31 mart soyqırımı-

unudulmayan tarix

 

Erməni bolşevik daşnaklarının ölkəmizdə törədtiyi dəhşətli qətliamlardan biri - 31 Mart soyqırımından 104 il vaxt keçir. Azərbaycan xalqı, dövləti insanlıq adına ləkə olan o qanlı tarixin səhifələrini yenidən vərəqləyir, millətimizin, dövlətimizin hansı cinayətkar, məkrli imperialist qüvvələrlə üz-üzə qaldığını, illərdir, haqq və hüquqlarının hansı qüvvələrin maraqlarına qurban verildiyini bir daha gözdən keçirir. Milli Məclisin sədr müavini, tarix elmləri doktoru, professor Fəzail İbrahimli ilə növbəti müsahibəmizdə bu barədə danışdıq:

 

- Erməni bolşevik daşnaklarının Azərbaycanda törətdiyi 31 Mart soyqırımı dövlətimizə, xalqımıza qarşı yönələn hansı məkrli siyasətin nəticəsi idi?

- Mart soyqırımı Azərbaycanın tarixi taleyində xalqımızın üzləşdiyi ən böyük faciələrdən biridir. Faciə simvolik olaraqMart” soyqırımı kimi ifadə edilsə də, bu heç də qısa zaman kəsiyində baş verməmişdi. Tarixi faktlar sübut edir ki, Mart soyqırımı 1918-ci ilin mart ayından başlayıb, İslam Qafqaz Ordusu Bakıya gələnədək  - sentyabrın 18-nə qədər davam etmişdi.

Deyilə bilər: necə olur ki, hər dəfə bizə qarşı qırğınlar törədilib, geri çəkilmişik, torpaq itkisinə məruz qalmışıq, hər dəfə uduzmuşuq. Bu deyimlərə aydınlıq gətirmək üçün mütləq tarixin müəyyən məqamlarına varmaq lazımdır.  Görünəcək ki, Azərbaycan geri çəkilməyib, daim müqavimət göstərib.  Azərbaycan soyqırımına məruz qalıb insan itkisi, torpaq itkisi ilə üzləşsə də dövlətçiliyini qoruyub.

1918-ci il mart, 1992-cı il fevral soyqırımları 200 illik müddətdə Azərbaycana qarşı yönəlmiş məkrli siyasətin tərkib hissələridir. Bunun mahiyyəti I Pyotrın vəsiyyətlərindən başlayır.

Pyotr 1721-ci ildə özünü imperator, Rusiyanı imperiya elan edir. 1723-cü il noyabrın 10-da 3 erməni katolikosu Pyotrun qəbuluna gedir. “Nə istəyirsiniz?”- sualına ermənilər “Bizi Xəzərboyu vilayətlərdə yerləşdirin, sizin siyasəti dəstəkləyək”, – deyirlər. Pyotr Hindistanı fəth etmək istəyirdi və fikirləşdi ki, ermənilərin vasitəsilə öz Qafqaz siyasətlərini yeridə bilərlər. Göstəriş verir ki, Bakıda, Gilanda, Mazandaranda, Təbrizdə, Dərbənddə və digər yerlərdə yerli əhalinin sıxışdırılıb-çıxarılması hesabına ora erməniləri yerləşdirsinlər. Pyotr 2 ildən sonra dünyasını dəyişsə də, bu qərar 1925-ci ildə Rusiya Xalq Xarici İşlər Kollegiyasının qərarında dövlət siyasəti kimi ifadə olundu. Bu vəsiyyətdən 100 il keçəndən sonra, 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinə maddələr əlavə olunur. Bu təbəə alış-verişi adlanır - insanların gedib-gəlməsi, dəyişdirilməsi... Beləliklə, Rusiyanın Qafqaz siyasətini reallaşdırmaq üçün İrandan 40 min, Türkiyədən 84 min erməni Qafqaza köçürülür. Rus yazıçısı Şavrov yazırdı ki, “Biz Qafqazdakı siyasətimizi ruslarla deyil, başqa xalqlar vasitəsilə reallaşdıra bildik”. Bax, bu soyqırımlar da həmin siyasətin tərkib hissələridir. Məsələn, 1828-ci ildə  nəinki Qafqaza ermənilər köçürüldü, həm də Qarabağda bir erməni vilayəti də yaradıldı. Bu çox da uzun çəkmədi. Çar devriləndən sonra hakimiyyətə gələn bolşevik Leninin əmri ilə Şaumyan Qafqaza canişin təyin olunur. Təsəvvür edin, 1915-ci il Türkiyə ilə münasibətlərini unutmayan, 1905-1907-ci ilin qırğınlarından təzə çıxmış bir erməni lideri Rusiyanın Qafqaz siyasəti əsasında Qafqazda hakimiyyətə gətirilir. Nəticədə “Mart soyqırımı” törədilir.

Mart soyqırımı Azərbaycan xalqına qarşı yönəlmiş siyasətin növbəti “dayanacaqlarından”  biridir. Burada hadisələrin vahiməli keçməsinə səbəb rus-bolşevik istəyini həyata keçirən erməninin bu işə rəhbərlik etməsi olub. Şaumyan bir tərəfdən Moskvanın sifarişini yerinə yetirir, o biri tərəfdən  türksüz bir Qafqaz yaratmaq niyyətini həyata keçirirdi.

Bu haqda cildlərlə kitablar yazıldı. Xalq Cümhuriyyəti yaranandan sonra Xəlil bəy Xasməmmədovun rəhbərliyi altında bu məsələlər tədqiq edildi neçə cildlik hüquqi bir sənəd ortaya qoyuldu ki, bu gün bizə həmin tarixi öyrənməyə kömək edir. Nəticədə, azərbaycanlılara qarşı törədilən soyqırımı Qubada, Şamaxıda, Lənkəranda, Bakıda 1918-ci il sentyabrın 15-nə qədər davam edir. Əgər Qafqaz Müsəlman Ordusu Qafqaza girməsəydi, AzərbaycandaAllahu-Əkbərdeyən bir kişi səsi eşidilməyəcəkdi. Budur, Mart soyqırımının mahiyyəti...

- Azərbaycana qarşı aparılan bu soyqırımı siyasətində Avropa, Qərb güclərinin xidməti vaxtdan başladı?

- Mart soyqırımından sonra Azərbaycanda Demokratik Cümhuriyyət yarandı. Mart soyqırımında Rusiyanın Qafqaz siyasəti, ermənilərin nifrəti, qisasçılıq hissi ilə türksüz Qafqaz yaratmaq ideyası dayanırdısa, Cümhuriyyətin işğalına rəvac verənlər məhz Qərbin Amerikası, Avropanın Fransası, İngiltərəsi oldu.

Tarixi faktlara görə, I dünya müharibəsi qurtarandan sonra dünya siyasətinin sükanı arxasında oturan Amerika Prezidenti Tomas Vudro Vilson 1918-ci il mayın 28-də yaranan respublikanın nümayəndə heyətinin rəhbəri Əlmərdanbəy Topçubaşovu düz, Cumhuriyyətin 1 illiyində - 1919-cu il may ayının 28-də qəbul edir. Orada Vilson Topçubaşova istehza ilə deyir ki, “Siz elə bilirsiniz Paris Sülh Konfransı ona görə çağırılıb ki, dünyanı cırtdan dövlətlərə bölsün?.. Topçubaşov yazır ki, sanki dünya başıma fırlandı. Topçubaşov ondan fikirlərinin olduğunu soruşur. Vilson deyir ki, Paris Sülh Konfransı hansı qərarı qəbul etsə, ona da tabe olmalısınız.

Hansı qərarı qəbul etdilər?! Birinci dünya müharibəsində Antanta qələbə çaldı Azərbaycan Antantaya hədiyyə edildi. Sonradan bolşeviklərin işğalına rəvac verən məhz saydığınız o dövlətlər oldu. Vilsonun 14 sülh prinsipi var idi. Həmin prinsiplərdə hansı dövlətlərin azadlığı nəzərdə tutulmuşdusa, onlar müstəqilliklərini qazandılar. Qafqazda yaranan dövlətlər onların prinsiplərinə daxil deyildi. Ona görə rus işğalına göz yumdular.

1918-ci ildə Topçubaşov mübarizə aparırdı ki, bizi dövlət kimi qəbul etsinlər. Rus əsgərləri Azərbaycanı işğal etməyə hazırlaşanda, 1920-ci ilin yanvar ayında de-fakto belə bir respublikanın olmasını qəbul etdilər. Aprel ayında isə Rusiya Azərbaycanı işğal etdi. Əgər o vaxt Avropa ölkələri bu məsələdə Paris Sülh Müqaviləsini deyil, müstəqil ölkələrin taleyini düşünsəydilər, ola bilsin, rus işğalına rəvac verilməzdi.

- Erməni daşnaklarının bolşevik başbilənləri ilə birgə Azərbaycanda törətdiyi qırğınlar hansı dövlətlər tərəfindən qınandı yaxud haqsızlığa qarşı kimlər çıxış etdi?

- 31 Mart soyqırımı törədiləndə dünya bugünkü kimi deyildi. Dünya müharibədən yenicə çıxmışdı.  Dünyanın heç bir dövlətinə bu hadisəni çatdırmaq mümkün olmadı.  Dünya bunu başa düşmür, heç əhəmiyyət də vermirdi. Mart ayında bu hadisə baş verdi, may ayında cümhuriyyət yarandı və nəticədə Aprel işğalı baş verdi. Dünya dövlətləri üçün bu soyqırımı məhəllixarakterli hadisə idi.

Onu da deyək ki, 1992-ci ildə Xocalı soyqırımı baş verəndə, dünya rahat, demokratik bir düzəndə idi və hadisə Azərbaycandakı səfirliklərin gözü qarşısında baş vermişdi. Biz bu illər ərzində Xocalı soyqırımını zorla, diplomatik yollarla yalnız bir neçə ölkəyə tanıda bilmişik. Azərbaycanda bu qədər böyük müharibə, azadlıq  hadisəsi olsa da, həmin ölkələr yenə də özünün qara demokratiya sifətini büruzə verir. Babalarının o vaxt bizə olan münasibətini indi də nəvələri göstərir.

Həmin vaxt bizi Türkiyə xilas etmişdi. Türkiyə olmasaydı, Azərbaycan ayaqaltında qalacaqdı. Azərbaycan Xalq Cümhuriyyətini ilk dəfə tanıyan da məhz iyulun 4-də Türkiyə oldu. Türkiyə bizim ümid, güvənc yerimiz oldu. Çox təəssüf ki, I dünya müharibəsində Türkiyənin iştirak etdiyi Üçlər İttifaqı cəbhəsi məğlubiyyətə uğradı. O məğlubiyyətin ağrısını Türkiyə də yaşadı. Türkiyə Mudros Müqaviləsinə əsasən Qafqazdan çəkilməli oldu. Türkiyə Qafqaz İslam Ordusu formasında  Bakıya necə gələ bilmişdi?! İyul ayının 4-də Cümhuriyyəti tanıyandan sonra Türkiyə ilə Azərbaycan arasında hərbi müqavilə imzalandı – bu gün Şuşada bağlanan bəyannamədə olduğu kimi. Həmin müqaviləyə əsasən Türkiyə Ordusu Gəncəyə gəldi, orada Azərbaycan Ordusu ilə birləşdi və ona Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu adı verildi.

- Fəzail müəllim, soyqırımə kimi tanıdığımız, yada saldığımız 31 Mart tarixini bizdən başqa tanıyan yoxdur. Niyə? Biz bu qırğını hansı dərəcədə  dünyaya təqdim edə bildik?

- Əgər Xocalı hadisəsi baş verməsəydi, bu sual məzmununu doğruldardı. Bu gün dünyanın səfirlərinin qarşısında baş verən hadisəni dünyaya zorla tanıdırıqsa, keçən əsrin əvvəllərində baş vermiş hadisəni necə tanıyacaqlar? Yenə də özümüzə güvənməliyik. Bilirsiniz, bu tarixə nəzər saldıqda, 44 gündə qazandığımız qələbə mənə möcuzə kimi gəlir. Bu qələbəni əldə etmişiksə, demək, böyük xalqıq.  Bu müharibədə 200 il ayaqüstə olan erməni ideologiyasını dağıtdıq. Budur, həqiqətin siması, uğurun gözəl nəticələri...

- 31 Mart soyqırımını şahidi olduğumuz Xocalı soyqırımı ilə əlaqələndirib, erməni cinayətləri ilə bağlı faktları toplayıb beynəlxalq məhkəmələrə təqdim edib cinayətkarları cəzalandırmaq üçün hansı işləri görə bilirik? Hazırkı şərait buna imkan verirmi?

- Çayır bitkisinin üstündən asfalt çəkirsən, müəyyən vaxt keçsə də o ölmür, asfaltın qatını yarıb üzə çıxır. Azərbaycanı bəzən o bitkiyə bənzədirəm. Üzərindən dünya dövlətləri, gücləri tərəfindən asfalt çəkilsə də, öz gücü, inadı ilə yarıb oradan çıxır.

Ermənilərin Amerikanın senatında, Fransanın parlamentində dəstəkçiləri var. Bizim isə güvənc, ümid yerimiz dərdimizi öz dərdi, sevincimizi öz sevinci bilən Türkiyəmiz var. Biz öz faciələrimizin icraçısını da bilirik, ona dəstək verənləri . Mart soyqırımını kim törətdi, Xocalı soyqırımını kim törətdi?! Çar getdi, bolşevikər gəldi, bolşevikər getdi, demokratlar gəldi... Xocalı soyqırımı da məhz o demokratik Rusiyanın dövründə oldu. Keçmiş SSRİ-nin sərhədləri hüdudlarında eyni psixologiya, eyni ideologiya, eyni nəticə. Ona görə çox şükür ki, biz tariximizdə üzüağ yaşamağa nail ola bildik. Onmilyonluq bir xalq dünya qüvvələrinin qarşısına çıxdı, erməniləri xristian ağuşundan alıb boğdu. Bu, çox böyük qismətdir, Tanrının Azərbaycan xalqına verdiyi ən böyük xoşbəxtlik, ömür kitabımızın şərəfli səhifəsidir. Ona görə bu gün bu hadisələri yada salanda Mart soyqırımında ondansonrakı proseslərdə dünyasını dəyişənlərin ruhunun şad olduğunu düşünürük.

 

Tahirə Qafarlı

 

Həftə içi.- 2022.- 31 mart- 6 aprel.- S.3.