Səkkiz şeir və sonsuzluq
(Polkovnik
İlqar Mirzəyevə həsr olunmuş şeirlər)
Gəl bu dərdə döz də yaşa…
Hanı qoşun, hanı ləşkər?
Tək qalbdı iki Paşa…
Baiskarı kimdi, bilməm,
Kaş dönəydi özü daşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Əlim üzümdə qalıbdı,
Sözüm ağzımda qalıbdı,
Arzum gözümdə qalıbdı,
Qanım gözdə dönüb yaşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Ustacam, artıb ələmim,
Ta yazmır, sınıb qələmim,
Hər gün də artır sələmim,
Eşqim düzdə dönüb quşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
17.07.2020. II FX. Bakı.
Torpaq bizi gözləyir…
Gəlmişəm
görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş,
Ana torpaq bizi gözləyir…
23.08.2020.
– Bakı. (II F.X.)
Varmış
Nə deyim, Allahım sən bilən haqqdır,
Görəcək günləri görmək
də varmış…
Elçini, İlqarı alıb
yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Gözün biri gülür,
biri ağlayır,
Ağlaya-ağlaya gülmək də
varmış…
Poladı,
Şükürü alıb
yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Şükür yazdığına, şükür
qismətə,
Dərdin
acısını sevmək
də varmış…
Həmdəmi, Rəşadı alıb
yanına,
Zaura sən gözlə, demək də varmış…
31.10.2020.
Bakı.
Daha tək deyilsiniz
Yenə
də görüşə
gəlmişəm, Qardaş!
Gözün biri gülür,
biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
* * *
Qəribə bir hüzur çuğlayır məni,
Yanında hər nəfəs ruha töhfədir.
Vətən kitabını vərəqləyirəm,
Burada hər məzar bir səhifədir…
* * *
İgid,
ər oğullar toplanıb bura,
Bütün çöhrələrdə, təbəssüm, qürur…
Tək-tək sıralanan bu baxışların,
Hər biri özünə bir dastan qurur…
* * *
Yenə
də görüşə
gəlmişəm, Qardaş!
Gözün biri gülür,
biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
29.12.2020.
Bakı ş. II FX.
Səkkizi sonsuzluq elədi
ilqar
Xoşbəxtlər günündə
doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
Ölməzlər günündə doğulmuşdu
o,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Bu gün doğum günü, yaşar əbədi,
Eliynən bir ünü, yaşar əbədi,
Sonsuzluğa yönü, yaşar
əbədi,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Zaur tək yüzləri bir çətən oldu,
Çoxu
arzuladı, o yetən
oldu,
Vətən torpağında o, bitən
oldu,
Təqvimin bu günü İlqar günüdür!
08.05.2021.
Bakı.
İlqar
Qəhrəman olmaq üçün
Gəlmişdi Yer üzünə.
Silahı
sevgi idi,
Qonmuşdu nur üzünə.
* * *
Verdilər İlqar adın,
Böyüdü üzdə vüraq.
Fəxriydi dostun, yadın,
Əhdinə düzdü İlqar.
* * *
Ananın
sevinciydi,
Obanın şan-şöhrəti.
Ziyası
oldu xalqın,
Əritdi zin-zülməti.
* * *
Gətirdi gedişiylə
Şərəfi, şanı bizə.
Qollara qüvvət oldu,
Təpəri yetdi dizə.
* * *
Məzara
düşən gün
o,
And içdi mərd oğullar:
-“Bu qanı alacağıq,
Sən rahat uyu, İlqar!”
* * *
İgidlər tutdu sözün,
Bir gündə
döndü zaman.
Göstəriş verildi ki,
Düşmənə yoxdur aman!
* * *
Çin
oldu arzuları,
Qarabağ oldu azad.
Uyuyur rahat indi,
Şəhidim indi rahat…
21.06.2021.
Bakı.
O gün
Hər şey belə başladı,
Gülə-gülə getmişdin...
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin...
* * *
Tək getmişdin gedəndə,
Yüz
min olub qayıtdın...
Özün getdin yuxuya,
Milyonları oyatdın...
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm
oldu...
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu...
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin...
Vətənin qara dərdin
Al boyayıb, ağ
etdin...
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var...
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar...
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk...
Qarşısında bir topun,
Vəzir
olmuşdu fillik...
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı...
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı...
Vətən oğlun itirdi,
Torpağını qazandı...
* * *
Belə
şanlı hekayət,
Tarixdə bir, ya iki...
Lap başqası varsa da,
Möcüzədir bizimki ...
* * *
Bu dastanı qanıyla
Yazdı
ərlər, ərənlər...
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər...
14.07.2021.
Bakı.
Qardaş
Sən gəzən yerlərə
gəlmişəm, Qardaş!
Qanın axan yerdə lalə bağrı qan.
İlk sübh şəfəqində
çatmışam bura,
Rəngindən rənginə qatıb oğru dan.
* * *
Lənət o günə ki,
açıldı səhər,
Namərdin dişinin dibində
zəhər,
Dilində boğazdan yuxarı
qəhər,
O müdhiş yalanı dedi doğrudan…
* * *
İndi bu kol-kosun nə
günahı var?
Çəlləyə çiv olan palıd günahkar!
Ətrafda dağ-daş da
ağlayır zar-zar…
Bülbüllər dilini udub qorxudan…
* * *
Nə yaxşı bu “tale”, “qismət” sözü var,
Sığınıb onlara olduq gözü dar,
Lap bilmək istəsən düzü ay İlqar,
Hamının yaradır qəlbi
ağrıdan…
* * *
Ustaca təsəlli oğlunla qızın,
Biləsən, itməyib çörəyin,
duzun,
Haçansa yenə də doğsa ulduzun,
Hilalı
boylanır hər gün Ağrıdan…
07.07.2022.
Azərbaycan.
Müəllif: Zaur Ustac,
“Yazarlar” jurnalının baş
redaktoru, şair-publisist.
Həftə içi.- 2022.- 14-20 iyul.- S.8.