonra ermənilər
papaqlarını qarşılarına qoyub bir daha
düşünəcəklər. Onların iki yolu var: ya
birbaşa Qarabağdan çıxıb-getməli, ya da Azərbaycan
vətəndaşı kimi birgə yaşamağı öyrənməlidirlər.
Bizim taleyimizə də belə mənfur qonşularla
yaşamaq düşüb. Ermənilər bu ərazilərə
köçürülüb gəlmiş insanlardır. Bu
torpaqların sahibləri var. Qarabağdan 4 dəfə
köç olub. Biz 5-ci köç edənlər hesab
olunuruq. 1920-ci, 1930-cu, 1940-cı illərdə, hətta
1936-cı il repressiyası dövründə Xankəndidən
nə qədər əhali aclıq, qıtlıq bəhanəsi
ilə Gəncəyə və başqa şəhərlərə
köçürülüb. 4
min erməni əhalisi həmin vaxtlar Xankəndidə yerləşdirilib.
Zaman-zaman bütün imkanlardan istifadə edərək
Qarabağda ermənilərin sayını çoxaldıblar.
Bir qədər əvvəl Heydər Əliyevin adını
çəkdim. O, hər il müxtəlif ixtisaslı
kadrları Qarabağa göndərilib orada yerləşdirilməsi
üçün bütün gücünü,
imkanlarını səfərbər edirdi.
-
Ermənilərin Qarabağa köçürülməsi bu
gün də Rusiya sülhməramlılarının
iştirakı ilə həyata keçirilir. Yenə də Azərbaycanda
marağı olan dövlətlər Minsk qrupu dövlətləri
formatında birləşərək Qarabağda köhnə
status-kvonu bərpa etmək niyyəti ilə
çıxış edirlər. Nəhayət, bu ikili standartlardan necə
yaxa qurtara biləcəyik?
-
ATƏT-in Minsk qrupu özünün fəaliyyətsizliyi ilə
tarixə düşdü. Biz uzun illərdir deyirdik ki,
ATƏT-in Minsk qrupunun tərkibinə Türkiyə də daxil
olsun. Təəssüflər olsun ki, erməni
havadarlarının, böyük dövlətlərin təsiri
ilə bu baş tutmadı.
Bütün dövlətlər bir daha müşahidə
etdilər ki, Minsk qrupu bu 30 il müddətində seyrçi
mövqe nümayiş etdirdi. Minsk Qrupu Ağdama, Füzuliyə,
Xankəndinə getdi. Bir dəfə də olsun, işğal
altında qalan torpaqların ən ağır vandalizmə məruz
qalması ilə bağlı danışmadılar. Bu cür
beynəlxalq təşkilatlar bizim nəyimizə
lazımdır? Belə təşkilat bizim üçün nə
işi gördü? Hansı məsələni ortaya qoydu?
Hansı məsələni həll etdi? Heç birini. Belə
təşkilatlardan üz çevirməliyik. Azərbaycan beynəlxalq
konvensiyalara qoşulub, beynəlxalq təşkilatların
üzvüdür. Nə
yazıq, imtina edə bilmirik, amma hesab edin ki, bir gün o beynəlxalq
təşkilatlar vicdanlarını qarşılarına
qoyacaqlar. Bu təşkilatları ikili mövqeyə məcbur
edən ABŞ Konqresində, Fransada olan erməni lobbisi,
diasporasıdır. Ermənilər dünyaya səpələnmiş
erməni diasporasının, lobbisinin gücü ilə nəfəs
alırlar. Bu nə vaxta qədər davam edəcək? Ona
görə, artıq “Şuşa Müttəfiqlik Bəyannaməsi”ndən sonra regionda
marağı olan dövlətlər də təşviş
içərisindədir. Başa düşdülər ki, Azərbaycanla
diqtə dili ilə danışa bilməzlər. Azərbaycan
Ordusunun döyüş təcrübəsi, əliyalın
qayaları aşaraq düşmənə necə zərbə
endirməsi Amerikada və digər ölkələrdə
müzakirə olunur. 30 il ərzində erməni ordusu ətrafında
yaradılan o mif dağıdıldı. Azərbaycan gücləndikcə
beynəlxalq təşkilatlar da özləri üçün
dərs alacaqlar. Azərbaycan Prezidentinin xarici jurnalistlərə
30-dan artıq verdiyi müsahibə hər biri ensiklopedik bir tarixi
məcmuədir, 44 günün tarixidir. Bu 44 günlük
müharibə göstərdi ki, Azərbaycan Ordusu gücləndikcə
özləri bizim qarşımızda diz çökəcəklər.
-
Görünən odur ki, səsimizin dünyada eşidilməsi
həm də beynəlxalq məhkəmələrə
müraciət edib, cinayətkarların cəzalandırılmasının
tələb olunmasından keçəcək. Ermənistandan
təzminatın tələb olunması məqamı yetişmədimi?
Bu istiqamətdə hansı addımlar atılmalıdır?
-
Ermənistandan, Qarabağdan, ətraf rayonlardan
köçkün düşmüş, məcburi qovulmuş
insanların əmlakının hamısı məhv edilib. Hər
bir insanın evinin sənədləri əlindədir.
İnsanlara dəymiş zərər hesablanmalıdır.
İşğal olunmuş ərazilərdə tarixi abidələrimizin,
məscidlərimizin, maddi-mədəniyyət abidələrinin
hamısının təzminatı ödənilməlidir. Azərbaycana dəymiş
ziyanın ödənilməsi ilə bağlı bir qurum
yaradılmalıdır. Bütün insanlar səfərbər
olmalıdır. Ermənistan bu
torpaqları işğal edib, bu qədər ziyanlar vurandan
sonra günahı olmamış kimi kənarda dura bilməz. 1
milyon 300 minə qədər insanımızın
qaçqın düşərək, nə qədər
ağır şəraitdə yaşadığı hər kəsə
bəllidir. O çadır-şəhərcikləri 2007-ci ildə ləğv
edildi. Nə qədər insanımız ağır məhrumiyyətlərə
düçar oldu. Bəs bunun təzminatını kim ödəməlidir?
Ona görə də hesab edirəm, Azərbaycanda bu işlə
məşğul olan xüsusi qurum olmalıdır. Həmin
qurum kəndbəkənd, şəhərbəşəhər
araşdırıb əhalini və onun əmlakını qeydə
almalıdır. Cənab Ərdoğan Füzulidə,
Ağdamda gördüklərindən dəhşətə gəldi
– sanki Füzuli adlı şəhər olmayıbmış;
sanki Ağdam adlı şəhər olmayıbmış. Biz
bütün bunları bir-bir qeydə almalıyıq. Ermənistan
diz çökməlidir. Ermənistan Azərbaycana milyardlarla
təzminat ödəməlidir.
Ermənistanı rahat buraxa bilmərik, Azərbaycanda
törətdiklərinə görə cavab verməlidir.
-
Həvva xanım, indi Ermənistanı daha çox Zəngəzur
dəhlizinin açılması ilə bağlı məsələ
narahat edir. Bu dəhliz bizi hara qədər apara bilər?
- Ermənistanı qorxuya salan da elə
budur. Ermənistanı qorxuya salan tarixi İrəvan
şəhəridir. Zaman gələcək ki, o beynəlxalq məhkəmələr
1920-ci ildə Zəngəzurun ermənilərə necə
verilməsi prosesinin araşdırılmasına yönələcək,
haqq-ədalət bərpa olunacaq.
Bilmək
lazımdır ki, bu tarixi torpaqlar səssis-səmirsiz erməniyə
verilməyib. Bu xalq üsyan edib, etiraz edib. Bu xalqın
üsyanı 70 il sovet arxivlərində gizlədilib,
ört-basdır edilib. Hələ azərbaycanlıların
1948-1953-cü illərdəki deportasiya tarixi də var. O deportasiya 1956-cı ilə qədər
davam edib. Rus-erməni mənbələri deportasiyanın
İrəvanda 23 rayonda aparıldığını göstərib,
əslində isə 30 Azərbaycan kəndində
aparılıb. Bəhanə o idi ki, guya xaricdən gələn
ermənilərə torpaq çatışmır, ona görə
də azərbaycanlılar könüllü olaraq
köçürlər. Xaricdən köçən ermənilər
isə azərbaycanlıların
çıxarıldığı kəndlərə
köçmədilər, hamısı şəhərdə
qaldı. Görün, ermənilər, onların havadarları
xalqımızın başına necə oyunlar
açıblar. Əlbəttə ki, bu tarixi yerlər Azərbaycan
torpaqlarıdır və Zəngəzur dəhlizi bizi o yerlərə
qaytaracaq.
Tahirə Qafarlı
Həftə içi.-2021.-19-21
iyun.-S.3