Qurban Bayramının özəllikləri

 

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Qazılər Şurasının üzvü  Hacı Fuad Nurullayev hafta.az üçün budəfəki müsahibəsində koronavirus pandemiyası ilə bağlı əksər məhdudiyyət və qadağalar aradan qaldırıldıqdan sonra keçirilən Həcc mərasimi və Qurban bayramlarının icrasındakı dəyişikliklər, işğaldan azad edilmiş torpaqlarımızda gözlənilən bayram tədbirlərindən danışdı, Həcc ziyarəti və qurbanlıq heyvanların kəsimi ilə bağlı şəri hökmlər barədə oxuculardan ünvanlanmış sualları cavablandırdı.

 

- Hacı, bildiyimiz kimi, ötən illərdən fərqli olaraq bu il pandemiya ilə bağlı, demək olar ki, bütün məhdudiyyət və qadağalar aradan qalxıb. Bu mənada artıq başlanmış Həcc mərasimində ötənildəkindən hansı fərqlər var? Qarşıdakı Qurban bayramında hansı yeniliklər gözlənilir?

- Həcc ilə bağlı onu deyə bilərik ki, Allaha şükürlər olsun, artıq mərasim  başlayıb. Azərbaycana 680 nəfərlik kvota verilib. Sonuncu reys iyulun 2-də yola salınıb. Zəvvarlarımız Ümrə Həcclərini icra ediblər. Hazırda hər şey qaydasındadır.  Həccin əsas ayinlərinin icrasına hazırlıq görülür. Zəvvarlarımızla mütəmadi əlaqə saxlayırıq; heç bir ciddi problemləri yoxdur, xoş xəbərlərini alırıq. Dünən – iyulun 5-də soydaşlarımız Məkkədə şəhidlərimizin ruhuna xatir  ehsanat süfrəsi açıb, onların ruhuna dualar oxuyublar. Və digər lazımi tədbirlər də həyata keçirilir.  Ümidvarıq ki, inşAllah, sağ-salamat qurbanlarını da kəsəcəklər. Allah ziyarət və qurbanlarını qəbul etsin!..

Ötən 2021 və 2020-ci illərdə pandemiya ilə bağlı, bir çox ölkələrdən olduğu kimi, Azərbaycandan da demək olar ki, Həccə gediş durdurulmuşdu. Yalnız Səudiyyənin özü və  bir neçə daha münasib ölkədən çox cüzi sayda zəvvarın ziyarəti üçün şərait yaradılmışdı.  İslam şəriətinə görə, heç bir halda Kəbəni boş qoymaq olmaz.  Peyğəmbərimizin (ə.s.) bununla bağlı hədisi var ki, Həcci, yəni Kəbəni heç vaxt boş qoymayın... 

Qurbana gəldikdə, bildiyiniz kimi, dövlətimiz tərəfindən iyulun 9-10-u – iki gün Qurban bayramı kimi qəbul olunub. Əslində, dini baxımdan Qurban günləri üç gündür. Odur ki, 9, 10 və 11 iyul tarixlərində qurban kəsmək mümkündür.  Ötən iki ildəkindən fərqli olaraq bu il daha sərbəst şəkildə hər bir müsəlman harada istədisə, Allah yolunda qurbanını kəsəcək, inşAllah. Bütün məscidlərimizdə bayram namazları da qılınacaq.  Qeyri-adi bir məhdudiyyət yoxdur... 

- Hacı, oxucularımızdan bir neçə sual var. Məsələn, sual edirlər ki, bəziləri sağ-salamat ikən kiməsə pul verərək öz yerinə naib tutub Həccə göndərir. Bu, nə dərəcədə doğrudur?

- İnsan özü nə qədər ki, sağdır, öz yerinə başqasını naib edib Həccə göndərə bilməz. Yalnız, məsələn, mənim atam-anam dünyasını dəyişib və onların boynuna Həcc ziyarəti gəlmişdisə, lakin sağlıqlarında gedə bilməmişdilərsə, qismət olmamışdısa,  mən onların böyük övladı olaraq  yerlərinə Həcc ziyarətinə gedə bilərəm...

Necə ki, İslam şəriətındə atanın (gözəl olar ki, ananın da)  qəzaya getmiş namazlarını da böyük oğulun onun əvəzindən qılması buyurulur. Eləcə  də öz boynuna düşən Həcc ziyarətini icra edibsə, böyük oğul növbəti dəfə həmin ziyarətə ata və anasının adından gedə bilər.  Məsələn, atanın boynunda Həcc qalmayıbsa, mən  böyük oğul kimi onun əvəzinə ikinci dəfə də Məkkəni ziyarət edə bilərəm…

 Bir sözlə, insan sağ olduğu halda, kimisə öz yerinə Həcc ziyarəti üçün naib etməsi yanlışdır və qəbul olunmur. Yalnız rəhmətə getmiş insanlar üçün kimsələr naib olub ziyarətə gedə bilər.  Bir şəxs o dərəcədə yaşlı və xəstədirsə ki,  yerimək imkanı belə, yoxdur, ancaq anlaqlıdırsa, həkim buna icazə verirsə, o, əlil arabasında və ya başqa formada ziyarətə aparıla bilər.

Bununla belə, Həcc ziyarətində bəzi icra edilməsi vacib olan ayinlər var ki, onları xəstə zəvvarın əvəzinə kimsə edə bilər. Məsələn, Minada qurban kəsməyə, şeytana daş atmağa özü gedə bilmirsə,  bir nəfəri bu işlər üçün naib edə bilər.  Yaxud orada qılınan bəzi namazları da qılmaq üçün naib tutulması mümkündür.  Qalan məsələləri hər bir zəvvar özü icra etməlidir. Məsələn, Ərəfəyə getmək, daş yığmağa hər kəs yalnız özü gedə bilər.  Hətta həmin əsnada zəvvar xəstə olsa, onu təcilu yardım maşınında daş yığılan məkana gətirirlər və onun yerinə başqa bir adamı naib edirlər ki, onun üçün daş toplasın…

- Birinin atası ayrıca yaşayırsa və Qurban bayramında qurban kəsməyi niyyət edibsə, lakin bayrama az qalmış rəhmətə gedibsə, oğlu, yaxud qızı onun əvəzindən qurban kəsdirə bilərmi?

- Öncə onu deyim ki, Məkkədə Həcc ziyarətində olan hər bir zəvvar öz adından mütləq bir qurban kəsməlidir. Bu, vacibdir. Orada başqa dogma və ya qohum-əqrəba üçün qurban kəsmək vacib deyil.  Kiminsə imkanı var və buna niyyət edibsə, yaxud digər bir şəxs ona pul veribsə ki, mənim də adımdan Məkkədə qurban kəs, onları, təbii ki, kəsə bilərlər. Biz daim tövsiyə edirik ki, burada yaşayan şəxsin Məkkədə öz adına qurban kəsdirməsi vacibat deyil.  Daha yaxşı olar ki, imkanı olan insanlar qurbanları öz vətənlərində, el-obalarında, kəndlərində, şəhərlərində kəssinlər ki,  burada – öz ətrafında olan yoxsul və kimsəsizlərə həmin qurban ətindən pay versinlər. Konkret kiminsə dünyadan köçmüş atası əvəzində qurban kəsdirməyinə gəlincə, bu da olar. Dediyim kimi, Həcc ziyarətindəki qurbandan savayı, digərləri üçün şəri, vacibat hökmü yoxdur…

Bir məqamı da deyim. Ola bilər ki,  qonşuluğumuzda müsəlmanlardan savayı, digər dinlərə mənsub, məsələn, xristian, yəhudi kasıblar da var. Biz kəsdiyimiz qurbandan həmin yoxsul qeyri-müsəlmanlara da verməyə borcluyuq. Onlar da biləcək ki, bu gün müsəlmanların Qurban bayramıdır.  Özü də necə bir gözəl bayramdırsa, biz müsəlman olmasaq belə, bizim də qapımızı döyüb bizə də pay verdilər. Bu minvalla həm müsəlmanlarla qeyri-müsəlmanlar arasında xoş münasibət, məhəbbət, mehribanlıq yaranır. Eyni zamanda həmin qeyri-müsəlmanların qəlbində İslama, müsəlmanlara qarşı hüsni-rəğbət və sevgi baş qaldırır…

- Bütpəst qonşuya da Qurban payı verilə bilərmi?

- Bəli, fərqi yoxdur, lap dinsiz, ateist olsun. Hər kim olursa-olsun, sənin qonşundursa və imkansızdırsa, kəsdiyin qurbandan Allah rizası üçün ona da pay verməklə həm böyük savab qazanırsan, həm də onun qəlbində İslama, müsəlmanlara sevgi məhəbbət yaradırsan…

– Alınmış qurbanlığın ölməsi, yaxud kəsildikdən sonra qurbanın ətinin xəstə olduğunun ortaya çıxması halında yeni heyvan alıb kəsmək gərəklidirmi?

– Bəli, ola bilər ki, bir adam bayramdan bir ay öncə qurbanlıq qoç alıb həyətinə gətirib və bütün əzaları yerində, sağlamdır. Qurban bayramına bir gün qalmış həmin heyvan xəstələnir və ölür. Bu adamın da imkanı yoxdur artıq ikinci qurbanlıq heyvan almağa... Artıq buna heç ehtiyac da yoxdur. Qurbanlıq borcu onun boynundan götürülür.  Heç bir narahatlığı yoxdur. Yəni bəndə açıq qəlblə niyyət etmişdi, həmin heyvanı kəsməyə, amma Allah istəmədi, məsləhət olmadı... Biz elə fakta rast gəlmişik ki, adam qurban kəsmək üçün dana alıb, bayram ərəfəsi heyvan qaçıb əldən çıxıb. Həmin adamın imkanı, pulu olub gedib yeni heyvan alıb kəsib və yaxud başqa bir məqam da ola bilər. Tutaq ki, biri pul toplamışdı, qurban almağa,  bayramdan iki gün öncə, hansısa bir hadisə, qəza, xəstəlik və s. baş verdi və həmin vəsait məcburən xərcləndi, əldən çıxdı. Yenə də heç bir narahatçılığı yoxdur, əgər həmin insan Allah rizası üçün həmin pulla qurbanlıq heyvan alıb kəsməyi niyyət etmişdisə və hazırda onun əlində doğrudan da eyni məbləğdə başqa pul qalmayıbsa,   artıq bu vəzifə onun boynundan götürülür...

Heyvanın kəsiləndən sonra xəstə olmasının bilinməsi kimi bir faktla isə rastlaşmamışam. Bu, nadir hallarda olur. Əgər heyvan kəsməmişdən öncə yeyirsə, içirsə, deməli, o, sağlamdır.

- Hacı, təbii ki, ötən il olduğu kimi bu il də  işğaldan azad  torpaqlarımızda da Qurban bayramı keçiriləcək, bayram namazları qılınacaq, qurbanlar kəsiləcək. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həmin bölgələrdə hansısa xüsusi bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulubmu?

- Bəli, Azərbaycanın bütün bölgələri kimi, şükür Allahın cəlalına ki, biz ötən il olduğu kimi, bu il də azad olunmuş torpaqlarımızda, Qarabağda, Şuşada, Ağdamda qurbanlarımızı kəsəcək və bayram namazlarımızı qılacağıq. Hələ ki, idarəmiz tərəfindən Qarabağda xüsusi bir tədbir nəzərdə tutulmayıb. Rəhbərimiz – Şeyx həzrətləri Böyük Britaniyada rəsmi səfərdədir.  İdarəmizin digər bölgələrdə olduğu kimi, Qarabağ ərazisində də xüsusi nümayəndələri, qaziləri, imamları var. Onlar Qurban bayramı ilə bağlı bütün mərasimləri lazımi qaydada təşkil edəcək... Rəhbərlik onlara bununla bağlı tapşırıqlarını verib.  Xalqın, camaatın müraciətlərinə, dövlətimizin qərarlarına uyğun hansısa digər bayram tədbirləri olsa, inşallah, biz işğaldan azad torpaqlarımızda da həmin tədbirlərə qatılacağıq...

Allah-Taala bayramımızı mübarək etsin, dövlətimizi, ordumuzu, xalqımızı güclü etsin, bayrağımızı uca etsin. Allah bütün dünyaya sülh bəxş etsin! Planetimizin bir sıra ölkələrindəki, o cümlədən Yəməndə, Liviyada, Suriyada, Ukraynada və s. müharibə alovlarını söndürsün. Bütün ailələrə dinclik, əmin-amanlıq və hüzr bəxş etsin, inşAllah!..

 

Sultan Laçın

 

Həftə içi.- 2022.- 7-13 iyul.- S.7.