Gəncənin icra
başçısını
girov götürmüşdülər...
Müdafiə nazirinin sabiq
müavini, istefada olan polkovnik Mehman Səlimov “Həftə
içi”nə budəfəki müsahibəsində 28 il öncə – 1994-cü il oktyabrın 4-5-də Gəncədə
dövlət çevrilişinə cəhd kimi dəyərləndirilmiş
hadisələr ərəfəsində şahidi
olduqlarından danışdı...
- 28 il öncə - 4-5 oktyabr
1994-cü il tarixlərində Gəncə və ətraf
rayonlarda dövlət çevrilişinə cəhd kimi dəyərləndirilmiş
hadisələr baş verdi. Bildiyimizə görə, o zaman
siz Azərbaycan Ordusunda məsul vəzifədə xidmət
göstərmisiniz. Həmin günləri necə
xatırlayırsınız?
- Həmin
ərəfədə Gəncə zonasında artıq müəyyən
dərəcədə gərginlik vardı. Müxtəlif
silahlı qüvvələr əhalini hədə-qorxu
altında saxlayır, sahibkarları soyur, bir sözlə,
özbaşınalıq mühiti yaradırdı. Həmin
silahlı dəstələrin başında ovaxtkı baş
nazir Surət Hüseynovun yaxın adamı olduğu deyilən
Kəramət adlı bir şəxs dururdu. Onlar
keçmiş sovet ordusunun Gəncədəki qoşun birləşmələri
komandanlığının Üçtəpə adlanan yerdəki
istirahət mərkəzini özlərinə qərargaha
çevirmişdilər.
O
günlər Gəncəətrafı zonada hökumət olsa
da, hakimiyyət faktiki Kəramətin başçısı
olduğu bandanın əlində idi. Gəncənin və ətraf
rayonların icra hakimiyyətləri onlardan çəkinir və
o, nə istəsə, edirdi. Təsəvvür edin ki,
oktyabrın ik günlərində Gəncənin icra
başçısı Elsevər İbrahimovu girov
götürmüşdülər...
O
zaman mən Murovdağ ərazisində dislokasiya olunan və qərargahı
Gəncə yaxınlığındakı Toğana kəndində
yerləşən hərbi briqadanın komandirinin ictimai-siyasi
məsələlər üzrə müavini idim. Oktyabr hadisələri
ərəfəsində müdafiə nazirinin əmri ilə Gəncəətrafı
tayonlar üzrə hərbi komendatura yaradıldı və mən
də komendant təyin edildim. Komendaturanın qərargahı
isə o vaxt Xanlar adlanan indiki Göygöl şəhərində
yerləşirdi”- açıqlamasının davamında
bunları əlavə edən həmsöhbətimiz 4-5 oktyabr
Gəncə olaylarından öncəki profilaktik tədbirlərin
bilavasitə o dövrkü Azərbaycan Prezidenti Heydər
Əliyevin nəzarəti altında həyata keçirildiyini
qeyd edib.
Onu
da deyim ki, bütün bu proseslər o vaxtkı dövlət
başçısı, Prezident Heydər Əliyevin birbaşa
göstərişi və nəzarəti altında beş
verirdi. Məqsəd bölgədə sabitliyə nail olmaq,
özbaşınalığı aradan qaldırmaq idi…
Hərbi
komendatura yaradılandan sonra türkiyəli zabitlər tərəfindən
hazırlanmış və mayor Nizami Bayramovun komandiri
olduğu “komando” tipli bir tabor birbaşa mənim sərəncamıma
verilmişdi. Biz ciddi fəaliyyətə başlayıb vəziyyətə
nəzarət etdikdən sonra Gəncəətrafı ərazidə,
xüsusən də indiki Göygöl rayonu ərazisində Kəramətin
bandasının özbaşınalıqları tədricən
məhdudlaşırdı. Amma Gəncə şəhəri hələ
də onların nəzarətində qalırdı. Öncə
dediyim kimi, Kəramət baş nazir Surət Hüseynovla
yaxın olduğundan heç kəs onların
qarşısında səsini çıxara bilmirdi...
Biz vəziyyəti
təhlil etdikdən sonra belə qənaətə gəldik
ki, Kəramətin dəstəsi hakimiyyətə qarşı
nəsə ciddi bir təxribat hazırlayır… O zaman
Bakıya nisbətən normal tabeçilik nümayiş etdirən
yalnız keçmiş MTN-in Gəncə şöbəsinin
rəhbəri, hazırda Fövqəladə Hallar nazirinin
birinci müavini olan Rəfail Mirzəyev idi. Heydər
Əliyev özü də bildirirdi ki, Gəncəbasar
zonasındakı vəziyyət haqda ən real məlumatı
Rəfail Mirzəyev verir…
Sentyabrın
son günlərində mən Bakıya gəlib mövcud vəziyyəti
Heydər Əliyevə məruzə etdim. Geri qayıtmağa
hazırlaşarkən hiss etdim ki, artıq Kəramətin
adamları məni izləməyə başlayıb.
Yaşadığım evin yaxınlığında nəzarətçi
qoyulmuşdu. Təbii ki, telefonlar da izlənilirdi. Mən
onları çaşdırmağa çalışdım.
Briqadanın qərargahına zəng etdim ki, axşam saat 6-da
çıxıram, özüm isə gecə
yarısından sonra çıxdım. “Niva” markalı
avtomobillə artıq Naftalan şəhəri
yaxınlığından Gəncə istiqamətində gedərkən
gözlənilmədən bir avtomobilin düz üzərimizə
gəldiyini gördüm. Sürücüm Rauf cəld tərpənərək
maşınımızı xeyli kənara çəkdi. Zərbədən
yayınsaq da, maşın yoldan kənara çıxdı və
bir neçə dəfə fırlanaraq aşdı. Biz hər
birimiz əlimizdə avtomatla avtomobildən çətinliklə
olsa da, çıxdıq. Bu zaman bizi qəzaya salanlar
maşınlarından düşüb bizə tərəf
baxırdılar. Onlar əlimizdə avtomat olduğunu
görüb dərhal avtomobillərinə minib
qaçdılar. Yadımdadır ki, sonradan biz artıq
oktyabrın 4-də Kəramətin Üçtəpədəki
bandasını tərksilah edəndən sonra ertəsi gün
həbs etdiyimiz şəxslərdən biri belə bir ifadə
işlətdi: “Sən deyəsən, yeddicanlı imişsən,
maşın neçə dəfə aşdı – yenə onun
içərisindən salamat çıxdın ki, bu gün gəlib
bizim sonumuza çıxasan?..”. Bununla sübut olundu ki, Gəncəyə
gələrkən bizə qarşı sui-qəsdi məhz Kəramətin
adamları təşkil edibmiş..
- Bəs dövlət
çevrilişinə cəhd hesab edilən proseslərin
qarşısı necə alındı?
-
Oktyabrın 4-də qiyamçılar Gəncə Şəhər
İcra Hakimiyyətini, mülki və hərbi hava
limanlarını, telestudiyanı, eləcə də
Xanlar(indiki Göygöl-S.L.) və Samux rayon icra hakimiyyətlərini
ələ keçirdilər. Bundan sonra biz
qiyamçıların qərargahı yerləşən
Üçtəpəyə qoşun yeritməyə məcbur
olduq…
Qısa
döyüş əməliyyatından sonra Surət
Hüseynovun qohumu olduğu deyilən Kəramət Kərimov
və adamları qaçdı və biz onların qərargahını
ələ keçirdik. Orada olmuş, təxminən, 20 nəfərdən
qaçmağa macal tapmamış bir neçəsini həbs
etdik. Zirzəmidə isə
boruya zəncirlənmiş bir adam tapdıq. Səhv etmirəmsə,
o, Gəncə zonasında Azərbaycan Xalq Cəbhəsi fəallarından
olmuşdu. Kəramətin göstərişlərini yerinə
yetirmədiyinə görə onu tutub bu vəziyyətdə
saxlamışdılar... Bir müddət sonra Heydər Əliyev
oktyabr hadisələri ilə bağlı respublika sarayında
keçirilən geniş tədbirdə həmin şəxsə
söz verdi və o, qiyamçıların onun başına gətirdikləri
oyunlardan danışdı…
Üçtəpədəki
qərargahı ələ keçirdikdən sonra biz Gəncə
hava limanını qiyamçılardan azad etməyə
yollandıq. Artıq oradakılar qaçmışdı. O
zaman xüsusi xidmət orqanları vasitəsilə belə bir
məlumat almışdıq ki, Rusiyadan qiyamçılara dəstək
gəlməlidir. Ona görə də biz benzindaşıyan
avtomobillərdən birini eniş zolağına qoyduq ki, təyyarələr
enə bilməsin. Bəziləri dedi ki, birdən Rusiya
desantçıları paraşütlə enərlər, bunun
nə faydası var. Cavab verdim ki, birbaşa paraşütlərlə
özgə ölkə ərazisinə hərbi birləşmə
endirmək işğal kimi dəyərləndirilir. Ancaq Rusiya
hərbçiləri təyyarə ilə enib Gəncəyə
daxil olsa, rəsmən belə izahat verə bilərlər ki,
guya yeni elan edilmiş dövlət onları köməyə
çağırıb. Bundan sonra Gəncə şəhər
icra hakimiyyətinə yollandıq. Oradakılar da, telestudiyadakı qiyamçılar
da bizim gəldiyimizi eşidib qaçmışdılar. Amma biz hərəkətə
başlamamışdan öncə telestudiyadakılar
hazırlaşırmışlar televiziya ilə hakimiyyəti ələ
keçirdiklərini və ölkədə inqilab baş
verdiyini elan edələr…
Oktyabrın
5-i səhər tezdən mən Prezident Aparatının əməkdaşı
olan Süleyman İsmayılova məlumat verdim ki, artıq Gəncədə
hər şey qaydasındadır, dövlətçiliyə və
xalqa qarşı heç bir təhlükə yoxdur. Qeyd edim ki, həmin əməkdaşın
bizə çox dəstəyi oldu. Mən bəzən Heydər
Əliyevlə onun vasitəsilə əlaqə
saxlayırdım... Bundan bir müddət sonra artıq gecə düşən
vaxt Heydər Əliyev xalqa müraciət edərək hamını Prezident iqamətgahının
yanına çağırdı və elan etdi ki, Gəncədə
dövlət çevrilişinin qarşısı
alınıb və sabitlik yaradılıb...
Bundan
sonra bir neçə saat dincəlmək məqsədi ilə
briqadamızın Göygöl yaxınlığındakı
qərargahına gəldim. Səhər saat 11-12 radələrində
xəbər verdilər ki, cənab Prezident sizi telefona
çağırır. Mən dərhal rabitə olan binaya
gedib Heydər Əliyevə cavab verdim. Dövlət
başçısı Gəncədə və ətraf
rayonlarda çevrilişə cəhdin aradan
qaldırılmasındakı fəaliyyətimə görə
mənə minnətdarlığını
çatdırdı. Prezident bildirdi ki, qiyamın
yatırılması zamanı 777 saylı hərbi hissədən
həlak olan 3 hərbçiyə və mənə Milli Qəhrəman
adı verilməsi qərarına gəlib. Doğrusu, həmin
şəhid əsgərlərin meyitlərini də
görmüşdüm.
Onların məhz öz soydaşlarımız, vətəndaşlarımız
tərəfindən hansısa vəzifə maraqları
ucbatından qətlə yetirilməsi məni çox
sarsıtmışdı. Buna görə də Heydər
Əliyevə cavab verdim ki, cənab Prezident, mən də o
şəhid olan əsgərlərimiz və digər hərbçilərimiz
kimi, dövlət, xalq qarşısında borcumu yerinə
yetirmişəm. İkincisi də, belə bir vətəndaş
qırğınında iştiraka görə mənə
“Milli Qəhrəman” adı verilməsini bir peşəkar
zabit kimi qəbul edə bilmərəm. Prezident isə cavabında bildirdi
ki, sən özün ictimai-siyasi işlər üzrə
komandir müavinisən, amma bu ifadəni düzgün hesab
etmirəm bu vətəndaş qırğını deyil,
dövlət çevrilişinə cəhddir...
Beləliklə,
həmin axşam televiziyada Azərbaycan
Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə 777
saylı hərbi hissənin komandiri Rövşən Əkbərovun
və həmin hissədə həlak olan hərbçilərin
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülməsi, mənə, briqada komandiri Fəxrəddin
Cəbrayılova və bir neçə digər hərbçiyə
isə “Azərbaycan bayrağı” ordeni verilməsi haqda
Prezident Fərmanları elan edildi...
- Bəs tabor komandiri Rövşən
Əkbərov və briqada komandiri Fəxrəddin Cəbrayılovun
xidmətləri nədən ibarət olmuşdu?
-
Doğrusu, oktyabrın 5-də biz Gəncəyə gələndə
komandiri olduğu hərbi hissə Kəramət Kərimovun əvvəlki
qərargahı olan qonaq evi ilə üzbəüz ərazidə
yerləşən Rövşən Əkbərovu orada
görmədik. Amma hərbi hissədə artıq 3 nəfər
hərbçi həlak olmuşdu... Fəxrəddin Cəbrayılov
isə həmin vaxt briqadanın
Göygöldəki qərargahında olub...
- Sizin bir müddət öncə
mediada Surət Hüseynovun 1992-ci ildə Qarabağda erməni
silahlı qüvvələrinə qarşı aparılan
savaşlar zamanı göstərdiyi xidmətlət haqda
müsbət fikirlərinizə rast gəlmişik. Bəs
1994-cü ilin oktyabrında necə oldu, hansı şəraitdə
onunla əlaqəsi olan şəxslərə qarşı hərbi
əməliyyatlara rəhbərlik etdiniz?
- Mən
həyatımboyu, xüsusən də hərbi xidmətdə,
vəzifələrdə olduğum dövrlərdə daim
gözümlə gördüyüm, şahidi olduğum hadisə
və proseslər haqda gerçəkləri
danışmağa çalışmışam. Mediaya
müxtəlif açıqlama və müsahibələrimdə
Surət Hüseynovun konkret olaraq 1992-ci ildə işğal
edilmiş Qarabağ
torpaqlarının azadlığı və digər ərazilərimizin
müdafiəsi üçün əlindən gələni
etməsi barədə danışmışam, çünki
bunların şahidi olmuşam. Xüsusən də 1992-ci ilin
oktyabr-dekabr aylarında Gəncə
yaxınlığındakı Seyfəli poliqonunda mənim rəhbərliyimlə 18
tabordan ibarət qruplaşmanın formalaşmasında Surət
Hüseynovun bilavasitə maliyyə və maddi-texniki dəstəyinin
də şahidi olmuşdum. Onun həmin vaxt hələ Gəncədə
olan Rusiyanın 104-cü hava-desant diviziyasının komandiri
general Valeri Şerbakla da əlaqəsi olduğundan o, yenicə
qurulan Azərbaycan ordusunun hərbi və texniki cəhətdən
təmin olunması və təlimi üçün əlindən
gələni edirdi. Surət
Hüseynovun bunları bəlkə də hansısa digər
niyyətlə etdiyini mən bilə bilməzdim. Amma
1994-cü ilin oktyabrında Ali Baş Komandan və Prezident Heydər
Əliyev tərəfindən mənə əmr veriləndə
ki, Gəncə və ətraf rayonlarda dövlət
çevrilişinə cəhdin qarşısının
alınması üçün tədbir görmək
lazımdır, mən kiminlə bağlı olmalarından
asılı olmayaraq bu əmri icra etməli idim. Çünki
mənə burada dövlət və dövlətçiliyinin
taleyindən söhbət getdiyi bildirilmişdi. Odur ki,
birbaşa o vaxt Baş nazir olan Surət Hüseynova
qarşı vuruşmurdum... Bizə ölkənin hərbi-siyasi
komandanlığı tərəfindən verilən əmrə
əsasən həmin vaxt bir zabit və xüsusi ərazi hərbi
komendantı kimi mən ərazidə dövlət
çevrilişinə cəhd etdiyi bildirilən Kəramət
Kərimov adlı bir şəxs və onun dəstəsinin zərərsizləşdirilməsinə
nail olmalı idim. Artıq həmin Kəramətə kim rəhbərlik
edir və göstərişlər verirdi – bu, məni
maraqlandırmırdı - mən verilən əmri icra etməyə
bir hərbçi kimi borclu idim...
- Surət Hüseynovun hər ikisində
adının baş qiyamçı kimi
hallandırıldığı və eyni məkanda -Gəncədə
baş vermiş 4-5 oktyabr 1994-cü il hadisələri ilə
4 iyun 1993-cü ilin olaylarının əsas fərqi nə
idi?
-
Hesab edirəm, ilk növbədə, 1992-1993-cü illərdəki
hakimiyyətlə 1994-cü ildəki hakimiyyəti müqayisə
etmək doğru deyil.
Yadımdadır ki, 1993-cü ilin iyununda “Surət gəlir!”,
“Surət gəlir!” xəbərləri eşidiləndə
Prezident Aparatı ruhi-mənəvi
baxımdan tamamilə sarsılmış bir vəziyyətdə
idi. Amma 1994-cü ilin oktyabrında hamı bilirdi ki, arxada qətiyyətli
bir Prezident var, dediyi sözün üzərində dayanır
və nə lazımdır edir. Elçibəy 1993-cü
ilin uyununda Kələkiyə
getməmişdən öncə
ona Surət Hüseynovun qoşunlarını hərbi
güclə dayandırmaq barədə təkliflər səslənəndə
demişdi ki, bir hakimiyyətə görə mən bircə nəfər
vətəndaşın burnunun da qanamasını istəmərəm.
Amma axı söhbət kiminsə hakimiyyətindən yox,
dövlət və dövlətçilikdən gedirdi. Heydər
Əliyev isə 1994-cü il oktyabrın 4-də,
yadımdadır ki, telefonda mənə konkret olaraq belə dedi: “Səlimov,
nəyin bahasına olsursa-olsun, biz dövlət və dövlətçiliyi
qorumalıyıq. Bax, fərq bunda idi...”
Mehman Səlimov
Sultan Laçın
Həftə içi.- 2022.- 6-12
oktyabr.- S.7.