“...Yeganə yol Heydər Əliyevdir”
Ulu öndər Heydər Əliyev 98 il sonra eyni məhəbbət, eyni sevgi ilə anılır. Onun doğum günü Azərbaycanın varlığı ilə səciyyələndirilir. Ulu Öndərin Azərbaycana qayıdışından sonra yaşadığı ömür, apardığı mübarizə yolu xüsusilə işıqlı, cəsarətli cəngavərin həyatı ilə müqayisə olunur. Ölümün özünü belə yaşadan ulu öndərin doğum günü - 98 yaşı məhz uzun illərdən sonra zəfər qazanmış bir siyasətçi əzəməti ilə qeyd olunur. Ulu Öndərin Azərbaycana qayıdışından sonra gördüyü işlərə qısa nəzər salacağıq.
Bu yolda bələdçimiz fəlsəfə elmləri doktoru, professor, “91-lər”in fəal üzvü, Beynəlxalq Sülh Səfiri Əsədulla Qurbanovdur:
- Əsədulla müəllim, hər il mayın 10-da ulu öndərin doğum gününü qeyd edirik. Ulu Öndər anılır, onun ölkəmizin ictimai, siyasi, mədəni həyatındakı baxışları özünün simasında xarakterizə olunur. İstərdim ki, Ulu Öndərlə bağlı xatirələrinizi bizimlə bölüşəsiniz...
- Mənim Heydər Əliyev haqqında olan fikirlərim çox genişdir. Bu gün bir neçə detalı qeyd edəcəm. Əvvəla, onu deyim ki, məşhur “91-lər”dən biriyəm. Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis qurultayında iştirak eləmişəm. Bu məqsədlə 1992-ci il noyabrın 21-də Dram Teatrında əyləşmişdik. Hava çox soyuq idi. Heydər Əliyev rəyasət heyətində, kostyumda tək oturmuşdu. Mən teatrın direktorunu tanıyırdım, o da məşhur adam idi. Ona dedim ki, get bir vedrə köz tap, gətir kişinin ayaqlarının yanına qoy, üşüyür. Belə də etdi. Ondan soruşdu ki, səndən çıxmazdı, bunu sənə kim tövsiyə edib? O, barmağı ilə məni göstərdi. Ziya Bünyadov, Murtuz Ələsgərov, Səfiyar Musayev və başqaları ilə birinci sırada əyləşmişdim. Nə isə, qurultay oldu, mən də Siyasi Şuranın üzvü seçildim. Özü mənə bileti verdi, təbrik elədi.
- O qurultay, o məqam bugünümüz üçün hansı zəmin hazırladı?
- Ulu Öndər “91-lər” haqqında belə deyib: “91-lər” Yeni Azərbaycan Partiyasının “qızıl fondu”dur. Onlar çox vətənpərvər, qorxmaz, cəsarətli insanlardır. Bütün qapılar onların üzünə açıq olmalıdır”. 1993-cü ilin 5 iyununda mən partiyanın mərkəzi aparatında rəhmətlik Rəfael Allahverdiyevlə birgə oturub Naxçıvandan Ulu Öndərin göstərişini gözləyirdik. O vaxt Ulu Öndər Naxçıvanda Ali Sovetin sədri idi. Zəng gəldi və dərhal Rəfael dəstəyi götürdü.
- Eşidirəm sizi Heydər Əliyeviç.
- Rəfael, bilirsən də Gəncədə nə olub? (o, qiyamı nəzərdə tuturdu).
- Bilirəm.
- Qiyamın qarşısı alınmasa, bu müstəqillik, bu dövlət, bu millət yoxdur.
- Siz nə məsləhət görürsünüz, Heydər Əliyeviç.
- Respublikanın məşhur, şöhrətli
ağsaqqallarını topla, get Əbülfəz Əliyevin
yanına. Ona başa salın ki, Gəncə qiyamının
qarşısı alınmalıdır. Rəfael, sənə
bir tapşırığım da var. Professor Əsədulla Qurbanovu axtar
tap, mənim adımdan ona de, getsin İmam Mustafayevin yanına.
Onlar dostdurlar, yaxındırlar. Əsədulla Qurbanov ondan nə xahiş eləsə,
yerə salmayacaq. Əsədulla Qurbanov onu
da götürsün Əbülfəz Elçibəyin
yanına getsin. Gəncə
qiyamının qarşısını almaq üçün
ondan istifadə eləsin. Əminəm ki,
Mustafayev ora getsə, bu məsələ müsbət həll
olunar.
Mustafayev o vaxt Ekologiya İnstitutunun direktoru idi. Getdim ora,
gördüm yerində yoxdur. Onu
soruşdum, dedilər həyətin o başında, xəstə
yatır. Onunla görüşdüm,
Mustafayev məndən soruşdu ki, nə əcəb səndən?
Məsələni danışdım. O mənə
dedi ki, axı mən sizin partiyanın üzvü deyiləm,
ikincisi də görürsən ki, xəstəyəm, mənim
üçün çətin olar. Dedim: İmam Daşdəmiroviç,
sizin partiyanın üzvü
olub-olmadığınızın bura dəxli yoxdur, amma sizin
xəstəliyiniz məni çox narahat edir. Götürdüm
“91-lər”dən Munis Bayramova zəng elədim. Hazırda Qaradağ rayonunda icra aparatında məsul
işdə işləyir. Munis müəllimə dedim
ki, get “Köhnə univermaq”ın yanında mağaza var, oradan
moruq mürəbbəsi və digər şeyləri al gətir”.
O gələnə
qədər mən kişinin paltarını dəyişdim,
çay qoydum. O da gəldi, bir stəkan çay içdik,
getdik prezident Əbülfəz Elçibəyin yanına,
Allah ona da rəhmət eləsin. Gördük
ki, komandası ilə bir yerdə kabinetdədir. Bizi yüksək səviyyədə
qarşıladı. İçəri girəndə
kabinet tüstü-duman idi. Mustafayev dedi:
- Əbülfəz, sən harada işləyirsən, bu
nə vəziyyətdir?
- İman dayı, bu yoldaşların bəziləri mənim
sözümə qulaq asmır, papirosu tüstülədirlər. Sonra o
yoldaşların demək olar ki, hamısı
çıxdı. Bir köməkçisi
Seyfəddin Əhmədov, bir də Fazil Mustafa qaldı. Fazil Mustafa o vaxt onun hüquq şöbəsinin
müdiri idi. Gəlişimizin məqsədini
ona dedik. Orada Arif Rəhimzadə, Şeyx iştirak
edirdilər. Dedi ki, Surət Hüseynov ipə-sapa yatmır, mənə
də qulaq asmır, necə olacaq, bilmirəm. Bildirdim
ki ki, onunla telefonla danışmaq lazımdır. Kim danışacaqdı, əlbəttə ki,
İmam Mustafayev. Hökumət telefonu ilə
Gəncəni qoşdular. Surət xəttə
qoşuldu, səsi eşidən kimi ilk sözü bu oldu ki,
“İmam Daşdəmiroviç sizsiniz? Siz
gəlirsinizsə Gəncəyə, mən tabe”.
Beləliklə, Əbülfəz Elçibəy
xüsusi sərəncam imzaladı, böyük komissiya
yaradıldı. Komissiyanın sədri oldu İmam
Mustafayev, müavin də oldum mən və başqaları.
Ertəsi günü ayın 5-i, ya 6-da,
Şeyxin “Limuzin”i vardı, onunla yola düşdük.
Şamaxıya çatanda (bizim yolda texniki təchizatımıza
keçmiş Nazirlər Sovetinin sədrinin birinci müavini
Abbas Abbasovu təyin eləmişdilər) Mustafayev Abbasovu
çağırıb dedi ki, biz onların təyin elədiyi
marşrutla yox, mən dediyim marşrutla Gəncəyə gedərik.
Səbəbini soruşduqda bildirdi ki, II Dünya Müharibəsində
Goranboyun kəndində
bir nəfər qəhrəmancasına həlak olub. Moskva onun sənədlərini, medallarını
göndərib. Moskva xahiş edib ki, bunu mərhumun
ailəsinə çatdırın. O da xeyli fikirləşəndən
sonra respublikanın Həmidov adında bir hərbi komissarına
tapşırır ki, medalları, məktubu mərhumun ailəsinə
ver. O vaxt hərbi komissarın sürücüsü erməni
olub, Goranboya dönəndə yolda qəza törədib, Həmidov
orada ölüb, sürücü qaçıb. O hadisə
bunun yadında idi. Bu səbəbdən deyirdi
ki, o yolla getməyək, mənim dediyim yolla gedək. Həmin vaxt Mustafayev Azərbaycan Mərkəzi Komitəsinin
birinci katibi idi.
Biz Gəncəyə gedib bütün lazım olan tədbirləri
görüb qayıtdıq. Hamımız
Əbülfəz Elçibəyin yanına
yığışdıq, məruzə elədik. Orada
Əbülfəz Elçibəy mənə dedi ki, qoy bu insanlar
getsinlər Milli Məclisə məlumat verməyə, siz
qalın, mənim sizdən xahişim var. Mən
qaldım. Soruşdum ki, möhtərəm
Prezident, nə idi sizin xahişiniz? Dedi: siz mənə
iki dəfə yaxşılıq eləmisiniz,
üçüncüyə mənim ehtiyacım var.
O,
1974-cü ildə həbsdən azad olunanda mən onu
aparmışam Balakənin Katex kəndinə, orada xeyli
saxlamışam. Sonra Əbülfəz Elçibəy
işsiz-gücsüz bir adam idi,
Əlyazmalar İnstitununun direktoru var idi, professor Cahangir Qəhrəmanov,
xahiş elədim onu işə götürdü.
Əbülfəzdən soruşdum:
- Sən
indi nə istəyirsən?
- Mənə
kömək elə, Surət işləməyə imkan vermir.
- Cənab
Prezident, yeganə yol Naxçıvandır, Heydər
Əliyevdir. Başqa yol yoxdur, onu dəvət elə
gəlsin.
- Axı
bir məsələyə görə məndən inciyib,
telefonumu da götürmür.
Onun köməkçisinin adı Seyfəddin Əhmədov
idi. Dedim: Seyfəddin,
dövlət xətti ilə Naxçıvanı qoş. Əlaqə yaradıldı. Xəttə
Ulu Öndər idi. Əbülfəz Ulu Öndərin əhvalını
soruşandan sonra dedi: Mən sizi xalqın adından, öz
adımdan, “91-lər” adından Bakıya ən ali
siyasi vəzifəyə dəvət edirəm. Bu sözü
dedi. Bu 1993-cü ilin 8 iyununda olub. Ulu
Öndər soruşdu ki, “Əbülfəz, sən əvvəl
belə danışmırdın, sənin yanında kimsə
var?”.
-Bəli,
var.
-Kimdir?
- Əsədulla Qurbanov.
- Dəstəyi
ona ver.
Verdi. Məndən
soruşdu ki, Gəncəyə necə getdiniz, necə gəldiniz,
nə iş gördünüz? Mən məruzə
elədim. Sonra məndən “Əbülfəzə
indi inanmaq olarmı?” deyə soruşdu. Dedim olar,
bütün səhvlərini başa düşür.Ulu
Öndər iyunun 9-u Bakıya gəldi, 13-ü özü
getdi Gəncəyə, orada lazım olan
işləri gördü. 1993-cü il 15
iyunda da Ali Sovetin sədri, sonra da Prezident seçildi.
- Heydər
Əliyevin bu qayıdışı prosesində siz də
birbaşa iştirak etmisiniz. Bu
qayıdış Azərbaycanı nədən xilas etdi?
- Bu
qayıdış Azərbaycanı qarşıdurmadan, vətəndaş
müharibəsindən, qiyamdan xilas etdi. Heydər
Əliyev Azərbaycan dövlətini, millətini xilas etdi.
1994-cü ilin 4 oktyabrında xarici qüvvələrin
iştirakı ilə bəzi qara qüvvələr tərəfindən
çevrilişə cəhdlər edildi. Heydər
Əliyevi devirmək istəyirdilər. Onun
qarşısının alnmasında rəhmətlik Səfiyar
Musayevlə mən fəal iştirak eləmişik.
1995-ci ilin OMON hadisələri var idi. Onların qərargahı
8-ci Kilometrdə yerləşirdi. Mən də
orada yaşayırdım və indi də orada yaşayıram.
Hər gün işə gedib-gələndə
oradakı vəziyyəti görürdüm. Qərara gəldim
ki, gedim OMON-un rəhbərləri ilə
görüşüm və israrla xahiş edim ki, ağ bayrağı qaldırın,
qaldırmasanız nəticəsi yaxşı olmayacaq. Getdim,
gördüm qapıda gözətçi var. Özümü
təqdim etməzdən əvvəl qapıda duran gözətçiyə
dedim ki, icazə verin, prokurorla görüşüm. Prokurorun qardaşı daxili işlər nazirinin
müavini idi. Nəhayət, prokuror Mahir Cavadovla
görüşdüm:
- Ağ
bayraq qaldırın.
- Sizdən
əvvəl mənim atam gəlmişdi, o da mənə məsləhət
gördü ki, ağ bayraq qaldırım.
-
Çox nahaq, atanız ağsaqqal, müdrik adam
idi, gərək sözünə qulaq asaydın.
-
Asmadıq, öldü var, döndü yoxdur.
- Ölməyə
tələsməyin, dönməyə tələsin.
Nə isə, gecə o hadisə oldu, Rövşən
Cavadov yaralandı, həlak oldu.
Ulu Öndərin hakimiyyətə qayıtması, Azərbaycanı,
azərbaycançılıq, müstəqil Azərbaycan
ideologiyasını qorudu.
- Ulu Öndər hər zaman
çıxışlarında torpaqların işğaldan
azad olunacağına inandığını və hər
zaman Azərbaycanı, torpaqlarımızı azad görmək
üçün dualar etdiyini deyir. Onun bu irsi necə
öyrənilir?
- Mən
Bakı Dövlət Universitetində
İslamşünaslıq elmi-tədqiqat mərkəzinin rəhbəri,
fəlsəfə elmləri doktoru, BMT-nin sülh səfiri, Ankara Söz
Akademiyasının üzvüyəm. 2000-ci ildə
ulu öndər mənə tərəqqi ordeni verib. 2019-cu ildə də universitetin 100 illiyi münasibətilə
özünün fəxri diplomu verilib. Ulu
Öndərin işıqlı, nurlu ideyaları, onun xarici,
daxili siyasətinin öyrənilməsi hər zaman gündəmdədir.
Əslində, onun irsi Azərbaycan
xalqını xoşbəxtliyə aparan yoldur. Mənim
yadımdadır, o, İlham müəllim haqında dedi ki, mən
ona özüm qədər inanıram.
Ulu Öndər haqqında çox yazılar
yazmışam. Ali məktəblərdə, xüsusən
Bakı Dövlət Universitetində ulu öndərin ideya, nəzəri
irsini hər bir tələbəyə, hər bir dinləyiciyə
çatdırmaq üçün əlimdən gələni
edirəm. Bir epizod deyim: universitetə ABŞ-ın milli
məsələlər üzrə köməkçisi
Zibiqnev Kazimeş Bjezinski gəlmişdi, o mühazirə ilə
çıxış etdi. Sonra 50 illik yubleyi ilə
əlaqədar ulu öndər özü gəldi, Azərbaycan
dilində mühazirə oxudu. Hər
ikisini dinlədim və belə qənaətə gəldim ki,
ulu öndər dünya şöhrətli ideya-nəzəri
irsi dövlət xadimi kimi Bjezinskidən çox-çox irəlidədir.
Fəxr edirəm ki, Azərbaycanın belə
şanlı oğlu var. O, ölməzdir, əbədi
yaşardır. Nə qədər ki, Azərbaycan
var, Ulu Öndər də yaşayacaq.
- Ulu Öndər beynəlxalq təsirlərin bizim
qarşımızda qoyduğu o baryerləri necə
aşdı?
-
1994-cü ilin yay ayında xarici dövlətlərin birinci
şəxsləri gəldi və neft kontraktlarına imza
atıldı. Beynəlxalq miqyaslı tədbirdə
Ulu Öndərin səyləri Azərbaycan dövlətçiliyini,
maddi və mədəni sərvətlərimizi dünyaya
tanıtdı. Onun ABŞ Prezidenti Klintonla
yanaşı durub fikir söyləməsi təsadüfi deyil.
Ulu Öndərin xidmətləri Azərbaycanın
dünəni, bu günü, sabahı, gələcəyi
üçün misilsizdir, danılmazdır. Var olsun İlham Əliyev ki, onun ideya nəzəri
irsini çox uğurla yerinə yetirir. Bunun nəticəsidir
ki, 30 il erməni faşizmi ilə
mübarizəyə 44 günlük müharibə sayəsində
qalib gəldi. Ulu Öndərin
ideyalarının perspektivləri danılmazdır, misilsizdir.
- Ulu Öndər haqqında danışdıqca tükənməz. “Prezident
İlham Əliyevin Zəngəzurla bağlı
addımları ulu öndərin qoyduğu yol xəritəsinin
davamıdır” deyə bilərikmi?
- Bunu cəsarətlə,
çəkinmədən deyə bilərik. Ulu
öndər o vaxt da Zəngəzur məsələsini
qaldırmışdı. 7 rayonun
işğaldan azad olunması məsələsində də
ulu öndərin xidmətləri misilsizdir. Zəngəzur məsələsinə də bilavasitə
toxunmuşdu. Bu yaxınlarda yenə də
televiziya vasitəsi ilə izlədim ki, Zəngəzurla
bağlı Ulu Öndər çox qiymətli perspektivli
fikirlər söyləyib. Güman edirəm
ki, möhtərəm Prezidentimiz Ulu Öndərin Zəngəzurla
bağlı olan tövsiyələrinə çox diqqətlə
qulaq asır və onu əməli surətdə yerinə
yetirir. Zəngəzur da bizim olacaq, Zəngəzur
da müsbət həll olunacaq. Mən buna əminəm.
Mən Ulu Öndərlə bir yerdə Həcc
ziyarətində olmuşam. Möhtərəm Prezidentimiz də
4 dəfə Həcc ziyarətində olub. Oradan
gətirdiyi o Müqəddəs Qurani-Kərimi Mehriban
xanım, Leyla xanımla birlikdə erməni vandalları tərəfindən
dağıdılmış Məscidə qoydu. Əminəm
ki, Şuşa təkcə Azərbaycanın,
Qarabağın rəmzi deyil, bütün dünyanın mədəniyyət
mərkəzi olmağa layiqdir. Prezident dedi ki, biz
Şuşanı dirçəldəcəyik, Şuşa
azaddır! Şuşada artıq Xan qızının,
Bülbülün, Üzeyir bəyin, arzuları çin
olacaq. Ermənilər tərəfindən güllələnmiş
Üzeyirin, Natavanın, Bülbülün büstlərini
pulla geri alıb bərpa elədik, yenidən Şuşaya gətirdik.
Planetimiz şad olmalıdır ki, Şərqdə
operanın banısı olan Üzeyirin, dünya şöhrətli
Bülbül, Xan qızı Natavanın şöhrəti
Şuşanın timsalında yaşayacaq. Şuşa nə qədər
varsa, dahi şəxsiyyətlər də öz ruhları ilə
Azərbaycana xidmət edəcəklər. Tam məsuliyyətimlə deyirəm
ki, bu gün Ulu Öndərin də ruhu şaddır ki, biz
Şuşaya qayıtdıq. Qarabağ problemi həll olundu.
Qarabağ Azərbaycandır!
Tahirə Qafarlı
Həftə içi.- 2021.- 8-17
may.- S.2.