Azığa tarixi ekskursiya
44 günlük müzəffər savaşımız sayəsində Şanlı Ordumuz tərəfindən torpaqlarımızla birlikdə işğaldan azad olunmuş qədim abidələrimizdən biri də Xocavənd rayonundakı Azıx mağarası oldu. 10 Noyabr üçtərəfli razılaşmasından, təxminən, bir həftə sonra Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış keçirən zaman, üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar ediblər.
Hərbi birləşmə komandanlığı dərhal bu barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verib. Öz növbəsində müəssisə tərəfindən Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi də məlumatlandırılıb. Məlumatın mühüm tarixi-strateji əhəmiyyətli bir arxeoloji obyekt barədə olduğu nəzərə alınaraq təcili olaraq DTX-nin nümayəndəsi ilə birgə sözügedən institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov da Azıx kəndinə ezam olunub. Yerində baxış zamanı müəyyən edilib ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilən tapıntılar qablaşdırılıb. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar noyabrın 23-də axşam Bakıya gətirilərək institutun Arxeoloji Fondunda yerləşdirilib...
Prezident, Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə birgə işğaldan azad edilmiş Xocavənd rayonuna səfəri zamanı Azıx mağarasını da ziyarət etməsi və Azərbaycanın beynəlxalq əhəmiyyətli bu qədim arxeoloji abidəsi önündəki çıxışı bu obyektin dərindən öyrənilməsi məsələsini daha da aktuallaşdırılıb.
Bunu nəzərə alaraq “Həftə içi” qəzeti və “Hafta.az” saytı olaraq biz də Azıx mağarasının alimlərimiz tərəfindən öyrənilməsinin tarixi, eləcə də 28 ildən çox davam etmiş bir işğal müddətində işğalçı və saxtakar ermənilərin bu arxeoloji abidəmizdə gördükləri qanunsuz işlər barədə bir araşdırma aparmaq qərarına gəldik.
Azıx - Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv. km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.
Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə Azərbaycan SSR EA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunub. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.
1968-ci ilin iyun ayında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etmişdir. Azıx düşərgəsindən tapılmış qədim insana məxsus olan alt çənənin elmi tədqiqi ilə professor Dəmir Hacıyev məşğul olmuşdur. D.V.Hacıyevin apardığı elmi tədqiqatlar zamanı çənənin ibtidai insana məxsus olması müəyyən edilmiş və tapıntıya Azıxantrop tipli ibtidai insan adı verilmişdir.
Çoxtəbəqəli Azıx paleolit düşərgəsində 1974–1985-ci illərdə M.M.Hüseynovun rəhbərliyi altında kompleks şəkildə II mərhələdə arxeoloji qazıntı işləri aparılmışdır.
Düşərgədə II mərhələdə aparılan arxeoloji tədqiqat işlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tədqiqat işləri VI təbəqədən aşağıda yerləşən çöküntülərdə aparılmış və 4 yeni arxeoloji təbəqə qeydə alınmışdır.
1974–1975-ci illərdə Azıx düşərgəsində yeni müəyyən olunmuş VII-VIII-IX və X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı mühüm elmi əhəmiyyətə malik maddi mədəniyyət nümunələri tapılmışdır. Maddi mədəniyyət qalıqları arasında əsas yeri çaydaşılarından hazırlanmış kobud çapma alətləri tutur. Daş məmulatı ilə birlikdə daşlaşmış heyvan sümükləri də qeydə alınmışdır. Aparılan kompleks elmi tədqiqatlar zamanı Azıx paleolit düşərgəsinin VII–X təbəqəsindən tapılmış daş məmulatının dünya arxeologiyasında oxşarı olmadığı və bunların tamamilə yeni bir arxeoloji mədəniyyətə məxsus olması müəyyən edilmiş və bu mədəniyyətə Quruçay arxeoloji mədəniyyəti adı verilmişdir.
Azərbaycanın Daş dövrü düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının bəşər sivilizasiyasının tarixini tədqiq etmək üçün əvəzsiz arxeoloji mənbələr olduğunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan və Gürcüstan alimləri 2001-ci ildə Beynəlxalq “İNTAS-2000” adlı proqram hazırlamışlar. Proqram 2001-ci ilin iyul ayında Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda təsdiq olunmuşdur.
Həmin proqrama uyğun olaraq Ə.Q.Cəfərov Fransanın İnsan Paleoantologiya İnstitutu və Avropa Arxeoloji Tədqiqatlar Mərkəzində Azərbayanın paleolit düşərgələrinin maddi mədəniyyət qalıqları haqqında elmi məruzələrlə çıxış etmişdir. Məruzələrə Azıx, Tağlar və digər paleolit düşərgələrinin arxeoloji və paleoantoloji tapıntıları şərh edilmiş, azıxantropun çənə sümüyünün qalığının isə Qafqaz və Yaxın Şərqdə ən qədim paleoantropoloji tapıntı olduğunu bildirmişdir.
2002-ci ildə sentyabrın 7-dən oktyabrın 1-dək Beynəlxalq “İNTAS-2000” proqramına uyğun olaraq Avropa ölkələrindən 22 görkəmli alim başda professor Henri dö Lümley olmaqla Bakıya gəlib çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olmuş və bu tapıntıların dünya arxeologiya, paleontologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyəti olduğunu yekdilliklə qeyd etmişlər.
2001-ci ildən etibarən Azıx mağarasında İngiltərə, İspaniya, İrlandiya və Ermənistandan olan beynəlxalq tədqiqatçılar qrupu İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo və Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyanın başçılığı altında tədqiqat işlərinin aparılmasına başlanmışdır. Bu tədqiqat işləri qondarma "Dağlıq Qarabağ Respublikası"nın himayəsi altında aparılmışdır.
Tədqiqatlar zamanı 300 min il yaşı olan Avropada ən qədim mağara ayısının sümüyü, daş əmək alətləri və istehsal tullantıları aşkarlanmışdır. Qazıntılar ildə bir ay olmaqla doqquz il davam etmiş və əldə edilmiş bütün maddi mədəniyyət nümunələri tədqiq olunmaq üçün Londona aparılmışdır. Tədqiqatların nəticəsi olaraq 2010-cu ildə Azıx mağarası haqqında məqalələr toplusu nəşr edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun altıcildlik "Azərbaycan Arxeologiyası" nəşrinin I cildində qeyd edilir ki, "Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsində apardıqları uzunmüddətli arxeoloji qazıntılar nəticəsində oradakı mədəni təbəqələrin 80%-i tədqiq olunmuşdur. Ona görə də hazırda orada nəinki qazıntı, eyni zamanda kəşfiyyat işləri aparmaq bəşəriyyətə qarşı ən böyük cinayət kimi qiymətləndirilməlidir. Bəlkə 100 ildən sonra yeni elmi tədqiqat metodu meydana çıxa bilər, onda Azıx düşərgəsinin çöküntülərindən nümunə götürüb istifadə oluna bilər. Ona görə də hazırda orada qazıntı işləri aparmaq bəşər sivilizasiyasına qarşı ən böyük təxribat hesab olunmalıdır. İkincisi isə, Azıxda aparılan arxeoloji qazıntılar zamanı tapılmış 100 minlərlə maddi mədəniyyət qalıqları Bakıda saxlanılır və istənilən alim onlarla tanış ola bilər.
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov “Həftə içi”nə açıqlamasında artıq işğaldan azad olunmuş Azıx mağarası haqda bunları söyləyib:
“2020-ci ilin noyabrında ermənilərin son illərdə apardıqları qazıntılar nəticəsində əldə etdikləri tapıntılar Azıx kəndindən Bakıya gətirilsə də, pandemiya ilə bağlı yaranmış problemlərlə əlaqədar onlar tam araşdırılmayıb. 100-ə yaxın qutudakı tapıntılar arasında həm daş əmək alətləri, həm də paleontoloji materillar, yəni heyvan qalıq və sümükləri vardır. Bunların hamısını biz tədricən araşdıracağıq. Amma onu deyim ki, bu tapıntılar Azərbaycan alimlərinin 1960-1987-ci illər ərzində apardıqları qazıntılar zamanı əldə etdikləri artefaktlarla müqayisədə elə də böyük əhəmiyyət kəsb etmir. Həmin müddətdə alimlərimiz 6 mindən artıq daş əmək aləti və 100 minlərlə sümük qalıqları aşkar ediblərsə, ermənilərin tapdıqları heç bunun 10 faizini də təşkil etmir...”
“Tapıntılar arasında insan kəlləsi qalıqları yoxdur ki? Ola bilər, saxtakar ermənilər guya həmin ərazilərdə əcdadlarının qədimdən yaşadığını sübut etmək üçün bir erməni kəlləsinin qalıqlarını ora gətirib qoyar” sualına cavabında isə tanınmış arxeoloq bunları deyib:
“Xeyr. Orada heç bir
insan qalığı
yoxdur. İnsan kəlləsi tapılsa,
bu, sensasiya olardı. Bu günədək
Azıxdan tapılan yeganə antropoloji tapıntı yalnız
1968-ci ildə Məmmədəli
Hüseynovun aşkarladığı
Azıxantropun alt çənəsidir...”
Apardığımız digər araşdırmalardan
erməni nəşrlərinin
2020-ci ilin mayında Azıx mağarası haqda yazdıqları saxta məlumatlardan daha birini əldə
etdik.
Guya erməni alimlərin etdiyi “tapıntılar”
nəticəsində Azıx
mağarasının yerləşdiyi
ətraf ərazilərin,
yəni Qarabağın
qədimdən ermənilərə
aid olduğu “sübut
olunur”. Məsələn, guya mağarada
şərabçılığa aid bir çox məmulatlar tapılıb.
Bu da mağaranın ermənicə “kal üzüm” mənasını
verən “Azox” adlandırılmasının təsadüfi
olmadığını “göstərir”...
Məlumatda daha sonra deyilir:
“Əslində azərbaycanlı
arxeoloqlar ermənilərin
gizlətdikləri xəzinələri
tapmaq üçün
Azığa gəliblər. Azərbaycan xəzinə
ovçu-arxeoloqları tamamilə
barbar üsullardan istifadə edərək mağaranın qatlarını
amansızcasına uçurublar;
lakin orta əsrlərdən bəri
gizlədilmiş erməni
xəzinələrini tapa
bilməyiblər”.
Qəzetimizə açıqlamasında arxeoloq-alim Azad Zeynalov bu cür informasiyaları
“cəfəngiyyat” adlandıraraq
söyləyib ki, belə böhtanları ermənilər öz qanunsuz saxta işlərinə haqq qazandırmaq üçün
ortalığa atırlar.
Ermənilər apardıqları qanunsuz axtarışlar zamanı əldə etdikləri artefaktlar əsasında
2011-ci ildə Azıx
kəndində “Azıx
mağarası” muzeyi yaratmağa qərar veriblər. Lakin bunu başa
çatdıra bilməyiblər.
Görünür, hərbçilərimiz tərəfindən Azıx
kəndində tapılmış
artefakt dolu qutular məhz bu məqsədlə hazırlanıbmış.
2012-ci ildə işğalçı
və separatçılar
tərəfindən Xankəndidə
Azıx mağarası
tapıntılarına həsr
olunmuş sərgi keçirilib. 2016-cı ilin noyabrında isə yenə də Xankəndidə bir neçə əcnəbi
alimin iştirakı ilə Lüksemburqdakı
“Springer” beynəlxalq kitab
nəşriyyatı tərəfindən
nəşr edilmiş
“Azıx mağarası
və Trans-Qafqaz dəhlizi” (Azokh Cave and the
Transcaucasian Corridor) adlı
saxtalıqlar dolu kitabın təqdimatı olub.
Onu vurğulamaq
lazımdır ki, Azərbaycan Baş Prokurorluğu hələ
2017-ci ilin fevralında
Azərbaycan Arxeologiya
və Etnoqrafiya İnstitutunun müraciəti
əsasında Dağlıq
Qarabağ ərazisindəki
Azıx mağarasında
tədqiqatlar aparan Ermənistan, İspaniya və Böyük Britaniya alimlərinə cinayət işi açaraq onlar barədə beynəlxalq axtarış elan edib.
Prokurorluğun məlumatına görə,
ermənistanlı alim
Levon Yepiskoposyan, ispaniyalı tədqiqatçı
Yolanda Fernandez-Jalvo, Böyük
Britaniyanın Blanford Muzeyinin "Azox layihəsi”nin direktoru Tanya Kinq və elmi işçi
Piter Endryusun 2002-ci ildən etibarən Azıx mağarasında arxeoloji qazıntı işlərini həyata keçiriblər.
Məlumatda qeyd edilir ki,
İspaniyanın Milli
Təbiət Muzeyi,
Elm və Texnologiya Nazirliyi, Böyük Britaniyanın Qaluay Universiteti, "Armenian General Benevolent Union”un London filialının
qazıntı işlərinə
maliyyə və digər dəstək vermələrinə əsaslı
şübhələr yarandığından
adları çəkilən
şəxslər barəsində
cinayət işi qaldırılıb və
İnterpola müvafiq
sorğu göndərilib.
Rəsmi Bakı bundan öncə də Britaniya və İspaniya arxeoloqlarını
Dağlıq Qarabağda
qazıntı işləri
aparmamağa çağırıb.
2008-ci ildə Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyi bu məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada
qeyd edilirdi ki, Azıx mağarasında
qazıntılar "Silahlı
münaqişə zamanı
mədəni dəyərlərin
saxlanması haqqında”
Haaqa Konvensiyasına,
"Arxeoloji dəyərlərin
qorunması haqqında”
Avropa Konvensiyası,
YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına ziddir.
2016-cı ilin noyabrında Azərbaycan XİN Azıx mağarasında tədqiqatlar aparan arxeoloqlar qrupunu "qara siyahı” daxil edib.
2017-ci ilin martında İnterpolun Ermənistandakı mərkəzi bürosu Azərbaycanın quruma üzv dövlətlərə ünvanladığı sorğunu aldığını bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyev Azıx mağarası önündəki çıxışında ölkəmizin 30 ilə yaxın işğal altında qalmış digər ərazilərində qanunsuz işlər aparan digər əcnəbilər kimi bu arxeoloji abidəmizdəki qanunsuz işlərə cəlb edilmiş xarici alimlərin də onları buna vadar edən Ermənistan hökuməti də başda olmaqla qanun qarşısında cavab verməyə məcbur ediləcəyini bildirib.
Şükürlər olsun ki, dövlətimiz və ordumuzun son şanlı zəfəri sayəsində ermənilərin digər saxtakar işləri kimi Azıx mağarasındakı axtarışları da durdurulub. Və bundan sonra alimlərimiz daha böyük ruh yüksəkliyi ilə bu beynəlxalq əhəmiyyətli arxeoloji obyektdə yeni axtarış və araşdırmalar apararaq bu məkanda məhz Azərbaycan insanının əcdadlarının yaşadığını sübut edəcək və dünya arxeologiya və tarix elminə yeni-yeni töhfələr verəcəklər.
Sultan Laçın
Həftə içi.- 2021.- 18-19 mart.- S.6.