Avropanın yanacaq bazarının
təminatı Azərbaycandan
asılıdır
Avropa
İttifaqı (Aİ) liderlərinin 2022-ci ilin sonuna qədər
Rusiyadan neft idxalının 90 faiz qadağan edən 6-cı
sanksiya paketini imzalaması, Rusiyanın bu qərara cavab olaraq
Danimarka və Almaniya kimi ölkələrə təbii qaz tədarükünü
dayandırması, Aİ-nin enerji bazarlarında İran və
Türkmənistan kimi yeni oyunçuların qiymətləndirilməsinə
səbəb olur. Bu kontekstdə Xəzər hövzəsinin
enerji potensialı Rusiya enerjisinə alternativ kimi önə
çıxır.
Bir məsələ
də var ki, Xəzər neftinə talib olanlar yalnız Avropa
deyil – dünyanın ən sürətli böyüyən iki
böyük iqtisadiyyatı – Çin və Hindistan da
buradakı yanacaq ehtiyyatlarından pay almağa
çalışırlar. Bəs necə olacaq, Çin və
Hindistanla müqayisədə Xəzər bölgəsinə
daha yaxın olan və Ukraynada gedən müharibə səbəbilə
Rusiya yanacaq bazarından ayrılan Aİ nə etməlidir?
İrana ümid
yoxdur
Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzi (ANKASAM) Neft, Təbii Qaz və İqtisadiyyat sahəsi üzrə ekspert Dalğa Xatınoğlunun fikrincə, əvvəla İranın Avropa bazarına çıxması mümkün deyil və ya bunun üçün ən azından daha çox vaxt tələb olunacaq. O, qeyd edir ki, bəli, İran dünyanın ən iri qaz, eləcə də neft tədarükçülərindəndir, amma ABŞ-ın uzun müddətdir sanksiyaları altında əzilən və yataqlarını istismar edə bilməyən İranın hazırda hasilatı artırmaq və ixrac etmək niyyəti olsa da, bunun üçün ona on milyardlarla dollar sərmayə və infrastrukturu yaradıb bərpa etmək üçün uzun vaxt lazımdır.
Burada bir məqama diqqət etmək lazımdır: hazırda Azərbaycanın Xəzər neftini və qazını Avropa ərazisinə çatdıran müasir və yeni kəmərləri mövcuddur. Söhbət Bakı-Tiflis-Ceyhan və TANAP-dan gedir. Onların maksimum daşıma həcmi nə qədərdir, kəmər var qüvvəsi ilə çalışırmı və ya əlavə xammal daşımaq imkanı varmı, bu suallara cavab tapılarsa, yəqin ki, Xəzərdən Aİ bazarına əlavə yanacaq çatdırmaq mümkün olar. Xəzərdən söhbət düşmüşkən, burada yanacaq ehtiyyatları yalnız üç türk dövlətinin – Azərbaycan, Qazaxıstan və Türkmənistanın əlində olsa da, ekspertlərə görə, az-çox İran sularında da çıxarılmasını gözləyən neft və qaz var. “İranla Türkmənistan arasında yeganə ümumi ərazi Qonbadlıdır. Bu yataq illər əvvəl istismara verilib və hazırda sutkada cəmi 0,7 mkm təbii qaz hasil edir. İran və Azərbaycanın da “Araz-Alov-Şərq” adlı ortaq bloku var, lakin bu blokda hələ kəşfiyyat-hedsablama işləri aparılmayıb. Daha konkret desək, bu blokda təbii qaz və ya neft ehtiyatlarının olub-olmaması məlum deyil. Bu yerdə ediləcək ilk şey kəşfiyyat quyularının qazılması “seysmik əməliyyatlar vasitəsilə həmin nöqtədə ehtiyyatın olması ilə bağlıdır” deyən Dalğa Xatınoğlunun sözlərinə əsasən, bu məqamda əsas məsələ odur ki, mübahisəli sularda yerləşən Araz-Alov-Şərq blokunun işlənməsi hazırda nə İranın, nə də Azərbaycanın prioriteti deyil. İranın Fars körfəzi sularında (Xəzərin dərin sularından 10 dəfə dayaz – V.T.) onlarla quruda işlənməmiş qaz yataqları və ya dəniz yataqları var, hansı ki, işlənməsi çox az xərc tələb edir. Digər tərəfdən, Azərbaycan işlənməkdə olan bir neçə layihəyə, məsələn, Total-ın rəhbərlik etdiyi “Abşeron” qaz yatağına diqqət yetirir və Araz-Alov-Şərq blokunun işlənməsini Azərbaycan üçün prioritet hesab etmir.
D.Xatınoğlu qeyd edir ki, digər problem bloku inkişaf etdirmək üçün İranla birgə müəssisənin yaradılmasıdır. Hansı ki, burada da Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyaların xarici investorları və şirkətləri cəlb etmək kimi digər maneələri də var.
Türkmənistandan
gözləntilər
Bəs türkmən qazının Avropaya ixracı nə dərəcədə mümkündür? Ekspert bildirir ki, Türkmənistanı İran vasitəsilə Türkiyə ilə birləşdirən kəmər də daxil olmaqla, heç bir infrastruktur yoxdur. “İran şimal-şərq bölgələrində məhdud miqdarda Türkmənistan qazı ala, şimal-qərb bölgələrindən isə eyni miqdarda öz qazını Türkiyəyə verə bilər. Türkmənistan qaz ehtiyatlarının əksəriyyətinin İranın şərq bölgələrində, Türkmənistan sərhədindən təxminən 1000 kilometr aralıda yerləşdiyini nəzərə alsaq, qazın Türkmənistandan Türkiyəyə, oradan isə Aİ-yə nəqli üçün ən azı 1500-2000 kilometr yeni boru kəmərlərinin tikilməsinə ehtiyac var və bütün bunlar yüksək xərc tələb edir. Digər problem də odur ki, Türkiyə İrandan tədarük olunan təbii qazdan şərq bölgələrində istifadə edəcək və İran qazını Türkiyənin Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və “Türk axını” boru kəmərləri kimi Avropaya tranzit marşrutlarına birləşdirəcək boru xətti yoxdur. Hazırda İran Türkmənistandan ildə 1,5 milyard kubmetr qaz alır və bu qazı Azərbaycana, o cümlədən Naxçıvana çatdırır. Lakin infrastrukturun kifayət qədər olmaması səbəbindən nəql oluna bilən qazın həcmi də çox azdır”, - deyir Xatınoğlu.
Göründüyü kimi, bütün hallarda Avropanın yanacaq bazarının xilas olub-olmaması Azərbaycandan asılıdır. Yəni istər Türkmənistan, istərsə də Qazaxıstan qazının Azərbaycana daşınması, oradan isə Avropa bazarına nəqli mümkündür. Xəzərin şərqindən təbii qaz və neftin qərb sahilə – Azərbaycana daşınması isə ya gəmilərlə, ya da dənizin altıyla tikiləcək kəmərlə mümkündür. İlk gündən isə İran və Rusiya kəmərin tikilməsinə mümkün maneələr yaratmağa çalışıblar. D.Xatınoğlu “Azərbaycan və Türkmənistanın Xəzər dənizinin dibi ilə boru kəmərləri ilə birləşməsi və neft-təbii qazın birgə ticarətinə başlaması mümkündürmü” sualına cavab olaraq deyir ki, əslində, Transxəzər Boru Kəmərinin reallaşacağı gözlənilmir. Lakin ötən il Azərbaycan və Türkmənistan “Dostluq” neft-qaz yatağının birgə işlənməsinə dair razılıq əldə ediblər. “Bu yataq Azərbaycanın Azəri-Çıraq-Günəsli dəniz infrastrukturlarından cəmi 80 kilometr məsafədə yerləşir və Azərbaycan üzərindən Türkiyə və Avropaya asanlıqla ildə təqribən 2-3 milyard kubmetr qaz tədarük edə bilir. Neftə gəlincə, hazırda Türkmənistan neftinin və qaz kondensatının demək olar ki, hamısı Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə beynəlxalq bazarlara nəql olunur” deyən ekspert bu prosesdə İranın roluna da toxunur. Bildirir ki, 33 trilyon kubmetrlə Rusiyadan sonra dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik olmasına baxmayaraq, İran təəssüf ki, özü qaz qıtlığı və defisit yaşayır: “İran ötən qış gündə 250 mkm qaz çatışmazlığı ilə üzləşib. Bu həcm Türkiyənin ümumi qaz tələbatına bərabərdir. Digər tərəfdən, ABŞ-ın İrana qarşı sanksiyaları Qərb şirkətlərinin İranda enerji ilə bağlı hər hansı bir layihəyə cəlb edilməsinə qarşı böyük maneədir. Digər problem odur ki, İranın aktiv neft və qaz yataqlarının 80 faizi artıq ikinci yarı ömründədir, yəni çox köhnədir və bu yataqların hasilat gücü ildən-ilə azalır. İranın hasilatı sabit saxlamaq üçün 2030-cu ilə qədər ən azı 70 milyard dollar investisiyaya ehtiyacı var. Neft və qaz hasilatını artırmaq üçün isə ümumilikdə 200 milyard dollar investisiya tələb olunur. Bu müstəvidə qeyd etmək lazımdır ki, son 4 ildə İran neft-qaz layihələrinə ildə cəmi 3,1 milyon dollar sərmayə yatıra bilib. Ona görə də İran Avropa İttifaqının enerji təhlükəsizliyi üçün etibarlı mənbə deyil”.
Ekspert
burada bir maraqlı nüansa da işarə edir. Bildirir ki,
Rusiyanın son üç ayda neftə 30 faiz endirim təklifi
İranın neft ixracatının gündəlik 840 min barreldən
570 min barrelə düşməsinə səbəb olub.
Göründüyü kimi, Rusiya İranın yeganə neft
bazarı olan Çində sürətlə öz yerini tutur.
Bu məqamda Rusiya və İran enerji bazarlarında çox
sıx rəqibə çevriliblər.
Rəqiblər
Qeyd edək
ki, hazırda Xəzər və ya Xəzəryanı ölkələrin
yanacaq resurslarına Hindistan, hətta Pakistan da ortaq
olmaqdadır. Yəni Aİ bu məsələdə
böyük rəqiblərlə
qarşı-qarşıyadır. Maraqlısı isə budur
ki, Aİ-nin bu bazardan məhrum olması və ya maksimum az
yararlanması üçün Rusiya öz işini görməkdədir.
Söhbət Hindistan və Pakistanın mövqeyinin güclənməsində
və ya zəifləməsində əsas rol oynayacaq Talibana
münasibətdir. Dünya birliyi, o cümlədən də
Avropa tərəfindən təcrid edilən Talibanla münasibətlərdə
Rusiya ciddi addımlar atmaqda, hətta prezident Vladimir Putinin
Sankt-Peterburq çıxışında dediyi kimi, Moskva
Taliban hökumətini rəsmən tanıya bilər və hətta
bu yönümdə addımlar atmağa da başlayıb.
Bəziləri
deyə bilər ki, axı Rusiya, eləcə də İran,
öz təbii qaz və neft məhsullarını Hindistan və
Pakistana satmaq üçün Türkmənistan qazının
bu regiona nəqlinə qarşıdırlar. Əvvəl beləydi,
amma indi məsələ siyasiləşib, Rusiyanın belini
qıran Avropanı daha çətin vəziyyətə salmaq
üçün Moskva öz maraqlarından təzminat verməyə
hazırdır, təki Avropa Rusiyanın vazkeçilməz
bazar olduğunu anlasın...
Niyə
Taliban-ın üzərində dayandıq, çünki
Türkmənistan qazını Əfqanıstandan keçməklə
Pakistana, oradan isə Hindistana nəql edəcək Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan
Boru Kəməri (TAPI) layihəsi mövcuddur. Bu xəttin
Türkmənistanın Qalkınış Təbii Qaz Sahəsindən
başlayaraq Əfqanıstanın Herat-Fərrah-Qəndəhar
şəhərlərindən keçərək Pakistanın
Kvetta-Mutlan şəhərləri vasitəsilə
Hindistanın Fazilka şəhərinə çatması
planlaşdırılır. Layihə 1997-ci ildə
hazırlanıb, 2010-cu ildə dörd dövlət
arasında saziş imzalanıb və 2015-ci ildə tətbiq
edilib. Məlumdur ki, layihənin həyata keçirilməsi
üçün orta hesabla 8-10 milyard dollar vəsait
lazımdır.
Əfqanıstan
TAPI-nin əsas tərəfdaşlarındandır.
Çünki kəmərin əhəmiyyətli hissəsi bu
ölkədən keçir. Layihənin Türkmənistan hissəsi
tamamlandı və 2018-ci ildə Əfqanıstanda
texniki-iqtisadi əsaslandırmalara başlanıldı. Lakin
Əfqanıstandakı müharibə və Talibanın
hakimiyyətə gəlməsi layihənin icrasını
çətinləşdirib. Razılaşmaya əsasən,
Əfqanıstan TAPI çərçivəsində tranzit
hüququ altında ucuz təbii qaz alacaq. Bu çərçivədə
Əfqanıstana illik 500 milyon dollar tranzit hüququ verilib və
30 il ərzində 3 milyard kubmetr təbii qazın
alınması nəzərdə tutulub. Müqaviləyə əsasən,
Əfqanıstan birinci onillikdə 500 milyon, ikinci onillikdə 1
milyard, üçüncü 10 ildə isə 1,5 milyard kubmetr
təbii qaz alacaq. Bundan əlavə, layihə minlərlə
Əfqanıstan vətəndaşı üçün
iş imkanları yaradacaq və ölkə əldə etdiyi
ucuz təbii qazla sənayesini gücləndirə biləcək.
İndi bir məsələ var ki, həmin müqavilə əvvəlki
hökumətlə imzalanmışdı, Taliban bu müqavilənin
üzərində dayanacaq, ya yox. Amma göründüyü
kimi, iqtisadi faydalarına baxmayaraq, Talibanın bu layihənin
icrasını özünün siyasi müstəvidə
tanınması üçün şərt qoyması
mümkündür. Bu da vaxtın uzanmasına və nəticədə
Aİ-nin qələbə çalmasına səbəb verə
bilər. Çox güman ki, Rusiya Talibanla münasibətləri
yüksək səviyyədə inkişaf etdirməklə həm
bu ölkə üzərində vaxtilə SSRİ-nin qazana
bilmədiyi siyasi-hərbi təsirini gücləndirə, həm
də onları TAPI layihəsinin başa
çatdırılmasına ruhlandıra bilər.
Bu yerdə
qeyd edək ki, hakimiyyətə gəldikləri ilk gündən
Taliban rəsmiləri də hər platformada iqtisadi
yönümlü xarici siyasət izlədiklərini söyləyərək,
Əfqanıstanın rəqabətədavamlı
olmadığını deyirlər. Bu müstəvidə
Talibanın ən çox vurğuladığı layihə
TAPİ-dir.
TAPI-nin həyata
keçirilməsinə ən çox önəm verən
dövlət isə elə Türkmənistanın
özüdür. Təbii qaz ehtiyatlarına görə
dünyada dördüncü yerdə olan Türkmənistan
TAPİ-ya dövlət layihəsi kimi baxır və onun həyata
keçirilməsi üçün maksimum səy göstərir.
Çünki Türkmənistan TAPI çərçivəsində
ildə 33 milyard kubmetr təbii qaz ixrac etməklə ciddi gəlirlər
əldə edə bilər. Ona görə də Türkmənistan
Talibanı de-fakto da olsa əməkdaşlıq edə bilən
aktyor kimi görür. Türkmənistan Taliban hökumətini
rəsmən tanımasa da, səfirliklər səviyyəsində
əlaqələr qurur.
Türkmənistan
rəsmiləri tez-tez Kabil və İslamabada səfər edərək
TAPI-nin həyata keçirilməsi ilə bağlı
danışıqlar da aparırlar. Bu müstəvidə
Türkmənistan xarici işlər nazirinin müavini Vəpa
Hacıyev 2022-ci ilin fevralında Əfqanıstana səfəri
zamanı TAPI-nin Əfqanıstan bölməsinin 2022-ci ilin
sentyabr ayından etibarən həyata keçiriləcəyini
bildirib. Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov,
Pakistanla diplomatik əlaqələrin qurulmasının 30-cu
ildönümü ilə bağlı mesajında, ikitərəfli
əlaqələrin inkişaf etdirilməsi və TAPI-nin
mümkün qədər tez həyata keçirilməsinə
çağırıb.
Əvəzedilməz
vasitəçi
Aİ-nin haradan qaz və ya neft almasına baxmayaraq, bu məsələdə açar rolu Türkiyə oynayacaq. Çünki istər Xəzər qaz və nefti olsun, istər Yaxın Şərqdən alınan yanacaq, bütün halarda boruların keçəcəyi güzargah Türkiyədir. Elə ekspertlərin də dediyi kimi, Aİ Rusiya qazından asılılığına 5 il ərzində son qoymaq planını icra edir. Bu planın tərkib hissələrindən biri Şərqi Aralıq dənizi qazıdırsa, burada Türkiyənin siyasi-hərbi rolu mövcuddur və hətta belə bir hal yaşanmasaydı da, yenə də İsrail qazının Avropaya daşınması üçün ən qısa və ucuz layihə Türkiyə ərazisi ilə keçəcək kəmərlər ola bilər.
Aydındır ki, Avropanın qısa və uzunmüddətli perspektivdə Rusiya qazına qarşı mümkün qədər çox alternativ mənbələrə ehtiyacı var. Şimal dənizində, Norveçdə, Şimali Afrikada, Yaxın Şərqdə, Qafqazda və ABŞ-da bəzi alternativlər olsa da, satınalmanı çətinləşdirən texniki, infrastruktur və vaxt maneələri mövcuddur. Türkiyəni coğrafi mövqeyinə görə dəyərli və əhəmiyyətli bir ölkə edən, bu kontekstdə yeni təchizat qaynaqlarının təmin edilməsidir. Əvvəllər qazın Türkiyə üzərindən Avropaya daşınması ilə bağlı ciddi planlar olsa da, onların çox az hissəsi reallaşdırılıb.
Türkiyə Avropanı Azərbaycan, Türkmənistan, İran və İraq kimi qazla zəngin ölkələrlə əlaqələndirir. Türkiyə Rusiyanı cəlb etmədən Xəzər dənizindən qaz ehtiyatlarını Avropa bazarlarına çıxarmaqla Avropanın enerji təchizatını artırmaq və şaxələndirmək məqsədi daşıyan Cənub Qaz Dəhlizi (CQC) boru kəməri sisteminin mərkəzindədir. Bu mənada TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) Türkiyə üçün çox vacibdir...
Vüsal Tağıbəyli
Həftə içi.- 2022.- 14-20
iyul.- S.6.