Yerli turizm bölgələrimizin

inkişafına təkan verir

 

Bu gün ölkəmizdə həyata keçirilən uğurlu siyasət sayəsində regionların sosial-iqtisadi inkişafında ciddi irəliləyişlər əldə olunub. Belə ki,ölkəmizdə ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Qeyd edək ki, Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, regionların inkişafında turizm sənayesi də həlledici əhəmiyyət kəsb edir. Çünki turizm dünya iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən biridir.

Məsələn, Avropa ölkələrində turizmdən gələn gəlir ölkə büdcəsinin təqribən 8-10 faizini formalaşdırır.Təbii ki, təbiəti və iqlimi zəngin Azərbaycanın da milli turizmdən qazanacağı xeyli sahələr mövcuddur. Məhz bu sahələrin prioritet təşkil etməsi üçün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı özünü imzalanan Dövlət proqramlarında göstərir. Belə ki, son 15 ildə Prezident İlham Əliyevin turizmin inkişafına dair imzaladığı bir neçə Dövlət proqramları mövcuddur. Xüsusən, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, həmçinin turizmin inkişafının yeni mərhələsinə təkan verəcək “Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı” hazırlanıb. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələbinə uyğun olaraq “Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi” hazırlanmışdır. Ötən illər ərzində turizmin nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edilib və turistlərin istifadəsinə verilib.

İndi Azərbaycanın bölgələrində ən müasir otel və pansionatların tikintisi sürətlənib. Qəbələdə, İsmayıllıda, Qubada, Qusarda, Masallıda, Lənkəranda, Lerikdə, Şəkidə, Şamaxıda, Balakəndə və digər rayonlarımızda 4 və 5 ulduzlu otellərin sayı davamlı olaraq artır. Son iki ildə bölgələrimizin turizm imkanları o qədər genişlənib ki, hətta bəzən turisistlərin yerləşdirilməsi problemləri yaranır. Yəni, bu gün Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşib. Buna görə də hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Təsadüfi deyil ki, hazırda respublikanın ayrı-ayrı regionlarında yüksək şəraitə malik turizm obyektləri böyük uğurla fəaliyyət göstərir. Regionlarda “Şahdağ”, “Naftalan”, “Duzdağ”, “Tufandağ” kimi dünya səviyyəli turizm obyektləri həm yerli, həm də xarici müştərilərini yüksək səviyyədə qəbul edirlər.

Bütün bunlar göstərir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Bütün bunlar isə turizm üçün vacib olan məqamlardandır. Mütəxəssislər də hesab edirlər ki, Azərbaycanın regionları geniş turizm imkanlarına malikdir. Ona görə də regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında bu məsələ xüsusi önə çəkilib. Bunu nəzərə alan hökümət ilk növbədə sosial-mədəni infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirib. Çünki investor da investisiya qoymaq istədiyi regionda ilk növbədə infrastrukturun, şəraitin olmasına diqqət yetirir. Bunlar olmadığı təqdirdə ucqar bir yerdə böyük turizm kompleksi yaratmağın heç bir əhəmiyyəti qalmır. Çox vacib şərtlərdən biri turistin istirahət obyektinə rahat getməsi, orada yüksək səviyyəli xidmət görməsi və təhlükəsizliyinin təmin olunmasıdır. Bu mənada dövlət proqramlarının yerinə yetirilməsi bölgələrdəki əksər problemlərin aradan qaldırılmasına imkan yaradıb. Regionlarda yeni iş yerləri yaradılıb, əhalinin sosial vəziyyəti yaxşılaşdırılıb.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da bildirib ki, turizmin inkişafında əsas amillərdən biri infrastrukturun qurulmasıdır.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində bölgələrimizdə qaz, işıq, su, yanacaq, yol problemi aradan qaldırılır: «Biz diqqət yetirsək, görərik ki, təxminən 10-15 il əvvəllə müqayisədə infrastrukturla yanaşı, çoxlu sayda yeni turizm obyektləri inşa edilib istifadəyə verilib. Bu işlər getdikcə genişlənir. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafında turizmin rolu çox böyükdür. Hətta pandemiya səbəbindən gəlmə-getmə turizminin məhdudlaşdırılmasına baxmayaraq məhz daxili turizmin inkişafı ölkə iqtisadiyyatında müsbət rol oynayıb. Bunun nəticəsində regionlarda işsizliyin qarşısı alınıb, insanların yaşayış səviyyəsi yaxşılaşıb, kadr potensialının inkişafına müsbət təsir edib. Yəni, daxili turizm indiki şəraitdə regionların inkişafında ciddi rol oynayır. Əgər daxili turizm də inkişaf etməsəydi, təsəvvür edin ki, pandemiya dövründə daha çox insan işsiz qala bilərdi, iqtisadiyyata mənfi təsirlər ola bilərdi. Ona görə də indiki durumda daxili turizmin regionların sosial-iqtisadi inkişafında rolunu yüksək qiymətləndirirəm. Arzu edək ki, nəinki yay, payız, qış aylarında da daxili turizmin inkişafı davam etsin. Çünki bununla bağlı ölkəmizin kifayət qədər potensialı var. Bilirsiniz ki, “Şahdağ”, “Tufandağ” turizm kompleksləri soyuq aylarda da turistlərə yüksək səviyyədə xidmət göstərir”.

Mütəxəssis vurğulayıb ki, ölkədə daxili turizmin inkişaf etdirilməsi xaricə axan valyutanın qarşısının alınmasına imkan yaradır: “Bilirsiniz ki, son iki ildə pandemiya ilə əlaqədar çox insanlar xarici səfərlərdən çəkinirlər. Halbuki pandemiyadan əvvəl həmin insanlar Karlovı Varı, Türkiyə, Dubayda istirahət etməyə üstünlük verirdilər. İndi onlar ölkəmizdə dincəlirlər, həmin pulu da burada xərcləyirlər. Bu isə ölkə iqtisadiyyatının inkişafına əlavə stimul yaradır.  Hesab edirəm ki, bu sahədə gəlirləri daha da artırmaq üçün bizdə 2-3 ulduzlu yeni otellərin tikilməsinə ehtiyac var. Çünki müşahidələr göstərir ki, Azərbaycanda daxili turizmin inkişafı nəticəsində artıq yataq yerlərinin sayının artırılması zərurəti yaranıb. Məsələn, Şəkidə yerləşən Marxal oteli bahalı otellərdəndir. Amma məndə olan məlumata görə, bu yay həmin oteldə doluluq səviyyəsi 100 faiz olub. Bu onu göstərir ki, artıq insanlarımız öz ölkəmizdə dincəlməyə üstünlük verirlər. Nəticədə də yeni otellərin inşasına tələbat artır. Pandemiyanın nə qədər davam edəcəyini bilmirik. Amma otellərə tələbat var. Hesab edirəm ki, iş adamları, investorlar bu işə diqqətlə yanaşmalıdırlar. Bu ölkənin həm iqtisadiyyatına, həm əhalinin sosial vəziyyətinə xeyirdir”.

M. Ağakərimov həmçinin vurğyulayıb ki, yaxın illərdə turizmin ölkə iqtisadiyyatında xüsusi çəkisi daha da artacaq: “Son illər bu sahədə aparılan islahatlar göz önündədir. Demək olar ki, turizm sektorunun ölkə iqtisadiyyatındakı çəkisi ilbəil artır. Əgər pandemiya baş verməsəydi, bu sahədə daha böyük irəliləyişlər müşahidə olunacaqdı. Amma yenə də vəziyyət pis deyil. Bizim proqnozlarımıza görə, Qarabağ, Şərqi Zəngəzur zonasında da bu sahədə fəaliyyət bərpa olunduqdan sonra turizdən gələn gəlirlər bir neçə dəfə artacaq. Hazırda bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma işləri aparılır, yeni infrastrukturu qurulur, hava limanları tikilir. Yaxın illərdə bu zonalar turizm sahəsində önə çıxacaq. Çünki həmin ərazilərin olduqca əlverişli turizm potensialı var. Xüsusilə müalicəvi turizm sahəsini inkişaf etdirmək üçün çox gözəl imkanlar var. Yəni, yaxın bir neçə ildə işğaldan azad olunmuş ərazilərin ölkə turizmində xüsusi yeri olacaq, bu da Azərbaycanda turizmdən gələn gəlirlərin artmasına səbəb olacaq”.        

 

Sevinc

 

Həftə içi.- 2021.- 23-29 sentyabr.- S.4.