Aran
Qarabağın su problemi
İşğaldan azad olunmuş ərazilərdəki
anbarlardan bu il də tam gücü ilə istifadə etmək
mümkün olmayacaq
44 günlük Vətən Müharibəsi
nəticəsində işğal altında olan tarixi
torpaqlarımızın düşmən əsarətindən
geri qaytarılması bu ərazilərdə post-konflikt bərpa
prosesinin başlanmasına zəmin yaratdı. Bu gün azad
olunmuş torpaqlarımızda tariximizi, mədəniyyətimizi
və iqtisadiyyatımızı yenidən canlandırmaq və
bərpa etmək üçün mərhələli şəkildə
yenidənqurma işləri həyata keçirilir. Bununla
bağlı sözügedən ərazilərdə aidiyyəti
qurumlar tərəfindən müəyyən təhlillər
aparılır, bərpa prosesinin sürətləndirilməsi
üçün operativ tədbirlər görülür.
Qeyd edək ki, ekspertlər işğaldan
azad olunmuş ərazilərin yaxın gələcəkdə
ölkə iqtisadiyyatında mühüm paya malik
olacağını proqnozlaşdırırlar. Mütəxəssislərin fikrincə,
xüsusilə bu ərazilərdəki su ehtiyatları
suvarılan torpaqların artırılmasına, suya olan tələbatın
ödənilməsinə, digər su ehtiyatlarının
paylanmasına və idarə olunmasına yetərincə
müsbət təsir göstərəcək. Yeri gəlmişkən,
Ermənistanın təcavüzkar siyasəti nəticəsində
Azərbaycanın meliorasiya və su təsərrüfatı
fonduna külli miqdarda ziyan dəyib. Səhmdar cəmiyyətinin
işğal altında 125 min 800 hektar suvarılan torpaq sahəsi
qalmışdı. Həmin əraziləri suvarma ilə təmin
edən 6 426 kilomert suvarma kanallarımız, 1 429 subartezian
quyusu, 9 su anbarı, 7 sututarı, 88 nasos stansiyası, 7 mindən
çox hidrotexniki qurğu və s. su təsərrüfatı
obyektləri işğal altında qalmışdı.
Proqnozlara görə, qələbədən sonra həmin
obyektlərin tam işə düşməsi su təminatı
çətin olan ərazilərə suyun davamlı verilməsinə,
əkin sahələrinin genişləndirilməsinə, su
qıtlığının aradan qaldırılmasına, kənd
təsərrüfatında yüksək məhsuldarlığın
əldə edilməsinə və ekoloji tarazlığın bərpa
edilməsinə təminat yaranacaq. Bütün bunlar isə
son nəticədə ölkədə bol məhsuldarlığın
yaranmasına imkan verəcək.
Bəs, görəsən, qələbənin
başa çatmasından keçən 8 ay ərzində su təminatı
çətin olan ərazilərə suyun davamlı verilməsi
üçün hansı addımlar atılıb?
İşğaldan azad olunmuş ərazilərdə yerləşən
su anbarlarının və su tutarlarının neçə
faizinin fəaliyyəti tam bərpa olunub? Həmin ərazilərdə
yeni kanalların çəkilməsi istiqamətində
hansı addımlar atılıb?
Meliorasiya və Su Təsərrüfatı
ASC-nin sədr müavini Rafiq Aslanovun sözlərinə
görə, ötən müddət ərzində
Suqovuşan su anbarının ərazisi minalardan və digər
partlamamış sursatlardan təmizlənib, qiymətləndirmələr
aparılıb: “Artıq Suqovuşan bəndində təmir
işlərinə başlanılıb. Birinci mərhələdə
Suqovuşan bəndinin mexaniki avadanlıqları,
suburaxıcı qurğuları, seqment qapıları, eləcə
də 5,2 kilometr uzunluğunda magistral kanalın təmiri həyata
keçiriləcək. İkinci mərhələdə
uzunluğu 22 kilometr olan Tərtərçay Sol Sahil
kanalı, üçüncü mərhələdə isə
uzunluğu 70 kilometr olan Tərtərçay Sağ Sahil
kanalını təmir-bərpa ediləcək. Təmir
işlərinin birinci mərhələsi bu ilin sonunadək
başa çatdırılacaq. İkinci mərhələnin
bu il başlanması və gələn il
yekunlaşdırılması nəzərdə tutulur.
Üçüncü mərhələ üçün də
işlər aparılır. Təmir-bərpa işləri nəticəsində
ümumilikdə 96 min 200 hektar əkin sahəsinin su təminatı
yaxşılaşacaq”.
Rafiq Aslanov vurğulayıb ki, Suqovuşan
su anbarının uzun illər işğal altında olması
səbəbindən alternativ mənbə kimi subartezian
quyularından istifadə edilib: “Respublikamızda istismarda olan
8250 subartezian quyusundan 517-də SCADA sistemi
quraşdırılıb. Əlavə olaraq, bu il 400 ədəd
subartezian quyusunda SCADA sistemi quraşdırılacaq. Bu sistem
vasitəsilə su quyularına uzaqdan kameralar vasitəsi ilə
nəzarət olunur,
söndürülür-yandırılır, suyun verilməsi
üçün limit qoyulur. SCADA sistemi həm enerji həm də
su itkisinin qarşısının alması üçün vacib
bir sistemdir. Çalışacağıq ki, bir neçə
il ərzində bütün subartezian quyularında bu sistem
quraşdırılsın”.
“Meliorasiya və Su Təsərrüfatı”
ASC hazırda həm də işğaldan azad edilmiş Zəngilan,
Qubadlı və Cəbrayıl rayonları ərazisində əlavə
su mənbələrinin yaradılması ilə bağlı
qiymətləndirmə işləri aparır. Sədr
müavini bildirib ki, həmin rayonlarla yanaşı, Kəlbəcər
rayonunda da əlavə su mənbələri var. "Tərtər
çaydan başqa Bəsit çayı, Həkəri
çayı, Bazar çayı mövcuddur. Biz
çalışırıq ki, oralarda suyun toplanması
üçün tədbirlər görək. Bunun
üçün müəyyən işlər
aparmışıq və hökumətə təqdim etmək
istəyirik. Həkəri çayı üzərində su
anbarı tikmək mümkündür. Bunun üçün təklifimizi
hazırlamışıq. Cəbrayıl rayonu ərazisində
"Xudafərin” su anbarının tutumu 1,6 milyard kubmetrdən
çoxdur. Ondan 13 kilometr aşağıda isə su tutumu 62
milyon kubmetr olan “Qız Qalası” su anbarı yerləşir.
“Xudafərin” su anbarında 100 meqavat elektrik enerjisi, “Qız
Qalası” su anbarlarında isə 40 meqavat enerji istehsalı nəzərdə
tutulur. Bu su anbarları eyni zamanda suvarma üçün
çox önəmlidir. “Xudafərin” su anbarı vasitəsilə
250 min hektardan çox sahənin su təminatı
yaxşılaşacaq. “Qız Qalası” su anbarından isə
saniyədə 50 kubmetr axını olan yeni kanalın çəkilməsi
nəzərdə tutulur. Bununla da Cəbrayıl rayonu ərazisində
12 min hektar sahədə suvarma həyata keçiriləcək”.
Qeyd edək ki, 1976-cı ildə istismara
verilmiş Suqovuşan su anbarı Tərtərçay və
Turaqaçay çaylarından daxil olan sular hesabına
formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından
Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə,
Ağdam, Ağcabədi rayonlarının ümumilikdə 96
min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin
olunması nəzərdə tutulub. Lakin 28 il bundan əvvəl
baş vermiş Qarabağ müharibəsi nəticəsində
Suqovuşan su anbarı işğal olunduğundan torpaq sahələrinin
su təminatında ciddi çətinliklər
yaranmışdı. Bununla yanaşı, suyun
buraxılmaması çayda kəskin ekoloji problemlər
yaradıb. Suqovuşanın işğaldan azad olunması ərazidə
ekoloji tarazlığın bərpa edilməsi ilə
yanaşı, uzun illərdən bəri su təminatı
çətin olan bu ərazilərə suyun verilməsi, burada
gələcəkdə əkinlərin davamlı
aparılmasına, su qıtlığının aradan
qaldırılmasına, kənd təsərrüfatında
yüksək məhsuldarlığın əldə edilməsinə
təminat yaradıb.
Mövzu ilə bağlı hafta.az-a
danışan “Meliorasiya və Su Təsərrüfatı"
ASC-nin rəsmisi Qulu Kərimov bildirib ki, müharibə
başa çatandan dərhal sonra 36 min hektardan artıq əkin
sahəsinə Suqovuşan anbarından suyun verilməsi təmin
olunub: “Deməli, həmin əkin sahəsinin 20 min 450 hektarı
Tərtər, 6 min 300 hektardan artıq Goranboy, 6 min 38 hektar Bərdə,
1872 hektar Yevlax rayonunun payına düşür. Sonradan müəyyən
müddət suyun verilməsində məhdudiyyətlər
yarandı. İndiki halda Suqovuşan su anbarından məhdud
sayda da olsa, qeyd etdiyim rayonların əkin sahələrinə
suyun verilməsi mümkün olur. Artıq Suqovuşan su
anbarında əsaslı təmin işlərinin
aparılması üçün qiymətləndirmə
aparılıb. Və görüləcək işlər
müəyyən olunub, tender keçirilib. Bu barədə təkliflər
Nazirlər Kabinetinə təqdim olunub. Sadəcə olaraq
çətinliyimiz ondadır ki, bu ərazilərdə həddindən
artıq çoxlu mina var. Elə yerlər var ki, minanı
sanki kamazla gətirib töküblər. Yəni, iş prosesi
o qədər çətin bir şəraitdə gedir.
Suqovuşan anbarından çıxan 5,2 km magistral kanal var,
demək olar ki, o kanalın hər iki tərəfi minadan təmizlənib
qurtarıb. Amma kanallar uzun müddət istifadə
olunmadığından hamısı dolub. O mənada çətinliklər
çoxdur. Suqovuşandan tam gücü ilə istifadə
olunması üçün əsaslı təmir işləri
aparılmalıdır. Bundan başqa, Ağdam rayonunda 23 milyon
kubmetr həcmdə Xaçınçay su anbarı var. O ərazilərdə
də minadan təmizləmə işləri aparılıb və
baxış keçirilib. Amma həmin anbarın suyundan istifadə
etmək üçün kanallar mövcud deyil. Ona görə
biz Xaçınçay su anbarından demək olar ki, istifadə
edə bilmirik. Anbar doludur, lakin infrastuktur
olmadığından səmərəli istifadəsi
mümkün deyil. Anbardan suyun tam gücü ilə
çıxması üçün kanallar yenidən
qurulmalıdır. Həmin ərazidə qiymətləndirmə
aparılıb, hazırda layihə sənədlərinin
hazırlanması istiqamətində işlər gedir.
Füzuli rayon ərazisində Köndələnçay
üzərində isə 3 su anbarı var. Köndələn-1,
Köndələn-2, Aşağı Köndələnçay
su anbarı. Bildiyiniz kimi, bu ayın 14-də cənab Prezident də
həmin yerdə olmuşdu.
Anbar 1982-ci ilə Ulu Öndərin
tapşırığı ili tikilib. Məqsəd Füzuli
rayonu ərazisində 6200 hektar əkin sahəsinin
suvarılması olub.Köndələn-1,
Köndələn-2 kiçiktutumlu anbarlardır. Əsas su
anbarı Aşağı Köndələnçay su
anbarıdır. Ümumi tutumu 9,5 milyon kubmetrdir. Bəndin
uzunluğu 920 metr, hündürlüyü 25 metrdir.
Hal-hazırda həmin su anbarından yalnız “Azərşəkər”
şirkətinə məxsus 78 hektar şəkər
çuğunduru sahəsi var ki, həmin sahəni suvarmaq
mümkündür. Eyni zamanda, Füzuli rayonunun bir neçə
kəndi o sudan istifadə edir. Ümumilikdə isə
işğaldan azad olunmuş ərazilərdəki anbarlardan bu
il də tam gücü ilə istifadə etmək
mümkün olmayacaq”.
Sevinc
Həftə içi.-2021.-19-21
iyun.-S.5