“Dostluq” ordenini dost

diqqəti kimi qəbul edirəm

 

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə, Reza Deqati “Dostluq” ordeni ilə təltif edilib. Hafta.az bununla bağlı dünya şöhrətli fotoqrafdan müsahibə alıb, təəssüratlarını bölüşüb...

 

– Reza bəy, Azərbaycan Prezidenti sizi “Dostluq” ordeni ilə təltif etdi. Bu sizin üçün nə deməkdir?

 – Prezidentin məni “Dostluq” ordeni ilə təltifini bütün Azərbaycanın xoş sözləri, dostluğu kimi qəbul edirəm.  Hesab edirəm, Prezidentin etdiyi çıxışlar bütün dünya azərbaycanlılarının sözləridir. Belə bir ordenlə təltif olunduğuma görə çox şad oldum. Bu mükafat, bu dəyər mənə daha da qüvvət verdi, böyük işlər görməyə həvəsləndirdi. Əlbəttə, “Dostluq” ordenini dost, qardaş diqqəti kimi qəbul edirəm.

   20 Yanvar hadisələrindən tutmuş, Xocalı soyqırımı və bu gün torpaqlarımızın işğaldan azad olunduğu günlərədək hər zaman Azərbaycanlasınız. 44 günlük müharibədə siz də öz fotoaparatınızla iştirak etdiniz. Vətən Müharibəsi sizin üçün hansı fonu yaratdı?

– Vətən müharibəsi bütün dünya azərbaycanlılarının müharibəsi idi. Müharibə nə tək qarabağlıya, nə də tək Azərbaycana aid deyildi. Torpaqların işğalı 30 il idi ki, dünyada yaşayan azərbaycanlıların ürəyində bir tikan kimi qalmışdı. Torpaqlar işğal olunmaqla yanaşı, 1 milyon azərbaycanlı öz evindən qovulmuşdu. 30 il idi, bu tikan hamımızın ürəyində irinləmişdi. Bu Vətən müharibəsi o tikanı çıxardı... Yaralarımız sağalır.  İndi əldə olunan Qələbəmizlə bağlı ürəyimiz şaddır. Bilirəm ki, bütün azərbaycanlılar şaddırlar.

Bu gün istəyirəm ki, müharibədən sonra bütün fəaliyyətimi Qarabağa həsr edim. Ərazilərimizin işğalı zamanı hansı dağıntılara, hansı vandalizmə məruz qoyulduğunu dünyaya çatdırım.

Düzdür, hər bir müharibənin özünün faciələri, dağıntıları olur. Müharibələrdə insanlar ölür, qaçqın, köçkün düşür. Birinci Qarabağ müharibəsi dünyanın başqa müharibələrindən fərqli idi. Mən burada gördüm ki, Qarabağ müharibəsində Azərbaycan insanlarının qarşılaşdığı erməni vəhşiliyi dünyanın heç bir yerində olmayıb. Birinci Qarabağ müharibəsində Azərbaycan əhalisi məcburi köçkünə çevrildi, erməni silahlıları insanları öz evlərini tərk etməyə məcbur etdilər. Ermənilər qadınlara, uşaqlara işgəncə vermişdilər.

II Qarabağ müharibəsində ərazilər işğaldan azad olunandan sonra, mən eyni vəhşiliyin o torpağa, tarixi abidələrə, qəbiristanlıqlara, təbiətə qarşı edildiyini gördüm.

Qarabağın hər yerini addım-addım gəzmişəm. Bu dəhşətləri dünyaya göstərmək istəyirəm. İstəyirəm dünya görsün və bilsin.

Bu günədək Qarabağla bağlı hansı layihələriniz olub və hazırda hansı yeni layihələr üzərində işləyirsiniz?

– Təbii ki, Azərbaycanda həyata keçirdiyim layihələrlə Qarabağda törədilən vandalizmi - abidələrin dağıdılmasını, məzarların sökülməsini, torpaqların minalanmasını araşdırıram.  Bütün bu faktları dünyaya çatdırmaq istəyirəm. Qoy dünya bunu görsün. Görsün ki, erməni vandalları Azərbaycan torpaqlarına qarşı hansı cinayətləri törədiblər.

İşğaldan azad olunmuş rayonlarda – qəbiristanlıqda olmuşam. Ermənilər insan sümüklərini, kəllələrinin qəbirdən çıxarıb qırağa atmışdılar. Mən belə şey görməmişdim. Bir də bu tarixi abidələrin dağıntılarını  görəndə ürəyim dözmədi. Ermənilər o abidələrdə, məscidlərdə  donuz saxlayıblar. Ağdamda, Şuşada bu vandalizmin şahidi oldum.

Hər dəfə Şuşaya gedib, hər dağıdılan küçənin və bir də bərpa işləri aparılan abidənin qarşısında duranda, şəkillər çəkəndə 1992-ci ilin o ağır günləri yadıma düşür.

Bu yaxınlarda Şuşada festivallarda iştirak etdim. Fotolar çəkdim. Dünyaya mesajım oldu: “Həyat qayıdıb”. Onu gərək dünya görsün. Bu, bir daha onu göstərir ki, aparılan bərpa işlərini dünya görməlidir. Dünya görməlidir ki, 30 il davam edən münaqişədə ermənilər, guya özlərininki hesab etdikləri abidələri, evləri dağıdıblar. Azərbaycan erməniləri sülhə çağırır. Bu gün müşahidələrimdə və çəkdiyim şəkillərdə dünyaya bunu çatdırmaq istəyirəm.

Yaxud Heydər Əliyev Mərkəzinin parkında "Odun ruhu. Vizual səyahətə dəvət" adlı sərgim keçirilib. Fondun dəstəyi ilə Azərbaycanı gəzmişəm və bu diyarın gözəlliklərini, zənginliyini, mədəniyyətini fotolarda əks etdirməyə çalışmışam. Bu dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Çox belə layihələrim, sərgilərim olub...

Bütün bunlarla yanaşı, işğal faktı, Qarabağla bağlı görülən işlərin hamısı bir mövzunun üzərinə gəlir. O da  dünyada gedən informasiya müharibəsi ilə bağlıdır.

Müharibə gedən zaman Prezident dünya mediasına çox gözəl müsahibələr verdi və Azərbaycan həqiqətlərini  çatdırdı. Azərbaycan birdən ayağa qalxdı və göstərdi ki, həm güclü Prezidenti var, həm də güclü ordusu var. Rəhbərlik yüksək iradə ortaya qoydu və müharibəni uddu.

Gələcək planlarımdan biri budur ki, Şuşada Beynəlxalq Fotoqraflar Məktəbi yaradım.  Dünyanın ən böyük fotoqrafları Şuşaya gəlsinlər və ermənilərin törətdikləri dağıntıları, vəhşiliyi çəkib dünyaya göstərsinlər. Paralel olaraq istedadlı azərbaycanlı uşaqlar o məktəbdə öyrənsinər.

İndi torpaqların minalanması haqqında kitab hazırlamağa başlayıram.  Eləcə də işğaldan azad olunmuş ərazilərdə məzarların necə vandalcasına dağıdılması, tarixi abidələr haqqında bir kitab hazırlamağa başlayıram.

Bu faktların dünyaya çatdırılması təşkilatlanmış, nizamlı şəkildə aparılmalıdır. Bir daha qeyd edim ki, bu istiqamətdə informasiya müharibəsini qazanmaq üçün vahid informasiya mərkəzində toparlanmaq və informasiya sahəsində qazanmaq üçün bütün səylərin birləşməsinə ehtiyac var.

 

Tahirə QAFARLI

 

Həftə içi.- 2022.- 28 iyul-3 avqust.- S.5.