Kəşfiyyatçı şəhid Xəyal Cəbrayılov

 

 

 

Bir xalq düşünün, 30 illik ağrı-acını, düşmənə olan nifrətini, torpaq həsrətini qəlbində böyüdüb qisas gününü gözləyən qəhrəman bir xalq. Ötən ilin 27 sentyabr tarixindən başlayaraq 45 gün davam edən azadlıq yolumuzun unudulmaz qəhrəmanları, heç şübhəsiz, şəhidlərimizdir. Azərbaycan gəncləri müharibənin ilk günlərindən, könüllü olaraq, gülə-oynaya cəbhəyə yollanarkən düşmənə bir mesaj da verirdi əslində. Təbəssümlər evə qayıtmağın gizlədilə bilməyən sevinci idi. 45 gün boyu, hər bir azərbaycanlı müsəlləh əsgər, hər kəs qarabağlı – şuşalı, laçınlı, xocalılı idi.

 

Bir azdan haqqında bəhs edəcəyimiz kəşfiyyatçı şəhid Xəyal Cəbrayılov da torpaq uğrunda can alıb-can verənlərdən, onun qoynunda, bizim isə könlümüzdə əbədi taxt quranlardandır.

 

Cəbrayılov Xəyal Rafiq  oğlu, 1 sentyabr 1998-ci ildə Ucar rayonunun Lək kəndində anadan olub. Ailənin sonbeşiyi olan şəhidin özündən böyük 2 qardaşı var. O, 2005-ci ildə doğulub-böyüdüyü kəndin R.Abbasov adına 1 saylı tam orta məktəbinə birinci sinifə başlayır. Orta məktəbi bitirdikdən sonra, 2016-cı ildə isə hərbi xidmətə çağırılır. Xidmətini 25 aprel 2018-ci ildə başa vurub evinə qayıdan Xəyal bir müddət sonra işləmək üçün paytaxt Bakıya gəlir. Ta ki, Vətən onu çağırana qədər. Çıxdığı yolun nə qədər çətin, lakin şərəfli olduğunu çox yaxşı bilirdi. Torpaqlarımız mənfur düşməndən təmizlənməyənə qədər ölüm haramdır deyirdi...

 

 

 

Vətən müharibəsi başladıqdan 1 gün sonra – sentyabrın 28-də könüllü olaraq cəbhəyə yollanan şəhidimiz  burada kəşfiyyatçı kimi fəaliyyət göstərib. Döyüş yoldaşları onuSnayper Cəbi” deyə çağırırdılar, hər birinin yaddaşında gözüqara, qorxmaz, mərd döyüşçü kimi dərin izlər qoyub. Soyuq səngəri cənnətə çevirən Vətən sevgisi onu ən ucaya zirvəyə doğru addım-addım yaxınlaşdırırdı. Torpaqlarımızın azadlığı uğrunda başladılan əks-hücum əməliyyatları çərçivəsində ilk olaraq cəbhənin Füzuli, Qubadlı, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edir. Şəhidimiz girdiyi hər döyüşdə göstərdiyi şücaət ilə fərqlənir, qəhrəmanlığı ilə seçilirdi. Onun sonuncu döyüşü isə 5 noyabr Daşaltı kəndi istiqamətində gedən hərbi əməliyyatlar oldu.

 

Şəhidin qardaşı Hafta.az-a danışarkən söylədi ki, Xəyal ailə nigaran qalmasın deyə, hər gün evə zəng edirmiş. Tez-tez hər şeyin yaxşı olduğunu, torpaqlarımızı azad etdiklərini bildirirmiş. Sonuncu zəngi isə noyabr ayının 2-si olur. Şuşaya gedirik deyir...

 

“Noyabrın 2-si bizə zəng edib, Şuşaya getdiklərini dedi. Elə həmin günŞuşa şəhərinin azad olunması üçün Daşaltı kəndinə hücum əmri alıblar. Qardaşım snayper kəşfiyyat vəzifəsini icra etdiyi üçün döyüşə başda gedirdi. Söhbət sevdikləri olduqda heçonun gözünü qorxutmazdı. Evə zəng edəndə də hərbi sirr hesab olunan heç bir məlumatı, olduğu yeri bizə demirdi. Bizdə olan məlumata görə, yüksəkliyi azad etmək üçün 3 hissəyə ayrılan qrupun sol cinahında öndəgedən əsgər özü olub. 5 noyabrda gecə minalanmış əraziyə girirlər və burada şəhidlik zirvəsinə ucalır”.

 

Diqqətinizə çatdıraq ki, ailə 2 noyabr tarixindən sonra Xəyaldan heç bir xəbər ala bilməyib. Düz 19-gün sonra – 21 noyabr 2020-ci ildə qəhrəmanımızın şəhidlik xəbəri yaxınlarına verilir. 22 noyabr 2020-ci ildə isə, Şəhid Cəbrayılov Xəyal Rafiq oğlu doğulub-böyüdüyü Ucar rayon Lək kəndində torpağa tapşırılır.

 

Qeyd edək ki, Cəbrayılov Xəyal Rafiq oğlu ölümündən sonra müharibə zamanı göstərdiyi qəhrəmanlığa görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Allah rəhmət etsin!

 

 

Banu

 

Həftə içi.- 2021.- 18-19 mart.- S.8.