Vətən Müharibəsindən beş medalla qayıdan Əsgər
Yastığımız Vətən daşı,
Yorğanımız qar olsun.
Biz bu yoldan dönər olsaq,
Namus bizə ar olsun!...
27 sentyabr 2020-ci il...
Torpaqlarımızın azadlığı uğrunda Vətən Müharibəsi başlayanda
düşmənlə mübarizəyə
qoşulan qəhrəman
oğullarımız məhz
bu amalla tarixi yola çıxdılar.
Yastığı Vətən daşı,
yorğanı qardan olan, düşmənin heç bir həmləsindən çəkinməyən
igidlərin sayəsində
azadlığına qovuşdu
Vətən torpağı.
Onlar Vətən savaşını
haqq savaşı bilərək mərdliklə,
şücayətlə döyüşdülər
və 44 gün ərzində əsrlərlə
bərabər bir tarix yazdılar. Azərbaycanın Zəfər qələbəsində
payı olan, Qarabağ uğrunda gedən döyüşlərdə
xüsusi mərdlik göstərən əsgərlərdən
biri də Emil Sakitoğludur. Ordu sıralarından yenicə
tərxis olunan Emil döyüş tapşırıqlarını
uğurla yerinə yetirdiyinə, qoşunlarımızın
döyüş qabiliyyətinin
qorunub saxlanmasındakı
xidmətlərinə, şəxsi
igidlik və şücaət nümayiş
etdirdiyinə görə
dövlət başçısı
tərəfindən "Cəbrayılın
azad olunmasına görə”, “Xocavəndin
azad olunmasına görə”, “Zəngilanın
azad olunmasına görə”, “Şuşanın
azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medallarına layiq görülüb.
Qeyd edək ki, Emil Sakitoğlu 2000-ci ildə Zərdab rayonunun Şıxbağı kəndində
zəhmətkeş ailədə
anadan olub. Ailənin ortancıl övladı olan Emil 2017-ci ildə Şıxbağı kənd
tam orta məktəbini
bitirərək hərbi
xidmətə yollanıb.
Naxçıvanda “N” saylı hərbi
hissədə hərbi
xidmət keçib.
Məktəbdə oxuduğu
illərdə alpaqut döyüş sənəti
ilə məşğul
olub və bu idman növünün
65 kq çəki dərəcəsi üzrə
Dünya çempionatında
bürünc, Azərbaycan
çempionatında 1 qızıl,
1 gümüş, 1 bürünc,
Bakı çempionatında
2 qızıl, 1 gümüş,
1 bürünc medal qazanıb.
Emil Vətən müharibəsinin
könüllü iştirakçılarındandır. O, ötən
ilin iyulunda ermənilərin Tovuz istiqamətində törətdiyi
təxribat zamanı könüllü olaraq ordu sıralarına yazılır. Döyüşlərin başlamasından, təxminən, 6 gün əvvəl, sentyabrın
21-də onu Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin Zərdab
rayon bölməsinə çağırırlar.
Onun sözlərinə görə,
elə həmin gün də Səfərbərlik Xidməti
tərəfindən digər
könüllülərlə bərabər təlim düşərgəsinə yola
salınırlar. İkigünlük təlimdən sonra Ağcabədidəki “N” saylı
hərbi hissəyə
yerləşdirilirlər. Senytabrın 25-də isə
Ağdama aparılır
və beləcə, Emilin Ağdamdan Şuşaya qədər uzanan döyüş yolu başlayır: “Orduya könüllü yazılmışdım. Xidmətə gedəndə nə medal, nə pul, heç
nə fikirləşmirdim.
Dövlətdən heç bir
umacağım yox idi. Ötən ilin İyul
hadisələrində gənclərin
çoxu kimi mən də Səfərbərlik Xidmətinə
gedib könüllü
olaraq orduya yazıldım. Evdə də
bu barədə heç kimə bildirmədim. Səfərbərlik Xidmətində də öz nömrəmi qoymuşdum. Fikrim müharibə
baş verərsə müharibədə iştirak
etmək idi. Əsas məqsədim də o idi ki, torpaqlarımızın
azad olumasında, şəhidlərimizin qanının
yerdə qalmamasında
mənim də payım olsun.
Goranda təlim
keçdikdən sonra
bizi Ağcabədiyə
aparmışdılar. Həmin vaxt
cəbhədə sakitçilik
idi. Oradan da sentyabrın
25-də Ağdama apardılar
və müdafiə xəttində dayandıq.
27-si isə səhər
saatlarında bizə əks hücum əmri verildi. Cəbhənin bütün istiqamətlərində
erməni təxribatlarıına
qarşı əks hücüm əməliyyatı
başlamışdı. Düzdür,
ilk günlərdən top, mərmi
səsi, yaralı əsgərləri görmək
hər kəsə qəribə gəlirdi, ancaq qısa vaxtdan sonra bunlar
adiləşdi. Hər kəs
torpağı üçün
canından keçməyə
hazır idi. İnsan az
da olsa həyəcan
hissi yaşayır, amma buna baxmayaraq
qürur hissi keçirirsən. İllərdir arzusunda olduğumuz torpaqlara qovuşmaq artıq xəyal deyildi. Tam səmimi
deyirəm, bizə “atəş” əmri veriləndə sevincimizin həddi-hüdudu yox idi, döyüşlərə
çox böyük ruh yüksəkliyi ilə gülə-gülə
atılırdıq. Fəxr edir,
qürur hissi keçirirəm ki, düşmənə qarşı
savaşanlar arasında
mən də var idim”.
Onun sözlərinə görə,
müharibə zamanı
heç kəs öz canını, geriyə dönməyi düşünmür, yalnız
bir amal üçün vuruşur
o da Vətəndir:
“Biz gerini fikirləşmirdik,
hədəfimiz ancaq irəli getmək idi. Məqsədimiz işğal altındakı
torpaqlamızın hər
qarışını geri
qaytarmaq idi, bir dəfə də olsun Ordumuz
azad etdiyi hansısa mövqedən geri çəkilmədi.
Biz müharibə müddətində düşmənə
öz gücümüzü
göstərdik, əsgər
yoldaşlarımızın, şəhidlərimizin, qazilərimizin
canı və qanı bahasına, şücaəti, qəhrəmanlığı
hesabına son ana qədər vuruşduq, torpaqlarımızın azad
edilməsinə nail olduq”.
Emil deyir ki, döyüşlər
zamanı yeganə çətinlik, bütün
əlverişli mövqelərin
düşməndə olması
idi: "Əks-hücum
əməliyyatları zamanı
Azərbaycan hərbçiləri
böyük qəhrəmanlıq,
şücaət göstərərək
o yüksəkliklərdə mövqe tutan düşməni geriyə
çəkilməyə məcbur
etdi. Bütün çətinliklərə sinə gərərək düşmənin müdafiə
xəttini yarıb sürətlə irəliləyirdik.
Ardıcıllıqla işğaldan azad
etdiyimiz ərazilərdə
postlar qurur, onun mühafizəsini təşkil edir, əlavə şəxsi heyət cəlb edildikdən sonra yenə də irəliyə gedirdik.
Hərbçi yoldaşlarımın yalnız bir amalı var idi, torpaqlarımızın
hamısını ermənilərdən
təmizləmək. Hər kəs
yalnız bunu düşünürdü. Yanımızda hərbçi yoldaşlarımızın
şəhid olması,
yaralanması nə qədər ağır olsa da, bizim
gözümüzü qorxutmur,
əksinə, düşmənə
olan qəzəbimizi daha da artırırdı.
Şəhidlərimizin, yaralılarımızın qanını beşqat alırdıq. Cəbrayılda,
Xocavənddə, Zəngilanda,
Şuşada əla döyüşlərimiz oldu.
Mən “həmlə” qrupunda idim, əsas vəzifəm baş kəşfiyyatçı idi.
Bununla yanaşı, top heyətinə
də kömək edirdim, topa mərmilərin
vaxtında çatdılmasını
təmin edirdim. Ən çətin döyüşümüz Şuşa istiqamətində
idi ki, çox
şəhidlərimiz orada
oldu. Biz Şuşaya
ermənilərin gözləmədiyi
istiqamətdən hücuma
keçmişdik. Şuşa elə bir yerdə yerləşir ki, oranı itkisiz almaq qeyri-mümkün
idi. Şuşaya hücum zamanı
ermənilər Azərbaycan
Ordusunun gücünü,
cəsarətini bir daha gördülər.
Biz Şuşa istiqamətində kiçik
qruplar şəklində
hərəkət edirdik
ki, düşmən şübhələnməsin. Ən
xırda səhv nəzərdə tutulan Şuşa əməliyyatını
poza bilərdi. Ona görə də əməliyyata cəlb olunan hər bir hərbiçi işinin məsuliyyətini
dərk edirdi. Komandanlıqdan verilən tapşırıqları
dəqiqliklə yerinə
yetirməyə çalışırdıq
ki, əməliyyat pozulmasın. Ermənilərin
nəzarətində olan
Şuşa yoluna toplarımızı
elə yerləşdirmişdik
ki, ermənilər bundan xəbər tuta bilməmişdilər.
Bizim qrupun vəzifəsi də Şuşa yaxınlığına
yerləşdirdiyimiz topları
və digər silah-sursatı qorumaq idi. Ermənilərin şübhələnməməsi üçün ərazidə
kiçik qruplar şəklində keşik
çəkirdik.Yalnız Şuşa istiqamətində
döyüşlər şiddətlənəndən
sonra ermənilər bizim topların bir addımlıqlarında
olduğunu başa düşdülər. O zaman
isə artıq gec idi. Döyüş üstünlüyü bizdə
idi”.
İşğal olunmuş ərazilərdə doğulmayan, oraları ömründə bir dəfə də olsa görməyən E.Sakitoğlu azad olunan ərazilərdə keçirdiyi hislərdən də söhbət açıb: "Düzü, o torpaqları heç vaxt görməmişdim. Bu münaqişənin yaşı mənim yaşımdan 10 yaş böyük idi. Bunun heç bir fərqi yox idi. Azərbaycanlı idim və Vətənimin ərazi bütövlüyünün pozulması bir gənc kimi məni də narahat edirdi. Məhz bu amal idi bizi döyüşlərə cəlb edən, ölümü heçə sayan. Özümüzə sığışdıra bilməzdik ki, arxa cəbhədə qalaq, döyüşlərdə iştirak etməyək. Bu, bir tarix idi. Biz bu tarixin iştirakçısı olduq. Sevinirəm ki, Zəfər tariximizin yazılmasında zərrə qədər də olsa mənim də payım var. Bu, mənim üçün böyük fəxrdir. Azad etdiyimiz torpaqlarda olarkən keçirdiyimiz fərəh hissini isə sözlə ifadə etmək olduqca çətindir. Onu ancaq yaşamaq gərəkdir”.
Haşiyə
Emilin dayısı Elçin Hacıyev, yaxın qohumu
Vidadi Əhmədov Birinci
Qarabağ müharibəsində iştirak edərək qəhrəmancasına
şəhid olublar. Yolunda
can verdikləri Vətən
torpağını azadlığına qovuşduran
igid oğulların sayəsində indi onların da ruhu şaddır!
Sevinc
Həftə içi.- 2021.- 26-27
yanvar.- S.7.