“Tovuz döyüşləri
Zəfərimizin özəyi oldu...”
Sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyevlə hafta.az üçün
növbəti söhbətimizdə Tovuz
döyüşlərinin 2-ci ildönümü,
Rusiyanın məhz bu ərəfədə
Ermənistan ərazisində həmin istiqamətdə yeni hərbi baza
qurması, Rusiya-Ukrayna cəhbəsindəki
son durum və s. mövzularda
danışdıq.
- Tacəddin bəy,
bu gün 2020-ci ildə
Azərbaycan Ordusu tərəfindən Ermənistanın təcavüzünə
qarşı aparılmış Tovuz
döyüşlərinin ikinci ildönümüdür. Həmin
döyüşlərin hərbi baxımdan və sonrakı 44 günlük
savaşdakı qələbəmizə müsbət təsiri
baxımından əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Öncə onu deyim ki, Tovuz, Qazax, Şəmkir, Gəncə zonasının sakinləri də döyüşkən camaatdır. Onlar öz torpaqlarını asanlıqla düşmənə verməzlər. 2020-ci ilin Tovuz döyüşlərində yerli sakinlərin bütün vasitələrlə ordumuza dəstək verməsi də bunu sübut etdi...
Tovuz döyüşləri Ordumuzun cəmi iki aydan bir az sonra başlanmış 44 günlük Qarabağ savaşındakı Zəfərinin özəyini, bünövrəsini qoydu. Xüsusən general-mayor Polad Həşimov başda olmaqla, zabit və əsgərlərimizin şəhidliyi hərbçilərimizi, ümumiyyətlə bütün xalqımızı gələcək qələbələrə ruhlandırdı.
- Ermənistan ordusunun hücumu niyə məhz
həmin istiqamətdən təşkil olunmuşdu?
-Tovuz istiqaməti Ermənistanı niyə belə maraqlandırırdı? Öncə bildirmək lazımdır ki, əslində bu bölgə erməniləri yox, Rusiyanı, Kremli maraqlandırırdı və hələ indi də maraqlandırır. Ona görə ki, beynəlxalq səviyyəli əsas kommunikasiya, enerji xəttləri, o cümlədən neft, qaz kəmərləri məhz Tovuzla sərhədə yaxın ərazidən keçir. Rusiya Ermənistan ordusunun bu istiqamətində hücumunu təşkil etməklə demək istəyirdi ki, biz istədiyimiz vaxt sizin yanacaq kəmərlərinə və s. təhlükə yarada bilər, hətta vurub partlada bilərik. Moskva bu təhdidi hələ də gündəmdə saxlayır. Onlar anlamır ki, əgər bizim neft, qaz kəmərlərinə hər hansı ciddi bir zərbə dəyərsə, bütün Qərb dünyası, Avropa, Amerika Ukraynanı dəstəklədiyi kimi, Azərbaycanı da dəstəkləyəcək. Həmin kəmərlər Türkiyəni, Avropanın xeyli hissəsini enerji ilə təmin edir. Yəni Azərbaycana Tovuz-Qazax istiqamətindən hücum Türkiyənin və Avropa ölkələrinin bilavasitə maraqlarına toxunur...
Yeri gəlmişkən, onu da deməliyəm ki, əgər bizim arxamızda Türkiyə, Pakistan kimi dövlətlər dayanırsa, biz Ermənistana, eləcə də onun ağası Rusiyaya qarşı qətiyyətli hərəkət etməliyik. Məsələn, Rusiyanın da təminatçı kimi imzaladığı 10 Noyabr 2020-ci il tarixli bəyanatda Qazax rayonunun Tovuza da yaxın olan 7 kəndininin qaytarılması məsələsi qoyulub. Bəs onların qaytarılmasını niyə qəti şəkildə tələb etmirik?..
- Bildiyiniz kimi, bir neçə ay öncədən
Ermənistan hökuməti ilə
razılaşdırılmış qərar əsasında Rusiya Tovuzun kəndlərinə
çox yaxın məsafədə
özünə yeni hərbi baza qurur. Sizcə, bu, hərbi-siyasi baxımdan hansı hədəflərə
hesablanıb?
- Hesab edirəm ki, bütün bu işlər elə Kremlin Tovuz döyüşləri zamanı tutduğu mövqenin məntiqi davamıdır. Yəni Tovuz yaxınlığlında baza qurmaqda Moskvanın məqsədi Azərbaycana qarşı təhdid yaratmaq və öncə qeyd etdiyimiz kimi, ərazidən keçən kommunikasiya dəhlizini, xüsusən neft-qaz kəmərlərini nəzarətdə saxlamaqdır.
- Bu minvalla bir müddət sonra ikinci Tovuz savaşı da baş verə bilərmi?
- Bilirsiniz, Rusiyadan hər şey gözləmək olar. Ümumiyyətlə, bütün bu təhdid və təhlükələri önləmək üçün biz dostlarımız, müttəfiqlərimizlə birgə bir daha öz gücümüzü, mövqeyimizi qəti şəkildə ortaya qoymalıyıq. Vəziyyət bu cür davam edə bilməz. Həm Qarabağ, həm də Tovuz-Qazax istiqamətində. Azərbaycan dövləti tezliklə öz ərazi bütövlüyünün, sərhədlərinin tam bərpasına nail olmalıdır. Qarabağın qalan hissəsi, Qazaxın kəndləri, eləcə də Naxçıvanın Kərki kəndi qaytarılmalıdı. Ermənilərə Rusiya ordusunun nəzarəti altında Laçın rayonunun ərazisindən hava xətti ilə 5 km-lik dəhliz vermişik. Harada görünüb ki, dəhliz 5 km olsun. Dəhliz olar uzağı yol ətrafında 100-200 metr. Ermənistanla dövlət sərhədinə də bizim sərhəd qoşunları, gömrük xidməti və s. nəzarət etməlidir. Belə olsaydı, heç əlavə yol çəkməyə də ehtiyac qalmazdı...
- Rusiya-Ukrayna
cəbhəsindəki son durumu
necə dəyərləndirirsiniz?
- Hesab edirəm, Ukrayna ordusunun xüsusən son həftələrdə apardığı əməliyyatlar taktiki və strateji baxımdan doğru düşünülüb. Həmin əməliyyatlar nəticəsində “nəhəng və məğlubedilməz” sayılan Rusiya ordusu, demək olar ki, mənəvi cəhətdən sındırılıb və fiziki baxımdan da çökməsi yaxındadır. Yəni qələbə Ukrayna ilədir...
Necə ki, Azərbaycanda son 30 il ərzində işğalçı Ermənistana, ona arxa duran Rusiya imperiyasına qarşı güclü nifrət hissi toplanmışdı, Ukrayna xalqında da azı son 8 ildə, yəni Krımın ilhaq ediıməsindən bəri Moskvaya hədsiz nifrət yaranmışdı. Odur ki, Rusiyanın fevralın sonundakı məkrli təcavüzündən sonra, əksinə, bu xalqda imperiya qoşunlarını öz torpaqlarından birdəfəlk qovub çıxarmaq əzmi daha da gücləndi. Halbuki, Kremldəkilər elə hesab edirdi ki, Rusiya ordusunun genişmiqyaslı hücumundan, şəhərlərin bombardman edilməsindən sonra Ukrayna sakinlərində ruh düşkünlüyü yaranacaq və ölkədəki “5-ci kalon”un nümayəndələrinin sayəsində ukraynalılar onları gül-çiçəklə qarşılayacaq. Amma yanıldılar. Ukrayna xalqı döyüşkən xalqdı. Əvvəlki söhbətimizdə dediyim kimi, mənimlə birgə hərbi məktəbdə, akademiyada bir çox ukrayınlar təhsil alıb və mən onların xarakterinə, cəsarətinə, hərbçilik qabiliyyətinə yaxşı bələdəm...
İkincisi, dünyanın heç bir ölkəsi bütün dünyaya qarşı vuruşa bilməz. Son 6 aya yaxın dövrdə baş verənlər də göstərdi ki, Ukrayna ilə savaşmaq bütün dünya ilə müharibə etmək deməkdir. Bu saat bütün planet Ukraynaya dəstək verir, kömək edir. Mən əminəm ki, bu xalqda olan əzm, cəsarət, ruh yüksəkliyi və birlik, həmçinin Türkiyənin verdiyi “Bayraktar”lar, Avropa və ABŞ-dan gələn yeni müasir silah və texnikalar bu savaşın taleyini Ukraynanın xeyrinə həll edəcək və Rusiya biabırcasına məğlub olacaq. Və Ukraynanın Rusiya üzərində qələbəsi nə qədər tez baş versə, bizim – Azərbaycanın da Qarabağ və Zəngəzurdakı yarımçıq işləri öz həllini tapacaq...
- Tacəddin bəy,
siz necə hesab edirsiz, Putinin Rusiyanın məğlubiyyətinin
artıq gerçək göründüyü
son həddə nüvə düyməsinə
basması ehtimalı nə qədərdir?
- Mən nüvə silahının işlənəcəyinə qətiyyən inanmıram. Bəlkə taktiki nüvə silahından istifadə oluna. Bu ehtimal da mümkün hesab etmirəm. Bu, bir daha Rusiyaya qarşı indikilərdən qat-qat güclü sanksiyalardan daha güclü tədbirlərin tətbiq olunmasına gətirib çıxaracaq. İkincisi, Putin unutmasın ki, onun sərhədləri boyu Amerikanın, NATO-nun qoşunları, nüvə raketləri cəmlənib. İndi buraya, demək olar ki, daha iki ölkə əlavə olundu: İsveç və Finlandiya. Odur ki, Rusiya Amerikanı, Avropanın vurana qədər onlar Moskvanı on dəfə vura bilər.
Sultan Laçın
Həftə içi.- 2022.- 14-20
iyul.- S.3.