Uşaq ədəbiyyatı
(Məktəbəqədər
səviyyədə)
Zaur Ustacın
EYUDER AZƏRBAYCAN, ADPU, Türkiyənin Kayseri Universiteti və
Təhsil İnstitutunun birgə təşkilatçılığı
ilə 29 avqust 2022-ci il tarixdə keçirilmiş "Məktəbəqədər
təhsilə yeni baxış" mövzusunda beynəlxalq
onlayn konfransda çıxış məqaləsi.
Salam, dəyərli qonaqlar və konfrans iştirakçıları!
Bu görüşdə müasir uşaq ədəbiyyatının (məktəbəqədər səviyyədə) yaranmasında fəal iştirak edən, öz töhfələrini vermiş yaradıcı şəxs olaraq aşağıdakı dörd əsas istiqamət (sual) ətrafında öz fikirlərimi sizinlə bölüşəcəm:
1. Necə
olub?
2. Necə
var?
3. Necə
olmalıdır?
4. Nəyə
əsaslanırıq?
Azərbaycan uşaq ədəbiyyatının ilk
nümunəsi kimi böyük mütəfəkkir Nizami Gəncəvinin
“Oğlum Məhəmmədə nəsihət” (“Leyli və Məcnun”
poemasından) qəbul edilir. Abbasqulu ağa
Bakıxanovun “Nəsihətləri” də gənc nəslin təlim-tərbiyəsində
mütləq istifadə olunmalı əhəmiyyətli vəsaitdir.
Ancaq bugünkü konfrans mövzusunun predmeti məktəbəqədər
səviyyə olduğuna görə biz sadəcə bu
xatırlatma ilə kifayətlənir və relamenti də nəzərə
alaraq birbaşa mətləbə keçirik.
Söhbətimin
birinci hissəsinə hamımıza yaxşı tanış olan “Uşaq və buz”, “Gəl, gəl
a yaz günləri” (Mirzə Ələkbər Sabir), “Xoruz”,
“Keçi” (Abdulla Şaiq) nümunələri ilə
başlayaraq, “Necə olub?” sualını cavablandırmağa
çalışacam (xahiş edirəm həm indi, həm də
gələcəkdə istənilən məsələyə
münasibət bildirəndə fikirlərin subyektivliyini qəbul
edin – bütün alternativ münasibətlərə hörmətlə
yanaşıram):
“UŞAQ VƏ BUZ”, “GƏL, GƏL, A YAZ
GÜNLƏRİ”, “XORUZ”, “KEÇİ” nümunələri
təqdim olunur.
Əminəm ki, yuxarıda sadaladığım nümunələr
hamıya tanışdır. Elə məhz bu səbəbdən
onların üzərindən (əsasında) söhbətimizə
davam edəcəyik. Demək olar ki,
bütün sonrakı problemlər bu nümunələr əsasında
çözüləcək. Zamanla bizdən
əvvəlki nəsil, biz, bizdən sonra gələn nəsillər
fərqinə varmadan bu şeirlərlə dünyanı, ətraf
aləmi tanıyıb, dərk edərək
böyüyüb, böyüyür və böyüyəcəklər.
İkinci
sual söhbətimizin əsasını təşkil etdiyinə
görə əsasən hal-hazırda (2011-ci ildən) istər
məktəbəqədər təhsil müəssisələrində,
istərsə də məktəb və liseylərin məktəbəhazırlıq
qruplarında (4 hissəli “Məktəbə
hazırlaşırıq” dərslikləri üçün nəzərdə
tutulmuş eyni adlı metodik vəsait əsasında – 2019-cu
ildən) geniş istifadə olunan müəllifi olduğum
“Güllünün şeirləri”, eyni zamanda Təhsil
İnstitutunun tərtib etdiyi məktəbəqədər təhsildə
böyük qruplar (4-5 yaş) üçün “Müntəxəbat”a
da daxil edilmiş şeirlərin yer aldığı “Uşaq
boğçası” adlı kitablardan misallar gətirməklə
bu barədə ətraflı danışacam.
“Güllünün
şeirləri” kitabı barədə: Kitabda əlifbamızda
olan bütün hərflərə aid şeirlər və rəqəmlərə
aid tapmaca-şeirlər toplanıb. Kitab 2011-ci
ilin sentyabr ayından internet üzərindən tam pulsuz və
təhlükəsiz şəkildə yayımlanır (istifadədədir).
Kitabdakı şeirlərin böyük əksəriyyəti
2019-cu ildən Təhsil Nazirliyi (Təhsil İnsitutu) tərəfindən
4 hissəli “Məktəbə hazırlaşırıq” dərslikləri
üçün nəzərdə tutulmuş eyni adlı
metodik vəsaitə daxil edilmişdir. 2011-ci ildən
bu günə qədər dəfələrlə üzərində
yenidən işlənərək (dəyişiklik zamanın tələbidir)
nəşr olunmuşdur. Hal-hazırda
internetdə mövcud olan (pulsuz) elektron variantı ilə
yanaşı ənənəvi kitab formasında nəşr
olunmuş variantları da kitab mağazalarında
satışda var. Kitabdan
nümunələr: “A”, “1”, “5”, “N”, “Ə”, “10”, “L” təqdim
olunur.
Təhsil İnstitutunun tərtib etdiyi məktəbəqədər
təhsildə böyük qruplar (4-5 yaş) üçün
“Müntəxəbat”a da daxil edilmiş şeirlərin yer
aldığı “Uşaq boğçası” adlı
kitablardan misallar gətirmək istəyirəm. Kitab iki hissədən
ibarətdir. Birinci hissədən:
“OTAQ”, “ƏŞYALAR”, “İKİNCİ EVİM”
nümunələr təqdim olunur.
Və digər şeirlərlə uşaq ətraf aləmi
tanıyır.
Yəni tanıdıqlarının adını
öyrənir və şeir vasitəsi ilə yaddaşına
həkk edir. Sadəcə “tavan”,
“döşəmə” və digər bu kimi sözlərin
uşağın məktəbəqədər səviyyədə
öyrənib, mənimsəyərək istifadə etməsinin
əhəmiyyəti böyükdür (qarşıda bu məsələyə
bir daha qayıdacam).
İkinci
hissədən:
“MƏN BABƏKƏM”,
“ŞAH İSMAYIL” nümunələr
təqdim olunur.
Olan nümunələrdə isə uşaqlar öz milli
kimliklərini, əcdadlarını tanıyırlar. Belə
misalları artırmaq, bu mövzuda söhbəti saatlarla davam
etdirmək olar. Ancaq söhbət nə qədər
uzun olsa da, onu bir yerdə müəyyən nəticə ilə
yekunlaşdırmalı oluruq. “Buz”, “keçi”, “xoruz”
–dan “tavan”, “döşəmə”, “Şah İsmayıl”-a qədər
keçilən yol sonsuzdur və o hər gün yeni
aşırımlar, döngələrlə zənginləşir.
Şübhəsiz ki, müsair uşaq ədəbiyyatı
təkcə Zaur Ustacdan, onun yazdıqlarından ibarət deyil. Hələ ötən əsrdən
günümüzə körpü atan Zahid Xəlili, Qəşəm
İsabəylini, Rafiq Yusifoğlunu, orta nəsil nümayəndələrindən
Qəşəm Nəcəfzadəni, İbrahim Yusifoğlunu,
Rəfiqə Qasımqızını, Mina Rəşidi və
gənclərdən Əyyub Türkayı misal göstərmək
olar.
Yəqin ki, Rafiq Yusifoğlunun “Üçrəngli
bayraq” şeiri hamınıza tanışdır (nümunə
təqdim olunur).
Bu üç bəndlik şeir bizim balaca dostumuza öz
bayrağını sevdirir, tanıdır.
Gənc uşaq yazarlarından məqsədyönlü
şəkildə çalışan, yazıb-yaradan Əyyub
Türkaydır. Onun yaratdığı nümunələr
canlı təbiət lövhələrindən qaynaqlanır.
Təbii və axıcıdır. Balacalar valideynlərinin və tərbiyəçi-müəllimlərinin
köməkliyi ilə onlar üçün, onların diliylə
yazılmış şeirlərlə ətraf aləmi
tanıyır, dünyamızı öyrənirlər.
Ədəbiyyatın (uşaq ədəbiyyatının)
keçmişdə, indi və gələcəkdə də məqsədi
birdir, öyrənməyi asanlaşdırmaq.
Və bax elə bu “öyrənməyi asanlaşdırmaq”
tezisi bizim bugünkü söhbətimizin
üçüncü sualına keçid verir. Bu suala cavab verərkən hələ
çox əvvəl (2016) yazdığım və
hal-hazırda da internet üzərindən və ənənəvi
formada kitabxanalardan (Zaur Ustac “Qələmdar”, Bakı, 2020.) əlçatan
olan “Mütaliə niyə vacibdir? (Beşinci
yazı) adlı məqaləmdən bir parçanı təqdim
etmək istəyirəm (qeyd olunan məqalədən-internetdə
var- əsas məqamlar dinləyicilərə təqdim edilir).
Təlim, təhsil mədəniyyətə gedən yol, ədəbiyyat
və incəsənət isə bu uzun yolda yol yoldaşı,
vasitədir. Uşaq ədəbiyyatı dedikdə isə ən həssas
məqam, ən incə məsələ anlayışı
kimi qəbul edilməlidir. Mənim və
yuxarıda adlarını sadaladığım şairlərimizin
zaman-zaman misra-misra, bənd-bənd qələmə
aldığı şeirlər toplanır, zamanın süzgəcindən
keçir və nəhayətdə ədəbiyyata (uşaq ədəbiyyatına)
çevrilir.
İstər
mənim “Gülünün şeirləri”,
“Güllünün şeirləri”, “Gülüzənin
şeirləri”, “Uşaq boğşası”, “A1” və gələcəkdə
olacaq uşaq şeirləri kitablarındakı şeirlər,
istərsə də digər müəlliflərin
yaratdıqları əsərlər bir məqsədə xidmət
edir. Bu məqsəd isə konkret olaraq məktəbəqədər
təhsildə və ibtidai təhsilin məktəbəhazırlıq
qruplarında ətraf aləmlə tanışlıq, milli dəyərlər,
ana dili və hesab haqqında biliklərin ötürülməsindən
ibarətdir. XXI əsr insanına qoyulan tələbləri
nəzərə alsaq xarici dil, kompüter biliklərini də
şeir və hekayələrlə uşaqlara ilkin formada
aşılamaq lazımdır. Vurğulamaq istəyirəm
ki, müasir uşaq ədəbiyyatı nümunələri ətraf aləmlə
tanışlıq, milli dəyərlər, ana dili və hesab
haqqında ilkin anlayışlar kimi bilikləri mütləq
özündə ehtiva etməlidir.
Azərbaycan dünyanın ayrılmaz, inkişaf etməkdə
olan bir hissəsi kimi dünyada, dünya təhsilində, təlim-tərbiyəsində
gedən problemlərdən kənarda qala bilməz. Müasir dünyada
insanın yiyələnməli olduğu kompetensiyalara nəzər
salaq:
1. Ana
dilində ünsiyyət,
2. Xarici
dillərdə ünsiyyət,
3. Riyazi
savad, elm və texnologiya,
4.
Kompüterdən istifadə,
5. Öyrənməyi
öyrənmək,
6. Sosial vətəndaşlıq,
7. Təşəbbüskarlıq
və sahibkarlıq,
8. Mədəni
məlumatlılıq və özünü ifadə etmək.
Diqqət etsək görərik ki, birinci, ikinci,
üçüncü sualları cavablandırarkən
bütün istifadə etdiyimiz nümunələr və
verdiyimiz açıqlamalar hamısı məhz bu əsas tələblərin
ödənilməsinə, yəni insan yetişdirməyə
xidmət edir.
Gələcəkdə bütün yaradılacaq
nümunələr də bu yöndə inkişaf etdirilməli,
zamanla ayaqlaşmalı, zənginləşməlidir.
Sonda
kiçik yaşlı uşaqlar üçün maraqlı və
əhəmiyyətli olan nümunələrdən bir neçəsini
misal göstərmək istəyirəm (tövsiyə
xarakterli):
Rafiq
Yusifoğlundan; “Nağıl qapısı”, “Yaddaş
kitabı” (1-2), “Vətən ətri”, “Şuşa yolu”,
Qəşəm
Nəcəfzadənin; “Yatmış dəniz şəkli”,
“Çiçəkli xalça”, “Şuşa qalxıb
ayağa”,
İbrahim
Yusifoğlunun; “Futbolçu, topçu, gobçu”,
“Arpaçayın uşaqları”, “Azərbaycan Vətənimdi”,
“Vətən nəğməsi”, “Qıymayın uşaqlara”,
Mina Rəşidin;
“Böyüklər bizə baxsın”, “Balaca günəş”,
“Meyvələrin şöhrəti”, “Jalənin əlləri”
(Türkiyədə nəşr olunub),
Əyyub
Türkayın “Balacaların şeir çələngi”,
Zaur
Ustacın (mənim) “Güllünün şeirləri”,
“Uşaq boğçası”, “Gülüzənin şeirləri”,
“Gülünün şeirləri”, “A1”.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun
«Məktəbəqədər təhsilin inkişafı»
şöbəsinin müdiri Laləzar Cəfərova (konfrans
iştirakçısıdır) rəhbərliyi ilə ərsəyə
gəlmiş və internetdə ümumi istifadədə olan
metodiki vəsaitlər, müntəxəbatlar.
Ümumiyyətlə,
“Google” və digər anoloji axtarış sistemlərində
“uşaq şeirləri”, “hərflərə aid şeirlər”,
“rəqəmlərə aid şeirlər” və s. oxşar
açar sözlərdən istifadə etməklə internetdən
səmərəli şəkildə yararlanmaq olar.
Təşkilatçılara və
iştirakçılara təşəkkürümü
bildirirəm.
Uşaq ədəbiyyatı (məktəbəqədər
təhsil səviyyəsində) mövzusu adı altında bir
çox zəruri məsələlərə toxunduq. Bunun ümumi işə faydası olacağı qənaətindəyəm.
Sağ olun.
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş
redaktoru,
şair-publisist.
Həftə içi.- 2022.- 1-7
sentyabr.- S.7.