Məqsədim son günə qədər döyüşmək olsa da...  

 

 

 

Dünya ölkələri müasir dövrün uğurlu döyüş strategiyasını Azərbaycan Ordusunun nümayişində izlədi. Bu bizim qələbəmizdir. Rəşadətli ordumuz, xalqımız və dövlətimizin yumruq-yumruğa verərək qazandığı həmin o zəfər tarix yazdı. “Bəzi anlar bir ömrə bərabərdir”, – deyirlər. Elə ötən il 27 sentyabr tarixiondan sonrakı 44 gün kimi. Heç şübhəsiz, bu 44 günün baş qəhrəmanları qanı-canı bahasına səngərdə döyüşən, bizə tarixi qələbəni bəxş edən əsgər və hərbçilərimizdir.

 

Bu gün isə qanlı döyüşlər zamanı yaralananqazi mərtəbəsinə yüksələn kəşfiyyatçı əsgər Rəşad Elşad oğlu Qəhrəmanovu tanıyacağıq.

 

Əslən Xocalıdan olan qəhrəmanımız 8 fevral 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Özündən böyük 1 bacısı və kiçik qardaşı var.  O, 2007-ci ildə Şuşa rayon 10 nömrəli tam orta məktəbində birinci sinfə başlayıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmətini Beyləqan rayonunda kəşfiyyat bölümündə davam etdirən qazimizin təxris edilməsinə sayılı günlər qalmış müharibə başalyır.

 

Hafta.az-ın əməkdaşı Vətən müharibəsinin 19 yaşlı qəhrəmanı Qəhrəmanov Rəşad ilə həmsöhbət oldu. Həmin müsahibəni sizlərə təqdim edirik.

 

- İlk öncə, sizə və sizin timsalınızda torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan bütün əsgərlərimizə təşəkkür edirik.

 

- Mən öz borcumu yerinə yetirdim. Buna görə çox xoşbəxtəm. Məqsədim son günə qədər döyüşmək olsa da, qismət belə imiş...

 

- Əslən Xocalıdansınız, bir qarabağlı kimi döyüşlər başlayanda hansı hissləri keçirirdiniz?

 

- Döyüşlər başlayanda evə qayıtmağıma 3-4 gün qalmışdı. Mənə orada deyildi ki, “Müharibə başlayacaq, ancaq sən iştirak etməyəcəksən, təxris olunacaqsınız”. Mən cavab verdim ki, “Elə şey olmaz, ola bilər, təxrisimə az qalıb, amma hələ buradayam. Ürəyim dözməz, mən müharibədə iştirak etmək istəyirəm”. Elə əks-hücum əməliyyatları başlayan gün eyni söz təkrar edildi. Hər şeydən öncə bu Vətənin bir parçası olaraq baş verənləri kənardan izləyə bilməzdim.

 

- Əvvəlcə döyüşlərə hansı istiqamətdə başladınız?

 

- Füzuli istiqamətində.

 

- Bilirəm, o anları təkrar xatırlamaq sizin üçün çətindir, ancaq yaralandığınız günə dönsək, bizimlə ogünlə bağlı nələri bölüşə bilərsiniz?

 

- Döyüşlərin 3-cü günü yanımızda minaatan partladı. Beş-altı nəfərlik heyət idik. Zərbə bizi dağın üstünə çırpdı. Mən dostum, həm əsgər yoldaşım Rəşad Xəlilov ilə bir qədər kənarda dayanmışdım. Belimizdə sursat var idi. Başımızda kaska yox idi, birdən nəyə görəsə Rəşada  dedim ki, “Hər ehtimala qarşı bəlkə kaskalarımızı taxaq?”. Taxandan heç 1 dəqiqə keçmədi ki, səs gəldi. Baxmağa belə macal tapmadıq. Bir gözlərimi açdım ki, qan içindəyəm. Çoxlu yaralımız var idi. Yanımda tağım komandiri, baş gizir Ramin Quliyev şəhid olmuşdu. Üzü tanınmaz haldaydı.

 

 

 

Rəşadın yaralı qolundan fışqıran qan mənim üz-gözümü bürümüşdü. Ona ilk yardım göstərdim, sonra da həkim çağırdım. Tibbi yardım gələndə yanımıza bir minaatan mərmisi düşdü. O an həkim özünü bizə sipər etdi, xoşbəxtlikdən heç kəsə heç olmadı. Tibb müəssisəsinə aparılanda bir mərmi maşınımızın yanına düşdü. Sürücü həkim yaralandı, maşın da yararsız halda idi. Buna baxmayaraq, sürücü yaralı halda birtəhər olsa, bizi BTR-ə qədər gətirməyi bacardı. Həmin an elə düşünürdüm ki, şəhid olacağam. Bağırsaqlarımdakı yaralardan isə xəbərim yox idi, elə bilirdim, qəlpə təkcə ayaqlarıma dəyib. Daha sonra aparıldığım xəstəxanada da yer olmadı. Birbaşa helikopterlə Bakıya göndərildim.

 

 - Ailə yaxınlarınızdan yaralandığınız haqqında ilk kimə xəbər verdiniz?

 

- Xalam soyuqqanlı biri olduğuna görə, birinci ona zəng vurdum. Ona da xəbər etməkdə məqsədim bu oldu ki, birdən komandirlərim məndən xəbər tutmaq üçün atama zəng edər, o da qorxar. Xalama dedim ki, “Anaya bildirməyin, atamı da götür hospitala gəl. Mən yaralanmışam”.

 

- Qazi olaraq evə qayıtdıqdan sonra, yaxınlar, dost tanışların sizə qarşı münasibətində dəyişiklik hiss olunurmu?

 

- Əlbəttə, pislər yaxşı oldu.

 

- Rəşad, müsahibə üçün çox sağ olun.

 

- Siz sağ olun, bizləri oxucularınıza tanıdırsınız.

 

Qeyd edək ki, 19 yaşlı qəhrəman qazi Rəşad Qəhrəmanov döyüş meydanında göstərdiyi igidliyə görə ölkə Prezidenti tərəfindən "Füzuli uğrunda", "Qubadlı uğrunda", "Cəbrayıl uğrunda" medalları ilə təltif edilib.

 

Həftə içi.- 2021.- 14-15 yanvar.- S.7.