Hiperaktivlik sindromu
Müasir dövrümüzdə həddindən
artıq hərəkətli uşaqlar valideynlər və
pedaqoqlar üçün həqiqətən də
böyük çətinliklər yaradır. Hiperaktivlik
uşağın yaş və inkişaf səviyyəsinə
uyğun olmayan aşırı hərəkətlilik, istəklərini
ərtələyə bilməmə (impulsivlik) və diqqət
yayınıqlığı ilə müşahidə olunan
psixoloji problemdir. Prosesin başlama yaşı 3-4 yaş olaraq
görülsə də, əlamətlər daha erkən
vaxtlarda özünü göstərə bilir. Hələ
körpəlik dövründən uşağın az yatması, narahatlığı, tez-tez ağlaması hiperaktivliyin
ilkin göstəricilərinə misal ola bilər.
Qeyd edək ki, cəmiyyətimizdə belə uşaqların sayı az deyil. Bu uşaqlarla davranış qaydaları tərəf müqabilindən çox böyük diqqət və həssaslıq tələb edir. Əslində hiperaktivliyin hansı səbəblərdən yaranması elmə hələ tam aydın olmasa da, bununla bağlı müəyyən fikirlər mövcuddur. Məsələn, ehtimal olunur ki, bu tip əlamətin yaranmasında genetika müəyyən rol oynayır. Çünki hiperaktiv uşaqların birinci dərəcəli qohumlarında da bu tip əlamətlər görülməkdədir. Ailə ilə bağlı edilən araşdırmalarda üzə çıxan nəticələr onu göstərir ki, hiperaktiv uşaqların ata-analarında bu əlamətlərin görülmə ehtimalı 2-8 dəfə, bacı-qardaşlarında isə başqa uşaqlarla müqayisədə 2-3 dəfə daha çox rast gəlinir. Həmçinin əkizlər üzərində aparılan tədqiqatlarda eyni yumurta əkizində problemin cüt görülmə ehtimalı 80-90 faiz, fərqli yumurta əkizlərində isə 30 faizdir.
Ehtimallara görə, bu kimi əlamətlərin yaranmasında həm də mühitin təsiri əsas rol oynayır. Düzdür, mühit birbaşa olaraq hiperaktivliyə səbəb olmasa da, genetik yatqınlığı olan şəxslərdə bu problemin üzə çıxmasına şərait yaradır. Bu təsirlərə ailənin quruluşu, keçirdiyi travmatik hadisələr, doğum öncəsi (hamiləlik dönəmində ananın keçirdiyi stress, istifadə etdiyi zərərli maddələr), doğum anı (ərkən doğum) və doğum sonrasında (keçirdiyi xəstəliklər, istifadə etdiyi dərmanlar və s.) baş verən müəyyən hadisələr aiddir.
Hiperaktivliyin əsas göstəriciləri aşırı hərəkətlilik, diqqət yayınıqlığı və impulsivlikdir (istəklərinə, danışığına və hərəkətlərinə nəzarət edə bilməmə). Bəzi uşaqlarda bunların ikisi qabarıq görüldüyü halda (məsələn, diqqət dağınıqlığı ilə hərəkətlilik və ya impulsivliklə hərəkətlilik), bəzi qismində 3-cü dərəcəli hiperaktivlik adlandırdığımız ən ağır forma impulsivlik, diqqət yayınıqlığı və hərəkətliliyin üçü birgə görülür.
Hiperaktivliyin əsas əlamətləri:
- çox ağlamaq,
- az yatmaq,
- yatılı vəziyyətdə də çox hərəkət etmək,
- oturmağı sevməmək, otursa belə, əlini- ayağını oynatmaq,
- nəticəni düşünmədən özünü təhlükəyə atmaq,
- evdə divanın üstündə gəzmək,
- diqqətini bir işə və ya dərsə verə bilməmək,
- başqa uşaqları itələmək, vurmağı sevmək,
- tez həyəcanlanmaq və əsəbləşmək.
Mütəxəssislər bildirilər ki, hiperaktivlik və diqqət çatışmazlığı sindromu zamanı problemə kompleks yanaşma olmalıdır. Valideynlərin maarifləndirilməsi, ailə psixoloji terapiyası, uşaqla psixiatr məşğul olması, ətrafdakı insanların davranış dəyişimi , diqqət- bacarıqların artırılması üçün xüsusi metodlardan istifadə oluna bilinər. Həkiminiz tərəfindən bu problemi aradan qaldırmaq üçün müxtəlif dərman preparatları (stimulantlar) təyin oluna bilinər. Hiperaktivlik və diqqət çatışmazlığı sindromunda uşaq müalicə edilmədikdə gələcəkdə hər zaman problemlərlə çox rast gəlinəcəkdir. Yəni ilk illərdə yalnız məktəb problemləri olsa da, sonrakı illərdə dostları və ailə münasibətlərində xüsusən evliliklərində də problemlər ortaya çıxır.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən psixoloq Vəfa Rəşidova deyib ki, çox vaxt valideynlər övladlarında olan diqqət əksikliyini sadəcə dəcəllik kimi başa düşürlər:
“Əslində hiperaktivlik zamanında müalicə olunmasa, ömür boyu problemə çevrilir. Amma əksər hallarda valideynlər övladlarında olan diqqət əksikliyini sadəcə dəcəllik kimi başa düşürlər Onları yanlış davranışları ilə əlaqədar danlayır, hirslənirlər. Həmin uşaqlarla bu cür davranmaq qəti şəkildə olmaz. Əksinə, onlarla daha mülayim davranmaq, zamanlarının boş keçməməsi üçün daim hansısa məşğuliyyət növünə yönləndirmək lazımdır. Hiperaktiv uşaqların su ilə, qum ilə oynamaları, üzmələri, şəkil çəkmələri çox faydalıdır. O cümlədən açıq havada keçirəcəkləri bütün zaman onların xeyrinədir. Bir məqam da var ki, hiperaktiv uşaqlarda ünsiyyət problemi olmur, amma tezliklə həmin ünsiyyətdən sıxılırlar. Məsələn, bir kitabı axıra qədər oxuyub qurtara bilmirlər. Hətta özləri verdikləri sualın cavabına axıra qədər dözüb qulaq asmağı bacarmırlar. Əgər müəyyən yaş dövrünə qədər müalicə olunmazlarsa, bu natamam davranışlar onları bir ömür boyu təqib edir. Müəyyən bir peşə sahibi ola bilmir, daim iş yerlərini dəyişirlər".
Mövzu ilə bağlı prixoloq Aidə Nəbiyeva isə bildirib ki, uşaqların həyatının ilk illərində hiperaktivlik problemini valideynlər müşahidə edirlər:
“Hiperaktivlik başqa bir problemlərlə ortaq əlamətlərə malik olduğu üçün qəti diaqnoz qoymaq çox çətindir. Ona görə də dəqiqləşdirmədən öncə digər problemlərlə olan oxşar və fərqli cəhətlərinə diqqət yetirmək lazımdır. Bu problemlər 7 yaşına qədər olan dövrdə ortaya çıxır. Belə uşaqların diqqət cəmləmə problemi olsa da, amma tv, kompüter və oyun, cizgi filmi izləyərkən diqqətlərini cəmləyə bilməsi çaşdırıcıdır. Hiperaktivlik və diqqət yayğınlığı sindromu 12 yaşından aşağı 20 uşaqdan birində görülə bilər. Bu cür uşaqlarda adətən əzələ tonusu problemi olur, kiçik yaşlarında belə hər bir qıcığa qarşı həddindən artıq güclü reaksiya müşahidə olunur. Uşaqların müəyyən həddə çatdıqdan sonra diqqətini toplaya bilmədikləri, təlimata tabe olmadıqları, oyunu sonadək davam etdirə bilmədikləri üzə çıxır. Eyni zamanda, hiperaktiv uşaqlar hər şeylə maraqlanırlar, hər şeyə əl uzadır, baxır, fikir söyləyir və qaydalara tabe olmaq istəmirlər. Həmin uşaqlar həmişə səs-küylü və dəyişkən oyunlara meyil göstərirlər. Bir saniyə belə bir yerdə dura bilməyən bu uşaqlar hətta qida qəbulu zamanı da sakit ola bilmirlər. Onların əlləri və ayaqları daim xaotik hərəkətdədir və siz hərəkətin istiqamətini və sürətini belə müəyyən etməyə bilərsiniz. Adətən məktəbdən qayıdarkən belə uşaqlar müəyyən əşyalarını itirdiyinin fərqinə vara bilərlər. Onlar ev tapşırıqlarının yerini adətən unudur, ad yadda saxlamada da problemlər yaşayırlar. Hiperaktiv uşaqlar təlimatları sona kimi dinləmədikləri və qaydalara tabe olmadıqları üçün bir çox hallarda ailədaxili münasibətlərdə və davranış qaydalarında da çətinliklər yaradırlar. Bu uşaqların evdəki və mühitdəki davranışları daim diqqət mərkəzində olur. Valideynlər tərəfindən çoxsaylı danlamalar və tənqidlər, bir çox hallarda isə qışqırıqlar heç bir effektiv nəticə vermir. Valideynlərin düzgün davranış qaydası tətbiq edə bilməməsi çox zaman uşaqların probleminin daha da dərinləşməsinə gətirib çıxardır”.
Onun sözlərinə görə, ailədə həmin uşaqlar tez-tez tənqid və danlaqla qarşılaşdıqları üçün onlarda xarakterin mənfi əlamətləri müşahidə olunur: “Bu əlamətlərdən isə həm uşaqlar, həm də böyüklər əziyyət çəkirlər. Hiperaktiv uşaqlar əsasən səs-küylü olurlar. Uzun iş saatından sonra evə qayıdan valideynlər səbrləri çatmadıqları üçün çox vaxt onları kortəbii şəkildə sakitləşdirməyə və ya hədə-qorxu gəlməyə başlayırlar ki, belə davranışlar da heç bir vaxt effekt vermir. Bu davranışlar uşaqlar tərəfindən ona görə sərgilənir ki, valideynlər düzgün davranış qaydaları seçmirlər. Ümumiyyətlə, hiperaktiv uşaqların valideynləri adətən onların tərbiyəsində və təlimində, eyni zamanda davranış qaydalarında çox əziyyət çəkirlər. Həqiqətən də bu valideynləri başa düşmək olar. Bu tip uşaqlarla ilk tanışlıq olduğu üçün çox zaman məlumatsız olub, nə edəcəklərini bilmirlər. Valideynlər uşaqlarının tipini bilmədikləri, onları tam anlamadıqları üçün övladlarını mühitə çıxarmaq, bağçaya qoymaqdan belə imtina edirlər ki, bu da yanlış fikirdir. Hiperaktiv uşaqların valideynləri çox zaman uşaqları nəhayət bağçaya qoymaq qərarına gəldikdə belə, tez-tez qarşılaşdıqları səhnə pedaqoqlar, digər uşaqların valideynləri tərəfindən iradları və tənqidləri qəbul etməmək və müdafiə olunmaq kimi davranış nümayiş etdirmələridir. Psixoloq və həkimin qəbulunda olan valideyn əslində uşağının probleminin nə olduğunu anlayışla qarşılamalıdır. Hər hansı bir uşaq bağçasına hiperaktiv uşağın yeni qəbul olunması bəzən pedaqoqlar tərəfindən də böyük həyəcanla qarşılanır. Məlumatsız olan pedaqoq belə uşaqlardan imtina edə bilər. Halbuki bu çox yanlış bir davranış qaydasıdır”.
Sevinc
Həftə içi.- 2022.- 3-9
mart.- S.4.