Xalqları xoşbəxt edən Bahar Bayramı – Novruz
Daha bir Novruz Bayramını qeyd edirik. Minillərin sınağından çıxmış bu qədim, böyük bir regionun xalqları tərəfindən nəsildən nəsilə ötürülən bayram ənənəsinin qayəsində ilin dəyişməsi, qışın baharla əvəz olunması – təbiətin oyanması kimi əvəzsiz örnəklər yatır. Düzdür, bu il məlum pandemiya səbəbindən nə biz, nə də ümumiyyətlə Novruzu qeyd edən digər xalqlar bayram təntənəsini yaşamayacağıq, amma hər kəs öz evində, öz ailəsində yenə də yumurta döyüşərək baharı qarşılayacaq.
Azərbaycan
Xalqımızın qədim ənənəsi olan Novruz, artıq insanlarımızın həyatının ayrılmaz üzvünə çevrilib. Təsəvvür edin: 70 illik sovet-rus imperiyası bu bayramı yasaqlasa da, xalqın yaddaşından silə bilmədi. Yenə də insanlar hər il bayram günləri süfrələr açardı, cürəbəcür ləziz yeməklər, şirniyyatlar bişirərdi, yumurta boyayıb, səməni cücərdər, uşaqlar papaq atar, gənclər gələcək illərini bəlirləyəcək xoş söz eşitmək ümidiylə qapı pusar, insanlar aralarındakı kin-küdürəti unudar, küsülülər barışardı və sair. Əlbəttə, yasaqlar da daimi olmadı, Azərbaycan müstəqilliyini bərpa edər-etməz Novruza rəsmi bayram statusu verdi. Sevindirici haldır ki, bu gün Azərbaycanda Novruz ən geniş qeyd edilən xalq bayramıdır. Hər il dövlət səviyyəsində, təxminən, 7 gün bayram olur. Bu il də Novruz bayramı tətili martın 20-də başlayıb 26-dək davam edəcək. Azərbaycanda adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlişinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edib. Bütün bu mərasimlər, yuxarıda qeyd etdiyimiz kimi, İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır.
Novruz ərəfəsində, adətən, ev-eşikdə abadlıq, təmizlik işləri aparılır. Novruz bayramında şiriniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və sair) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Dövlət mərasimlərində aşıqlar baharı mədh edir, oğlanlar, qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedir, cavanlar at çapıb, güləşir. Bayramın əsas simvolları isə Bahar qızı, Kosa və Keçəldir.
Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
Türkiyə
Türkiyədə Novruz bayramı ilə “Ergenekondan çıxış“ın, yəni hürriyyətə qovuşmanın bağlantısı olduğundan bu gün təmtəraqlı şəkildə qeyd olunur. Rəvayətə görə, “Ergenekondan çıxış“ martın 21-nə təsadüf edir. Türk milləti bu qurtuluş və çıxışı “Yeni gün“ adlandırıb. Bu günlərdə qarın altından çıxan novruzgülü təbiətin bahara qovuşmasının müjdəsini verir. Bayrama bir neçə gün qalmış evlər təmizlənir, insanlar özlərinə təzə geyimlər alırlar. Buna imkanı çatmayanlar isə köhnələrini yuyub-təmizləyirlər ki, Yeni ili köhnə paltarlarla qarşılamasınlar.
Türkiyənin fərqli bölgələrində bir-birindən seçilən Novruz adətləri yaşanır. Məsələn, Qaziantep bölgəsində martın 22-si "Novruz sultan" adlandırılır. Diyarbəkirdə insanlar gəzintiyə çıxır, gələn qonağa müxtəlif meyvələr təqdim edilir. Tuncelidə kişilər alınlarına qara rəng vuraraq arxlara, bulaqlara gedər, orada yuyunub dua edərlər. Mərkəzi Anadoluda Novruz bayramı "mart doqquzu" kimi də tanınır. Anadoluda keçirilən mərasimlərə ağacların budaqlarına mart günəşinin şüasından qorumaq üçün parçalar - mart lenti bağlanır. Bu xüsusən də Giresun tərəflər üçün xarakterikdir. Tekirdağda Novruz soyuq günlərin bitməsi və yazın gəlməsi hesab olunur. İzmir, Uşaq, Sivas və sairdə də ənənələr eynidir. Mart ayı yeni ilin başlanğıcı hesab olunduğu üçün onun ilk12 gününə görə ilin necə keçəcəyi müəyyənləşdirilir. Novruzda S hərfi ilə başlayan yeddi təam yemək məsləhət görülür.
İran
İranda Novruz bayramı (“Eyde Novruz“) ən böyük bayram sayılır və 13 gün davam edir. Bu müddət ərzində ölkənin bütün təhsil müəssisələrində tətil olur. Dövlət orqanlarında isə 5 günlük istirahət verilir. Bayram günü böyük tonqallar qalanır. İnsanlar öz ağırlıqlarını tonqalların üstündən tullanmaqla odda “yandırırlar“. Bəzi qadınlar uşaqlarının saçından bir neçə tük kəsib havaya və yaxud da çaya atırlar ki, dərd-bəladan xilas olsunlar. Novruzun gəlişinə 10 gün qalmış bayramın personajı olan Hacı Firuz əl-üzünü hisə boyayaraq, qırmızı şalvar, qırmızıqotazlı şlyapa və qara ayaqqabı geyinərək şəhərin küçələrinə çıxıb müxtəlif şeirlər söyləyir, qalanan tonqallar ətrafında dövrə vurur. Deyilənə görə, Hacı Firuz adı İslamdan sonra meydana gəlib.
İranda süfrəyə şəkil qoymaq ənənəsi zərdüştilərə xasdır. Onlar Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini süfrəyə qoymaqla dini inanclarından irəli gələn ənənəni qoruyurlar. İran əhalisinin çoxu müsəlman olduğundan, onlar süfrəyə Qurani-Kərim qoyurlar. Bəzi süfrələrdə akvariumda balıq da görmək mümkündür. Bu isə fala baxmaq üçün edilir. İnsanlar ürəklərində arzu tuturlar, deyirlər, məsələn, balıq bu tərəfə dönsə, arzum yerinə yetəcək və sair. Akvariumlarda adətən qızılbalıq olur.
Türkmənistan
Türkmənistanda Novruz bayramı dövlət səviyyəsində 2 gün – 21 və 22 mart tarixlərində qeyd olunur. Əhalinin bu bayrama bağlılığı o qədər möhkəmdir ki, Novruzda doğulan oğlan uşaqlarına Novruz adı qoyulur. Türkmənlərdə “Yılın gəlişi Novruzdan bəlli“ atalar sözü məhz Novruzla bağlıdır. Yəni Novruzun gəlməsi Yeni ilin başlanğıcıdır. Ölkənin bütün əyləncə mərkəzlərində bayram tədbirləri keçirilir.
Türkmənlər Novruz bayramına iki gün əvvəl ev və həyətləri dərindən təmizləməklə başlayırlar, milli xörəklər bişirirlər. Türkmənlərə görə süfrə həmin gün dolu olmalı, insanlar bir-birinə qonaq getməlidirlər. Deyilənə görə, qonağa nə qədər çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə də bir o qədər bolluq olar. Burada bayramın simvolu Novruz baba və gənc Bahargül hesab olunur. Səmənidən hazırlanan xörəklərin bayram süfrəsində yer almasına xüsusi fikir verilir.
Tacikistan
Tacikistanda Novruz bayramı ölkə prezidenti başda olmaqla, bütün rəsmilərin iştirakı ilə paytaxt Düşənbədə qeyd edilir. Taciklər bayram süfrəsinə mütləq səmənidən hazırlanan halva qoyurlar. Bayram günü səhər əhali məscidlərə axışıb Allaha dualar etdikdən sonra qəbiristanlıqlara gedib ölmüş yaxınlarını xatırlayırlar, onların məzarları üzərində təmizlik işləri aparırlar. Cavanlar mütləq özlərindən böyüklərin evinə gedərək bayramlaşırlar.
Əfqanıstan
Əfqanıstanın digər bölgələri ilə müqayisədə Bəlx vilayətində Novruz bayramı 40 gün qeyd olunur. Həmin gün Məzari-Şərif şəhəri bayram əhval-ruhiyyəsində bəzənir. Bayramın ilk günü göyə rəmzi olaraq Həzrət Əmirin müqəddəs qırmızı rəngli bayrağı qaldırılır ki, bu da Yeni ilin gəlişinin xəbərçisi deməkdir. Əhali həmin bayrağın qaldırılması mərasimində iştirak edir. Əgər bayraq yavaş, maneəsiz və fasiləsiz qaldırılarsa, deməli, yeni il uğurlu olacaq.
Bir-birinə verilən bayram hədiyyəsinin arasında “Zülfiyyə“ şirniyyatı ilə balıq mütləq olmalıdır. Əfqan süfrəsi, stolda deyil, yerdə açılır və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı “həft meyvə”, yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ancaq Novruzda hazırlayırlar. “Həft meyvə” – ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür.
Qazaxıstan
Qazaxıstanda əhali martın 21-də paytaxtın mərkəzi küçə və meydanlarına çıxaraq Novruzu qeyd edirlər. Həmin gün Əhməd Yəsəvi türbəsi ziyarət olunur. Türbənin ətrafında ala-bəzək çadırların sayı-hesabı bilinmir. Hər kəs qonaqları öz çadırına dəvət edir. Ən hörmətli qonağın qabağına yekə mis məcməyidə bişmiş qoç kəlləsi qoyulur. Qazaxlar buna “Navruz köy“, yəni xüsusi Novruz yeməyi deyirlər. Evlərdə köhnə əşyalar sındırılır.
Əlbəttə, bu il məlum pandemiya səbəbindən kütləvi bayram tədbirləri keçirilməsə də, hər halda insanlar öz evlərində Novruz ənənələrinə sadiq qalacaqlar.
Qazax bayramı süfrəsinin əsas xörəyi tərkibinə 7 qarışıq daxil olan naorız-kojedir. O həyatın 7 elementini simvolizə edir. Bunlar ət, su, duz, yağ, un, taxıl və süddür. Bunlar öz növbəsində şadlıq, uğur, müdrüklük, sağlamlıq, firavanlıq, sürət, artım və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına nauruz-koje olan 7 piyalə qoyulmalı, hər kəs 7 evə qonaq getməli və öz evinə 7 nəfəri dəvət etməlidir.
Kazaxıstanda Novruz bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.
Özbəkistan
Özbəkistanda adıçəkilən bayram xalqın tarixində dərin iz buraxdığından bəzi yaşayış məntəqələri və çaylar Novruz adını daşıyır. Buxara və Səmərqənddə Novruz günlərində bir sıra adətlər özünəməxsusluğu ilə seçilir. Məsələn, ailə qurmaq istəyən qızlar sinələrində bağlı qıfıl asaraq küçələrə çıxırlar. Qıfılı açmaq səadətə qovuşmaq rəmzidir. Kim qıfılı açarsa, bu o deməkdir ki, həmin qızın yeni ildə bəxti açılacaq. Qıfılı açmaq mümkün olmazsa, bu il də evdə qalacaq.
Özbəklərin süfrəsində şəkərdən hazırlanmış və şokolada oxşar “nişala“nın olması şərtdir. Bundan əlavə, əksər süfrələri mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili pirojkilər) da bəzəyir.
Özbəkistanda dəyişik adətlər olduğundan baryam da müxtəlif formalarda qeyd olunur. Məsələn, Surxəndəryada adamlar göylərdən yağmur gözləyir. Üzlərini böyük bir ağbirçək qadının - Sus xatunun şəklinə tutub yağış istəyirlər. Öküzlərin buynuzu da yağlanılır ki, yeni il bərəkətli olsun.
Qırğızıstan
Qırğızıstan Novruz bayramını yalnız 1 gün - martın 21-də qeyd edir. Bayram mərasimi bu dünyadan ayrılanların ruhuna Quran oxunmaqla başlanır, ardıyla yerli ağsaqqallar camaatı bayram münasibətilə təbrik edirlər. Bişkek, Oş, Cəlilabad və Talas şəhərlərində böyük yarmarkalar açılır. Kiçik rayonlarda isə qadınlar hazırladıqları bayram yeməklərindən əhaliyə pulsuz paylayırlar.
Qırğızlar mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara Novruzbəy, qızlara isə Novruz və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa yaxşı əlamət hesab olunardı. Bayramda üzərinə dadlı təamlar düzülmüş ağappaq dəstərxan-süfrə salınır. Süfrədə un qatılmış səməni, yağ və şəkərdən hazırlanan sumelek mütləq olmalıdır. İnsanlar evlərini yığışdırıb səliqəyə salır, təzə paltarlar geyinir, küsülülər barışırlar. Bir sıra ənənəvi idman oyunları keçirilir. İnsanlar ənənəvi şərq xörəyi sayılan plova da qonaq olurlar.
Pakistan
Pakistanda Novruz bayramının qeyd olunma tarixi 1000 il öncəyə təsadüf edir. “Şah Cahannamə“, “Ain Əkbəri“, “Əkbər-namə“ və “Humayn-namə“də Novruz barədə geniş yazılıb. Əhali bu bayramı dini mərasimlərlə qeyd edir. İnsanlar bayram günündə Həzrət Əliyə 65 dəfə dua oxuyur ki, niyyətləri qəbul olunsun.
Pakistanlılar da iranlılar kimi, bayram süfrəsinə müqəddəs Quran, güzgü, şam, su və sair təmizlik xarakteri daşıyan nemətlərlə yanaşı, bayraq qoyurlar. Burada bayraq islama inamın simvoludur. Onlara görə, bir vaxtlar Həzrət Əli və Həzrət Abbas ədalətsizliyə qarşı apardıqları mübarizədə bu bayrağı əllərində tutub.
Balkanlar
Balkan türk xalqları arasında da Novruz bayramı müxtəlif adlarla günümüzədək gəlib çıxıb. Bolqarıstanda Novruz “Mart doqquzu“, “Yumurta günü“, “Atəş çiçəyi“, “Nevruz“, digər bölgələrdə “Sultan Nevruz“ kimi adlarla bilinməkdədir.
Yunanıstanın Qərbi Trakiya
bölgəsində Novruzu “Mevruz“, Makedoniya və Kosovo türkləri “Sultan
Novruz“ adı ilə şərəfləndiriblər.
Rumıniyada Novruza rumın ləhcəsində
“Navtez“ adı verilib. Balkan türkləri üçün
də Novruz bərəkət bayramı kimi qəbul edilir.
Vüsal Tağıbəyli
Həftə
içi.- 2021.- 20-29 mart.- S.8.