Novruz ənənələri – səməni
və yumurtaboyama
12 min ildən artıq yaşı olduğu bilinən, türk xalqlarının milli bayramı - Novruz bizlər üçün yeni il olub yazın gəlişindən xəbər verir. Bu bayramı yamyaşıl səmənisiz və boyanmış yumurtalarsız təsəvvür etmək qeyri-mümkündür. Bəs görəsən, səməni cücərtmək və yumurta boyamaq nəyi simvolizə edir? Bu iki maraqlı ənənənin tarixi, mənası və əhəmiyyətli nədir?
Hafta.az əməkdaşı mövzu ilə bağlı araşdırma apardı. Nəticəni sizlərə təqdim edirik.
Öncə başlayaq səmənidən. Onu hazırlamaq üçün müxtəlif toxumlardan istifadə etmək olar. Ənənəvi səməni buğdadan hazırlanandır. Bundan başqa, arpa, noxud, mərci və digər dənli bitkilərdən də səməni göyərtmək mümkündür.
İnanclara görə səməni bolluq-bərəkətin rəmzidir. Bayram vaxtı cücərdilən səməni nə qədər yaşıl və gur olarsa, həmin il bir o qədər məhsuldar keçər. Bundan başqa, ilaxır çərşənbədə qız-gəlinlər niyyət edib, birgə səməni hazırlayarlar. Daha tez və gur cücərən səməni sahibinin arzusunun il ərzində reallaşmasına işarə edilərmiş.
Ümumiyyətlə, səməni ilə bağlı inanc və deyimlər çoxdur, digər bir inanışda o, sağlamlığa, zərifliyə, hətta nəsilartırmaya xidmət edən milli bayram ənənəmizdir.
"Səməni, al məni, hər yazda sən yada sal məni", "Səməni saxla məni, ildə cücərdərəm səni" kimi deyimlər də ona olan rəğbətin təzahürüdür.
Söhbət səmənidən düşdüsə, bayramqabağı küçələrdə addımbaşı rastımıza çıxan səməni satıcılarından bəhs etməsək işimiz yarım olar. Onları çərşənbələr başlayan gündən şəhərdə görmək mümkündür. Bəs görəsən, həmin şəxslər səmənini nə vaxtdan hazırlamağa başlayır? Bir ay ərzində nə qədər səməni cücərdirlər? Ümumiyyətlə, səməniyə tələbat hansı səviyyədədir? Mövzu ilə bağlı suallarımızı küçədə səməni satışı ilə məşğul olan Şəhla xala cavablandırdı. O deyir ki, satdığı səməniləri özü hazırlamayıb. "Meyvəli" bazardan kiçik qabda olanların birini 50 qəpikdən, böyükləri isə 1-3 manat arası dəyişən qiymətlərlə topdan şəkildə alıb:
"Səməniyə tələbat çox yüksəkdir. Elə təkcə dünən 300 dənəsini satmışam. Bu gün də 45 dənə gətirmişdim, geriyə qalan bu gördüklərinizdir".
Daha sonra, "Keşlə bazarı" adı ilə tanınan, Nərimanov rayonu ərazisində yerləşən bazarda səməni satışı ilə məşğul olan Natiq dayı ilə həmsöhbət olduq. O deyir ki, səməniləri çərşənbələr və bayram üçün öncədən ayrı-ayrı vaxtlarda cücərdirlər.
"Bu işə fevralın son həftəsindən başlayırıq. Əvvəlcə lazım olan qədər buğdanı islağa qoyuruq. Üstünü də "cuna" ilə örtürük. Saxladığımız yer nisbətən isti olur ki, bir az tez cücərsin. Daha sonra cücərən buğdaların ağarmış hissəsini qabların üstünə düşəcək şəkildə düzürük. Səməni göyərdəndə, fikir vermək lazımdır ki, ağarmamış buğdaları qablara düzməyəsən. Yoxsa, səməni seyrək görünər. Əsas məsələ burada yekunlaşır. Sonra ara-sıra səməniləri sualamaq kifayət edir. Novruz bayramı - martın 20-21-i üçün səməni 2 həftə öncədən qoyulur".
Yeri gəlmişkən bir məqamı diqqətinizə çatdıraq ki, səmənini zibilliyə atmaq olmaz. Yaxşı olardı ki onu axar suya atasınız.
Səməninin hazırlanması ilə tanış olduqdan sonra, keçid alırıq bayram xonçalarının bəzəyi olan rəngarəng yumurtalara. Bu mövzuda isə yaranmış suallarımızı qida texnoloqu Ağa Salamova ünvanladıq. O, yumurta boyamaq adətinin dəqiq tarixinin olmadığını, Novruz bayramına söykəndiyini bildirdi. Hansı ki bu da yüzilliklər deyil, minilliklərlə ölçülən zaman müddətidir. Yumurta boyanmasına gəldikdə isə, mütəxəssis təəssüf hissi ilə vurğuladı ki, indi sənaye üsulu ilə hazırlanmış kimyəvi boyalara üstünlük verilir:
"Bu da yaxşı
bir hal deyil. Nəzərə alsaq ki, yumurta
təbii qida məhsuludur. Onu da istehlak etdiyimiz üçün, təbii
rənglərlə boyanmalıdır".
Müsahibimiz oxucularımıza kimyəvi
boyaq məhsullarının
əvəzinə, təbii
və daha keyfiyyətli bir neçə üsul məsləhət gördü:
"Keçmiş zamanlarda
soğan yarpağından,
kökün və yaşıl almanın qabığından öz
rənglərini, bənövşəyi
kələmdən mavini
almaq üçün
istifadə edirdilər. Təbii yumurta
boyası kimi sadalanan vasitələrdən
istifadə etmək daha məqsədə uyğun olardı. Qırmızı rəngi almaq
üçün çuğundur
şirəsi əvəzsizdir".
Daha sonra ekspert hazırda ən populyar yumurta bəzəyi olan plastik lentlərə
də münasibət
bildirdi. Onun sözlərinə görə,
plastik lentlərdən
istifadə düzgün
deyil:
"Deyə bilərsiniz
ki, o, sadəcə qabıqları ilə təmasda olur. Unutmayaq
ki, qabıqlarında da məsamələr var.
Bu yolla ora müxtəlif kimyəvi maddələr daxil ola bilərlər.
Allah bizə təbiətdə
bir-birindən gözəl
rənglər bəxş
edib, ona görə də çalışıb kimyəvi
məhsullara üz tutmayaq. Yumurta əgər təbii rənglərlə boyanırsa,
bu zaman onun dadı da, qoxusu da
xoşagələn olacaq,
nəyinki kimyəvi maddələr ilə... Düşünürəm ki, tənbəlliyin
daşını atmaq
lazımdır. Bu dəqiqə hər bir məhsulu süniləşdirirlər. Heç olmasa bunu təbii
saxlayaq.
İldə bir dəfə
olan bayramdır.
Ona görə də tövsiyə edirəm ki, tək yumurtanı
deyil, elə bayram şirniyyatlarını
da hər kəs özü hazırlasın. Beləcə, hər bir evdən
bayram qoxusu gəlsin".
Sonda hər birinizə xoş əhval-ruhiyyəli, gözəl
günlər diləyirik.
Bayramın mübarək Azərbaycan!
Banu
Həftə
içi.- 2021.- 20-29 mart.- S.7.