Vallah, kəhrizdən ayıbdı...

 

Turist kimi gəzmişəm,

Qarış-qarış Yurdumu!

Hələ yada salmıram,

Süründüyüm Ordumu!

 

* * *

 

Əlimdə qayçı, dəryaz,

Toz-torpaq uda-uda!

İstəyirəm mən dönəm,

Nisgilli, dərdli Yurda!

 

* * *

 

Gözümüzü açandan,

Eşitdik: “Araz”, “Araz”...

O vaxtlar Qarqar bizə,

Dayaz idi, damdayaz...

 

* * *

 

İndi keçilməz olub,

Dərindən də dərindi...

Yeganə təsəllimiz,

Bu dərdimiz sərindi...

 

* * *

 

Bir də ümid çırağı,

Qurumayan o kəhriz...

O vaxtlar düşünərdik,

- “Nə ərköyün bu kəhriz...”-

 

* * *

 

Kənkanlarla qol-boyun,

Yaşamaqdan zövq alır.

Onlar nazın çəkməsə,

Suyu tez-tez azalır...

 

* * *

 

İndi bu fikrə görə,

Utanıram özümdən...

Düz otuz il sərasər,

Yaş axıdıb gözündən...

 

* * *

 

Arınıb zir-zibildən,

Xirtdəyinə çıxsa da...

Axıdıb göz yaşını,

Öz içinə axsa da...

 

* * *

 

İndi mən o kəhrizin

Yanına turist kimi...

Yaxası zınqırovlu,

Muncuqlu artist kimi...

 

* * *

 

Necə gedim, a Millət!?

Dilə gəlib deməzmi:

-Hanı sənin külüngün?!-

Göz yaşını yeməzmi?!

 

* * *

 

Ya evimin divarı,

Qarqarın qara daşı,

Şahbulağın ağ daşı,

Atıb-tutmazmı başı?!

 

* * *

 

Soruşmazmı, nə vaxtdır,

Hardasan, “İşlərbaşı”!?

Qalmayıb xanəgahın,

Artıq daş üstə daşı...

 

* * *

 

Hanı malan, şuğulun!?

Ya isgənən, sığırğan!?

Neçə vaxtdır, hardasan!?

- Burda hamı bağrı qan...

 

* * *

 

Bəlkə də kəhriz kimi,

Arılar da vəfalı...

Kötüklər ta çürüyüb,

Pətək arar səfalı...

 

* * *

 

Kol-kos basmış arxların

İtib bəndi-bərəsi...

Məni görcək deməzmi,

- Hanı bunun dəhrəsi!?-

 

* * *

 

İndi mən o kəhrizin

Yanından turist kimi...

Yaxası zınqırovlu,

Muncuqlu artist kimi...

 

* * *

 

Ötüb keçə bilmərəm,

Bəlkə  bir “ajıqıjı”

İllərdi yol gözləyir,

- Harda qaldı bu “Qıjı”!?

 

* * *

 

Məndən dastan gözləyən,

Mən “Zəfər dastanım”ı

Bax, orda yazacağam,

- Əkəcəm bostanımı...

 

* * *

 

Hər tutumu çırpanda,

Ya da üzüm dərəndə...

Axtalıq zoğalları

Kölgəliyə sərəndə...

 

* * *

 

Gözü bıçaqlı əzgil

Batsın sənin gözünə...

Buz quyumdan içməmiş

Söz baxarmı sözümə!?

 

* * *

 

Ən sonuncu adamsan,

Bu işdən  söz açmağa!

Qısqı bərk gələn kimi,

Yer gəzərsən qaçmağa...

 

* * *

 

Öz işinlə məşğul ol!!!

Qoy, dərdli dərdin çəksin...

Gilas da dəriləcək,

Döz, barı bir  ting əksin...

 

Zaur Ustac

 

Həftə içi.- 2022.- 21-27 aprel.- S.8.