Qədim alban dilini necə öyrənək?  

 

 

Alban Mərkəzinin rəsmi olaraq fəaliyyət göstərməsi barədə internetdə də heç bir məlumat verilmir

 

Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban Kilsəsini ziyarət edərkən albanşünaslıq tarixinin araşdırılması və inkişafı ilə bağlı verdiyi tövsiyələr Azərbaycan alimlərinin qarşısında yeni tələblər qoyub. Alban abidələrinin Azərbaycanın böyük bir tarixi irsi, mirası kimi tədqiq olunması erməni yalanlarının ifşası və dünyaya təqdim olunması baxımından əhəmiyyətli və vacibdir.

 

Bu istiqamətdə hafta.az-a müsahibə verən AMEA Tarix İnstitutunun böyük elmi işçisi, albanşünas alim Ramin Əlizadə albanşünaslıq elminin, tarixinin araşdırılması istiqamətində müəyyən fikirlərə diqqət çəkib.

 

 

 

Ermənistanda ermənilərin heç bir kilsəsi olmayıb

 

- Ramin müəllim, bugünə qədər Alban tarixi necə araşdırılıb və Alban abidələrinin təhqiqi onun hansı tarixi-mədəni irsə aid olduğunu sübut edir?

 

- Sovet dövründə albanşünaslıq elmi sovet-gürcü alimlərinin nəzarətində olan bir sahə olub. Dünya azərbaycanlıları alimləri bu sahədə məhz sovet alimlərinin, gürcü alimlərinin rəhbərliyi altında yetişib, işləyiblər. Sovet dövrü albanşünaslığı ilə bağlı elə məqamlar var ki, onlar o dövrün siyasi konnekturasına uyğun şəkildə yazılıb, ortaya qoyulub. Ona görə də həmin dövrdə Alban kilsələri ilə bağlı heç bir mübahisəli məsələlərdən bəhs edilmir. Yəni kilsələrin geniş araşdırılıb təqdiq olunması o qədər də aktual mövzu kimi ortaya qoyulmayıb. Ermənilər kilsələrin tədqiq olunmasına həmişəki kimi saxtakar yanaşıblar. Kilsələrin bir neçəsində xristian din xadimlərinin qəbirlərini qazıblar, sümüklərini çıxarıb aparıblar. Ağdam yaxınlığında Alban hökmdarı III Vaçaqanın qəbri olan abidəni də söküb aparıblar. Onun nəşinin harada olduğu bu gün də bilinmir. Alban tarixçisi Musa Kalankatlı III Vaçaqan haqqında yazır ki, o, Albaniyada ildəki günlərin sayı qədər kilsə tikdirib.  Elə bu faktları və  Qarabağda, Azərbaycan ərazilərində olan Alban kilsələrin tarixini araşdıranda görürük ki, kilsələrin əksəriyyəti V əsrin sonu, VI əsrin əvvəli III Vaçaqanın hakimiyyət illərinə düşür. Vaçaqanın dövründə kilsə tikilişi çox geniş yayılıb. Tarixi mənbələrdə deyilir ki, Vaçaqan başqa bütpərəstləri, atəşpərəstləri və digər dinləri təqib edib və Xristianlığı yayıb, təbliğ edib. Ağdam yaxınlığında olan Aqvien kəndində kilsə məclisləri keçirilib, Xristianlığa aid qanunlar qəbul olunub. Vaçaqan Xristianlığın Albaniyada geniş yayılması üçün böyük tədbirlər görüb. Yəni Albaniyada dövlət səviyyəsində Xristianlıq təbliğ olunub. Alban tarixçisi Musa Kalankatlı “Alban tarixi” əsərində yazır ki, “Hələ I əsrdə Albaniyada Kiş məbədində Müqəddəs Yenisey tərəfindən kilsə tikiləndə ermənilərdə Xristianlığa, kilsəyə aid heç nə yox idi”.  Yenə “Alban tarixi” əsərində yazılır ki, “Albanlar ermənilərdən 370 il əvvəl Xristianlığı qəbul ediblər”. Mənbələrdə ermənilərin xristian din xadimi İsa peyğəmbərin həvarilərindən olan müqəddəs Fabbeyi qətlə yetirməsindən yazılır. Mənbədə deyildiyi kimi, onun tələbəsi Müqəddəs Yenisey ermənilərin gözündən yayınaraq Araz çayını keçir və Albaniyada Xristianlığı qəbul edir. Mənbələrdə deyilir ki, hələ o vaxt ermənilər Anahid məbədinə gedirdilər. Onlar müxtəlif bütlərə, heykəllərə sitayiş edirdilər. Qədim yunan coğrafiyaçısı Strabon yazır ki, “Ermənilər Anahid məbədini əxlaqsızlıq yuvasına çevirmişdilər. Onlar öz qadınlarını əxlaqsızlıq üçün o məbədə göndərirdilər”. Ermənilərin xristian olub-olmadığını sübut edən IV əsrə aid məlumatlar var. İran tarixçisi əslən bizanslı olan Taafun – hansı ki, ermənilər ona Taftun deyir – yazır ki, “IV əsrin ortalarında xristian İusiki adlı kilsə başçısını kilsənin içərisində olan erməni Sarikyanın əmri ilə dəyənəklə döyüb öldürürlər. Bunlar xristianlığı qəbul etmir, əksinə, xristian din xadimlərini qətlə yetirirdilər”. Həmin vaxt isə Albaniyada Xristianlıq artıq yayılmışdı. Ona görə də qədimiliyinə görə Albaniya kilsələri ilə müqayisə olunan kilsələr yoxdur. Bu gün ermənilərin əsas kilsə mərkəzi olan Eçməzdin erməni qriqorian kilsəsinin mərkəzi elan edilib. Əslində, onun adı Üçməzdindir. Üç azan verən Üçməzdin müsəlman kəndində olub. O da XVI əsrə aiddir,  XV-XVI əsrlərə qədər Qərbi Azərbaycan, yəni indiki Ermənistan ərazisində ermənilərin heç bir kilsəsi olmayıb. Halbuki Alban kilsələrinin tarixi I əsrdə Şəkinin Kiş kəndindən başlayır. Kiş məbədi I əsrdə tikilib. 2000 il bundan əvvəl Albaniya ərazisində artıq kilsə tikilmişdi   Xristianlıq təbliğ olunurdu. 313-cü ildə Alban hökmdarı Urnaid ilk dəfə Xristianlığı Albaniyada rəsmi dövlət dini elan edir. Həmin dövrdə isə qeyd etdiyim kimi, ermənilər xristianlara qarşı terror, qətllər törədirdilər.

 

Kilsələrdəki yazılarda ermənilərin adı çəkilmir

 

- Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban Kilsəsi və orada yaşayan udinlərin, albanların varisi kimi tədqiq olunması ilə bağlı nələri söyləmək olar?

 

- Bu gün udinlərin Alban-xristian dininin varisləri kimi təqdim olunmaları normal prosesdir. Həmin ərazilərdə bizim Alban  xristianlarının yeganə varisləri udinlərdir. Qarabağ işğaldan azad olunub və udinlər gedib o məbədləri ziyarət edirlər. Bu alqışlanmalıdır. Digər tərəfdən, burada bir məsələ də var ki, o xristian kilsələri təkcə udinlərə aid deyil. Alban abidələri bütövlükdə Azərbaycan xalqının tarixi- mədəni mirasıdır. Vaxtilə Azərbaycanda Xristianlığı qəbul eləmiş tayfalar olub. Eramızdan əvvəl I əsrin əvvəlində yaşayan Straqon yazır ki, Albaniyada 26 tayfa var idi. Həmin tayfalardan biri udinlər idi, qalan 25 tayfanın içərisində olanların əksəriyyəti sonradan İslamı qəbul elədilər. Çox az tayfalar xristian kimi qaldırlar. Udinlər də xristian kimi qalan Alban tayfalarından biri idi. Ona görə də Alban məbədləri tarixi-mədəni abidə kimi bizim müqəddəs abidələrimizdir və onları bərpa eləməliyik. Ermənilərin həmin kilsələrə aid olduğunu sübut edən heç bir ad çəkilməyib. O məbədlərdəki yazılarda nə erməni xalqının adı çəkilir, nə də hansısa erməni hökmdarlarının adı var. Kəlbəcər rayonunda olan Gəncəsar monastrını 1216 -1238-ci illərdə tikdirən Alban Xatın knyazı Həsən Cəlal o kilsənin üstündə yazdırıb ki, mən bu kilsəni öz Alban xalqım üçün inşa eləmişəm. Yəni konkret bu kilsənin üzərindəki yazı sübut edir ki, bu, albanlara aiddir.

 

Bu gün ruslar orda post qurub, azərbaycanlıları ora buraxmırlar. Bizimkilər o məbədi çox çətinliklə ziyarət edir. Həmişə deyirəm ki, ruslar öz sülhməramlılarından əvvəl ora epiqrafik yazıları oxuyan mütəxəssis göndərsəydilər və onlar gəlib o yazıları oxusaydılar görərdilər ki, həmin kilsə ermənilərə yox, albanlara aiddir. Kilsələrdəki yazılarda ermənilərin adı çəkilmir.

 

- Nəyə görə sovet dövründə Azərbaycan alimlərinə Alban tarixinin tədqiqinə icazə verilmirdi?

 

- Albaniya ilə bağlı ən çox mənbələr Ermənistanda Matiqaran adlı Əlyazmalar İnstitutunda saxlanılırdı və onlar da erməni alimlərinin nəzarətində idi. Ermənilər tarixi istədikləri kimi saxtalaşdırırdılar. Əgər o mənbələr aşkarlansaydı, əlbəttə ki, Alban mirasının ermənilərə aid olmadığı ortaya çıxardı. Ona görə də sovet dövründə bu sahələrin araşdırılması əsasən ermənilərə verilirdi. Onlar da albanşünaslıqla məşğul olan qondarma tarixçilər yetişdirirdilər. Musa Kalankatlının “Alban tarixini” tərcümə edib hər cür saxtakarlıqlar edirdilər.

 

Alban yazılarını oxuya bilən mütəxəssislər yetişməlidir

 

- Ramin müəllim, bildiyimizə görə, Azərbaycanda Albanşünaslıq Elmi Mərkəzi yaranıb. Bu barədə nələri söyləyərdiniz?

 

- Mərkəzin AMEA-da yarandığı deyilir. Bu barədə rəsmi sənəd yoxdur. İlkin məlumata görə, mərkəzə tarixçi alim Fəridə Məmmədovanı rəhbər təyin ediblər. AMEA prezidenti Ramiz Mehdiyevin yanında iclas keçirilib və orada Alban Mərkəzinin yaradılması barədə tövsiyələr verilib. Mərkəzin rəsmi fəaliyyəti barədə hələ ki, qəti qərar bilinmir. Açığını deyim ki, Alban Mərkəzinin rəsmi olaraq fəaliyyət göstərməsi barədə internetdə də heç bir məlumat verilmir.

 

Bu gün Alban yazılarını oxuya bilən mütəxəssislər yetişməlidir. Dəfələrlə bildirmişəm ki, Alban mirasına sahib olmaq üçün gərək Alban əlifbasını araşdıran, tədqiq edən mütəxəssislər yetişdirilsin. Biz də arzulayırıq ki, Alban Mərkəzi ciddi startla fəaliyyətə başlasın.

 

Prezident, atrıq öz tövsiyələrini verib. İnşAllah, bundan sonra Alban dilində dərsliklər yaranıb, əlifbalar tətbiq olunub, kitablar nəşr olunacaq. Prezidentin məlum bu göstərişi tarixçilərə albanşünas nəslin yetişməsi üçün çox əhəmiyyətlidir.

 

Biz bu gün Alban abidələrindən danışırıq, amma məscidlərimiz də ermənilər tərəfindən yerlə-yeksan olunub. Onların yeri də məlumdur. Jurnalistlərin iştirakı ilə gedib o məscidlərimizə baxıb, bu abidələrimizlə bağlı orjinal, yeni bir material tətbiq edə bilərik. Zəngəzur mahalında qalan kifayət qədər məscidlərimiz var ki,  onların tədqiqi ilə də məşğul olmalıyıq. Zəngəzurda 18 məscid var və bizdə onun xəritəsi də var.  Müasir koordinatlarla müəyyən eləmişik ki, orada cəmi 8 kilsə olub.

 

Hələlik isə tarixçi, bir albanşünas kimi çox istərdim ki, Kəlbəcərdəki həmin abidələrin araşdırılmasına başlanılsın. Bu gün o yerlərə getmək çətin olduğu üçün Zəngilanda, Qubadlıda olan Alban kilsələrinə medianın, alimlərin iştirakı ilə ekspedisiyalar təşkil olunmalıdır.

 

Albanlar kilsəyə “tapınaq” deyirdilər

 

- Hazırda Alban dilinin tədqiqi, elmi əsərlərin yaranması nə vəziyyətdədir?

 

- Alban dilinin tədqiqi ilə məşğul oluram. Alban dilində bu günə gəlib-çatan dini mətnlər var ki, tərcümə olunub. Həmin mətnləri tədqiq edərkən, orada xeyli sayda türk sözlərinə rast gəlmək olur.  40-dan artıq türk sözü tapmışam orada. Məlum olur ki, albanlar kilsəyə “tapınaq” deyirdilər. “Tapınaq” sözü türk sözüdür. Alban dilində “bilgi”, “anlamaq” sözü var. Albanlar “qol” sözü işlədiblər. Albaniya ərazisində axund  tayfaları var ki, bunlar abdal tayfaları kimi tanınır. Eləcə də bir çox mənbələrdə Albaniyada yaşayan qədim tayfalardan biri kimi Qarabağ ərazisində peçenekərin, hunların yaşaması haqqında məlumatlar gedir.

 

Söyləməliyəm ki, bizdə Alban dilinin tədqiq olunması hələ ki, akademik səviyyədə aparılmır. Alban əlifbası olsa da, onun qrammatikası, tədqiqi, araşdırılması ilə bağlı geniş məlumat yoxdur. Çox arzu edərdik ki, Alban dilində dərslik yaransın və bu dil dərindən öyrənilsin. Hesab edirəm, albanşünaslığın inkişafı, öyrənilməsi sahəsində ciddi layihələrin işlənməsinə, bu sahəyə marağın artırılmasına ehtiyac var.

 

- Ramin müəllim, hazırda Qarabağdakı Alban tarixi abidələrinin araşdırılması prosesi necə gedir?

 

- Alban abidələri və Qarabağın Alban əhalisi ilə bağlı bir neçə məqalələrim var.  Norveçdə yəhudi alimi ilə birgə hazırladığımız kitabda “Torpaq kimə məxsusdur”, “Qarabağda qarşıdurma və Alban Ərsax sülaləsinin mənşəyinə dair” faktlar önə çəkilir. Eyni zamanda, Akademiyanın “Elm və həyat” jurnalında da Arsax-Ərsax tarixini araşdran elmi məqaləm çıxıb. Yəni bu istiqamətdə müəyyən işlər görülür, amma azdır. Bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Düşünürəm ki, Prezidentin albanşünaslıq elminin, tarixinin araşdırılması ilə bağlı tövsiyələrindən sonra vəziyyət dəyişəcək.

 

Qarabağ minalardan təmizlənib, yollar açılandan sonra bütün abidlər tədqiq olunacaq. O abidələri Prezidentin də tövsiyə etdiyi kimi, öz tarixi görkəminə qaytarıb, öz sahiblərinə - Azərbaycan xalqının istifadəsinə verəcəyik. İnanıram ki, albanşünaslığın öyrənilməsi, tədqiqi bundan sonra daha çox inkişaf edəcəkdir.

 

 

Tahirə Qafarlı

 

Həftə içi.- 2021.- 22-24 may.- S.3.