Müstəqil və qüdrətli Azərbaycan
dövlətinin təməlinin qoyulduğu gün
Ölkəmizin çoxəsrlik
dövlətçilik tarixində Heydər Əliyev
epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin
Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü
xalqımızın tarixi taleyində
oynadığı misilsiz rolu
ilə daim xatırlanır. Bu tarix Azərbaycanın
xilasının birinci mərhələsi,
xalqın özünə qayıdış tarixidir.
Məhz bu illərdə vəzifə pillələrində
yüksəlişi Ona imkan
verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə
dərindən bələd olsun. Həmin
illərdə milli kadrlar
heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi
orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər
baxımından faciəli idi.
Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Bu baxımdan, inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda, milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.
Həmçinin, müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu. Ulu Öndər həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Həmçinin, ulu öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub.
Eyni zamanda, ümummilli lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlayıb. Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindəki siyasi fəaliyyəti ulu öndər Heydər Əliyev şəxsiyyətinin Sovetlər Birliyi miqyasında bir daha təsdiq olunduğu, Azərbaycanın dünya səviyyəsində tanıdıldığı dövrdür. Təsadüfi deyil ki, Azərbaycanı parçalamaq istəyənlər yeganə çıxış yolunu ulu öndəri siyasi fəaliyyətdən kənarlaşdırmaqda görürdülər. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, ümummilli lider Heydər Əliyev rəhbər vəzifədən uzaqlaşdırıldı. Elə Azərbaycanın dəhşətli, faciəli günləri də bundan sonra başlandı. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edildi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Lakin yenə də Ulu Öndər xalqının səsinə səs verdi, siyasi təqiblərə baxmayaraq, Azərbaycan uğrunda mübarizəyə qayıtdı. Naxçıvanda dövlət quruculuğu prosesinin getdiyi həmin dövrdə ölkəmiz hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana – ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf konsepsiyası bu gün uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev bu məsuliyyətli vəzifəni üzərinə götürərkən bəyan etmişdir ki, bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insana qayğı və diqqət üzərində quraraq sosialyönümlü siyasət həyata keçirəcəkdir. Artıq bu gün ulu öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkənin bütün bölgələrində – şəhərdən, rayondan tutmuş ucqar dağ kəndlərinədək – hər yerdə aparılan genişmiqyaslı quruculuq prosesləri müstəqil dövlətimizin hüsnünü daha da gözəlləşdirib. Həyata keçirilən iqtisadi islahatlar makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.
Həmin vaxt 17 ildən sonra yetişdi.
Ümummilli Liderin qoyduğu möhkəm təməl əsasında
Azərbaycan ildən-ilə
gücləndi, beynəlxalq
aləmdə mövqeyini
möhkəmləndirdi, qüdrətli
ordu yaratdı. Məhz iqtisadi
güc, rəşadətli
ordumuz düşməni
torpaqlarımızdan qovub
çıxardı, üçrəngli
bayrağımız yenidən
Vətən torpaqlarında,
Qarabağın tacı
olan Şuşada qürurla dalğalanmağa
başladı. «Dəmir yumruq»la beli qırılan, başı əzilən düşmən kapitulyasiya
aktını imzalamağa
məcbur oldu, ərazi bütövlüyümüz
təmin edildi. Ulu Öndərin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada,
Laçında, Ağdamda,
Füzulidə, Cəbrayılda,
Zəngilanda, Qubadlıda,
Kəlbəcərdə üçrəngli
bayrağımız əzəmətlə
dalğalanır. Xalqımızın 30 illik yurd həsrətinə,
torpaq nisgilinə son qoyulub. Biz doğma
Qarabağımıza qovuşmuşuq.
Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın
böyük oğlu, dünya şöhrətli
siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin İqtisadi
siyasət,
sənaye və sahibkarlıq
komitəsinin üzvü
Həftə içi.- 2022.- 14-20
iyul.- S.2.