Laçını görməyən
laçınlı şəhid
Tural Rəhimli
Dünya əhalisinin yüksək əksəriyyəti üçün müqəddəs olan ortaq məhfumlar vardır. Torpaq, dil, din və Vətən kimi... İllər ötüb-keçsə, nəsillər dəyişsə belə, Vətənə olan sevgi əsla tükənmir. Üzərində dayandığımız bu torpaqlar keçmişdən günümüzə yüzlərlə şəhidin bizə əmanətidir. Bütün şəhidləri birləşdirən ortaq hekayələri var, onların hər biri seçilmiş şəxslərdir. Onları tanımaq və tanıtmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün sizlərə əslən Laçından olan, o torpaqları görmədən sevən kəşfiyyatçı əsgər, qəhrəman şəhid Tural Rəhimli haqqında bəhs edəcəyik.
Tural Gəray oğlu Rəhimli 2001-ci il oktyabrın 27-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuşdur. Əslən Laçın rayonunun Korcabulaq kəndindən olan Tural 2007-ci ildə rayonun 45 saylı tam orta məktəbində təhsil almağa başlamış və həmin təhsil müəssisəsinin məzunu olmuşdur. Məktəb vaxtı Vətənə bağlılığı, Bayrağa sevgisi ilə hər kəsdən fərqlənirdi. Tural Laçın həsrəti ilə yaşayırdı. Onu tanıyanlar bu sevgini yaxşı bilirdi. 2019-cu il oktyabrın 28-də hərbi xidmətə gülə-gülə bayrağa bükülü vəziyyətdə yola düşən Tural elə ilk günlərdən könülü şəkildə ön cəbhədə xidmət etməyə başlayır. Kəşfiyyat bölüyündə olan Tural Rəhimli dostları və ailəsi ilə danışdığında deyirdi: “Şəhid olsam ağlamayın, Laçını alacağıq, İnşallah”.
İkinci Qarabağ müharibəsi başlayan gündən igidlik göstərən cəsur kəşfiyyatçı Tural 1 oktyabr səhər saatlarında atasına zəng edərək, “Hər şey yaxşıdır Torpaqlarımızı yağı düşməndən azad edirik. Şəhid olsam ağlamayın”, – dedi. Elə həmin gün günorta saatlarında, Suqovuşan uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalır...
Hafta.az qəhrəman Şəhidin ailəsi və yaxınları ilə həmsöhbət oldu. Onlar öz xatirələrini bizimlə bölüşdülər.
İlk öncə Turalın əsgər yoldaşı onun haqqında danışarkən dedi:
“O, bir qəhrəman idi, düşmən üzərinə gözündə heç bir qorxu olmadan irəliləyirdi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Məkanları cənnətdir”.
Anası Süsən Rəhimli də oğlunun gənc ömrünə
sığdırdığı sonsuz qəhrəmanlıqdan
söz açdı. O dedi ki, Tural anadan
olandan qeyri-adi uşaq idi. Vətənpərvərliyi ilə
hamıdan seçilirdi:
“Oxumaqla arası
yox idi. Elə uşaq
vaxtlarından “Mən
əsgər olacağam”,
– deyirdi. Balaca olanda bir dəfə
atasına dedi ki, Rusiya vətəndaşlığı
alsın. Sonra isə Laçına
gedib oraları görsün. Bunun başqa yolu yoxdur...”.
Süsən xanım bildirir
ki, Tural bayrağımıza bükülüb
yollandı xidmətinə,
o bayrağın uğrunda
can verib, ona sarılıb şanlı
qayıdışını etdi:
“Evdən çıxanda
Şəxsiyyət Vəsiqəsini
tapa bilmədim. Əsəbiləşib çıxıb getdi.
Söylədi ki, tapıb
arxamca gətirərsiniz.
Əsgərliyə getməyi də
onun üçün bir toy-bayram idi. Həmin gün, ancaq
bayrağa büründü.
Onu bir an
belə çiynindən
yerə qoymadı. Gedəndə ağlamırdım, ancaq mənə ağır idi. Yenə də balamı gülə-gülə yola
saldım ki, narahat qalmasın. Sonra yuxuda gördüm ki, müharibə başlayıb və Tural şəhid olub. Yuxularımdan qorxurdum. Qəlbimin dərinliyində
məni narahat edirdi”.
Ana söylədi ki, bir il Turalı görə bilmədik. Nə o məzuniyyətə gələ bildi, nə də biz getdik yanına. Uşaq vaxtı mənə bir məktub yazmışdı:
“Ana, səni çox sevirəm. Heç vaxt da səndən küsməyəcəyəm”.
“Gələcəksən?” sualını
verəndə, heç
vaxt “Gələcəyəm”
demirdi. Elə bil ürəyinə
danmışdı. Getməmişdən
əvvəl, evdə divanda oturub dedi ki, “Əgər
şəhid olsam, ağlama. Şəhidlik zirvəsi hər
adama qismət olmur”.
Daha sonra şəhidimizin nənəsi
Gülbəz Məmmədova
da saytımıza danışdı. O, Turalın şəhid olacağını
ilk gündən bildiyini
dedi. Daha sonra illəröncə 10
yaşlı balaca Turalla bir söhbətini
xatıdladı...
- Nənə, çox “Laçın-Laçın” deyirsən.
Gedəcəyəm ora və şəhid olacağam.
- Bala, niyə elə deyirsən? Denən ki, Laçını alıb, qayıdıb gəlib səni də aparacağam ora.
- Bilmək olmaz. Şəhid olacağam və məni bayrağa büküb dəfn edəcəklər. Onda sən
mənimlə fəxr
edəcəksən.
Qismət belə imiş. Allah onların qanını yerdə qoymadı.
Şəhidin atası Gəray
Rəhimli isə oğlunun Vətən sevgisini bu sözlərlə
ifadə etdi:
“Tural dünyaya gələn gündən bəri keçən 18 il 18 gün kimi gəlir mənə. Əsgərliyə gedəndə andiçmə
mərasimi noyabrın
9-da oldu. Biz də iştirak etdik. Kəşfiyyat bölüyündə xidmət edirdi. Hərbi hissədə 41 nömrəli
otaqda yatırdı.
Laçının seriyası idi
41. Onun telefon nömrəsi də 41 rəqəmi ilə başlayırdı...”.
Qeyd edək ki, Prezidentin
sərəncamı ilə
şəhid Tural Rəhimli ölümündən
sonra «Suqovuşan» və «Vətən Uğrunda» medalları ilə təltif olunub. Bu müddət
ərzində şəhidin
ailəsinin ehtiyacları
və qayğıları
ilə Heydər Əliyev Fondu və YAŞAT Fondu yaxından maraqlanıb.
Rahat uyu, qəhrəman Şəhid,
bu gün Sənin Laçınında
Sənin bayrağın
dalğalanır. Uğrunda can verdiyin üçrəngli
Bayrağımız sizlər
var olduqca daim zirvələrdə dalğalanacaq.
Allah rəhmət etsin!
Sabir Baxşəliyev
Həftə içi.- 2021.- 28-29 yanvar.-S.6.