“Tanrı evində gizlənən sevgi

 

 Əliş Anna  poemasından

 

Yuxular gerçək olmadığı kimi yaşanan hadisələr də bir parça xoşbəxtlikdə gizlidir. Qalanları sadəcə yalandır.”

Həyatımızda baş verən hadisələr qarışıq duyğularımızdan doğulan kabusdur. Bu kabuslar bəzən yaralayır, incidir, bəzən də gücləndirir. Neçə-neçə şahid olduğumuzsevgi tarixçələri”  bu dediklərimə misaldır. Baxın, “sevgi macəraları” söyləmədim, “tarixçə” dedim, çünki sevginin yaşı olmur. Onun yaşı olarsa, demək, sevgililərin ayrılıq günü gəlib çatıb.

Sevginin yaşı olmadığı kimi hadisələrin də bəzən səbəbi olmur. Səbəbsiz hadisələr sonsuz sevgilər kimi gizlidir. Onların tarixçəsini bilmək üçün sizbu qarışıq duyğuları yaşamalısınız…

Anlatdığım  “qarışıq duyğuları”  şair Zaur Ustacın “Əliş və Anna” poemasında yenidən yaşadım. Bu qarışıq duyğuların adı olmur. Düşünün, yaşanan hadisələrin adı varmı? Təbii ki, yoxdur!

Zaur müəllimin yaradıcılıq dünyasına səyahət etdikdə möcüzəli çərxi fələklə rastlaşdığımı söyləməliyəm. Bu gün məhz “Əliş və Annadan deyil, onların Tanrıya bağlanan sevgisindən danışacam.

Onların sevgisinə mən də şahid  olduqda bir neçə dəqiqəlik NizamininLeyli və Məcnun”una  səyahət etdim. Oxşarlıq deməyək, çünki mən heç vaxt iki müxtəlif sevgini bir-birinə bənzətmirəm. Sevgi tək varlıqdır. Hər insanın dünyasında yaşayan həmdəmidir, onun parasıdır. Baxın, başlıqda qeyd etdiyim kimi “hadisələr də bir parça xoşbəxtlikdə gizlidir” . “Bir parça xoşbəxtlik” dedikdə sevgini nəzərdə tutdum. Yəni ki, insan ömründə çox hadisələr baş verə bilər, bu bir insan, yaxud məzlum ola bilər. Ancaq onunbir parça xoşbəxtliyi”  hamıdan xəbərsiz qəlbinin dərinliklərində gizlidir.  Bu dediyim “xoşbəxtlik”  Sevgidir. Əliş və Annanın da sevgisi qəlblərində gizlidir, həm də ən dərinlikdə. Əgər “sevgi” nəfəs alırsa, demək onlar da yaşayır.

Hamı çalışdı ki, Əliş və Annanı bir-birindən ayırsın. Unutmayın ki, Anna Əlişin qollarında olmasa belə qürbət əllərdə olsa da, qəlbinin evində SEVGİ var. O hələ də yaşayır! Əgər Sevgi ölməyibsə, onlar ölə bilməz!

Ən təsirli səhnə də Əlişin başının boynundan ayrılması idi. Yenidən bu səhnəni qələmə aldıqda dediyim “qarışıq duyğuları” yaşayıram. Bu duyğuların hər birində Əliş və Annanın sevgisi xatırlanır. Zaur müəllimin qələmi bu hayqırışı elə söyləyib ki, səsi duyulmur bu ah-nalənin. Annanın ah-naləsini duyan yalnız Əliş və qəlb evində gizlənən Sevgidir!

Siz bilirsinizmi ki, hər dəfə hayqırışınız, üsyanınız, kədər-qəminizi duyan Sevgi çiçək kimi ömründən bir ləçək qoparır? Bu qopan ləçəklər geri dönmür

Yalana sarılmış insanlar” düşündülər ki, Əliş və Annanı ayıracaqlar. Bəlkə bu fani dünyada qovuşa bilmədilər, ancaq Tanrı onlara qollarını açdı… Onların ölü bədənindən qorxub qaçan Sevgi Tanrının evində gizləndi. Beləliklə, Əliş və Annanın sevgisi ölümsüzləşdi!

 

Səma Muğanna,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Həftə içi.- 2022.- 7-13 iyul.- S.8.