Ləvəngi – Cənub

bölgəmizin şah yeməyi

 

Balıq mövsümünün başlaması mətbəximizin ən ləziz yeməklərindən sayılan ləvəngiyə marağı artırıb. “Ləvəngi” sözünün ilkin mənası talış dilində "içi doldurulmuş" deməkdir. Suluquru formada, balıq və toyuq ətləri ilə hazırlanan fərqli növləri vardır. Diqqətinizə çatdıraq ki, ləvəngi toyuq və balıq üçün içdir. Bu içi adətən Quzey Azərbaycanın güney bölgələrində, xüsusilə Lənkəranda hazırlayırlar.

Həmçinin ləvəngi bol vitaminli, orijinalləzzətli, azkalorili yeməkdir. Ən ləzzətli balıq ləvəngi yalnız Xəzərdə tapılan kütüm (ziyad) balığından bişirilir. Əgər balığın kürüsü varsa, atılmır, o da ləvəngiyə əlavə edilərək qarışdırılır və daha sonra balığın içərisinə doldurulur. Ləvəngi balığın yanında digər balıq yeməklərində olduğu kimi, mütləq narşərab və ya alça turşusu verilir. Qalanlarını isə qozdan hazırlayırlar.

Hafta.az-ın menyu rubrikasının budəfəki mövzusu da elə məhz ləvəngidir.

Mövzu ilə bağlı hafta.az-a danışan qida mütəxəssisi Ağa Salamov söylədi ki, ləvəngi milli mətbəximizin ən qədim yeməklərindən biridir. O, ölkəmizdə çox sevilən təamlar arasındadır, bəzi bölgələrdə toylarda süfrələri bəzəyir:

Bütün yeməklərimizin bölgələrə görə növləri olduğu kimi, ləvənginin də müxtəlif çeşidləri mövcuddur. Bu qədim yemək daha çox Cənub zonasında hazırlanır. Ondan sobada, manqalda, təndirdə olmaqla müxtəlif növ təamlar hazırlanır. Xarici ölkələrdəki restoranların menyusunda Ləvəngiyə rast gəlmək heç də təəccüblü deyil. Milli mətbəximizin incisi indi dünyada da süfrələri bəzəyən sevilən ləzzətlər sırasındadır”.

Mütəxəssis ləzzətli içliyin plov, müxtəlif növ quş və balıqlarla birlikdə ərsəyə gələn əvəzsiz ləzzətin hazırlanma qaydasını da oxucularımızla bölüşdü:

“Növləri barədə onu deyə bilərəm ki, bu içlik, toyuq, bildirçin, qaşqaldaq, ördək və balıq ilə birlikdə müxtəlif yeməklər ərsəyə gətirə bilir. Hazırlanma qaydası olduqca sadədir. Bölgələrə görə içliyə, qovrulmuş, yaxud  qovrulmamış soğan qatılır.

Sizlərlə qovrulmuş soğandan hazırlanan üsulu paylaşacağam:

Qoz ləpəsi-100 qr

Baş soğan-60 qr

Kərə yağı-50 qr

Lavaş (alça turşusu)-50 qr

Duz/istiot

Hazırlanma qaydası:

Soğan qovrulduqdan sonra, qoz lavaş ilə birlikdə ət maşınından keçirilir və üzərinə duz-istiot əlavə edilərək qarışdırılır. Daha sonra toyuq, balıq, yaxud yuxarıda sadalanan ətlərin içinə doldurub bişirilir”.

Ləvəngi süfrəyə verilən zaman onu göyərti, xiyarlimon dilimləri ilə bəzəmək olar. Nəzərinizə çatdıraq ki, qədim zamanlarda bu yemək təndirdə hazırlandığından, ənənəvi dad əldə etmək üçün yaxşı olardı ki, onu közdə bişirəsiniz.

 

Banu

 

Həftə içi.- 2021.- 14-20 oktyabr.- S.8.