Şəhadətin mübarək, əsgər!
Yevlax rayon Gülövşə kənd sakini, şəhid İsmayılzadə Əsgər Bəxtiyar oğlunu siz də tanıyın...
Yevlaxın Gülövşə kənd məktəbinin tərbiyəvi işlər üzrə müavini Röyal Məmmədxanov redaksiyamıza gələndə dediyim məhz bu fikirlə sözə başladı və qəmli-qəmli əlavə etdi: “Doğrudan da Tanrı yaxşıları sevib öz dərgahına aparır. Düşmən igid bir insanı, Vətənini canından çox sevən bir gəncin arzularını ürəyində qoydu”...
Öz gözəl ənənələri ilə seçilən, təlim-tərbiyə işlərində fərqlənən bu təhsil ocağının gənc müəlliminin gözlərində nə qədər kədər var idi. O, söhbət edir, mən qulaq asırdım. Elə yana-yana danışırdı ki… Əslində, hansımız yanmırıq ki? Hər şəhid olan elə bizim də balamız deyilmi?!
İsmayılzadə Əsgər Bəxtiyar oğlu 22 yanvar 2000-ci ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşdur. 2005-ci ildə Yevlax rayonu V.Mövsümov adına Gülövşə kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunmuşdur. Əsgər orta məktəbdə sakittəbiətli, çalışqanlığı və tərbiyəsi ilə seçilən, utancaq uşaq idi. İdmanla məşğul olurdu.
2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Mingəçevir Turizm Kollecinin Nəqliyyatda daşımaların təşkili fakültəsinə daxil olmuşdu.
2019-cu ildə kolleci bitirdikdən sonra o, Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə gedir. Hərbi xidmətini Cəlilabad rayonundakı «N» saylı hərbi hissəsində başlayan Əsgər, öz arzusu ilə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) davam etdirib. Hərbi xidmətini bitirməyə 3 ay qalmış, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən XTQ olaraq ön cəbhəyə yollanıb. Əsgər Murov yüksəkliklərinin alınmasında və Füzuli istiqamətində gedən döyüşlərdə fədakarlıqla iştirak etmişdir. 3 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Yevlax rayon Gülövşə kənd qəbiristanlığında dəfn edilmişdir.
Bütün kənd, rayonun bütün vəzifə sahibləri, qohum-əqraba onu son mənzilə yola salmağa gəlmişdi. Hər kəs, sanki öz balasını dəfn edirdi.
Yadıma böyük Məmməd Arazın «Yarımadın» şeiri düşdü. Elə bildim, şair onu elə mənim eloğluma - Əsgər Bəxtiyar oğlu İsmayılzadəyə yazıb:
Yastı-yastı
Yapalaqlar yarıdı.
Girdə-girdə
Topalaqlar yarıdı.
Yarımadın heç nədən
Yarımadın…
nə yaxşı,
Çömçə tutan əlləri
Yalamadın nə yaxşı
Yarımadın nə yaxşı
Yox, yarımışdın, Əsgər. Yarımışdın ki, şəhid oğula çevrilib elinə-obana şöhrət gətirdin. Yarımışdın ki, bir evin oğulluğundan çıxıb, bir rayonun, bir məmləkətin övladına çevrildin.
Sən atanın zəhmətlə qazandığı çörəyə naxələf çıxmadın. Sən heç nədən çəkinmədin, küncdə-bucaqda gizlənmədin, özünü həmişə oda-alova atdın. Təki Vətən düşmən tapdağından xilas olsun - dedin.
Uşağa ad qoyularkən hər kəsə «Adına layiq övlad olsun və adı ilə böyüsün», – deyilir. Bizim şəhidimiz isə öz adını əsgərlik xidmətini bitirməmiş, elə adına layiq olduğunu sübut edərək, əbədi bizlərin yaddaşında Əsgər olaraq qaldı.
- Ona 5 il riyaziyyat fənnindən dərs demişəm. İstəmişəm ki, riyaziyyatın sirlərinə dərindən bələd olsun. İndi anlayıram ki, mənim ona keçdiklərim dərs deyilmiş. Əsl dərs bizə və səni tanıyanlara keçdiyin Şəhadət dərsi imiş, Əsgər.
Bu sözləri isə müəllim dedi - Röyal Məmmədxanov.
Əsgər sadə kəndli ailəsində böyüyüb. Atası Bəxtiyar, anası Şəkər çox zəhmətkeş insanlar olub. Ola bilsin ki, kasıb həyat sürüblər, ancaq qəlbləri elə varlı olub ki… Qəlblərindəki bu var-dövləti oğulları Əsgərə, indi həmin məktəbin X sinfində təhsil alan qızları Leylanın qəlbinə də köçürə biliblər. Onları Azərbaycana layiqli övlad edə bildiklərindən qürur duyublar.
Əsgər öz ölkəsinin Ali Baş Komandanından tez-tez qürurla danışmağı sevirmiş. Deyirmiş ki, Prezidentimiz İlham Əliyev ümummilli lider Heydər Əliyevin bütün gözləntilərini gerçəkləşdirməyi bacardı. Bir də bu fikri tez-tez təkrarlamağı sevirmiş: İndi bütün dünya Azərbaycanın artan gücü ilə hesablaşmaq zorundadır.
Əsgər bala, rahat uyu. Bil ki, hər zaman, hər vaxt hamımızın qəlbindəsən. Sən öz qanınla Azərbaycanın tarixinə öz adını qızıl hərflərlə yazdın. Sən bizim qəlbimizdəsən!
Ruhun şad olsun! Şəhadətin mübarək!
Əminə Yusifqizi, Respublikanın əməkdar jurnalisti
Həftə içi.- 2021.- 9-11
yanvar.- S.7.