Qərb Azərbaycanda Dirçəliş
hərəkatını dəstəkləmirdi
AMİP lideri, istiqlalçı
deputat Etibar Məmmədovla hafta.az
üçün növbəti söhbətimizdə 17
Noyabr –Milli Dirçəliş Günündən – suverenlik,
azadlıq uğrunda Meydan hərəkatının
başlanmasından keçən 33 illik dövrdə
xalqımızın keçdiyi
keşməkeşli yola nəzər saldıq, bir qərinəlik
dövrdə nailiyyətlərimizi,
nöqsanlarımızı təhlil etməyə
çalışdıq və bundan sonrakı dövr
üçün qarşıda duran vəzifələrimizdən
danışdıq.
-Etibar
bəy, öncə 17 Noyabr - Milli Dirçəliş Günü
münasibətilə sizi təbrik edirik. Həmin günün
yetişməsində sizin də xidmətləriniz
olub. Artıq o
gündən 33 il
– bir qərinə ötüb.
Sizdə bu müddətdə o günlər Azadlıq meydanında ürəyimizdən keçən
nələrə nail olduq
və nələrə nail ola bilmədik?
-Bu uzun müddət hər bir azərbaycanlının ürəyindən keçən arzu idi ki, vahid bir orqanizm kimi fəaliyyət göstərsin, hamının ürəyi eyni amalla vursun, hamının düşüncə və davranışları bir ideya istiqamətdə olsun. Və bu da 1988-ci ilin noyabrında baş verdi. Uzun müddət Azərbaycan tarixində belə bir şey olmamışdı ki, birdən-birə yüz minlərlə insan bir yerə toplaşsın və eyni tələblə çıxış etsin. Və həmin tələb də ondan ibarət idi ki, Azərbaycan hakimiyyəti özünü müstəqil aparsın, öz millətinin qayğısına qalsın. Öz ərazisinin mühafizəsi və müdafiəsini təşkil etsin. Nəhayət, 33 il öncə bu gün deyilən istiqamətdə də hamı bir yumruq kimi birləşə bildi və Azərbaycan ilk birlik nümunəsini ortaya qoydu. Həmin Milli Dirçəliş Günündən beyinlərdə müstəqillik ideyasının rüşeymlərinin inkişafı başladı və qısa müddətdən sonra isə Azərbaycanın müstəqilliyinə nail ola bildik. Və bunu bizim üçün bir xalq olaraq ötən əsrin ən mühüm nəticəsi hesab etmək olar. Ondan sonrakı dövrdə isə qarşıda duran əsas vəzifələr Azərbaycanın ərazi bütövlüyünü təmin etmək və ölkədə dövlət quruculuğunu inkişaf etdirmək, yəni öz millətinə, öz vətəndaşına xidmət edən bir dövlətin formalaşması idi.
-Sizcə, Azərbaycanda müstəqil dövlətçiliyin tam formalaşması, qurulması prosesinə əngəllər yaradılmasında keçmiş sovet-rus imperiyasının bu gün hələ də içərimizdə qalan tör-töküntülərinin, agentura şəbəklərinin rolu varmı?
- Əlbəttə ki, imperiya qalıqlarının təsiri var. Çünki dövlət yaradılması təsadüfi bir şey deyil... Yəhudilər Misirdən çıxanda Musa peyğəmbər onları 40 il səhralarda gəzdirdi ki, köləlik yaddaşlardan çıxsın... Yəni millətlər, toplumlar da elədir, hansısa bir digər xalqın dövlətinin tərkibində olanda, başqa millət tərəfindən idarə olunanda beyində müəyyən dəyişikliklər olur. İnsanlar olur ki, özlərini azad hiss edə bilmirlər, müstəqil yaşaya bilmirlər, həmişə kiminsə onları idarə etməsinin, kiminsə onlara göstəriş verməsini tələbatında olurlar. Təbii ki, Azərbaycanda bu cür insanlar var idi və təəssüf ki, bu gün də var. Getdikcə belələrinin sayı azalsa da, ancaq hələki belə düşüncəli, hardansa idarə olunmağa meyilli olanlar və öz dövlətlərini müstəqil təsəvvür edə bilməyən adamlar mövcuddur. Bu da bir millət, bir dövlət üçün çox böyük təhlükədir. Və onların da təmizlənməsi prosesi tədricən təbii yolla gedir. Amma qeyri-təbii yollarla da getməlidir. Yəni belələrinin yaşlanaraq dünyadan köçməsi təbii yoldur. Ancaq bir də var ki, dövlətin özünün güclənməsi ilə bütün xalqda müstəqil, heç kimdən asılı olmayan, özünə inanan bir çoxluğun formalaşması. Belə bir çoxluğun formalaşması da son 44 günlük müharibə dövründə özünü göstərdi. Yəni başqa dövlətin tərkibində yaşamış insanların müstəqillik dövründə dünyaya gəlmiş övladları öz torpaqlarını azad etmək üçün tam sərbəst şəkildə fəaliyyət göstərə bildilər. Və bir millət olaraq da bir yumruq kimi birləşməyin nümunəsini göstərdilər. Bu bir daha onu göstərdi ki, bizim millətdə özünümüdafiə, özünü təşkil qabiliyyəti çox yüksəkdir. Və indi də bu proses hələ də davam edir. Bizim müstəqillik dövründə doğulmuş və formalaşmış, 44 günlük savaşda qalib gəlmiş gənclərimiz artıq başqa bir dövlətin tərkibində olmağı heç təsəvvür belə etmirlər, yad bir millət tərəfindən idarə olunmaq heç ağıllarına da gəlmir...
-AXC-nin keçmiş
SSRİ “KQB”-si tərəfindən
yaradıldığını deyənlər belə bir versiya da
irəli sürürlər ki, elə Meydan hərəkatı da
“KQB”-nin Qorbaçova
işləyən qanadının və ABŞ, Qərb kəşfiyyatlarının,
MKİ və “Mİ-6”-nın xalqımızın vətənpərvərlik
duyğularından, milli hisslərindən
yararlanaraq və hakimiyyətə can atan keçmiş
partnomenklatura nümayəndələrinin
maddi dəstəyi ilə təşkil
ediblər. Və nəticədə SSRİ dağıldı,
Azərbaycan müstəqillik qazansa da, Qarabağ işğal olundu və neftimiz, digər sərvətlərimiz dünən
Rusiya tərəfindən istismar
olunurdusa, indi də
ABŞ və Avropanın əlindədir. Xalqın
dolanışığı sovet
dövründəkindən ciddi şəkildə
fərqlənmir... Bu fikirlərə
münasibətiniz necədir?
-Öncə sonuncu fikirdən başlayaq ki, guya hazırda xalqın dolanışığı sovet dövründən fərqlənmir. Çox primitiv bir düşüncə tərzinin nəticəsidir bu. Bizim gənclərimizin çoxu sovet dövrünü görməyiblər. Bəzən deyirlər ki, guya sovet dövründə bərabərlik var idi. Əslində aclıq bərabərliyi vardı. Yəni toxluq bərabərliyi yox idi. Ac olmağın bərabərliyini yaratmaq çox asan şeydir. Toxluq bərabərliyini yaratmaq çətindir. Və həmin dövrü, yəni “defisit” dediyimiz, talonla ət, yağ, şəkər aldığımız dövrləri yada salsaq, görərik ki, sovet dövrü ilə indiki dövrün xeyli fərqi var. O zaman insanın gündəlik qidasından tutmuş geyiminədək kiçik şeyləri də əldə etmək üçün hansısa gizli əlaqələr lazım idi. Çünki gündəlik tələbat malları da məhdud səviyyədə idi. Və bu proses hökumət tərəfindən də idarə olunur. Sadəcə, kinokadrlarda, sənədli filmlərdə o dövrlərin geyimlərinə baxsaq, indiki gənclərin geyiminə baxsaq, açıq fərqi ortada görərik. Təbii ki, hazırda yaşayış üçün çətinlik çəkənlər də, aclıq səviyyəsində dolananlar da var, işsizlərimiz də çoxdur. Ancaq bunlar heç cür o dövrlə müqayisə oluna bilməz...Yəni deyilən problemlərin də aradan qaldırılması artıq millətin başqa istiqamətdə özünütəşkilindən, öz mənafelərini müdafiə etməsindən asılıdır. Bu da ki növbəti mərhələlərlə öz həllini tapacaq...
Qaldı ki, milli azadlıq hərəkatlarının başqa dövlətlər, yaxud keçmiş DTK tərəfindən təşkil olunmasına, istənilən ictimai hərəkatdan ölkədəki təhlükəsizlik xidmətləri də, partnomenklatura da, mafiozlar da yararlanmağa çalışır. Bunun üçün də, təbii ki, onlar öz adamlarını həmin hərəkata yerləşdirməyə çalışır və çox vaxt da buna nail olurlar. Belə proseslər Azərbaycandakı milli azadlıq hərəkatı dövründə də baş verib... Yəni burada qeyri-adi bir şey yoxdur. Ancaq demək ki, yüz minlərin qatıldığı Azərbaycandakı Meydan hərəkatı bütövlükdə başqa məqsədlərə xidmət edib, “KQB”, yaxud ABŞ MKİ tərəfindən idarə olunub, bu, doğru olmaz. İndi deyirlər ki, Amerika SSRİ-ni dağıtmaq istəyirdi. Sizə konkret deyə bilərəm ki, ABŞ-ın SSRİ-ni dağıtmaq planı yox idi. Ağ Ev, sadəcə, Sovet İttifaqını zəiflətmək və idarə olunan səviyyəyə çatdırmaq planı var idi. Amerikanın, Qərbin planlarına yalnız Şərqi Avropanı SSRİ-nin təsirindən çıxarmaq və Baltikyanı ölkələrini bu İttifaqdan ayırmaq daxil idi. Və Güney Qafqaz, o cümlədən Azərbaycanın, eləcə də Orta Asiya respublikalarının müstəqil olmasını istəmirdilər. Əksinə, ABŞ və Qərb Qorbaçova kömək etməyə çalışırdılar ki, Baltikyanı respublikalar SSRİ-dən ayrıldıqdan sonra qalan İttifaq ərazisi onların təsir dairəsinə daxil olsun. Ancaq Qafqazda və digər respublikalardakı milli azadlıq hərəkatları Qərbi real vəziyyətlə barışmağa məcbur etdi. Yəni demək ki, heç kəs heç bir iş görməyib, burada xalqların, milli azadlıq hərəkatlarının heç bir rolu olmayıb, hər şey haradasa hazırlanmış plan üzrə həyata keçirilib –bu, primitiv düşüncə tərzidir...
-ABŞ-ın, Qərbin
SSRİ ilə bağlı dediyiniz
planlarını sübut edən
hansısa bir rəsmi mənbə
varmı əlinizdə?
-Bəli, 1990-cı ilin Yanvar hadisələri ilə bağlı həbsdən çıxdıqdan sonra ABŞ-dakı Kennan İnstitutu məni bu ölkəyə dəvət etdi. 1991-ci ilin mayında ABŞ-da səfərdə oldum. Və həmin institutda Sovet İttifaqında milli azadlıq hərəkatları mövzusunda mühazirə oxudum. O zaman hələ SSRİ mövcud idi və Qorbaçov da prezident idi. Orada çox müxtəlif qurumlarda müxtəlif görüşlər və ciddi müzakirələr də oldu. Mən amerikanlara sual etdim ki, siz demokratiyadan danışdığınız halda nəyə görə 1990-cı ilin yanvarında Moskva tərəfindən Azərbaycanda, Bakıda insanlıq əleyhinə törədilmiş cinayətə, kütləvi qırğına qarşı kəskin çıxış etmədiniz, əksinə, Qorbaçovu müdafiə etdiniz və hətta onun Nobel Mükafatı alması üçün də əlinizdən gələni etdiniz. O zaman adını unutduğum ABŞ rəsmilərindən biri – Dövlət Departamentinin yüksək vəzifəli şəxsi konkret olaraq bildirdi ki, bizim SSRİ-ni dağıtmaq məqsədimiz yox idi, biz SSRİ-ni islah etmək məqsədilə işlər həyata keçirirdik. Qorbaçov da bu istiqamətdə bizim üçün ən yaxşı namizəd idi və ən yaxşı da işlər görürdü. Və həmin ABŞ rəsmisi onu da əlavə etdi ki, bəzi keçmiş müttəfiq respublikalarda, o cümlədən Azərbaycandakı milli azadlıq hərəkatının miqyası və gücü bizim üçün gözlənilməz oldu və biz işin gedişində bu situasiyaya uyğunlaşmağa məcbur olduq...
-Etibar bəy, nəhayət,
ordumuzun 33 il öncə
- 17 noyabrda Ermənistan alminium
zavodunun filialı tikildiyindən, ağaclar qırıldığından Azərbaycan
xalqının ayağa qalxdığı
Şuşadakı Topxana meşəsində
bu gün,
şükürlər olsun ki, dövlətimiz bərpa işləri
aparır... Amma təəssüf ki, hələ
düşmənlərimiz tam əzilməyib,
hələ də Qarabağda və sərhədlərimizdə
gərginlik yaratmaqda davam
edirlər, yenə də gənclərimiz şəhid olur,
yaralanır. Yəni hələ Qarabağda,
Zəngəzurda yarımçıq işlərimiz xeylidir... Bu hadisə və
proseslər fonunda xalqımızımn bundan sonrakı dirçəliş, inkişaf yolunu necə görürsüz?
-Dirçəlişimizin davamı yalnız xalq və dövlət olaraq bizim güclənməyimizdən keçir. Son 44 günlük savaşdan sonra da hamı şahidi oldu ki, Azərbaycan gəncliyinin qabiliyyəti çox yüksəkdir. Sadəcə olaraq onlara şərait yaratmaq gərəkdir ki, həmin qabiliyyətlərini ifadə və inkişaf etdirsinlər. Yəni onların xoşbəxt gələcəklərinə, yüksək təhsil almalarına və işlə təmin olunmaqlarına şərait yaratmaq lazımdır. Bir sözlə, gənclərimizin bir vətəndaş olaraq ləyaqətli yaşayışını təmin etmək gərəkdir. Bütün bunlar dövlətimizin üzərinə düşən vəzifələrdir. Bu şəraiti gənclərimiz üçün yaratdıqdan sonra əvəzini görəcəyik. Necə ki, son Qarabağ savaşında gənclərimizin xalqın, dövlətin ümidlərini doğrultmağının, on illərlə əzilmiş milli ləyaqətimizi, qürurumuzu dirçəltməyi bacarmalarının şahidi olduq. Bizim başımız bu gün bütün dünyada məhz gənclərimizin fədakarlığı, Vətən, xalq, dövlət, torpaq, bayraq yolunda şəhadətə hazır olmaları sayəsində ucaldı...
Bundan əlavə, biz keçmiş sosializm dövrünün düşüncə tərzini də dəyişməyə nail olmalıyıq. Yəni bilməliyik ki, dövlətin, hökumətin vəzifəsi vətəndaşların normal yaşayıb işləməsi üçün qanuni və optimal şərait yaratmaqdan ibarətdir. Hökumət yalnız insanlara hansısa pay, güzəşt, təminat, müavinət, pensiya verməli və insanları ələbaxımlı öyrətməli deyil. Bunlar müvəqqəti dəstək rolunu oynamalıdır. Əsas vəzifə ondan ibarətdir ki, vətəndaşlarımız işləyərək, zəhmət çəkərək həmin əməklərinin nəticəsi olaraq ləyaqətli yaşayışlarını təmin edə bilsinlər. Növbəti mərhələdə qarşımızda duran vəzifə budur. Azərbaycan insanı Vətənində öz qanuni, halal zəhməti ilə ləyaqətli yaşaya bilsə, gözü yad ölkələrdə iş, dolanışıq axtarmaqda olmaz və nəticədə özünü öz ölkəsinin layiqli vətəndaşı hesab edərək dövlətinə daha sədaqətlə xidmət edər. Azərbaycan dövləti vətəndaşlarını yaxşı yaşatmaq sahəsində başqalarına nümunə olmalıdır. Bu vəzifələri həyata keçirə bilsək, elə həmin ləyaqətli vətəndaşlarımız, gənclərimiz sayəsində Qarabağdakı, Zəngəzurdakı digər yarımçıq işlərimiz də tezliklə öz həllini tapacaq...
Sultan Laçın
Həftə içi.- 2021.- 18-24
noyabr.- S.3.