Qarabağı Rusiyaya birləşdirmiş
İbrahim xanın taleyi
Bu gün
Rusiyanın rəsmən “sülhməramlı” adlanan hərbi
kontingentinin müstəqil Azərbaycan
Respublikasının Qarabağ
torpaqlarının bir hissəsində müvəqqəti(!)
qalmasının köklü tarixi-siyasi səbəblərindən
biri də 1805-ci il mayın 14-də imzalanmış Kürəkçay
müqaviləsidir. Bu sənədlə
nəinki Kreml şovinistlərinin Azərbaycan
torpaqlarını işğal etməsinin, həmçinin son
200 ildən çox bir dövrdə Qafqazda erməni “məsələsi”nin
formalaşmasının əsası qoyulub.
Çünki həmin müqavilənin ardınca imzalanmış Gülüstan(1813) və Türkmənçay(1828) müqavilələrindən sonra Çar Rusiyası tərəfindən ermənilərin İran və Türkiyədən kütləvi şəkildə Azərbaycan torpaqlarına, xüsusən Qarabağa köçürülməsinə başlandı... Qarabağda ermənilərin sayı çoxalmasaydı, Moskva XX əsrin əvvəlində və sonlarında Qarabağ “münaqişələri”ni başlatmağa və nəhayət, 2020-ci ildə yenidən müstəqil Azərbaycan torpaqlarına həmin “münaqişənin nizamlanması” üçün “sülhməramlı” adı altında qoşun yeritməyə əsas və bəhanə tapardımı?..
Bəs 217 il öncə imzalanmış Kürəkçay müqaviləsini yetişdirən tarixi-siyasi durum necə idi və həmin müqavilə hansı şərtlərlə imzalandı?..
Rusiya imperiyasının XIX yüzilin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi. Qafqazdakı rus qoşunlarının baş komandanı P.D.Sisianov Gəncənin işğalından sonra Qarabağ xanlığına hərbi-diplomatik təzyiq göstərməyə başlamışdı. Sisianovun qarabağlı İbrahimxəlil xan (1763-1806) ilə yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışıb. Nəhayət, 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdır. Çarizmin Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilələrdən, bu və ya digər dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv sənədlər (Rusiya ilə Quba xanlığı arasında 1782-ci il müqaviləsi, Kartli-Kaxet çarlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi, I Pavelin 1801-ci il yanvar və I Aleksandrın 12 sentyabr manifestləri, Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgiyevsk müqaviləsi, Car-Balakən andlı öhdəliyi, Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtlər, Qərbi Gürcüstanın knyazlıq və çarlıqları ilə münasibətlərə dair müqavilələri və b.) nəzərdən keçirildikdə aydın olur ki, onun bağlanılması zamanı bəzi istisnalarla məhz 1783-cü il Georgiyevsk müqaviləsinin başlıca müddəaları əsas götürülmüşdür. Faktlar sübut edir ki, İbrahim xan onun şərtləri ilə yaxından tanış idi. Həmin müqavilənin bağlanılması barədə məlumat verildiyi bildirilən siyahıda Qarabağ xanlığının da adı çəkilirdi. Bununla birgə Qarabağ xanlığının vəziri Molla Pənah Vaqif Tiflisdə bu münasibətlə keçirilən tədbirlərdə iştirak etmişdi. Beləliklə, Rusiya Qarabağ xanlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi əsasında traktat bağlamaqla ona ciddi önəm verirdi...
1804-cü ildə Cavad xan və tərəfdarlarının şəhidliyi ilə Gəncənin işğalı, rus qoşunlarının sonrakı uğurları Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol oynadı. General Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan ―Rusiya təbəəliyinə keçməyi tələb etdi. O yazırdı ki, “sizə yalnız yaxşısını seçmək qalır"... Onun anlayışında “yaxşı yol” Rusiya idi. İbrahimxəlil xan İran qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək xahiş edib, ―Rusiyaya kömək göstərmək və ona sadiq qalmaq vədi verdi. Qarabağ xanının Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş İran sarayı İbrahimxəlil xanın oğlu Əbülfət xanı 500 nəfərlik dəstə ilə Qarabağa göndərdi. Lakin İbrahimxəlil xan onu düşməncəsinə qarşıladı və onun dəstəsini Dizaq(indiki Xocavənd-Hadrut və Füzuli ərazilərinin bir hissəsi) yaxınlığında əzdi. Qarabağ xanının bu qələbəsindən sonra Sisianov onun xahişinə görə Qarabağa mayor Lisaneviç başda olmaqla dəstə göndərdi. Eyni zamanda o, Rusiya təbəəliyini qəbul etmək barədə cavabı sürətləndirməyi tələb etdi. İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. Sisianov Gəncənin gündoğarında, Kürək çayı üzərində düşərgə salmışdı, İbrahim xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa. Xanlar ağa və Qarabağın başqa əyanları ilə birlikdə buraya gəldi. Adam göndərib kürəkəni Şəki hakimi Səlim xanı da əyanları ilə “böyük sərdarın” yanına çağırdı.Və tərəflər arasında "Andlı öhdəlik" imzalandı. Kürəkçay müqaviləsi preambula və 11 artikuldan ibarət idi. Müqavilənin preambulasında şuşalı və qarabağlı İbrahim xanın Rusiya imperiyasının təbəəliyinə keçməsi təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Müqavilənin 1, 4, 6, 8 və 9-cu artikullarında İbrahim xanın, 2, 3, 5 və 7-ci maddələrində Rusiyanın öhdəlikləri əks olunmuşdur. Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahim xanın adı keçən bütün artikullarda şuşalı və qarabağlı İbrahim xan kimi təqdim edilməsidir. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin X artikulunda qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır...
XI maddə
ratifikasiya haqqında idi. Kürəkçay müqaviləsində
Qarabağ məliklikləri və ya ermənilərin
xanlığa hər hansı iddia və münasibətindən
bir kəlmə belə yoxdur. Bütün bunlarla bərabər,
Qarabağ xanlığının müsəlman dövləti
olması və onun 1783-cü il Georgiyevsk müqaviləsindən
fərqli olaraq yeni tarixi şəraitdə imzalanması onun 5,
8, 9, 10, 11 və b. artikullarda irəli sürülən
müddəaların burada nəzərə alınmasına
imkan verməmiş, əksinə, digər yeni şərtlərlə
Qarabağ xanlığının təəhhüdləri
ağırlaşdırılmışdır. Rus və
gürcü dillərində imzalanan 1783-cü il Georgiyevsk
müqaviləsindən fərqli olaraq, Kürəkçay
müqaviləsi yalnız rus dilində imzalanmışdı.
Bu hal da müqavilənin mətnində, xüsusilə
Qarabağ xanlığına dair təəhhüdlərdə
özünü biruzə verir...
Azərbaycan
MEA A.A.Bakıxanov adına Tarix İnstitutu Qarabağ tarixi
şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru
Qasım Hacıyev yazır:
“Rusiya ilə
Azərbaycanın münasibətlərinə dair mühüm
sənədlərdən biri sayılan bu müqavilə təkcə
Qarabağın deyil, bütünlükdə Azərbaycanın
taleyində mühüm rol oynadı. Qarabağın
özünə gəldikdə isə bu müqavilənin
şərtlərinə görə Qarabağ
xanlığı Rus imperiyasının vassalı olur, Rusiya
çarına görə digər xarici dövlətlərlə
münasibət saxlamaq hüququndan məhrum olur, çar xəzinəsinə
hər il 8 min çervon bac verməyi öhdəsinə
götürürdü. Bundan əlavə, Şuşa
qalasında və xanlığın ərazisində Rusiya
qoşununun yerləşdirilməsi barədə də
razılıq verilirdi. Bunlarla yanaşı çar
qoşunları general-leytenantı rütbəsi verilmiş
İbrahimxəlil xan birbaşa çar baş komandanına
tabe idi. Eyni zamanda Rusiya hökuməti də xanın və
onun varislərinin daxili idarəetmə hüquqlarına
toxunmayacağını öhdəsinə
götürdü...”
Rusiya tərəfindən
1822-ci ildə Qarabağ xanlığının ləğv
edilməsilə Kürəkçay müqaviləsinə son
qoyuldu...
Bəs
İbrahim xanın işğalçı düşmənlə
sonadək mübarizə və şəhidlik yolunu
seçmiş Gəncə xanı Cavad xandan fərqli olaraq Azərbaycanın
Qarabağ kimi həm iqlim, həm məhsuldarlıq, həm
yeraltı-yerüstü sərvətlərlə zənginlik,
eyni zamandan geostrateji baxımdan çox əhəmiyyətli
bir ərazisinin Rusiyaya birləşdirilməsinə razılıq
verməsini imperiya rəhbərliyi necə dəyərləndirdi?..
Kürəkçay
müqaviləsinin imzalanmasından sonra bu Azərbaycan xanı
cəmi 1 il bir ay yaşadı...
...Atası
Pənahəli və qardaşı Mehrəli bəydən
sonra 1763-1806-cı illərdə Qarabağ
xanlığının xanı olmuş İbrahimxəlil xan
Cavanşir əsasən vəziri Molla Pənah Vaqifin siyasəti
sayəsində Qarabağın müsəlman Azərbaycan
türk- qacarların hökmran olduğu İran, yaxud
Osmanlı dövlətinə yox, məhz Rusiya impeiyasına
birləşdirilməsinə razılıq verir. Elə bu
işğalda olan böyük roluna görə Kreml xüsusən
SSRİ dövründə Vaqifin orta və ali məktəblərdə
geniş tədrisinə, xalq arasında təbliğinə
şərait yaradır, həmçinin 1982-ci ildə
Şuşada onun xatirəsinə böyük məqbərə
ucaldılmasına razılıq verir. Heç Pənahəli
xanın sarayının bərpasına, yaxud Şuşada və
ya Ağdamda heykəlinin ucaldılmasına qol qoyardımı
Moskva?..
Rusiyaya
bağlılığın “mükafatı” olaraq 12 iyun
1806-cı ildə İbrahim xan Şuşa
yaxınlığındakı Xanbağında 17 nəfər
ailə üzvü ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi
tərəfindən qətlə yetirildi...
Türkoloq
alim, professor Minəxanım Təkləli “Mən aşiqəm
Qarabağ...” silsiləsindən olan “İbrahim xanın
qatilinin son aqibəti” yazısında
Qarabağ xanının qatili haqqında ətraflı məlumat
verir:
“Rus
qoşunları Gəncəni işğal edib Qarabağ üzərinə
yeriyəndə Dmitri Lisaneviç (1773-1825) mayor rütbəsində
idi. Lisaneviç serbəsilli ruslardandır. Serblər rus
ordusunda gözəçarpacaq saya və mövqeyə malik
idilər. Vətən, din təəssübünü çəkməkdə
heç nə ilə ruslardan geri qalmazdılar...
General
Pavel Sisiyanovun “dəli” Lisaneviçə böyük
etimadı var idi. Sisiyanov maraqlı olduğu Gəncə
üzərinə hücumda ona bərk güvənirdi. Və
gümanında yanılmadı; Cavad xanı qala bürcündən
(deyilənlərə görə, Gəncənin ikiqatlı
qala divarlarındakı qüllələrdən biri olan bu
bürc Hacı Qala adı daşıyırdı) sərrast
güllə atəşi ilə o vurub salmışdı.
Tarixi sənədlər də bunu təsdiq edir; Cavad xanın
ölümünün Lisaneviçin əli ilə olduğu
göstərilir: Cavad xan ortancıl oğlu Hüseynqulu
ağa ilə birlikdə ümumi hücumda qala divarları
üzərində mayor Lisaneviç tərəfindən
öldürüldü (Bax: AKAK, ll c, sənəd 1189) deyə
göstərilir.
...İbrahim
xanla onun öz gələcək qatili mayor Lisaneviçin ilk
görüşü müxtəlif müəlliflərdə
eyni cür təsvir olunub: “1805-ci ilin mayında Kürəkçay
sahilində sülh müqaviləsi bağlanan kimi general Pavel
Sisiyanov mayor Lisaneviçi 500 soldatla Qarabağa göndərir”(Mirzə
Yusif Qarabaği. “Tarixi-Safi”); Sərdar Sisiyanov mayor
Lisaneviçi beş yüz yeger adlanan dəstə və
topxana ilə Qarabağa – İbrahim xanın yanında
olmağa təyin elədi (Mirzə Mehdi Xəzani. “Kitabi-Tarixi
Qarabağ”) və s.
İbrahim
xanı düz bir il sonra ailəsi ilə qətlə yetirən
Lisaneviç əslində burada özü xan idi. Vəziyyət
isə hər yöndən mürəkkəbləşərək
müdhiş hadisələrə yol açmaqda idi...
Kürəkçay
müqaviləsinin imzalanmasından hirslənib
qızışan gənc şahzadə Abbas Mirzə hərbi
yürüşə başlayır. Rus qüvvələrinin
azlığı və Araz sahillərinə yanaşmaması
(müharibələrə “aludə” olan Rusiya bu zaman eyni vaxtda
Avstriya, Fransa, Osmanlı dövləti ilə
ayrı-ayrılıqda qəsbkar müharibələrini
aparırdı) və həmçinin Qızılbaş
qoşunu ilə vuruşmağa ruslar tərəfindən məcbur
edilən yerli əhalinin ürəksiz vuruşu nəticəsində
Şuşada da həyəcan anbaan artmaqda idi. Həm də
1806-cı il fevralın 20-də əli qanlı general
Sisiyanovun Bakı qala divarları önündə
başının kəsilməsi xalqı bu qəsbkarların
Azərbaycandan, nəhayət, çıxıb gedəcəklərinə
inanmağa ruhlandırdı. Vəziyyəti yerli erməni məlikləri,
o cümlədən Məlik Şahnəzər də bir yandan
körükləyirdi. İbrahim xan əslində onunla qohum
idi; Məlik Şahnəzərin qızını
almışdı. Lakin o, indi xanın qatı düsməninə
çevrilmişdi...
Mirzə
Adıgözəl bəyin “Qarabağnamə”sində oxuyuruq:
“Mərhum Pənah xan və İbrahim xanın mehribanlıq nəzəri,
hörmət və mərhəmət gözü həmişə
Məlik Cümşüdün üstündə olmuşdu...”
İndi
isə belə qeyri-müəyyən vəziyyətdə ermənilərin,
xüsusən Məlik Cümşüd Şahnəzərovun
məkrli, gizli donosları öz işini görüb
qurtarmışdı... Cümşüd Şahnəzərovun
Peterburqda təhsil alan və xidmətə girən
oğulları artıq yeni əsrdə – günümüzdə
Mixail Qorbaçovun sağında daim “Qarabağ uğrunda” fəaliyyətdə
gördüyümüz onun müşaviri, bizimsə
müasirimiz həmin Georgi Şahnəzərovun ulu
babasıdır...
...İbrahim xanın isə öncə təsvir etdiyimiz şəraitdə Şuşadan çıxıb Xan Səngər adı ilə məşhur olan qalada qərar tutması şübhələr doğururdu; artıq onun ruslarla ittifaqa girməkdən peşman olması aydın görünürdü. Çoxları da güman edirdi ki, İranda şah sarayında yaşayan oğlu Əbülfət ağanın (o Fətəli şahın qaynı idi) Qızılbaş qoşunu başında Qarabağa girməsi İbrahim xanın buyruğu ilədir...
Beləliklə İbrahim xanın rus dövlətinə olan sədaqəti – Kürəkçay müqaviləsinin etibarlılığı artıq şübhə altına alınmışdı... Odur ki, bir an belə ləngimədən dəli mayor Lisaneviç 100 soldatla 1806-cı ilin 11 iyun gecəsi qaladan çıxaraq xan düşərgəsinə yaxınlaşır və onu mühasirəyə alır. İbrahim xanı öz əyanları və ailəsi ilə birlikdə öldürür. Lisaneviç dərhal polkovnik rütbəsinə qaldırılır...
XX əsrin əvvəllərindən bəri
Qarabağda, Zəngəzurda, Göyçədə,
Bakıda, Şamaxıda, Qubada və s. Rusiyanın,
Fransanın himayə etdiyi erməni terrorçularının
başımıza gətirdiyi faciələr, eləcə də
bu gün – 30 illik növbəti işğal və 44
günlük müzəffər savaşımızdan sonra hələ
də yaşadığımız problemlər məhz dədə-babalarımızın
dünənki, o günkü tarixi səhvlərinin nəticəsidir.
Həm də ona diqqət etmək vacibdir ki, Rusiya imperiyası
ilə heç bir müqaviləyə, heç bir müttəfiqliyinə
etibar etmək olmaz... Həmin imperiya hətta ona bilavasitə
xidmət göstərmiş xanlarımızı da qətlə
yetirib... İbrət götürmək borcumuzdur... Bu gün
Şuşa və Qarabağın digər xeyli ərazisi əlimizdə
olsa da, yenə də faktiki erməniləri himayə edən
Rusiya ordusunun nəinki mayoru, polkovnikləri, generalları da
Xankəndində, elə Qarabağ xanını qətlə
yetirdikləri Xanbağı deyilən məkanda,
“Axırıncı aşırım” filmində Qəmlo
demiş, düz burnumuzun dibindədirlər...
Sultan Laçın
Həftə içi.- 2022.- 12-18 may.-
S.7.