Üç övladı yadigar qalan şəhidimiz Yalçın Cavadov  

 

 

Cavadov Yalçın Aydın oğlu 19 may 1985-ci ildə Şamaxı rayonunun Sabir qəsəbəsində, sadə bir ailədə dünyaya göz açmışdır. 1992-ci ildə Sabir qəsəbəsində Alxan Alxanov adına tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2002-ci ildə orta məktəbi bitirmişdir. Vətənə borcunu ödəmək üçün 2003-cü ildə Naxçıvan MR-də Sərhəd Qoşunlarının “N”  saylı zastavasında xidmətə başlamışdır. Xidmət dövründə göstərdiyi nailiyyətlərə görə dəfələrlə ona fəxri fərman  və rütbə verilmişdir.

 

2004-cü ildə hərbi xidmətini başa vurmuşdur. 2006-ci ildə ailə həyatı qurmuşdur, 3 övlad atasıdır. Ailəsinin ehtiyacını  ödəmək üçün bir çox sahələrdə çalışmışdır. Vətənə qarşı o qədər sevgi dolu idi ki, bu məhəbbət onu yenidən hərbi həyata qaytardı və sənədlərini toplayaraq Müdafiə Nazirliyinə təqdim etdi.

 

2017-ci ilin may ayında ordu sıralarına çağırıldı. Hərbi xidmətinə  N”  saylı hərbi hissədən başladı. Burada işlədiyi müddət ərzində diplom fəxri fərmanlarla təltif olunmuşdur. Komandiri dəfələrlə Yalçını sıranın qarşısına çağıraraq, onun  nailiyyətləri haqqında danışırdı.

 

Yalçın bizlərə necə  olmağımızı deyirdi. O, xidmət  dövründə bizlərə mübarizruhlu olmağımızı tövsiyə edirdi. Xidmət  dövründə bir çox təlimləri həmişə olduğu kimi, birinciliklə bitirirdi.

 

Yalçın 27 sentyabr 2020-ci ildə Vətən müharibəsində iştirak etdi. Cəbrayıl, Füzuli uğrunda qəhrəmancasına döyüşürdü. Hər dəfə yeni kənd, qəsəbə, yüksəkliklər azad ediləndə ailəsinə  zəng vuraraq öz sevincini bölüşürdü. Deyərdi ki, ay qardaş, mənimlə fəxr edə bilərsiniz! Şanlı Bayrağımızı  azad etdiymiz torpaqlarımıza sancırıq.

 

 Yalçın 8 oktyabr tarixində Füzuli şəhərinin Qorğan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Komandiri onun haqqında məlumat verəndə bunları dedi: “Döyüşlərin qızğın yerində yaralandım. Neytral ərazidə qalmışdım. Yalçın qəhrəmancasına öz həyatını riskə atıb, məni düşməndən xilas etdiözü şəhid oldu. Ondan bizə 3 övladı yadigar qaldı: 2 oğul, 1 qız. Allah qardaşımıza rəhmət eləsin, ailəsinə və yaxınlarına səbir versin. Əziz qardaşım, sən cənnətdəsən. Şəhidlər ölmür, biz səni heç zaman unutmayacağıq, bizə əmanət etdiyin Vətəni və 3 övladını gözümüz kimi qoruyacağımıza söz veririk”.

 

 

Banu

 

Həftə içi.- 2021.- 9-11 yanvar.- S.7.