31 Mart
soyqırımının ağır nəticələri oldu
Əlverişli coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu
Azərbaycanın son 200 illik tarixinə faciələr, soyqırımlar, müsibətlərlə dolu səhifələr yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdiyi soqırımlar oldu. 1918-ci ilin Mart soyqırımları öz amansızlığına və miqyasına görə tək Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır.
Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən millət vəkili, AMEA-nın müxbir üzvü, tarixçi-alim, professor Musa Qasımlı maraqlı məsələlərə diqqət çəkib.
- Musa müəllim, 1918-ci il 31 mart soyqırımı Azərbaycana qarşı aparılan hansı məkrli siyasətin nəticəsi idi?
- Birinci dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Şərqi Anadoluda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman anarxiyanın hökm sürdüyü regionda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər.
Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yolboyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi.
Kütləvi qırğınların, soyqırımlarının coğrafiyası geniş olub, 1917-ci ilin payızından etibarən Cənubi Qafqazda – tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasını-indiki Ermənistan Respublikası ərazisini, Cənubi Azərbaycanı, Tiflis quberniyasının Borçalı qəzasını və indiki Azərbaycan Respublikası ərazisini əhatə edirdi.
Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S. Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı soyqırımına başlandı.
- Soyqırımın törədilməsi kimə və nəyə lazım idi? Bu barədə nələri söyləmək olar?
- Soyqırımın törədilməsinin bir sıra səbəbləri var idi. Hər şeydən əvvəl, hələ I Pyotr zamanından başlayaraq, çarizm Xəzər dənizinin şimal sahillərini, həmçinin Bakını işğal edib öz tərkibinə daxil etmək üçün guya Bakıda Azərbaycanın digər yerlərindən fərqli mədəniyyət olduğunu bildirirdi. “Bakı və Azərbaycan” ifadələri də məqsədli şəkildə dövriyyəyə buraxılmışdı. İsti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra, Cənubi Qafqaza erməniləri yerləşdirməklə çarizm təkcə demoqrafik vəziyyəti dəyişdirmədi, eyni zamanda onları Şərq siyasətində bir vasitəyə çevirdi. Bu siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra hakimiyyətə gələn bolşeviklər də davam etdirdilər.
1917-ci ilin noyabrında Bakıda Stepan Şaumyan başda olmaqla azərbaycanlıların əleyhinə olan sovet hakimiyyəti quruldu. Lenin həmin ilin dekabrında Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.
İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Heç əbəs deyildir ki, 1918-ci il mart ayının ikinci yarısında Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik R. Robinsonun "Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir" sualına "Bu – neft, işıq və enerjidir", – deyə cavab vermişdi.
Bakıya yiyələnmək Xəzər dənizinə, Şimali Qafqaza və “dünyanın ürəyi” olan Avrasiyaya gedən yola nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi.
Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar.
Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin 3 milyonu türk, müsəlman idi.
Azərbaycan əhalisi silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, mövcud deyildi. Bunun da başlıca səbəbi çarizmin türk, müsəlman olduqları üçün azərbaycanlıların hərbi xidmətə çağırmaması ilə bağlı idi.
- Musa müəllim, tarixdə soyqırımın həyata keçirilməsi bəhanəsi və üsulları dedikdə, daha çox hansı faktların üzərində dayanılır?
- Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını müsəlmanlara qarşı soyqırıma təhrik edirdi. Hücum üçün bir bəhanə lazım idi. Belə bir bəhanə müsəlman diviziyasının Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini "Evelina" gəmisi ilə Bakıya gətirən bir qrup zabit və əsgərin Bakı Sovetinin hərbçiləri tərəfindən tərk-silah edilməsi oldu. Müsəlman diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. Şaumyanla aparılan danışıqlar da uğursuz olduqdan sonra xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri S. Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi.
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, habelə erməni ziyalıları da Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S. Şaumyan bu hadisə ilə bağlı olaraq yazırdı ki, bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhəboyu hücuma keçdik. Bizim 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin daşnaksütyunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi. Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan yayınmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik, çünki əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi.
Soyqırımı xüsusi
qəddarlıqla həyata keçirildi. Şəhər yerdən
və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali
diri-diri su və neft quyularına,
yanar təndirlərə
atılır, hamilə
qadınların qarınları
süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar
hörüklərilə bir-birinə
bağlanaraq küçələrdə
çılpaq gəzdirilirdi.
Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının
şahidi olan Azərbaycan tarixçisi R.İsmayılov yazırdı:
“İş o yerə çatmışdı ki,
daşnaklar “biz, bolşevik,
sosialist bilmərik, müsəlmansan, kifayətdir”,
– deyə hətta müsəlman sosialistlərini
belə qırdılar...”.
Qüvvələr bərabər olmadığı
üçün martın
31-də azərbaycanlılar döyüşü dayandırmağa
məcbur oldular. Buna baxmayaraq, azərbaycanlıların
öldürülməsi davam
etdirildi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı.
- Mart soyqırımı faktı
beynəlxalq miqyasda necə qəbul olundu?
- Bakıda törədilən
soyqırımının ağır
nəticələri oldu.
Regiona səfər edən
ABŞ-ın Harbord missiyasının hesabatında
yazılırdı ki,
ermənilər 1918-ci ilin
martında Bakıda 2
min azərbaycanlını öldürdülər.
İndiana polisdən olan amerikalı alim Leonard Ramsden Hartill yazır ki, ermənilər Bakıda
25 min müsəlmanı qətlə
yetirdilər.
Mart qırğınından bəhs
edən ABŞ tarixçiləri
Boqdan Nahoylo və Vinter Svoboda yazırlar ki, 20 min döyüşçünün iştirak etdiyi bu toqquşma Bakıda 3 min nəfərin
həyatına son qoymaqla
Sovetin qələbəsi
ilə nəticələndi.
ABŞ tədqiqatçıları C.Makkarti
və K.Makkarti 1918-ci il martın
30-dan aprelin 1-dək Bakıda
ermənilərin 8 mindən
12 minədək müsəlman
öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını
yazırlar.
Böyük Britaniya nümayəndələrinin
1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda
yazılırdı ki,
ermənilər bolşeviklərlə
birləşərək özlərinə
irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı
qırğınlar törətdilər.
İngilis mənbələrində yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. Həmin dövrün
statistik məlumatlarından
aydın olur ki, bu zaman
Bakıda təqribən
280-300 min nəfər əhali
yaşayırdı. Onun təqribən
80-100 min nəfəri azərbaycanlı,
digərləri isə
çarizmin müstəmləkə
siyasəti nəticəsində
şəhərə yerləşdirilənlər
idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin
dörddə biri 20-25
min nəfər edir.
Bu rəqəm bəzi amerikan mənbələrində yazılanlar
ilə eyniyyət təşkil edir.
-Bu barədə Azərbaycan mənbələrində nə
yazılır?
- Müxtəlif siyasi cərəyanların maraqlarını
əks etdirən Azərbaycan mənbələrində
də öldürülənlər
barədə çoxlu
məlumat vardır. Məsələn, partiya mənsubiyyəti baxımından
bolşevik olan N.Nərimanov 1918-ci il mayın 23-də çap olunmuş "Vətəndaş müharibəsinin
milli rəng almaması üçün
nə etmək lazımdır" adlı
məqaləsində aşağıdakıları
etiraf edirdi: “Fanatizmdən uzaq olan hər bir
şəxsə məlumdur
ki, Zaqafqaziyada gedən vətəndaş
müharibəsində 99 faiz
bir millətin nümayəndələri qırılır.
İrəvan quberniyası, Lənkəran
qəzası, Quba, Şamaxı bölgələri
mənim dediklərimi
tamamilə təsdiq edir”.
Azərbaycan Cümhuriyyəti hökumətinin
yaratdığı Fövqəladə
Təhqiqat Komissiyasının
sənədlərindən aydın
olur ki, Bakıda ermənilər
mart hadisələri zamanı
dinc müsəlman əhalini siyasi mənsubiyyətə fərq
qoymadan kütləvi qırmışlar. Digər mənbələrə əsasən,
martda yalnız Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlının öldürülmüşdür.
Kütləvi qırğınlar yalnız
Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində də azərbaycanlılara qarşı
qırğınlar törədildi.
ABŞ kəşfiyyat mənbələrinə görə,
Cənubi Qafqazda qırğınlar zamanı
60 min Azərbaycan türkü
qaçqına çevrildi
və 420 müsəlman
kəndi dağıdılıb.
- Soyqırımını törədənlər
istəklərinə nail ola bildilərmi?
- Erməni-daşnakları və
bolşevikləri istəklərinə
nail ola, Azərbaycan xalqının
iradəsini qıra bilmədilər. Bu hadisələr Azərbaycan
xalqının müstəqilliyinin
elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi.
Mayın
28-də Azərbaycan xalqı
bütün müsəlman
Şərqində dəfə
olaraq respublika idarə üsulunu qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə
məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına
müstəmləkəçilikdən xilas olmaq yolunu,
nümunəsini göstərdi,
onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü.
Azərbaycan nefti yadelli qüvvələrin əlindən
alındı. Azərbaycan xalqı
taleyinin və torpağının sahibi oldu.
- Erməni əli ilə Azərbaycana qarşı həyata keçirilən qətliamlar,
soyqırımlar, bizə
qarşı edilən
haqsızlıqlar dünya
ictimaiyyətinə necə
təqdim olundu?
- Cümhuriyyət hökuməti
bu hadisələrin təhqiqi məqsədilə
1918-ci il iyulun 15-də Fövqəladə
Təhqiqat Komissiyasının
yaradılması haqqında
qərar qəbul etdi. Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri mart soyqırımını,
ilkin mərhələdə
Şamaxıdakı vəhşilikləri,
İrəvan quberniyası
ərazisində ermənilərin
törətdikləri ağır
cinayətləri araşdırdı.
Dünya
ictimaiyyətinə həqiqətləri
çatdırmaq üçün
Xarici İşlər
Nazirliyi nəzdində
xüsusi qurum yaradıldı və vəsait ayrıldı.
31 mart tarixi iki dəfə - 1919 və
1920-ci illərdə Cümhuriyyət
hökuməti tərəfindən
ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən
soyqırımı və
bir əsrdən artıq davam edən torpaqlarımızın
işğalı proseslərinə
ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Cümhuriyyətin süqutu bu
işin başa çatdırılmasına imkan
vermədi. Azərbaycan
xalqının ümummilli
lideri, Prezident Heydər
Əliyevin 1998-ci il 26
mart tarixli sərəncamı
ilə 31 mart azərbaycanlıların
soyqırımı günü
elan edildi. Onun Bakı şəhərində Şəhidlər
xiyabanında Əbədi
məşəl abidə
kompleksinin ucaldılması
haqqında 1998-ci il 5 avqust tarixində sərəncamına
uyğun olaraq həmin ilin oktyabrın 9-da kompleks açıldı. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən
Şəhidlər xiyabanı
yenidən qurularkən
Əbədi məşəl
abidəsinin sütunları
hündürləşdirildi və digər işlər görüldü.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər Prezident İlham Əliyevin “hücum diplomatiyası” xəttini elan etməsindən sonra görüldü. Bu baxımdan, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətinin müstəsna əhəmiyyət daşıyan fəaliyyəti vardır.
- Musa müəllim, mart soyqırımı tarixi bizə hansı ibrət dərslərini verdi?
Erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən, məsələn, 1905-1906-cı il qırğınlarından bir millət olaraq ibrət dərsləri alsaydıq, müstəqil və güclü dövlətimiz olsaydı, 31 mart də olmaya bilərdi. Əgər 31 martı bilsəydik, ondan düzgün nəticə çıxarsaydıq və güclü dövlətimiz olsaydı, Xocalıda törədilən soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır.
Tahirə Qafarlı
Həftə içi.- 2021.- 30-31 mart.- S.3.