Şəhidlik zirvəsinə ucalan hərbi həkim Adil
Əfəndiyev
44 gün davam edən və ölkəmizin tarixi zəfəri ilə başa çatan Vətən müharibəsi bizləri eyni amal ətrafında bir yumruq kimi birləşdirdi. Neçə-neçə igid Vətən oğulları, Qarabağın azadlığı uğrunda gedən haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Elə bir azdan haqqında bəhs edəcəyimiz qəhrəmanımız, tibb xidməti leytenantı Adil Əfəndiyev də belə igidlərdən biridir.
Adil Əfəndiyev
12 avqust 1995-ci ildə
Qazax rayonunda anadan olub. 2001-ci ildə
rayonun Mehdi Hüseyn adına
məktəb-liseyində 1 ci
sinifə başlayır. 2012-ci ildə
həmin məktəbi
əla qiymətlərlə
bitirdikdən sonra, hərbi həkim işi ixtisasına daxil olur. 2018-ci ildə isə
universiteti bitirib təyinatla Naxçıvan
Muxtar respublikasının
Culfa rayonuna göndərilir. Burada tibb xidməti
rəisi vəzifəsində
çalışır. Xüsusi Təyinatlı Qüvvələrin
baş leytenantı, hərbi həkim Adil Əfəndiyev 22 oktyabr tarixində, Qubadlı rayonu istiqamətində gedən
döyüşlərdə şəhidlik zirvəsinə
ucalmışdır.
Hafta.az şəhidimizin anası Afət xanımla həmsöhbət
oldu.
Afət xanım deyir ki, oğlu həkim
olsa da, özünü hər zaman əsgər kimi hiss edirdi. Şəhidlik
zirvəsi onun üçün ən müqəddəs məqam
olub:
"Adil Naxçıvanda, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət
edirdi. Müharibə başlayandan sonra,
18 oktyabrda onlar döyüş bölgəsinə,
Füzuli rayonuna gətirilir. O, Qubadlı
istiqamətində gedən
döyüşlərdə yaralı komandiri Anar Əliyevin həyatını xilas edərkən şəhidliyə
ucalır. Adilə əmr ediblər
ki, həkimlər irəli getməsin, yaralı əsgərləri
sanitarlar döyüş
bölgəsindən çıxarsın.
O da deyib ki, "Mən komandirimi özüm xilas etməliyəm". Oğlum hər zaman
özünü tibb işçisi kimi yox, döyüşçü
kimi aparırdı.
O, heç vaxt arxada gözləyə bilməzdi. Əsgərlərlə yan-yana xidmət
edib, sonra da şəhidliyə ucaldı. Döyüş
yoldaşlarının dediyinə
görə, yaxınlaşıb
yaralının vəziyyəti
ilə maraqlanıb, yaralarını sarıyıb,
həmin an təkrar atılan minaatan atəşi nəticəsində özü
də qəlpə yarası alıb".
Həm özü,
həm də xilas etmək üçün canından
keçdiyi komandiri şəhidlik zirvəsinə
ucalır. Vətən müharibəsini şəhid hərbi həkimi Adil Əfəndiyev 3 gün sonra, 25 oktyabrda doğulub böyüdüyü
Qazax rayonunda torpağa tapşırılır.
Şəhid anası söyləyir
ki, oğlumun gələcəklə bağlı
çoxlu arzuları,
xəyalları var idi:
"Rezidenturaya hazırlaşırdı. Deyirdi, "Hələ
evlənmək üçün
tezdir, öncə təhsilimi davam etdirməliyəm". Sonuncu
dəfə keçən
il dekabr
ayında məzuniyyətə
gəlmişdi, onda görüşə bildik.
Bu il avqust
ayında məzuniyyət
götürsə də,
pandemiya ilə bağlı Naxçıvandan
gələ bilmədi.
Görüş üçün
gün sayırdıq,
yenidən gəlməli
idi, 25 günü qalmışdı...".
Ana oğlunun müharibəyə getdiyindən xəbərsiz olub. Anası nigaran qalmasın deyə, Adil cəbhəyə aparıldığını təkcə atasına deyir. Dönə-dönə tapşırır ki, anam bilməsin:
"Oktyabr ayının 18-nə kimi telefonla danışırdıq, sonra əlaqəmiz kəsildi. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyi üçün tez-tez dağa qalxırdılar. Sonuncu dəfə mənə dedi ki, "Ana, dağa çıxırıq yenə, zəng çatmasa narahat olma". Mən də ağladım. Dedi, niyə ağlayırsan, hər zaman getdiyim yerlərdir, narahat olma, gələcəyəm...".
Ata isə oğlunun müharibədə olduğunu bilirdi.
- Oğlum, diqqətli ol, özünü qoru.
- Narahat olma, mən həkiməm, həm burada, həm də ön cəbhədə döyüşən əsgərlər məndən də artıqdırlar.
- Anana de, qoy heç
olmasa o da bilsin cəbhədə olduğunu.
- Yox, demə harada olduğumu, nigaran qalacaq, elə bilsin Naxçıvandayam...
Ana titrək, lakin
bir o qədər də məğrur səsi ilə bildirir ki, oğlumun
canında, qanında Vətən sevgisi uşaqlıqdan var idi. O, Xüsusi Təyinatlı
olması ilə daim fəxr edib:
"İlk şəhid hərbi həkimTurqut Xəlilbəyli ilə qrup yoldaşıydılar. "Status"larına qoyurdu tez-tez. Görüb tanıdım, bildim ki həmin Turqutdur.
Ana ürəyidir, dözə bilməyib ağladım. Mənə
dedi ki, "Ay ana, niyə ağlayırsan, hər adama qismət olmur o zirvə, təki mən də ucala biləm...".
Qeyd edək
ki, 25 yaşlı qəhrəman şəhidimiz,
tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş
meydanında göstərdiyi
igidlik ölkə Prezidenti tərəfindən
də yüksək qiymətləndirildi. O, ölümündən
sonra, "Vətən
uğrunda”, "Şuşanın
azad olunmasına görə”,
"Hərbi xidmətlərə
görə” medalları
ilə təltif olunmuşdur.
Canı bahasına neçə-neçə əsgərin həyatını xilas edən qəhrəman həkim, bu xalq səni heç zaman unutmayacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin!
Banu
Həftə içi.- 2021.- 12-13 yanvar.- S.7.