Kiçik janrın böyük
ustadı Mir Cəlal
Mir Cəlal yaradıcılığına üz tutan tədqiqatçılar birinci növbədə onun ilk qələm məhsullarına oçerk, şeir və hekayə nümunələrinə müraciət edirlər. Ötən əsrin 30-cu illərində qədim Gəncədə çağlar bir ədəbi mühitə atılan gənc Mir Cəlal dövrün ictimai-siyasi, etik-əxlaqi çağırışlarına, təzəcə qurulan Sovet hökümətinin qarşıya qoyduğu vəzifələrə; yeni nəslin yetişməsinə, sovet adamının mükəmməl obrazının yaradılmasına, dövrün inkişafa, irəliləyişə mane olan tiplərinin ifşasına, cəmiyyətdə baş verən naqisliklərin ədəbiyyatın predmetinə çevrilməsinə, necə deyərlər, köhnə “yaralar”ın sağalmasına, yeni dövrün tələblərinə, həm də yazıçı kamilliyinin, fərdi üslubunun, dil mədəniyyətinin intişarına cavab verən mükəmməl bir ustad kimi boy göstərdi, Gəncədə fəaliyyət göstərən “Gənc qələmlər”in ən fəal, ən öncül üzvü kimi tanınmağa, ədəbi aləmdə ciddi bir fiqur kimi görünməyə, sayılıb-seçilməyə başladı.
Gədəbəydə, Gəncədə müəllim işləyən yazıçı orada zəngin həyatı öyrəndi, adamlarla ünsiyyət tapdı, müşahidə və düşüncələrini yaxından bələd olduğu adamların üzərində fokuslaşdırdı, canlı xalq dilinin geniş imkanlarına yiyələndi, həyatı birbaşa həyatın özündən götürüb ədəbiyyata gətirdi. Onun yaradıcılıq maneraları, şirin, oxunaqlı təhkiyə tərzi xalq müdrikliyindən, milli təfəkkürün ən qədim örnəklərindən “qidalandığı”, şifahi xalq ədəbiyyatının ən dərin qatlarından süzülüb-gəldiyi üçün doğma idi, xalq ruhunu fəth etməyə qadir idi.
Mir Cəlalın yazıçı xoşbəxtliyi üç mühüm dayağa söykənirdi. O, həm müəllim, həm tədqiqatçı-ədəbiyyat nəzəriyyəçisi, həm də yazıçı idi. Bu üç dayaq bir-birini tamamlayır, bir-birinə güc, qüvvət bəxş edirdi. Yaradıcılığa şeirlə başlayan Mir Cəlal günün, vaxtın tələbləri ilə səsləşən janra oçerk və məqalələrə də üz tutdu. Yeni dövrü alqışlayan bu oçerklərdə canlı insanlar təsvir olunur. Onların işi, əməyi, güzəranı, həyat tərzi, qarşısına çıxan çətinliklər, eyni zamanda bu çətinliklərin aradan qaldırılması yolları şirin dillə, obrazlı ifadələrlə qələmə alınırdı.
Mir Cəlal yaradıcılığına bütöv kitab həsr edən Yaqub İsmayılov (“Mir Cəlalın yaradıcılığı”) yazıçının bu oçerklərini təhlilə çəkərək yazır:
“Mir Cəlal quruculuq-yaradıcılıq işlərində qazanılan müvəffəqiyyətin səbəbini kollektiv əmək qüvvələrinin düzgün təşkilində, adamların səylə çalışmalarında və gələcəyə böyük ümid bəsləmələrində görür, habelə başqa maddi-mənəvi amillərlə bağlayırdı. Dövrün müəyyən həqiqətlərinə dair oçerklərdə tufeyliliyə, müftəxorluğa, saxtakarlığa qarşı mübarizə zərurəti də göstərilir, pionerlərin, komsomolçuların, tələbələrin fəaliyyətindən, kənd və şəhər zəhmətkeşlərinə köməyindən də bəhs olunurdu. Yazıçı haqqında söhbət açdığı keçmişə müasir tələblər səviyyəsindən yanaşmağa, keçmişlə indi arasındakı fərqləri görüb bədii şəkildə verməyə çalışırdı. Bu cəhətdən Hüseyn əminin (“Zavodun tərcümeyi halı” 1930) və Salman kişinin (“Sağlam yollarda” 1931) faktlara əsaslanan canlı söhbətləri, bununla əlaqəli təsvirlər maraqlı olub, ictimai-tərbiyəvi mahiyyət daşıyırdı.” (Yaqub İsmayılov “Mir Cəlalın yaradıcılığı” səh 10-11).
Mir Cəlal bu oçerk və məqalələrini bir kitabda cəmləyib dövrün tələbinə uyğun adla “Sağlam yollarda” (1932) adlandırıb çap etdirmişdi.
Məlumdur ki, Mir Cəlalı bir yazıçı kimi araya-ərsəyə gətirən, onu ədəbi mühitdə tanıdan, məşhurlaşdıran hekayə janrı, bu janrda yazdığı bir-birindən mənalı, dəyərli, həcmcə qısa, lakonik, məzmunca dərin, tutumlu, maraqlı və bənzərsiz obrazlar qalereyası yaradan əsərləri olmuşdur. Ədəbiyyatşünasların və tənqidçilərin yekdil fikri Mir Cəlal deyəndə kiçik janrın böyük ustadı ifadəsində qərar tutur.
Nəydi bu hekayələri belə populyar eləyən, çoxsaylı oxucuların diqqət hədəfinə çevirən?!
Birinci növbədə mövzu seçmək, günün, vaxtın ab-havasına köklənmək qabiliyyəti, müşahidələrin dəqiqliyi, tiplərin, personajların həm xarici, həm daxili aləminin bənzərsiz təsviri, həyatı olduğu kimi, hadisələri təbii axarı ilə nəql etmək məharəti, dilin gözəlliyi, obrazlı düşüncə tərzini qorumaq istedadı, təhkiyə tərzinin inandırıcı, həyati amillərlə şərtlənən üslub gözəlliyi, fərdiliyi... Əlbəttə, bu epitetlərin sayını, həcmini istənilən qədər artırmaq da olardı. Dahi Nizami yurdunda təhsil alıb araya-ərsəyə gələn, qələm götürüb yazıçı imzasını tarixə nəqş eləyən, alim kimi böyük tədqiqatlar aparan, müəllim kimi bilik və bacarığını tələbələrindən əsirgəməyən böyük Mir Cəlalın Nizami Gəncəvinin “Sözün də su kimi lətafəti var, Hər sözü az demək daha xoş olar” kəlamına ömrü boyu sədaqətlə əməl etmiş, həm bədii əsərlərində, həm tədqiqatlarında, həm də mühazirələrində və söhbətlərində sözdən qənaətlə, (ustalıqla demək daha düzgün olardı) istifadə etmişdir.
Hekayə janrının Mir Cəlaldan əvvəl istər dünya ədəbiyyatında, istərsə də rus ədəbiyyatında mükəmməl, dahi yaradıcıları olub. O. Balzak, G.Mopassan, C.London, M.Tven, L.Tolstoy, A.Çexov, İ.Turgenyev və başqaları. Bizim klassik ədəbiyyatımızda Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev.
Mir Cəlal bu janrda yazdığı saysız sənət inciləri ilə adını çəkdiyimiz bu dahi yazıçılarla yanaşı durur desəm yəqin ki, mübaliğə sayılmaz. Yazıçının ötən əsrin otuzuncu illərində qələmə aldığı bir çox hekayələrin bu gün də, üstündən bir əsr keçəndən sonra da maraqla oxunmasının, ideya və mündəricəsinin köhnəlməməsinin səbəbini yazıçı üslubunun bənzərsizliyində, yazıçı obrazının dünyaduyumunda, yazıçı fərdiyyətinin cazibədarlığında, yazıçı dilinin zənginliyində, bir sözlə, onun ustad böyüklüyündə aramaq lazımdır. Hal-hazırda tədqiqata çəkdiyimiz satirik, yumoristik hekayələrində elə özəlliklər, elə psixoloji qatlar, elə məzmun gözəlliyi, ifadə bənzərsizliyi var ki, bunları ancaq Mir Cəlal yaza bilərdi deyirsən. Əvəzsiz xalq şairimiz Səməd Vurğun poeziyamızda kim idisə, Mir Cəlal da bədii nəsrimizdə odur. Səməd Vurğun istənilən misrasından dərhal tanındığı kimi, Mir Cəlal da hekayələrinin ilk cümləsindən tanınır.
Səbəb budur ki, hər iki dost, hər iki ədəbi sima əllərinə qələm aldıqları gündən öz fərdi üslublarını yarada biliblər.
Doğrudan da Mir Cəlalın təhkiyə tərzi bənzərsizdir, orijinaldır, günün bu günü də yenidir, təzədir. Görün yazıçı dillər əzbəri olan “İclas qurusu” hekayəsini neçə başlayır:
- Əncil qurusu, ərik qurusu, zoğal qurusu – bunlar çox olur, iclas qurusu isə tək-tək olur.
Bir var, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu çəkən, həyat hisslərini itirən.
İclas qurusunu siz tanıyırsınız, adını bilməsəniz də özünü yaxşı tanıyırsınız. Arıq bədənini qabağa əyib, dizini bükərək sürətli addımlarla gedən adamı siz küçədə, idarə qapılarında, pilləkənlərdə çox görürsünüz.
O, haraya tələsir? İclasa.
Qoltuğundakı boz, sürtülmüş qovluq səliqəsiz yığılmış kağız-kuğuzla doludur. Bunlar nədir? Protokol. O bütün ömrü boyu başıaşağı, dünyadan bixəbər, sifəti bulud kimi tutulmuş, fikirli gəzir.
Nəyi düşünür? Qərarı”.
Yazıçı bu cür təhkiyə tərzi ilə oxucunu ələ alır, onu təsvir etdiyi hadisələrin “içinə salır”, bəzən iştirakçısına çevirir, yaratdığı tipləri ətrafında, dövrəndə görüb yazıçı istedadının böyüklüyünə heyran qalırsan.
Mir Cəlalın “Həkim Cinayətov”, “Anket Anketov” hekayələrində olduğu kimi. Etinasızlığın, laqeydliyin, fəaliyyətsizliyin canlı tipi olan həkimin Cinayətov, işçilərini ancaq anketlərində arayan hamamlar trestinin müdirinin Anketov adlandırılması da yazıçı tapıntısıdır. Bu adlar çəkilən kimi söhbətin nədən getdiyi, hadisələrin hansı məcrada cərəyan edəcəyi oxucu üçün aydınlaşır. O, üzündə gülüş, içində yumor hissi hekayəni oxumağa, hadisələri izləməyə başlayır.
Mir Cəlalın yazıçı müşahidəsindən, dünyaduyumundan, yeri-göyü, təbiəti, çiçəyi-gülü, otu-alağı, xalqı, milləti yaxşı tanımasından, dünyanın haradan gəlib-hara gedəcəyini düzgün anlamasından layiqli bir şəxsiyyət, Füzuli dühasına söykənən dəyərli bir alim, gözəl insan, səriştəli pedaqoq olmasından da söz açmaq lazımdır. Məhz bu keyfiyyətlər, onu öz xalqının gözündə ucaltmış, sevimlisinə çevirmişdir.
Bu yöndə onun “Gərək olar” hekayəsi köməyə çatır. Dəqiq yazıçı müşahidəsindən doğulan (yazılan yox, məhz doğulan) bu hekayə Mir Cəlalın həm yazıçı obrazına, həm də təsvir etdiyi qonşusu – Mürsəlin həyatına, yanlış görünən vərdişinə (aldığı əşyaları evə girməmiş, qapı ağzında nümayişkarə bir tərzdə “saf-çürük” etməsinə) işıq salır. Bu işıq onun iç dünyasını üzə çıxarır, ilk baxışda varını “gözə soxan” kimi görünən bu qonşunun alt qatda hansı ağrı-acıya düçar olduğu aydınlaşır.
“Mürsəl doğrudan da məni çağırdı. Mətləbi açıb danışdı. Budur, mən onun dediklərini onun öz sözü ilə sizə danışıram.
“Mənim anamda köhnədən qalma bir xasiyyət var. O, çox yığımcıl qadındır. Əlinə keçən bir çöpü, mismarı, bir taxta parçasını, konserv qutusunu götürüb evə gətirər ki, “gərək olar”. Bizim evdə olan qutu, karton, kağız, köhnə paltar, çəkmə, qaloş, qalstuk, stul qıçı, butulka, dərman şüşəsi, çatdaq boşqab, qırıq nəlbəki, xarab lampoçka, yazılı uşaq dəftəri, sınıq qələm, sökük zənbil... Heç kəsin evində yoxdur. Yalan olmasın, anamın bəlkə lap gənclik günlərində geyib dağıtdığı başmaqları, parça-parça etdiyi koftalar da evimizdə, sandıqların, yeşiklərin hansı küncündəsə durur. Mən hərdən etiraz edib onları atmaq istəyəndə acıqlanır.
- Sənə bir maneçiliyi var ki...
- Axı bu zir-zibili niyə rədd eləmirsən ki, əl-ayaq açılsın, yer genişlənsin.
- Bunlar hamısı gərək olur.
Mən bəzən hövsələdən çıxıram, evi util daxmasına oxşadan bu qadınla az qalıram bir yad kimi rəftar edəm. Anam mənalı-mənalı mənim üzümə baxır. Sonra başımı sığallayır.
- Oğul, - deyir, ev-eşik yığmaq asan deyil. Sən hələ uşaqsan, hələ dabanınla qapı açmamısan. Sən bilmirsən ki, adam hər bir mismar üçün, bir iynə, bir şüşə üçün məəttəl qalır”.
Mövzu həyatdan götürüləndə uzunömürlü olur, personaj təbii cizgilərlə təsvir ediləndə, yəni uydurulmayanda tip səviyyəsinə qalxır. İndiki həyatımızda da mən bu cür adamları - əlinə keçən hər şeyi “gərək olar” deyib boxçasına dolduran tipləri çox görmüşəm.
Mir Cəlal yazıçı kimi köhnəliklə bu cür mübarizə aparır, belə məzmunlu, həm ideya-siyasi vüsəti, həm də bədii dolğunluğu ilə seçilən əsərlər ortaya qoyurdu.
Bu əsərdə üç personaj həm təhkiyəçi-yazıçı, həm onun qonşusu Mürsəl, həm də onun gərəksiz şeyləri “gərəkli” eləyən anası özəl xarakterləri ilə boy göstərir.
Nəhayət, yazıçı qonşusunun köməyinə çatır, onun məsləhəti ilə Mürsəl təzə evə köçəndə anasını bağa göndərib, köhnə evdəki zir-zibilləri atmağa nail olur. Yazıçı köhnəliklə yeniliyin mübarizəsini bu cür bədii priyomlarla işıqlandırır, yeniliyin qələbəsi ilə bitirir.
Mir Cəlalın ən yaddaqalan, təəssüf və acı gülüş doğuran xarakterik hekayələrindən biri də “Dostumun qonaqlığı” adlanır.
Bu hekayədə sadə, səmimi bir kənd müəllimi ilə, şəhər həyatının bicliklərindən yararlanıb özünə “gün ağlayan” dilli-dilavər bir dələduz Mirzə Qulam qarşılaşdırılır. Ziyalının dələduz tərəfindən izlənib aldadılması, cibinin soyulması elə həyati təsvir edilir ki, oxucu riqqətə gəlir, müəllimin, ziyalının halına acıyır, dələduzu – Mirzə Qulamı qəzəb və nifrətlə damğalayır. Deyim ki, Mirzə Qulamlar elə bizim əsrdə də yaşayır, fəaliyyət göstərir, münbit şərait tapanda öz şirin dillərini işə salıb meydan sulayırlar.
Mir Cəlal bu müəllim obrazında sadəliyin saflığın, səmimiyyətin, həddindən artıq sadədilliyin həyat yollarında bu cür uğursuz büdrəmələrə səbəb olduğunu açıqlamaqla bir həyat dərsi keçirdi.
Əsərin sonunu təhkiyəçi, başına gələn hadisəni nəql edən birinci şəxs acı gülüş doğuran bir sualla bitirir:
“Mən isə bütün əsəbiliyimlə, hirsimlə, aclığımla, qaranlıq bir sərgüzəştə düşmüş kimi, çaşıb qalmışdım. Nə dinə bilirdim, nə otura bilirdim. Belə yerdə səbrə, utancaqlığa, xətir-hörmətə lənət oxudum, eyvana çıxdım, qadından soruşdum:
- Bacı, Mirzə hara getdi?
- Bir söz deməyib, nə bilim.
- Siz onun əyalı deyilsiniz?
- Onun başı batsın,
evdəkilərə sözmü deyər?
Kim bilsin,
harda indi başı qumara, çaxıra qızışıb!..
- Bəs gec gələr?
- Nə deyim, ay qardaş, başı qızışsa getdi gecə yarısına, nə işiniz var idi?
Mən qadının
bu qəribə sualına cavab tapa bilmədim. – Heç
– dedim,
ürəyim onu çox istəyir.
Qadın dinmədi, mən kor-peşman evdən çıxdım, uzaq, tozlu, qaranlıq yolları acqarına, yüyürə-yüyürə, güc-bəla ilə özümü mehmanxanaya
saldım.
Odur-budur, Mirzə Qulam gözümə görünmür. Görünmür
ki, soruşam:
- Dostum, iyirmilikdən qalan beş manatı neylədin?”.
Aldanmış müəllimin düşdüyü
vəziyyətin ağırlığını
yumorla ovunduran bu sual bu
yerdə Mir Cəlalın
sənətkar özgürlüyü,
yazıçı peşəkarlığı,
seçdiyi hədəfin
düzgün nişan alındığı
barədə geniş
təsəvvür yaradır.
Bu sual hekayənin
kulminasiya nöqtəsinə
çevrilir. Bundan belə
yaranacaq təəssüratlar
oxucunun öz ixtiyarına verilir. Bir şeirdə deyildiyi kimi üç kəlmə söz ilə ehtiva olunur: inanma, aldanma, utanma!
Mir Cəlal həqiqətən
də kiçik əsərlərin böyük
ustasıdır, onun hekayə janrına gətirdiyi əvəzsiz yeniliklər, xüsusən
satirik, yumoristik planda yaratdığı personajlar aləmi, zamanından, vaxtından asılı olmayaraq həmişə cəlbedici
və maraqlı olub.
Onun dilindəki
xəlqilik, təsvirlərindəki
psixoloji dərinlik, danışıq tərzindəki
sadəlik, səmimiyyət
hələ zaman-zaman tədqiqata çəkiləcək,
əsərləri diqqətdən
kənarda qalmayacaqdır.
Rauf Vəliyev
Həftə içi.- 2021.- 27-31
may.- S.7.