2021 - Nizami Gəncəvi İli  

 

 

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilinNizami Gəncəvi İlielan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

 

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

 

Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-PeterburqdaRomada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuMilli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

 

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

 

Görəsən, bu qərar Azərbaycan ədəbiyyatında, onun gələcək inkişafında nə kimi rol oynaya bilər? Nizami Gəncəvi ilində bizikimi yeniliklər gözləyir? Yazıçılar və mütəxəssislərin mövzuya yanaşması nə cürdür...

 

Hafta.az-ın əməkdaşı mövzu ilə bağlı suallarını əvvəlcə Nizami Gəncəvi adına Dövlət İnstitutunun rəsmisinə ünvanladı.

 

İnstitutdan bildirildi ki, 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi qərarı yenicə açıqlanıb. Elə buna görə də hələ ki qurumun gələcək fəaliyyəti haqqında nə kimi yeniliklərin olacağını bilmirik. Bunun üçün direktor və müavinlər hələ ki ümumi bir iclas keçirməyib, yəqin ki, irəliləyən günlərdə məlumat veriləcək.

 

Nizami Gəncəvi adına Dövlət İnstitutunun rəsmisinin fikirlərindən sonra, məsələyə bir də ədiblərin gözündən baxaq dedik.

 

Elə bu səbəbdən də Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzaya müraciət etdik. Onun  sözlərinə görə, 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsinin ədəbiyyatımıza çox böyük təsiri olacaq.

 

"Necə ki, cənab Prezidentin sərəncamı ilə bundan əvvəl "Nəsimi İli" elan edilmişdi. Bu, həm ölkə daxilində, həm də xaricdə müxtəlif səpkili tədbirlərin, ədəbi layihələrin keçirilməsinə təkan verdi. Bizi çox sevindirir ki, bu il yenidən ədəbiyyat ili elan olundu. Fikrimcə, bu həm də dünyaya bir ismarışdır. Hansı ki, bəzi qüvvələr Nizami Gəncəvinin onlara aid olduğunu isbatlamağa çalışırlar. Biz bütün dünyaya N.Gəncəvinin böyük Azərbaycan şairi olduğunueyni zamanda, müxtəlif ədəbi layihələr həyata keçirməklə Azərbaycan ədəbiyyatının qüdrətini nümayiş etdirmiş olacağıq. Necə ki, dünən Teymur Rəcəbovun qələbəsini cənab Prezident və xanımı təbrik edəndə həmin cümləni işlətmişdilər ki, "Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqı necə istedadlı xalqdır"".

 

Daha sonra müsahibimiz tanınmış yazıçı Şərif Ağayar oldu. O söylədi ki, 2021-ci ilinNizami Gəncəvi İli  elan olunması alqışalayiqdir. Bildiyiniz  kimi, bu il dahi sənətkarın 880 illiyidir.

 

Nizami 880 il sonra da Azərbaycan mədəniyyətini dünyaya daşıya biləcək böyüklükdədir. Yetər ki, biz özümüz onun kimliyini anlayaq: "Nizami irsi sovet dövründə müəyyən qədər araşdırılıb və tərcümələr olunub, ancaq bu, yetərli deyil. Mənə elə gəlir ki, müstəqillik dövründə klassik ədəbiyyatımızın bünövrəsində dayanan İslam-irfan kontekstinə yenidən dəyər verilməli, xüsusən Nizami Gəncəvi bu aspektdən ciddi araşdırılmalıdır. Mən düşünmürəm ki, bir il ərzində bizdə "Xəmsə" yüksək səviyyədə tərcümə olunacaq, ancaq ölkə başçısının yaratdığı fürsətdən maksimum istifadə edib ciddi addımlar ata bilərik. Məsələn, ən azı "Yeddi gözəl"i izahatı ilə birlikdə yüksək səviyyədə tərcümə və çap edə bilərik. Təbii ki, tək bu il yox, gələcəkdə də tərcümə və araşdırmalar davam etməlidir. Fikrimcə, nəinki müasir Azərbaycan oxucusu, hətta yazıçısı və şairiNizami Gəncəvini lazımınca tanımır. Layiqli tədqiqatçıların da sayı azdır"

 

Yazıçı buna əsas səbəb kimi isə zəif və köhnə tərcümələri gətirdi:

 

"İstərdim, Nizami İli bir çox qurum və təşkilatlar üçün ənənəvi il olmasın, “quş qoymaq” xatirinə təbdir keçirməsinlər. Elmlər Akademiyasının müvafiq institutları, Yazıçılar Birliyi, müstəqil fikir və qələm adamları əlindən gələni etməlidir. Nizamini sətri tərcümədən oxumuşam. Sizi əmin edirəm, bizim ortaali məktəblərdə tədris olunan qafiyəli tərcümələrin Nizami Gəncəvi yaradıcılığına ciddi dəxli yoxdur, sanki onun primitiv, azyaşlı oxucular üçün hazırlanmış variantıdır. Nizamini Qərb mütəxəssisləri Dante, Şekspir, Höte kimi şəxsiyyətlərlə bir sıraya qoyur. Biz ona sahib çıxıb lazımi səviyyədə tanısaq, Gəncəni Mövlanə yurdu, Konya kimi dünyanın kültürəl mərkəzlərindən birinə çevirərik. Hər il Nizamiyə görə minlərlə turist gələr ora, beynəlxalq tədbirlər, festivallar, yarmarkalar keçirilər".

 

Ş.Ağayar dahi Nizami Gəncəvinin təkcə ölkəmiz üçün deyil, eləcə də dünya ədəbiyyatı üçün nə qədər önəmli şəxsiyyət olduğunu söylədi. Onun yaradıcılığının öyrənilməsinin ədəbiyyatımızın gələcək inkişafına təkanlarından da söz açdı:

 

"Nizami Gəncəvi təkcə Türk dünyasının, İslam dünyasının deyil, həm də bütün dünyanın mədəniyyət sütunlarından biridir. Onu yalnız şair adlandırmaq doğru deyildir. O həm öz dövrünün, həm də bizim dövrümüzün böyük fikir adamıdır. Bu gün Nizami irsini öyrənməyimizə böyük ehtiyac var. Əgər bunu bacarsaq, dünya mədəniyyətinə və ədəbiyyatına inteqrasiya işi xeyli asanlaşar".

 

Gənc yazıçı Ayxan Ayvaz da 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsini çox yüksək qiymətləndirir. Onun sözlərinə görə, ilin bir ədəbiyyat adamının adı ilə bağlı olması çox yaxşı haldır. Keçən il Nəsimi ili olmuşdu. İndi də nəinki Azərbaycanın, eləcə də regionun ən böyük siması Nizami Gəncəvi ili adlandırmaq gözəl təşəbbüsdür.

 

A.Ayvaz onu da qeyd etdi ki, bu il nəşriyyat sisteminin inkişafına da böyük təkan verə bilər:

 

"Azərbaycanda illərdir, nəşriyyat sistemi yox dərəcəsindədir. Heç olmasa, Nizami Gəncəvi ilində bunun reallaşmasının, gerçək nəşriyyat sisteminin yaradılmasının çox yaxşı olacağını düşünürəm. Yazıçılar kitablarından qazanc əldə etmir. Bu sorun həll olunarsa, o zaman yazıçı öz yazdığı ilə dolanacaq. Daha sonra Nizami Gəncəvi adına böyük bir mükafat təsis etmək və ilin ən yaxşı ədəbi mətnlərini təltif etmək olar. Tutaq ki, qonşu Gürcüstanda Saba adlı mükafat məhz bu analoji qiymətləndirmə ilə hər il ən yaxşı mətnləri pul mükafatı ilə təltif edir. Eyni zamanda, Nizami Gəncəvi beynəlxalq mükafatı təsis etmək olar. Dünyanın hazırda ən yaxşı yazıçılarından birinə o mükafatı vermək və o şəxsi ölkəmizə dəvət etmək olar. Yəni ədəbiyyat, kitab adına daha səmərəli işlər görmək mümkündür. Yoxsa bu il də keçən il Nəsimi ilindəki kimi yalnız Afət Fərmanqızının mahnısı ilə yadda qalacaq".

 

Sonda onu deyə bilərik ki, ölkə başçısı İlham Əliyevin verdiyi bu qərar Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği üçün olduqca mühüm addımdır. Ümid edirik, bu səpgidə görüləcək işlər tək bu il deyil, elə gələcəkdə də davam etdiriləcəkdir.

 

 

Banu

 Həftə içi.- 2021.- 7-8 yanvar.- S.6.