Edilli kütləvi məzarlığı

 

İşgəncələrə məruz qalan soydaşlarımızın "son mənzili"

 

Xocavəndin Edilli kəndində tapılan növbəti kütləvi məzarlıq Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərini sübut edən növbəti faktlardan biridir. Ermənistanın işğalçı siyasətinə göz yuman, cinayətkara qarşı səsini çıxarmayan beynəlxalq təşkilatın bu cür faktlar qarşısında hansı addımları atacağından asılı olmayaraq, Azərbaycan ictimaiyyəti bunu lazımı səviyyədə təqdim edə bilirmi və hansı addımlar atılmalıdır? Tarixçi-alim Faiq İsmayılov bildirir ki, Edilli kəndində akşar olunan sayca 3-cü kütləvi məzarlığın açılmasında iştirak edib. F.İsmayılov o məzarda gördüyü dəhşətin heyrət doğurduğuna diqqət çəkib.

Məzardakı insan sümükləri həmin insanların xüsusi qəddarlıqla qətlə yetirildiyini göstərir.“İkinci bir tərəfdən, ermənilər Edilli kəndindən azərbaycanlı əsirlərə xüsusi işgəncə ərazisi kimi istifadə ediblər. Məsələn, Edilli kəndində bütün yolların kubik daşlarla döşənməsində həmin əsirlərin əməyindən istifadə olunub. Həmin yollar Füzuli rayonundakı evlərdən sökülüb-gətirilmiş daşlardan tikilib. Ermənilər 1990-cı illərdə nəinki hərbçiləri, eyni zamanda mülki vətəndaşları da əsir götürürdülər. Erməni zülmündən canını götürüb qaçmaq istəyən insanlarımızı ya əsir götürür, ya da güllələyirdilər. Həmin əsirlərdən də qul əməyi kimi istifadə edirdilər. Xüsusən də yeniyetmələrin, uşaqların və gənclərin orqanlarını götürürdülər. Bunun üçün Laçın rayonunda səyyar laboratoriyalar da var idi. 1990-cı illərdə ermənilər belə cinayətlərdən istifadə edərək, insan orqanlarının 2-ci, 3-cü, 4-cü ölkələrə satışını təmin edirdilər. Həmin illərdə Ermənistan insan orqanı satışına görə dünyada birinci yer tuturdu”.

F.İsmayılov bildirir ki, Azərbaycanın bu faciələri dünyaya göstərməsi üçün əlində olduqca dəyərli faktlar var. O, çox təəssüf hissi ilə qeyd edib ki, biz bu faktları lazımi səviyyədə təqdim etməyi bacara bilmirik.

Araşdırmaçı hesab edir ki, bu faktlar birinci növbədə müxtəlif dillərdə tərcümə edilib xarici mətbuata ötürülməli, xarici teleqram kanallarında, saytlarında mütləq şəkildə yerləşdirilməlidir.  Onun fikrincə, hər bir vətəndaş bunu öz imkanı daxilində edə bilər. “İkinci tərəfdən, beynəlxalq təşkilatlara ictimaiyyət nümayəndələri tərəfindən müraciətlər olunmalı, faktlar onların nəzərinə çatdırılmalıdır. Bizim beynəlxalq təşkilatlarla işləyib bu faktları onların diqqətinə çatdırmağımız mütləq şəkildə vacibdir.  Bu Azərbaycan ictimaiyyətinin üzərinə düşür. Bəzi hallarda dövlət tərəfindən təqdim olunan bu faktlara dövlətin mövqeyi kimi baxılır və buna barmaqarası yanaşılır. Burada ikilistandartlar özünü göstərir. Bu sahədə fəaliyyətimizi yeniləməliyik”.

Azərbaycanın 4 min əsir və itkin düşmüş insanı ilə bağlı siyahısının olduğunu qeyd edən F.İsmayılov hesab edir ki, onların böyük əksəriyyəti bu cür kütləvi məzarlıqlarda gizlədilib. Ona görə də hesab edir ki, Ermənistan birinci növbədə kütləvi məzarlıqların yerini göstərməlidir.

Bu məzarlıqların yerini onların hərbçiləri, liderləri bilirlər. Onlar yaxşı bilirlər ki, hansı kənddə, hansı ərazidə kütləvi məzarlıqlar gizlədiblər”.

F.İsmayılov bildirir ki, bu faktlar Ermənistanın cinayətlərinin üstünün açılması ilə yanaşı, bir tərəfdən də itkin düşmüş doğmalarının yolunu gözləyən ailələrin gözlərinin yollardan çəkilməsinə imkan yaratmış olar.

Politoloq Rəşad Bayramov “Həftə içi”nə açıqlamasında bildirib ki, Edilli kəndində tapılan və özündə erməni vandalizmini, erməni faşizmini, insanlıq əleyhinə cinayətləri ehtiva edən kütləvi məzarlıq nə ilk nə də son məzalıq deyil. Onun sözlərinə görə, Birinci Qarabağ savaşında 4 000 insanımızın, hərbçi və mülki vətəndaşlarımızın itkin düşməsi və teliyinin hələ də bilinməməsi bu tip kütləvi məzarlıqların bundan sonra da aşkar ediləcəyini deməyə əsas verir.

“Araşdırmalar sübut edib ki,  Edilli kəndindəki kütləvi məzarlıqda aşkar edilən cəsədlər işgəncələrə məruz qalmış, öldürülmüş əsgərlərimizin cəsədləridir.

Təbii ki, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin, kütləvi məzarlıqlarla bağlı faktların, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması zəruridir və qeyd etmək lazımdır ki, bu istiqamətdə yetərli olmasa da müəyyən işlər görülüb. Buna misal olaraq, “Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş müharibə cinayətləri və Ermənistanın məsuliyyəti haqqında hesabat”ı, “Beynəlxalq insan haqları hüququ və beynəlxalq humanitar hüququn Ermənistan tərəfindən pozuntularına dair” sənədlərin hazırlanmasını, eləcə də “Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair məlumat bazası”nın yaradılması və s. göstərmək olar. Adını çəkdiyim sənədlərdə və eləcə də məlumat bazasında Ermənistan tərəfindən həyata keçirilmiş müharibə cinayətləri ilə bağlı geniş və ətraflı məlumatlar mövcuddur”.

R.Bayramov hesab edir ki, bu məlumatların mütəmadi olaraq beynəlxalq təşkilatların nəzərinə çatdırılması ilə yanaşı, ayrı-ayrı dövlətlərdə bununla bağlı müxtəlif səviyyəli tədbirlərin, konfrans və seminarların keçirilməsi də vacibdir.

“Mən bu məsələnin təkcə müvafiq dövlət qurumlarımızın və ya diaspor təşkilatlarımızın üzərinə qoyulmasını düzgün yanaşma hesab etmirəm. Ermənistanın təcavüzkar mövqeyibu gündavam edən cinayətləri ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər birimizdən konkret fəaliyyət tələb olunur. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə çıxışı olan elm adamlarımız, ziyalılarımızdan tutmuş, beynəlxaq əlaqələrə malik siyasi partiyalar, beynəlxalq koalisiyalarda təmsil olunan QHT-lər, xaricdə təhsil alan tələbələrə qədər hər kəs bu işdə fəal olmalıdır. Və ən əsası da bu fəaliyyət epizoduk xarakter daşınamalı, davamlı olaraq həyata keçirilməlidir.

Çalışmalıyıq ki, bütün dünya istər Birinci Qarabağ savaşında, istərsə də 44 günlük Vətən müharibəsi dövründə ermənilərin törətdiyi soyqırımı və hərbi cinayətlərlə bağlı həqiqətləri bilsin. Hərbçi və mülki əhalimizin işgəncələrə məruz qalaraq öldürülməsi, eləcə də erməni qoşunlarının münaqişə zonasından uzaqda olan mülki obyektləri hədəfə alması, 2020-ci il oktyabrın 11-i və 17-si Gəncədə, 29-u isə Bərdədə törədilmiş cinayətləri, ümumilikdə 27 sentyabr - 29 oktyabr tarixləri arasında baş vermiş cinayətlər nəticəsində uşaq, qadın, yaşlı olmaqla 90 dinc sakinimizin həyatını itirməsini, 392 mülki vətəndaşımızın yaralanmasını, eləcə də müharibəni başa çatmasından sonra ermənilər tərəfindən basdırılmış minalara görə 245 insanımızın həlak olması və ya ağır yaralanması haqqında  ətraflı bilgiyə sahib olsun”.

R.Bayramov bildirir ki, tapılan kütləvi məzarlıqlar Azərbaycana həmin dövrdə Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə bağlı cinayət işlərinin başlanmasına və beynəlxalq məhkəmələrə müraciət etmək hüququ verir. Rəsmi qurumlarımızı bu hüquqdan istifadə etməli və beynəlxalq hüquqa görə müharibə cinayəti hesab edilən bu əməllərə görə Ermənistanla bağlı müvafiq qərarların qəbul olunmasına nail olmalıdır.

 

Tahirə

 

Həftə içi.- 2022.- 6-12 oktyabr.- S.8.