“Güllələnmiş heykəllər” - Şuşanın "ilk sakinləri" haqqında bilmədiklərimiz

 

 

 

Məlum olduğu kimi, Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 dahi şəxsiyyətin heykəli yenidən Şuşadadır.  İllərdir, “Güllələnmiş heykəllər” adlandırılan və Bakıda İncəsənət Muzeyinin həyətində nümayiş etdirilən Üzeyir Hacıbəyli, Bülbül və Natavanın heykəlləri Azərbaycan Prezidenti İlham Əliyevlə ailəsinin Şuşaya səfəri ərəfəsində doğma yurduna geri qaytarılıb.

 

Qeyd edək ki, vaxtilə bu irihəcmli büstlər Şuşanın bəzəyi olub və 1992-ci ilin may ayının 8-də Şuşanın işğalı zamanı təkcə şuşalıların evləri yox, tarixi abidələrimiz də erməni qəsbkarlarının qurbanına çevrilib. Beynəlxalq Haaqa Konvensiyasının tələblərinə məhəl qoymayan ermənilər heykəlləri müxtəlif hissələrdən güllələyiblər. Natəvanın baş barmağı yoxdur, Üzeyir bəyin eynəyi sındırılıb, Bülbülün isə tunc alnı qabarıb. Şuşadan Bakıya məcburi köç etmiş və müharibədə güllə yaraları da almış bu abidələrin Bakıya gəlib çıxması da çox maraqlıdır. Bu büstlər Şuşadan çıxarılaraq Bakıya gətirilməyib. “Güllələnmiş heykəllər”in Şuşaya qaytarılmasını şərh edərkən dövlət başçısı İlham Əliyev də bildirib ki, bu abidələr işğaldan sonra ermənilərdə pulla alınıb: “Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1982-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün, nə qədər alçaqkeyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuşulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi".

 

Britaniyalı yazar, Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal Qarabağla bağlı kitabında da büstlərlə bağlı qeydlər var. Müəllif bunları qeyd edir:

 

“Şəhərə girən ermənilər intiqam almaq üçün Şuşada anadan olan üç azərbaycanlı musiqiçininşairin tunc büstlərini söküb satdılar. Bu heykəllər yalnız möcüzə nəticəsində itirilməmişdi – bu dəfə onları Tiflisdə metal qırıntıları alveri ilə məşğul olan bir şəxs xilas etmişdi. Mən bu üç bürünc büstü pis vəziyyətdə – güllə izləri içində Bakıdakı Qırmızı Xaç komitəsinin həyətində görmüşəm: əlində kitab tutan başı örtülü şairə Natəvanın baş barmağı yox idi, ikibortlu pencək geyinmiş bəstəkar Hacıbəyovun büstü güllələrlə deşilmişdi və eynəyi sındırılmışdı, məşhur müğənni Bülbülün büstünün tunc alnı qabarmışdı. Əgər bir neçə erməni səy göstərməsəydi, itkilər daha böyük olardı. Erməni rəssamı Mher Qabrielyan mənə 1992-ci il mayın 9-da səhər öz doğma şəhərinə qayıdanda vandal və talançıların şəhəri necə dağıtdıqlarından danışdı. Mheronun bir neçə dostu XIX əsrə aid şəhər məscidlərindən birinin önündə dayanıb, onu BTR-dən güllələməyə hazırlaşan cavanlardan qorumuşlar. Onlar şəhər muzeyində barrikada düzəldib, xalça, qazan və rəsmlərin oğurlanmasının qarşısını almaq üçün bir neçə gün orada gecələyiblər. Əsasən azərbaycanlıların yaşadığı Şuşada erməni azlığının nümayəndəsi olan Mherin çoxlu azərbaycanlı dostları var idi. O inandırırdı ki, Şuşanın məhvi azərbaycanlıları kədərləndirdiyi kimi, onu da kədərləndirmişdir. “Bilirəm ki, bu, onlar üçün böyük dərddir, bizim üçünbu, belədir. Şəxsən mən özümü bu şəhərdə qalib hesab etmirəm. Ona görə ki, şəhər indi ölüdür.”

 

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev hafta.az-a açıqlamasında bildirib ki, “Güllələnmiş heykəllər” sözün əsl mənasında erməni vandalizminin nümunəsidir:

 

“Nəinki bu üç heykələ olan münasibət, ümumiyyətlə, işğal olunmuş torpaqlarımızda tarixi abidlərimizin dağıdılması, məhv edilməsi acı bir həqiqətdir. Vaxtilə bu büstləri mən şəhid heykəllər adlandırırdım. Təklif etmişdim ki, onlar İncəsənət Muzeyinin bir kənarında deyil, Şəhidlər Xiyabanının qarşısında yerləşdirilməlidir. Hesab edirdim ki, biz bu üsulla ermənilərin necə vandal bir millət olduğunu əyani şəkildə şəhərimizin qonaqlarına göstərə bilərik. Müharibədən 30 ilə yaxın bir müddət keçmişdi və 30 ilə yaxın idi ki, topraqlarımız ermənilərin işğalı altında idi. İşğaldan uzun zaman keçdikcə o torpaqlaravaxtsa qayıdacağımıza da ümid azalırdı.  44 günlük Vətən Müharibəsi göstərdi ki, biz bu illər ərzində boş oturmamışıq və torpaqlarımızın azad olunması üçün yorulmadan çalışmışıq. Təbii ki, bu gün “Güllələnmiş heykəllər”in yenidən öz yerinə qaytarılması olduqca qürurvericidir. Hesab edirəm ki, bu əsərlərin dövlət başçısının da vurğuladığı kimi bərpa olunmadan əvvəlki yerində qoyulması ən doğru addımdır. Bundan sonra Şuşaya gələn qonaqlar bir daha ermənilərin əsl üzünü, xislətini, necə vandal bir millət olduğunu görəcəklər. Bu il ölkə Prezidenti Şuşanı mədəniyyət mərkəzi elan edib. Düşünürəm ki, Şuşa yenidən Azərbaycan mədəniyyətinin mərkəzinə çevriləcək. İndi orada gərgin bərpa işlər gedir. Məndə olan məlumata görə, artıq Vaqifin dağıdılmış məqbərəsində də bərpa işlərinə başlanılıb”.

 

Sənətşünas heykəllərin yaranma tarixçəsinə də toxunaraq bildirib ki, əsərlər vaxtilə Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb: “Bu əsərlər 80-ci illərin əvvəllərində sifariş olunub. Natavanın büstünü heykəltəraş Həyat Abdullayeva hazırlayıb. Bülbüllə, Üzeyir Hacıbəylini isə Xanlar Əhmədov və Namiq Dadaşov bərabər hazırlayıblar. Həmin büstlər 1992-ci ildə Şuşa şəhəri işğal olunandan sonra ermənilər tərəfindən Ermənistana aparılıb. Oradan da ermənilər heykəlləri Gürcüstan tərəfə satıblar. Gürcüstan tərəfi də ondan xammal kimi istifadə etmək üçün əritmək istəyiblər. Bunu təsadüfən əslən cənub bölgəsindən olan və pambıq ticarəti ilə məşğul bir neçə nəfər görüblər. Onlar da Azərbaycan tərəfi ilə əlaqə saxlayıblar və məsələ hökümətə çatandan sonra həmin heykəllər geri alınaraq Bakıya gətirilib”.

 

BülbülÜzeyir Hacıbəyli büstünün həmmüəllifi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam, heykəltəraş Namiq Dadaşov isə hafta.az-a heykəllərin yaranma tarixcəsindən danışarkən deyib ki, 80-ci illər Azərbaycanda mədəni hadisələrin baş verdiyi ən aktiv dövrlərdən biri idi:

 

“Həmin illərdə paytaxt Bakı ilə yanaşı, xüsusilə ayrı-ayrı rayonlarda, şəhərlərdə, eləcə də Şuşada muzeylər yaradılırdı. Bu muzeylərdə hər bölgəyə uyğun tanınmış şəxsiyyətlər barədə məlumatlar saxlanılmaqla bərabər, həmin şəxslərin büstlərinin yaradılması sifarişləri də verilirdi. Məsələn, bu aktivlik dövründə, 1981-ci ildə ümummilli lider, mərhum Heydər Əliyevin iştirakı ilə Şuşada Vaqifin məqbərəsinin açılışı oldu. 1982-ci ildə orada bizim müəlliməmiz Həyat Abdullayevanın müəllifi olduğu Natavanın heykəli qoyuldu. Sonra 83-cü ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə mən Qasımbəy Zakirin qəbrüstü büstünü hazırladım. Onun aqibəti hələ də məlum deyil. 84-cü ildə isə mən Xanlar Əhmədovla bərabər Üzeyir Hacıbəyli ilə Bülbülün büstünü sifariş götürdük. Biz Xanlarla orta məktəbdən yoldaşlıq edirik. 85-ci ilin əvvəllərində isə Şuşada Mədəniyyət Evinin qabağında həmin büstləri yerləşdirdik. Əslində, orada əvvəl də heykəllər var idi.  Mədəniyyət Nazirliyi belə qərara gəlmişdi ki, heykəllər daha samballı materialdan, tuncdan hazırlansın. Şuşada Natavanın bağında Üzeyir Hacıbəylinin, təxminən, 2 metr yarımlıq tuncdan heykəli də var idi. O bizdən əvvəl qoyulmuşdu. İşğal zamanı həmin heykəl it-bata düşdü. Natavanın, Üzeyir bəyin, Bülbülün heykəli isə sonradan Gürcüstanda ortaya çıxdı. Belə ki, ermənilər işğal vaxtı həmin heykəlləri Yerevana aparıblar, oradan da gürcülərə satıblar. Həmin ərəfələrdə Mədəniyyət Nazirliyinə məlumat daxil olub ki, Azərbaycana məxsus olan tuncdan heykəlləri gürcü tərəfi xammal kimi əritmək istəyir. Bu məlumatdan dərhal sonra hökümət nümayəndələri gürcü tərəfi ilə danışıqlara başlayıb və heykəllər Azərbaycana təhvil verilib”.

 

“Güllələnmiş heykəllər”in həmmüəllifi büstlərin tarixi məkanına qaytarılmasına görə çox sevindiyini bildirib: “Təbii ki, bütün ölkənin erməni təcavüzü üzərində böyük qələbəni qeyd etdiyi bu günlərdə mən bir həmmüəllif kimi deyil, həm də bir vətəndaş və vətənpərvər olaraq həmin büstlərin tarixi məkanına qaytarıldığına görə sevinirəm. Eyni zamanda, bu büstlər bərpa olunmadan əvvəlki yerinə qaytarılması ən doğru addımdır. Qoy, gələcək nəsillər bu abidələrə hər dəfə baxanda necə bədnam, vəhşi qonşumuz olduğunu bir daha xatırlasınlar və ermənilər tərəfindən Azərbaycana qarşı törədilən vəhşilikləri heç vaxt unutmasınlar”.

 

Sevinc

 

Həftə içi.- 2021.- 23-25 yanvar.- S.1;3