Novruz -milli özünüdərk
və tarixi
bayramımız
Təsüdüfi
deyil ki, Ümummilli Liderdən müsahibə alan bir jurnalistin
"Sevdiyiniz bayram
hansıdır ?" - sualına Heydər
Əliyev "Novruz !" demişdi
Azərbaycan
xalqının milli-mənəvi dəyərlər sistemində
Novruz bayramının özünəməxsus
yeri var. Baharın gəlişi, torpağın oyanması
dövrünə təsadüf edən bu
bayram xalqımız tərəfindən həmişə
böyük sevgi ilə
qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu
bayramı unutdura bilməmiş, bir-birindən
maraqlı Novruz adətləri,
inancları nəsillərdən nəsillərə ötürülmüşdür. Sovet dövrünün ilk onilliklərində Novruz
bayramına müəyyən qadağalar qoyulmuşdu.
Hökumət orqanları bu
bayramın rəsmi səviyyədə keçirilməsinə
icazə vermir, buna təşəbbüs göstərən vətənpərvər
insanlar isə təqiblərlə üzləşirdi. Bununla belə, əsrlərdən
qalmış ənənələrə sadiq
qalaraq, hər bir azərbaycanlı
ailəsində bu bayram
ilin ən əziz günləri kimi qeyd olunurdu.
Rəsmi tədbirlərdə, radio və televiziya verilişlərində Novruz bayramının adını dəyişdirib, gah "Bahar" bayramı, gah da yaz-tarla işlərinin başlanğıcı hesab etsələr də, xalq öz Novruzunu məhəbbətlə qarşılayıb ehtiramla keçirirdi. Şəkərbura, paxlava bişirilir, bayram plovu süzülür, səməni göyərdilir, həyətlərdə tonqal yandırılırdı. Qohum-əqrəba bir-birinin qapısını döyərək bayramlaşırdı. Amma bütün bunlar sanki bir örtük, pərdə arxasında həyata keçirilirdi. Radio və televiziyalarda baharın gəlişi ilə əlaqədar konsertlər verilir, yazla bağlı mahnılar oxunurdu. Hər kəs öz imkanı və səlahiyyəti daxilində bu qədim bayramın əbədiyaşarlığına xidmət göstərməyə çalışırdı. Amma heç kim Novruzun adını çəkə bilmirdi.
Yalnız Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi. Ulu öndər ölkəyə rəhbərliyinin ilk günlərindən hər cür ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başladı. İctimai şüurdakı qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacardı. Ulu öndər xalqda milli heysiyyəti gücləndirdi, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi. Xalqımız keçmişin ağır buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı.
Doğrudur, Novruz bayramının rəsmi səviyyədə qeyd edilməsi təşəbbüsləri əvvəllər də olmuşdu. Novruz bayramı üzərindəki qadağaların ortadan götürülməsi üçün bir sıra ziyalılarımız fədakarcasına çalışmışdılar. Lakin məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu məqsədin həyata keçməsi mümkün oldu. Bu bayram sadəcə mərasim kimi deyil, məhz milli mənəvi dəyərlərin əhəmiyyətli bir hissəsi olaraq yenidən öz mahiyyətinə qovuşdu. Novruza olan bütün qadağalar ortadan götürüldü. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində Novruz bayramı günlərində Bakı küçələrində insanlar kütləvi şənliklərə başladılar.
Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra gənc müstəqil dövlətimizin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına da müstəsna diqqət yetirdi. Müstəqilliyimizin milli-ideoloji təməlini təşkil edən bu dəyərləri xüsusi qiymətləndirdi, daim diqqət mərkəzində saxladı. Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev bir neçə tərkib hissəsini xüsusi qeyd edirdi: dil, din, adət-ənənə və bunların işığında formalaşan milli mentalitet.
Təsüdüfi deyil ki, Ümummilli Liderdən müsahibə alan bir jurnalistin "Sevdiyiniz bayram hansıdır ?" - sualına Heydər Əliyev "Novruz !" demişdi. Novruz şənliklərində Heydər Əliyev şəxsən özü əhali ilə bayramlaşmağa çıxar, insanları bayram münasibətilə təbrik edər, yumurta döyüşdürər, öz xeyir-duaları ilə hər kəsdə xoş ovqat yaradardı. Heydər Əliyev azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə də xalqımızın milli-mənəvi dəyərləri xüsusi yerə malikdir. Bu dəyərlər üzərində müəyyənləşən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, bu gün “Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir”. Bu interqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli kimliyini qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da da azərbaycançılıq fəlsəfəsi təmin edir: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.
Bu gün Heydər Əliyevin ali ideyalarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin bütün dünyada təbliğində, qədim ənənələrimizin yenidən həyat qazanmasında və beynəlxalq ictimaiyyətə təqdim olunmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.
Təsadüfi deyil ki, məhz Mehriban xanımın əməyi sayəsində Novruz bayramı çərşənbə günü dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilmişdir. 2010-cu il 23 fevral tarixində isə martın 21-i BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Novruz Günü elan edilmişdir. Novruz beynəlxalq bayram statusu əldə etməklə bütün ölkələrin və xalqların birləşməsinə, mədəniyyətlərarası dialoqa və anlayışa təşviq edilməsinə, dünyada sülhün və əmin-amanlığın gücləndirilməsinə səbəb olmuşdur.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Aparılan məqsədyönlü daxili və xarici siyasət hesabına əldə edilmiş sosial-iqtisadi, mədəni nailiyyətlər xalqımızın bayram sevincini daha da artırır, bizləri gələcəyə ruhlandırır.
Məşhur Məmmədov,
Milli Məclisin İqtisadi
siyasət,
sənaye və sahibkarlıq komitəsinin
üzvü
Həftə içi.- 2022.- 17-30
mart.- S.7.