Tezliklə "Şuşa
haqqı" adlı
kitabım çap olunacaq
Budəfəki həmsöhbətim
şairə, yazıçı-publisist, Azərbaycan
Yazıçılar və Azərbaycan Jurnalistlər birliyinin üzvü, Prezident mükafatçısı və Beynəlxalq
Rəsul Rza mükafatı laureatı Şahnaz Şahindir. Onunla yaradıcılığı, dəyişən
dünyaya baxışı, şeirlərində
üz tutduğu məqamlar
və s. haqqında söhbətləşdik:
-Şahnaz
xanım, bir yazıçı-publisist olaraq necə hesab edirsiz, dəyişən dünyada
Azərbaycan insanı, ədəbiyyatı hansı yerdə
dayanır?
- Dünya çox kiçik imiş. Baxmayaraq ki, onu çox böyük bilirdik. Bu mövzunun bir essemdə də çözümünü tapmağa çalışmışam. “Bu gün dünya bir ovuc içinə sığır”- desəm, məncə səhv etmərəm. Bir vaxt insanlar üçün əlçatmaz olan çox şey, indi yaxın və əldə edilə biləndir. Yaradan dünyanı bütün detallarıyla mükəmməl qurub. Amma biz insanlar görün onu nə günə qoymuşuq...
Bitib tükənməyən dartışmalar, müharibələr, onun acı nəticələri göz önündədir. Güclü zəifin qəniminə çevrilib. Hegəmon dövlətlər dünyanı öz istəklərinə uyğun olaraq idarə etməkdə israrlıdır... Dünyanın müxtəlif nöqtələrində on illiklərlə bitməyən münaqişə ocaqları var. İnsanlar öz yurdundan, yaşadığı doğma torpaqlarından qovulub çıxarılır, qaçqına, köçkünə çevrilir...
Uzağa niyə gedək ki, elə bizim Qarabağ məsələsi. Nə yaxşı dövlətimiz, xalqımız və ordumuz bir yumruq olmaqla dədə-baba torpaqlarımızı azad edə bildi. Doğrudur, bu gün Şuşa və Xankəndi ətrafında baş verənlər hər bir vətəndaşımızı narahat edir. Amma mən dövlətimə də, onun rəhbərinə də inanıram.
Heç şübhəsiz, insan da təbiətin bir parçasıdır. Təbiətdə baş verən bütün proseslər insan bədəni və ruhunda gedir. Bir şeirimdə yazıram...
...Anam insan doğmuşdu
Məni dünya daş etdi.
Könlümü çilik-çilik
Gözlərimi yaş etdi...
Yaxud,
Mən tənha, o kimsəsiz,
Allahım, bu nə işdi!..
Sən belə qurmadın... yox,
Dünyanı kim dəyişdi?...
Bəli, baş verənlər birbaşa insan xarakterinə, psixologiyasına təsir edir. Bir dostum deyir ki, dünyada yeni insan növü, yaxud tipi yaranır.Məncə də...
Sivilizasiyalararası inteqrasiyanın nə yaxşı ki, müsbət tərəfləri də var. İnsanlar dünyanın bu başından o başına internet vasitəsilə yol çəkir. Qalır bu yol ilə nə daşıyır, nə alır, nə verir...
Mədəniyyətlər qovuşur, birləşir, inkişaf edir. Bəzən biz özümüz səhvlər edirik. Əlbəttə insan yeniliyə açıq olmalı, özünü və bununla yaşadığı cəmiyyəti müsbətə dəyişməyə çalışmalıdır. Amma yanlış nəticə çıxarmaq olmaz. Məsələn, bizdə bineyi-qədimdən ictimai yerlərdə, marşrutlarda yaşlı insanlara, kiçik yaşlı uşaqlara qayğı və ehtiram olub. Bir ara bu sanki aradan qalxmışdı. Səbəbi isə o idi ki, xaricdə heç kəs yerini başqasına vermir. İndi şükür ki, bir az düzəlmişik...
Mən Türkiyədə olarkən bu məsələyə fikir verirdim. İstanbulda şəhərin bu başından o başına, metrobüslə getməyə azı 2-3 saat vaxt lazımdır. Əlbəttə o qədər ayaq üstə getmək çox çətindir. Amma yenə yerini məlum kontingentə verib özü ayaq üstə gedən əcnəbiləri belə gördüm və buna sevindim.
Azərbaycan xalqının qədim, özünə məxsus şərq adət-ənənələri var və onları unutmağa, hörmətsiz yanaşmağa haqqımız yoxdur..
Ədəbiyyatın da boynuna bu məsələdə müəyyən öhdəliklər düşür. Söz çox böyük qüvvədir. Bütün etdiklərimiz və ya etmək istədiklərimiz əvvəl beynimizdə söz kimi yazılır. Sonra icra etməyə başlayırıq. Dərsliklər, bədii ədəbiyyat vasitəsilə gələcək nəslə mesajlar verir, onları yetişdiririk. Elə olmasın ki, səhv mesaj verək, pis nümunə göstərək.
Hər halda ədəbiyyatımız da yaşadığımız dünya kimi çalxalanıb ortaya dəyərli bədii nümunələr qoyub və qoyur. Sapmalar isə hər sahədə ola bilər...
-Sosial media-şəbəkələrdən
dünyaya baxanda nə
görürsüz?
- Hər gün yüzlərlə xəbər tirajlanır. Xarici və ölkədaxili xəbərlərlə bəyin yüklənir. Xəbərlərin içərisində də xoş olanı azlıq təşkil edir təəssüf ki. Elə öz ölkəmizdə ailə-məişət zəminində ciddi münaqişələr, amansız qətllər qan dondurur. Hipokratın belə bir sözü var, biz nə yeyiriksə oyuq... Deməli, bəzi sualların cavabı elə yeyib içdiklərimizdə gizlənib...
İnsanlar bir-birindən uzaqlaşır,
doğmalar yad olur... Mən müşahidə etməyi xoşlayıram,
telefon bir damın altında yaşayan adamların da arasına "girib".
Uşaqları da, hətta görüşə çıxan
sevgililəri də bu mobil cihaz
özünə təslim
edib. Görürəm dəniz kənarında
və ya başqa yerdə baş-başa verib öz aralarında söhbət etmək əvəzinə telefona baxır. Nə tez bitdi bunların
sözü İlahi, bu məni çox
narahat edir...
Dünyaya uzaqdan baxmaq şair kimi maraqlıdır. Mən ona baxanda görmək
istədiklərimi görürəm.. Amma təəssüf ki, reallıq başqadır. Əlimizdən
heç nə gəlmirsə heç olmasa bir damcı
sevgi verək ona, dünyanın sevgiyə ehtiyacı var...
-Şahnaz xanım, belə hesab edilir ki, mövcud
inteqrasiya prosesində
xaricdən idarə olunan ideoloji siyasət asta-asta milli dəyərlərin itməsində təsirini
göstərir...
-Azərbaycan xalqının
illərin sınağından
çıxmış ailə
dəyərləri, özünəməxsus
milli dəyərləri,
adət-ənənələri var, bu digər
xalqların adətlərindən
fərqlidir. Elə götürək Ailə İnstitutu dediyimiz, uzun illər formalaşmış
dəyər göstəricilərini.
Bu dediklərimiz zatən gizli deyil artıq və təsirini də görürük.
Mənim ailə haqqında təsəvvürlərim həm
keçmişə söykənir,
həm də yeniliyə. Ailəni iki nəfər
qurur amma onun yaranmasında, davamlı olmasında cəmiyyətin böyük
rolu var.
Hamımız telekanalların nümayiş
etdirdiyi sosial verlişləri
görüb baxırıq.
Azyaşlı qızların
nikaha cəlb olunması özlüyündə
nə qədər fəsada və gələcək faciələrə
yol açır... Övladını atan valideynlər,
valideyninə ögey münasibət göstərən
övladlar görürük...Evin sirri elə
çıxmazdı bundan
irəli. Ağsaqql,
ağbirçək sözü
keçərliydi...
Yenə deyirəm, yeniliklərin içindən özümüzə
uyğun olanı seçməli, köhnə
dəyərləri də
qorumalıyıq.
- Virtuallıq sosiallaşmada hansı töhfəsini verə bilir və hansı
mədəni ənənələri
yaradır?
-Sosiallaşma artıq zamanın tələbidir.
Neyləsən də kənarda
qala bilməzsən.
Normal virtual əlaqələr qurulur, insanlar, o cümlədən ədəbiyyat
adamların arasında da
yeni tanışlıq,
dostluq körpüləri
qurulur.
Hind filosofu Robindranat Taqor deyir ki,
ağaclar göy üzündə öz tənhalığını, otlar
yerdə özünə
bənzər otlar axtarır...Eləcə də insanlar...
Ölçüləri, biçiləri
dəyişib,
böyükləri, kiçikləri
dəyişib.
Sevgiləri, seçkiləri dəyişib,
Bu dünyanın çərxi
boşa fırlanır...
-Azərbaycanın
təbliğat maşınları
- televiziya, ədəbiyyat,
incəsənət, media milli
- mənəvi dəyərlərin
qorunmasında nə kimi işləri görə bilir?
-Bütün dünyada olduğu kimi burda da radio və televiziya geniş auditoriyaya malik təbliğat maşınıdır, əlbəttə.
İndi isə buna media da qoşulub. Məlumat almaq üçün yutub televiziya kanalları da xüsusi rol alıb.
Hesab edirəm
ki, incəsənət
ustalarının ifasında
vətən, qəhrəmanlıq
mahnıları da milli ruhun canlanması
və uca saxlanmasında böyük
təsirə malikdir.
Vətən müharibəsi, qazandığımız
qələbə, xalqımızın
birliyi, doğma torpaqlar uğrunda şəhidlik zirvəsinə
ucalan qəhrəman oğullar ədəbiyyatımızda
yeni mövzu oldu...
Elə mən özüm də Qarabağ, müharibə,
qələbə mövzusunda
iki kitab ərsəyə gətirmişəm. İndi isə
"Şuşa haqqı"
adlı kitabım çap ərəfəsindədir.
Kitaba eyni adlı poema və əlavə iki poema da
olmaqla vətənpərvərlik
şeirləri daxil edilmişdir...
Biz bir azərbaycanlı
kimi milli dəyərlərimizi qoruyub
yaşatmalı və
gələcək nəslə
ötürməliyik. Bu işdə
isə adını çəkdiyimiz təbliğat
vasitələrinin rolu
danılmazdır...
-Şahnaz xanım, söhbətimizi ümumiləşdirsək,
sizin həyata, ədəbiyyata, sözə baxış
fəlsəfənizdə dayanan
əsas xətt nədir və şeirlərinizdə
öz əksini necə tapır?
- Mən bunu bir
dəfə etiraf etmişəm, bəzən
sual verəndə nə vaxtdan şeir yazırsınız,
əsasən cavablar eyni olur-uşaqlıqdan, məktəbli vaxtlarımdan və
s. Mən tələbəlik illərində şeirlər
yazmışam, çap
da olunub. Amma ədəbiyyata anamın itkisindən sonra gəlmişəm. Bu heç
gözləmədiyim bir
zamanda baş verib... "Xoşbəxtlikdən yazılmır
xoşbəxt şeirlər,".. yazmışam
bir şeirimdə. O ana xətt elə
kədərdir məncə.
Ta Füzulidən bəri
maddi çətinlik çəkən gördük
şairləri... Ədəbiyyat, poeziya insanı yonub yeni bir
insana çevirir əslində.
Mövzu çoxdu,
lap yeriyib keçdiyimiz
yolda, baxdığımız
kolda, açan solan çiçəkdə,
düşən yarpaqda,
güldə...
Ona görə də bu yaxınlarda
Elçin Əfəndiyev
“Ədəbiyyat” qəzetində
" Hər tərəf
şeirdir..." şeirimi
belə təhlil etmişdi. Açan, solan çiçəkdə,
düşən yarpaqda,
xırda otlardan yaranır şeir.
Mən həyatın hər anından şeir yaratmaq istəyirəm, orda isə həm
kədər var, həm sevinc, həm sevgi, həm vüsal, həm də ayrılıq...
Bütün şeirlərimi Allahım
üçün qələmə
alıram, çünki
o sözü mənə
mənim Allahım göndərib...
"İlahi, sən izn ver,
Canımdan can çıxardım.
Yonum, töküm içindən,
Yeni insan çıxardım..."
yazıram..
Bax mənə görə şairlik yaradanın seçdiyi bəndəsinə
etdiyi vəhydir, şeir
yazmaq isə ölüb dirilmək, tamamilə yeni insan olmaqdır... Bacaracaqsansa nə xoş sənə...
Şeirlərimdə döyüş
də var, mübarizə də, şikayət də var, dözüm də, yorulub özündən qaçış
da var, özünə
qayıdış da...
Mən qəhrəmanımı
həyatın bütün
sahələrində tapa
bilirəm...
Sözün başladığı yer də, bitdiyi
yer də mənə görə Odur-Allahdır... Sirli, möcüzəli, əbədi
olandır...
Şahnaz Şahin
Söhbətləşdi:
Tahirə Qafarlı
Həftə içi.- 2022.-
22-28 dekabr.- S.8.