2023-Heydər Əliyev İli

 

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.  Prezidentin Sərəncamına əsasən “2023-cü il Heydər Əliyev ili” elan edilib. Bu istiqamətdə hafta.az-a müsahibə verən Milli Məclisin sədr müavini Fəzail İbrahimli tarixi faktlara istinadən çox mühüm məqamlara toxunub.

 

– 2023-cü ilin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlanması və həmin ilin “Heydər Əliyev ili” olması hansı tarixi  əhəmiyyətə malikdir?

- Cənab Prezidentin təklifi ilə 2023-cü ilin Ulu Öndərin şərəfinə elan olunması tamamilə qanunauyğundur. Tariximizə, dünənimizə, bugünümüzə və gələcəyimizə olan bir münasibətdir.  Ulu Öndər 1923-cü ildə dünyaya gəlib. Amma onun həyat salnaməsi iki tarixi dövrə bölünür: sovet dövründə Heydər Əliyev və Müstəqil Azərbaycan dönəmində Heydər Əliyev. Heydər Əliyev dünyaya gələndə - 1923-cü ildə Azərbaycanın tarixi üçün ən böyük faciəvi dövr başlamışdı. “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması məhz 1923-cü ildə baş vermişdir. Azərbaycanın Qarabağla bağlı olan keçmişi Heydər Əliyevin doğulduğu bir ilə təsadüf edirdi və o, ömrünün sonunadək həmin problemin həlli uğrunda vuruşdu, ancaq həyat ona bu problemi həll etməyi nəsib etmədi.

– Sovet dönəmində Heydər Əliyevin fəaliyyəti üçün səciyyəvi cəhət nədən ibarət idi?

– 1920-ci il aprelin 27-də baş verən sovet bolşevik işğalından, təxminən, iki ay sonra Azərbaycan Kommunist Partiyasının II qurultayı çağırıldı və qurultayda bolşeviklərin əsl simasını ifadə edən bir fikir səsləndi: azərbaycanlı – müsəlman yaxşı bolşevik ola bilər, ancaq ona etibar etmək olmaz,  çünki onun içərisində müsavatçılıq və müsəlmançılıq var. Bu siyasi xətt sovet hökuməti dağılanadək davam etdi.  Bu xətt Heydər Əliyevin taleyində öz izini buraxdı.

Burada bəzi məqamlara diqqət çəkək:  “Müsəlmana etibar etmək olmaz!” - siyasi xətti məhz tarixi şəxsiyyət Nəriman Nərimanovun zəhərlənməsinə gətirib çıxarmışdı. Əsrin ikinci yarısında Mircəfər Bağırov güllələndi. Bu, təkcə Mircəfər Bağırov dövrünün 1937-ci il hadisələri ilə bağlı deyildi, əslində, həmin o siyasi xətt davam etdirilirdi. Hətta Partiyanın VI qurultayında bəyan etdilər ki, Azərbaycanda azərbaycanlılardan ibarət millətçi qrup var. Həmin o “millətçi qrup” adı altında Azərbaycanda nə qədər ziyalı var idi, yerlə-yeksan etdilər. Heydər Əliyev bu bolşevik siyasi xəttini özünün şəxsi xarakteri,  siyasəti, diplomatiyası, zəkasının qüdrəti ilə sındıra bildi.  Söhbət ondan gedir ki, Heydər Əliyev 1967-ci ildə, ilk dəfə olaraq Dövlət Təhlükəsizlik Komitəsinin sədri seçildi. O, Azərbaycanın tarixində ilk insan idi ki, ona etibar edildi.  Sovet bolşevizminin siyasi xətti belə idi ki, müsəlmana etibar etmək olmaz. Heydər Əliyevin şəxsi nüfuzu, zəkası o qədər qüdrətli idi ki, ona etibar edildi. Xalqın taleyi məhz Dövlət Təhlükəszilik Komitəsinin divarları içərisində həll olunur,  məsələlər sonra Kommunist Partiyasına ötürülürdü. Kommunist Partiyası ancaq siyasi qərarlar verirdi.

Heydər Əliyev “Müsəlmana etibar etmək olmaz!” şüarını rədd etdi, o sipəri qırdı və ilk dəfə olaraq  millətinin taleyini öz imzası ilə  həll etmək imkanına malik oldu.  Bu hadisə nə qədər insanın taleyinə təsir göstərdi.

1969-cu ildə isə Azərbaycan Kommunist Partiyasının Birinci katibi seçilməklə,  demək olar ki, Azərbaycan artıq keçmiş ittifaq respublikaları içərisində əsas yerlərdən birini tutdu. Azərbaycan o vaxtadək adının düzgün deyilmədiyi bir məmləkətdən İttifaq miqyasında öndəgedən bir məmləkətə çevrildi. Bu da Ulu Öndərin ikinci əsas addımlarından biri idi.

Baxaq görək, Heydər Əliyevin üçüncü addımı nə oldu?

...Stalinin ölümündən sonra Siyasi Büroda qeyri-leqal qərar qəbul edilmişdi. Qafqaz, türkmənşəli insanları Siyasi Büroya gətirmək olmazdı; Beriya güllələnir, Stalin “antisovet” çıxarılır... Bundan sonra Siyasi Büroda, ancaq slavyanmənşəli şəxslər yerləşdirilirdi. Heydər Əliyev Siyasi Büroya üzv seçilməklə bu siyasi xətti də darmadağın etdi.  Heydər Əliyev təkcə Siyasi Büronun üzvü deyildi, həm də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini idi, yəni hökumətdə ikinci adam idi. O dövrdə Heydər Əliyevin adı ilk beşlikdə çəkilirdi. Nəticə çıxarmaq olar ki, işğal olunan, əyalət kimi baxılan, millətinə müsəlman və türk parçası kimi yanaşılan bir məmləkətin nümayəndəsi böyük bir imperiyanın idarəçiliyinə gedib çıxa bildi. Bununla da idarə olunan milləti, idarə edən millət statusuna qədər qaldıra bildi. Bax, Heydər Əliyevin böyüklüyü bu idi.  Bu, sovet dövrü mərhələsində idi. Bu siyasi xətti sonda sağlıq durumu ağırlaşanadək gətirib çıxara bildi. Həyat davam etdi və Ulu Öndər qüdrətli cəngavər, bir insan kimi heç nəyin qarşısında əyilmədi...

- Ulu Öndərin, qeyd etdiyiniz kimi, SSRİ-nin tərkibində olduğumuz dövrdə Azərbaycanımızın inkişafı naminə gördüyü işlər və müstəqillik dövründə apardığı dövlətçilik siyasəti bugünümüz  üçün hansı bazanı yaratdı?

- 1990-cı illəri Ulu Öndərin Azərbaycan Dövləti, xalqı qarşısında gördüyü böyük işlərin ikinci dövrü hesab etmək olar... Azərbaycanı zaman iki dəfə böyük imtahana çəkmişdi: əsrin əvvəllərində və sonunda. Əsrin əvvəllərində zaman məsələni belə qoymuşdu: ya ayağa dur, dövlətinə sahib ol, dünya dövlətləri sırasında dayan və bütün dünyaya bəyan et ki, “Mənim dövlətçilik tarixim var, mən dövlətimiz qurmalıyam!..”.

Bu, cümhuriyyət liderlərinin fəaliyyət göstərdiyi dövr idi. Birinci dünya müharibəsi qurtarıb, rus imperiyası dağılıb, zaman çox münbit bir şərait yaratmışdı. Məhz bu həqiqəti dərk edən, bu tarixi missiyanı üzərinə götürən, Avropanın qabaqcıl düşüncələrinə sahib olan, rus təhsilinə yiyələnən Zaqafqaziya Seyiminin Azərbaycan nümayəndə heyətinin üzvləri – 44 kişi bu ağırlığı öz üzərinə götürdü və Tiflisdə Azərbaycan adında bir məmləkət elan edib, onu 23 ay yaşatdı.  Paytaxt yarandı, sərhədlər müəyyən olundu. Ancaq deyir, “zalımın başı qarışanda , məzlum bildiyini edər”...

Sovet rejimi aprel işğalında Azərbaycan Xalq Cümhuriyyətinə son qoydu və bu tarixi missiya bolşeviklərin əlinə keçdi.

...1991-ci ildə Azərbaycan yenə müstəqilliyini qazandı.  Yenə o qara buludlar Azərbaycanın üstünə çökdü.  Azərbaycanın bölünməsi, parçalanması, vətəndaş müharibəsi, artıq reallaşmaq ərəfəsində olanda bu dəfə Cümhuriyyət liderlərinin hamısının birgə gördüyü işi, tarixi missiyanı Heydər Əliyev öz çiyninə götürdü, yenidən Azərbaycana rəhbərliyə qayıtdı və Azərbaycan özünün müstəqillik tarixini yaşamağa başladı. Təkcə 1994-cü ildə “Əsrin Müqaviləsi”ni bağlamaqla, gələcək Azərbaycanın taleyinə qızıl imza atdı. Ulu Öndər dünyasını dəyişdikdən sonra onun yolunu layiqli davamçısı İlham Əliyev  davam etdirdi. Ulu Öndər öz vəsiyyətində yazır ki, “Mən İlham Əlyevə özüm kimi inanıram, özüm edə bilmədiyim işləri o həll edəcək...”.

İlham Əliyevin prezidentliyi dövründə  Azərbaycan dünyaya yeni bir simada daxil oldu, Qafqazda güclü dövlətə çevrildi, hərbi gücünü artırdı və Ulu Öndərin nisgillə dünyadan getdiyi, həll edə bilmədiyi Qarabağ probleminin həllinə nail oldu. Onun Şuşanın işğaldan azad olunduğu dövrdə elan etdiyi “Atamın vəsiyyətini yerinə yetirdim” sözləri  böyük məna kəsb edirdi. Bu tarixi missiyanı təkcə ata vəsiyyətinin yerinə yetirilməsi ilə məhdudlaşdırmaq olmaz.  Bu, Azərbaycan xalqının kimliyini özünə qaytardı. Bu, ikiyüzillik əzilən, lakin tabe olmayan bir millətin tarixdə ermənilrə qarşı ilk qələbəsi idi. Zəfəri reallaşdıran cənab Prezident oldu.  Bu gün Ulu Öndərin ruhu şaddır.  Azərbaycan müstəqildir, güclüdür və onun övladı İlham Əliyev Bayrağımızı əlində qaldıraraq bütün xalqı öz ardınca uğurla aparır.  Allah Ulu Öndərə rəhmət eləsin...

– Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyevin düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini düşündürən məsələləri uğurla həll etdiyini qeyd etdiniz. Ulu öndərin adı ilə yazılan tariximiz gələcək məqsədlərə çatmağımız üçün hansı imkanları açır?

– Cənab Prezident dəfələrlə bəyan edib ki, biz Ulu Öndərin qoyduğu ideyalar əsasında gedirik. Müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın bugünükü durumu Ulu Öndərin o ideyalarına söykənərək həyata keçib. Ulu Öndər kifayət qədər öyrənilib. Onun izi hər yerdə görünür. Əslində, onun irsinin öyrənilməsindən çox, onun izlərinin hər bir yerdə görünməsi Azərbaycan xalqı üçün çox dəyərləndirilən məqamlardandır. Güman edirəm ki, xüsusi proqram hazırlanacaq, tədbirlər həyata keçiriləcək və onunla bağlı üzə çıxmayan məqamlar bundan sonra da üzə çıxarılacaqdır. Azərbaycan xalqı “Heydər Əliyev İli”ni özünün ömür salnaməsinə yazacaq...

 

 

Milli Məclisin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar İbrahimovun “Həftə içi”nə müsahibəsi

 

- Prezidentin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətini necə dəyərləndirərdiniz?

  2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı Prezidentin imzaladığı sərəncam  xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, Ulu Öndəri dünyada böyük siyasi xadim kimi tanıyırlar. Bunun əsas mahiyyəti odur ki, gənc nəsil Ulu Öndəri tanımalı, öyrənməlidir. “Heydər Əliyev İli” Ulu Öndərin 1993-2023-cü illərdə – 20 il ərzində həyata keçirdiyi işləri gənclərə bir daha anladacaq.

Bununla yanaşı, düşünürəm, türkdilli dövlətlərdən tutmuş, bir çox digər ölkələr Ulu Öndərin 100 illiyi ilə əlaqədar tədbirlər keçirmək arzusunda olacaqlar.

Elə xalqlar var, 1 000 ildə Heydər Əliyev kimi şəxsləri dünyaya gətirməyib. Çox şükürlər olsun, Azərbaycan xalqının Heydər Əliyev kimi dahi oğlu var və o, canından əziz tutduğu Azərbaycan xalqını həmişə zirvələrə qaldırıb.

Azərbaycan xalqı xoşbəxtdir ki, Allah ona böyük, dahi bir dövlət xadimi, xalqın xilaskarı, müstəqilliyimizi qoruyan, əbədi dönməz edən belə bir insan qismət edib. Bu gün dövlətimiz də fəxr edir ki, varlığı belə bir dahi şəxsiyyətin adı ilə bağldır. Ulu Öndər Azərbaycanın fəxridir, qürurudur. Hesab edirəm, Ulu Öndərin böyük xidmətləri qarşısında belə bir sərəncam lazım idi.

– Heydər Əliyevi Azərbaycanı birincilər sırasına çıxaran dövlət xadimi kimi qısa da olsa, necə xarakterizə etmək olar?

– Heydər Əliyev kimi tarixi şəxsiyyət haqqında saatlarla danışmaq olar. Heydər Əliyevin siyasi həyatını iki hissəyə bölsək, biri Sovetlər, digəri  müstəqil Azərbaycan dövrünə  təsadüf edir.

Hələ 1969-cu ildə Heydər Əliyev KP MK-nın birinci katibi seçiləndə Azərbaycan keçmiş SSRİ-də öz inkişafına görə ən geridəqalmış respublikalardan biri idi. Ulu Öndərin hakimiyyətə gəlməsindən qısa müddət sonra görülən işlər nəticəsində Azərbaycan ən axırınci resbuplikalardan, ən öndə dayanan ölkələrdən birinə çevrildi. Ulu Öndər Azərbaycanda bir çox məsələlərdə – iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və digər sahələrdə böyük dönüş etdi. Ümummilli Lider sovet büdcəsi hesabına Bakıda neftayırma zavodlarını yenidən qurdurdu. Düzdür, o vaxt biz keçmiş ittifaqa neft verirdik, amma Heydər Əliyev SSRİ-nin büdcəsi hesabına Azərbaycanda quruculuq, abadlıq işləri həyata keçirdi. Həmin illərdə respublikamızda nə qədər binalar tikildi, böyük müəssisələr yaradıldı.

– Onun növbəti dəfə hakimiyyətə dönüşünü zəruri edən səbəblər nə idi?

- Heydər Əliyevin müstəqilli dövründə hakimiyyətə qayıdışı asan olmadı. 1990-cı ilin 22 iyununda Moskvadan Naxçıvana qayıtdı. Bilirsiniz ki, sovet hökuməti dağıldı. Azərbaycanda hakimiyyətsizlik yaranmışdı. Bakıda olduğu kimi, Naxçıvanda da vəziyyət ağır idi. O vaxt “DEMblok”, “KOMblok” var idi. Hərə Ali Sovetə öz blokundan sədr seçmək istəyirdi. Ağıllı insanlar yığışdılar, mən də o vaxt Ali Sovetin deputatı idim, çıxış edib dedim ki,  Heydər Əliyevin Naxçıvanda alternativi yoxdur. Heydər Əliyev olmasa, Naxçıvanın ermənliər tərəfindən işğalı qaçılmazdır.

Nəhayət, proseslər Heydər Əliyevin Naxçıvanda Ali Sovetə sədr seçilməsi ilə yekunlaşdı. Ondan sonra Heydər Əliyev Naxçıvanı qorudu. Ovaxtkı hakimiyyətdə olan Xalq Cəbhəsi və Müsavat cütlüyünün səhvləri üzündən 1992-ci il iyunun 4-də Gəncə hadisələri baş verdi. Qiyam oldu, qan töküldü...

1993-cü ilin iyun hadisələrindən sonra Azərbaycanın bütün bölgələrində insanlar Ulu Öndərdən Naxçıvandan Bakıya dönməsini təkidlə tələb edirdilər. Onların ümidi Ulu Öndərə idi. Heydər Əliyev iyunun 9-da Bakıya gəldi və bildiyiniz kimi, ayın 13-də Ali Sovetdə keçirilən iclasda çıxış edərək Gəncəyə getdi. Ayın 15-də isə Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Heydər Əliyev Ali Sovetə sədr seçilən kimi Azərbaycanı bu qoçu dəstələrindən qorudu. Cənubda Əlikram Hümbətovun “Talış Muğam Respublikası” yaratmaq iddiası ilə baş verən hadisələri, Şimalda sadvalçı separatçı qüvvələrin hərəkatını yatırtdı. Bakının özündə dövləti qoçu dəstələri idarə edirdi. Heydər Əliyev bunların hamısını yerində oturtdu və torpaqlarımızı işğaldan müəyyən dərəcədə qorudu...

Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib.

Ulu Öndərin atdığı ən mühüm addımlardan biri – 1994-cü ildə atəşkəs haqqında sazişin əldə edilməsi oldu. Ölkəni böhrandan çıxarmaq üçün müharibə dayandırılmalı, daxildə ictimai-siyasi sabitlik təmin edilməli idi.

Ən önəmlisi isə "Əsrin müqaviləsi” kimi tanıdığımız neft müqaviləsinin imzalanması idi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP, TAP kimi qlobal iqtisadi layihələrin də əsası məhz Ulu Öndər Heydər Əliyevin zamanındı atdığı addımlarla, həyata keçirdiyi xilaskarlıq missiyası ilə birbaşa bağlıdır.

O vaxt Azərbaycan adlı bir məmləkət yox dərəcəsində idi. Həmin vaxtlar 11 transmillli şirkət Heydər Əliyev şəxsiyyətinə inanaraq  bu müqavilədə iştirak etdi. Bu müqavilələrin də Azərbaycana çox böyük əhəmiyyəti, xeyri oldu. Bu gün də möhtərəm Prezidentin apardığı işlər nəticəsində həmin layihələr Azərbaycanı dünyada Avropanın enerji təchizatında xüsusi rolunu oynamaqdadır. 

Məsələn, Aqrar Siyasət Komitəsinin sədri kimi, 1996-cı ildə biz torpaq islahatını apardıq. SSRİ respublikaları arasında yeganə olaraq Azərbaycanda çox rahat, düzgün islahat getdi. Münbit torpaqlar insanlara paylandı - xüsusi mülkiyyətə verildi. Bunun da nəticəsində istehsal olunan kənd təsərrüfatı məhsullarının 98 faizi ancaq buna görə təmin olundu.

Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Heydər Əliyev yolu ilə Azərbaycanı daha böyük zəfərlərə doğru aparır. Məhz Heydər Əliyev yolunun Prezidentimiz tərəfindən uğurla davam etdirilməsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, xalqımız böyük qələbə sevincini yaşadı.

Azərbaycan öz zəfər tarixini yaşıyır. Bu iki il Ulu Öndərin apardığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla sonlandırılması və tarixə qızıl hərflərlə yazılmasıdır. Bu məqamı necə dəyərləndirərdiniz?

– Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasəti möhtərəm Prezidentimiz, onun layiqli davamçısı həyata keçirir. Hamımızın yaralı yerimiz olan Qarabağ işğaldan azad edildi. Özü də necə: 30 il işğal altında olan torpaqları 44 gün ərzində işğaldan azad etdi. Təbii ki, möhtərəm Prezdentimiz də hakimiyyətə gəldiyi 2003-cü ildən indiyədək  ordumuzu gücləndirib, onu ən müasir silahlarla təmin edib. Bunu da qeyd etmək lazımdır ki, bu müharibədə Rəcəb Tayyib Ərdoğan başda olmaqla, türk qardaşlarımızın bizə olan qayğısı nəticəsində  qələbəni əldə etdik. Azərbaycan xalqı - bizim hər birimiz qürur hissi keçiririk ki, dünənədək məğlub dövlətin məğlub vətəndaşları idiksə, bu gün qalib ölkənin qalib vətəndaşlarıyıq. Biz bununla qürur duyuruq. Bundan böyük nə ola bilər?!Torpaqlarımz geri qayıdıb və o ərazilərdə bərpa-quruculuq işləri gedir. Heydər Əliyevin siyasi xətti əsas hədəflərimizə, məqsədlərimizə çatacağıq.  Bu yolda  qarşımıza çıxan heç bir maneə yolumuzu kəsə bilməz. Belə maneələr yaratmaq istəyənlər çoxdur, amma onların heç biri Prezidentimizin apardığı, onun dərin təməllər üzərində qoyulmuş siyasəti qarşısında dayana bilməyəcək   istəyimizə nail olub, ölkəmizi gün-gündən çiçəkləndirəcəyik.

Heydər Əliyev hər zaman dünya azərbaycanlılarını həmrəyliyə çağırıb. Ulu öndər dünyada yaşayan həmvətənlərimizin əlaqəli şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd etməklə, həmrəyliyin əsasını qoydu. O, dünya azərbaycanlılarını Azərbaycan naminə vahid güc olmağa səslədi. Heydər Əliyevin qoyduğu bu ənənə  dünyada yaşayan azərbaycanlıların vahid mərkəzdən koordinasiyası baxımından necə qorunur?

- Heydər Əliyevin dövlət, milli dəyərlərimiz naminə dünya azərbaycanlılarının vahid bir gücə çevrilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sərgilədiyi həmrəylik ideoloji siyasi xətti bu gün də yaxşı mənada irəliləməklə müşahidə olunmaqdadır...

...17 noyabr 1990-cı ildə Naxçıvan Ali Sovetinin sessiyası çağırıldı. Heydər Əliyev orada Azərbaycan Xalq Cümhuriyyətinin siyasi bayrağını qaldırmaqla bizə göstərdi ki, yolumuz müstəqillikdir. Və o vaxt “sovet sosialist respublikası” sözləri də yığışdırıldı. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olundu. Bu gün diasporalarımız dünya səviyyəsində, ayrı-ayrı ölkələrdə xüsusi işlər aparırılar. Hesab edirəm bu, çox fərəhli bir haldır.

 

Fəzail İbrahimli

 

Eldar İbrahimov

 

Tahirə Qafarlı

 

Həftə içi.- 2022.- 6-12 oktyabr.- S.3.