Aprel döyüşləri-düşməni
sarıdan zərbə
2016-cı ilin Aprel döyüşləri
torpaqların tam olaraq azad edilməsi prosesində son hədəflərə
çata bilməsə də, 4 günlük müharibənin
- Aprel döyüşlərinin hansı hərbi-siyasi əhəmiyyətə
malik olduğu bu gün də araşdırılır. Dördgünlük savaş Azərbaycan
Ordusu üçün hansı sınaq idi? Bu, düşmənə
vurduğu zərbə ilə gələcək proseslərə
hansı təsirini göstərmiş oldu? Hərbi ekspert
Şair Ramaldanovla aprel döyüşlərinin əhəmiyyətindən
danışdıq:
- 2016-cı il aprel ayının ilk həftəsində
mühüm yüksəklikləri işğaldan azad edən,
Azərbaycan Ordusunun hərb tarixinə “Aprel döyüşləri”
kimi yazılan savaşı necə təhlil edərdiniz?
- Aprel
döyüşlərinin növbəti – 7-ci
ildönümünü yaşayırıq. Vaxt, zaman bizi o
döyüşlərdən nə qədər çox
ayırırsa, bir o qədər də Aprel döyüşlərinin
əhəmiyyəti haqqında yeni təhlillər,
yanaşmalar ortaya çıxır. Zaman keçdikcə Aprel
döyüşlərinin əhəmiyyətinin nə qədər
böyük olduğu daha aydın şəkildə
görürük. Əslində, bu savaş həm də bir dərs
olaraq öyrənilir. Hesab edirəm, Aprel döyüşləri
I Qarabağ savaşından sonra erməni təxribatına
qarşı ən böyük cavab idi. Aprel döyüşlərində
məhdud tapşırıqlar yerinə yetirilirdi. Bu
döyüşlər erməni
işğalçılarının mütəmadi atəşkəsi
pozması, əsasən də təmas xəttindəki
yaşayış məntəqələrində mülki
insanların təhlükəsizliyinin qarşısını
almaq üçün verilən cavab olmaqla, cənub ərazilərimizdə
düşməni geriyə addım atmağa məcbur etdi.
Aprel hadisələrində bir çox məsələ üzə
çıxdı. Bilirik ki, ermənilər belə bir mif
yaratmışdı ki, onların “Ohanyan” müdafiə xətti
keçilməzdir. Aprel döyüşlərində Azərbaycan
əsgəri göstərdi ki, onun üçün
keçilməz müdafiə xətti yoxdur. Azərbaycan əsgəri
həmin xətti ilk saatlarda keçdi,
tapşırığı yerinə yetirdi, düşməni
strateji yüksəkliklərdən salaraq geriyə addım
atmağa məcbur etdi, həmin ərazilərdə
yaşayış məntəqələrinin təhlükəsizliyini
təmin etdi. Bununla da Azərbayacan Ordusu böyük bir ərazini
müşahidə və nəzarət altına ala bildi. Hətta bundan sonra Cocuqmərcanlı
kəndinə yaşayışın qayıtması
üçün münbit şərait yaradıldı. Digər
tərəfdən, bu, Azərbaycan üçün sınaq idi. Bu döyüş
düşmənin müdafiə imkanlarının səviyyəsini
nəzərdən keçirməyə imkan yaratdı. Azərbaycan
əsgərinin özünəgüvəni artdı. Uzun
müddət işğal etdiyi ərazilərimizdə
müdafiədə duran düşmən hər addımda bizə göstərmək
istəyirdi ki, Azərbaycan əsgəri bir addım da irəliləyə
bilməyəcək.
Ona
görə də “4 gündən 44 günə” ifadəsi təsadüfi
yaranmayıb. Yəni 44 günün təməlini o 4 günlə
başlamışıq. O da Aprel savaşıdır. Azərbaycan
Ordusunun 4 günlük savaşda göstərdiyi qəhrəmanlıq
gələcək hərb yolumuzun xəritəsini
cızdı. Azərbaycanın Ali Baş Komandanı, Prezident
İlham Əliyev söyləmişdi ki, Azərbaycan Ordusu
qısa zamanda işğalçı qüvvələri
darmadağın edib ərazi
bütövlüyümüzü bərpa etməyə
qadirdir. Bu, Ali Baş Komandanın özünün formalaşdırdığı,
inkişaf etdirdiyi müasir Azərbaycan Ordusuna verdiyi yüksək
qiymətdir, inamdır. Azərbaycan Ordusu Ali Baş
Komandanın hər hansı əmrini yerinə yetirməyə
qadir olduğunu göstərdi. Əlbəttə ki, sonradan Azərbaycan
Ordusunda gedən prosesləri Aprel
hadisələrinin nəticələrindən irəli gələn
müəyyən bir təkmilləşdirmə, yeni
silahların tətbiqini nəzərdən keçirsək,
dördgünlük döyüşlər gələcək
Azərbaycan əsgərinin öz torpaqlarını
düşmən tapdağından azad etməsi
üçün keçdiyi bir sınaq kimi də qəbul
edilə bilər.
- Dördgünlük Aprel
savaşı Ermənistana hansı dərs və mesajları
verdi? Münaqişənin tənzimlənməsində
siyasi-diplomatik gedişata hansı təkan və təsirlərini
göstərmiş oldu?
- Biz bu
savaşda mən deyərdim ki, döyüş meydanında
yox, diplomatiya meydanında ortaya çıxan riskləri
gördük. Dördgünlük savaşdan Azərbaycan yenidən
atəşkəsə qayıtmalı oldu və bu məsələdə
artıq Rusiyanın müdaxiləsi ilə rastlaşdıq.
Bundan başqa, beynəlxalq arenada da risklər
göründü və hədəfə
alınan Azərbaycan Dövləti beynəlxalq geosiyasi
meydanda riskləri minimuma endirmək üçün çox
böyük işlər gördü. Azərbaycan
bütün dünyaya başqa yolu olmadığını və
gec-tez öz gücü vasitəsilə torpaqları azad edəcəyi
fikrini çatdırmışdı. Bu istiqamətdə
atılan addımların Türkiyə-Azərbaycan
dostluğu, qardaşlığı, Pakistanın Azərbaycana
dost baxışı, dəstəyi və digər dövlətlərin
də Azərbaycana maneə olmaması artıq diplomatik
müstəvidə irəliləyən böyük işlərdən
xəbər verirdi.
İyul
hadisələrindən sonra cənab Prezident “diplomatiyada
hücum” ifadəsini səsləndirmişdi. Bu “hücum
diplomatiyası”, həm Aprel hadisələri, həm də Naxçıvanda Cünnüt əməliyyatından
güc alaraq keçir. Bu hadisələr Ermənistanda qorxu
yaratmağa başlamışdı. Bəzi erməni hərbi
hissələrində olan əsgərlər xidmət etməkdən
boyun qaçırır, fərarilik edərək hərbu hissələri
tərk edirdi. Aprel döyüşlərində üzləşdikləri
məğlubiyyətdən sonra Ermənistanın yüksəkvəzifəli
şəxsləri öz postlarından azad edilmişdi. Bir
sözlə, Aprel savaşı təkcə hərbi meydanda
deyil, siyasi meydanda da Ermənistanı
sarsıtmışdı.
Aprel hadisələri,
eləcə də Naxçıvanın Cünnüt əməliyyatında
Ermənistanla sərhəddə böyük bir ərazinin nəzarətə
alınması Qarabağa gedən
yolu müşahidə edə bilmək imkanlarını
yaratmışdı və artıq Ordumuz gələcəkdə
veriləcək əmri gözləyirdi.
– Məlumdur ki, 2018-ci il iyunun 26-da
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 100 illik yubileyi münasibətilə
Bakının Azadlıq meydanında təntənəli hərbi
parad keçirilib. Həmin paradda 2016-cı ilin Aprel
döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında
işğalçılardan azad olunmuş torpaqlarda
qaldırılmış Azərbaycan bayraqları
nümayiş etdirilib. Bu faktın özü hərbi uğura
gedən yolda aparılan siyasətin hansı göstəriciləri
ilə birgə dəyərləndirilməlidir?
- Azərbaycan
Ordusunun qazandığı qələbələr və hər
bir azad olunan əraziyə sancılan üçrəngli
bayraq Azərbaycan xalqı, əsgəri üçün
böyük bir ruh yüksəkliyinə səbəb olur,
xalqda, orduda inamı artırır və vətənpərvərlik
ruhunu daha da yüksəldirdi. Azad olunan torpaqlara sancılan o
bayraqların məhz iyunun 26-da Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin yaradılmasının 100
illik yubileyi münasibətilə Bakının Azadlıq
meydanına gətirilməsi hesab edirəm, sonrakı qələbə
bayraqlarının dalğalanmasına böyük bir yol
açdı. Ona görə də biz Aprel və Naxçıvan hadisələrini qələbəyə
doğru böyük başlanğıcın ilk
addımları kimi qiymətləndirə bilərik. Prezidentin
orada söylədiyi “Gün gələcək
və bu gün işğal altındakı torpaqlar azad
olunandan sonra orada qaldırılacaq Azərbaycan
bayraqları Azadlıq
meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”
sözləri deyildiyi kimi öz yerini aldı.
Cənab
Prezident həmişə olduğu kimi, özünün
uzaqgörənliyi ilə Azərbaycanın gələcəkdə
qazanılacaq qələbəsini və ordunun şücayətini
qabaqcadan görərək həm aprel hadisələrindən
sonra dediyi “Qısa zamanda Azərbaycan Ordusu
işğalçı qüvvələri darmadağın
edib, ərazi bütövlüyünü bərpa etməyə
qadirdir” sözlərini, həm də “Gün gələcək
və bu gün işğal altındakı torpaqlar azad
olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı
Azadlıq meydanına gətiriləcək və hərbi paradda
göstəriləcək” sözlərinin də bir strateji
proqrama söykəndiyini də nümayiş etdirdi. Bu, əlbəttə ki, Azərbaycanın
nə qədər güclü, iradəli və nə qədər
qətiyyətli liderinin olduğu haqqında xəbər verir.
Doğrudan da biz 44 günlük savaşa məhz Aprel,
Naxçıvan hadisələrindən sonra cənab Prezidentin
cızdığı yol xəritəsi üzrə hərəkət
etdik. Bu gün Azərbaycanın işğaldan azad edilmiş
torpaqları tam şəkildə bərpa edilib. Qürurlu,
böyük bir xalqın Prezdienti sənab İlham Əiyev,
ulu öndərin siyasətini davam etdirərək həm onun vəsiyyətini
yerinə yetirdi, həm də böyük bir sərkərdə,
tarixi şəxsiyyət, Azərbaycan torpaqlarının
işğaldan azad edilməsinə rəhbərlik edən bir
komandan, lider kimi adını tarixə qızıl hərflərlə
yazdı.
- “Heydər Əliyev ili”ndə
yaşayırıq. Bu gün Qarabağda, Ermənistanın Azərbayacanla
sərhəddə törətdiyi hərbi təxribatları və
Fransanın, Avropanın ermənipərəst mövqeyini, Azərbaycanın
bütün bunlara baxmayaraq, öz ərazilərində
suverenliyinin təminatı üçün apardığı
əməliyyatları təhlil etsək, necə hesab edirsi,z 4 günlük savaşın 44
günə ötürdüyü güc və nəticənin
əhəmiyyəti növbəti
mərhələdə hansı hərbi-siyasi tarixi hadisəyə
yol açacaq?
- Hər
bir cəmiyyətin inkişafı tarixi hadisələrə
bağlıdır. Əlbəttə, uğurlu tarixi hadisələr
gələcəkdə cəmiyyətin inkişafına zəmanət
yaradan mühüm bir şəraitin yetişməsidir. Əgər
bizim yeni tariximizə baxsaq, Azərbaycan müstəqillik
qazandıqdan sonra ilk aylar şəxsi
maraqların Azərbaycan maraqlarından üstün
tutulması torpaqlarımızın işğal olunmasına səbəb
oldu, cəmiyyət birləşərək düşmənə
müqavimət göstərə bilmədi. Sonradan Azərbaycan
Respublikasının ziyalılarının müraciəti əsasında
Ulu Öndərin qayıdışı baş tutdu. Artıq
ulu öndər cəmiyyəti öz ətrafında birləşdirməklə Azərbaycanda
düşmən işğalının
qarşısını aldı və hətta 1994-cü ildə
əks hücumla “Horadiz” kimi uğurlu bir əməliyyat Azərbaycanın
hərb tarixinə yazıldı. Sonradan ulu öndərin
başçılığı ilə ordumuz formalaşdırıldı,
inkişaf etdirildi və öz varisini yeni bir lider yaratdı. O
liderlik qabiliyyəti Ulu Öndərdən irsi olaraq cənab
İlham Əliyevə ötürülmüşdü. Cənab
Prezident Ulu Öndərin prinsiplərini həyata keçirməklə
davam etdirərək, Azərbaycanın ərazi
bütövlüyün bərpa etməyə nail oldu. Ulu
Öndərin vəsiyyətini yerinə yetirərək Azərbaycan
xalqına qürurunu qaytardı.
Bu gün
Azərbaycan torpaqları bərpa edilmiş bir dövlət
kimi inkişaf edir. Əlbəttə, tarixin mərhələlərində
atılan uğurlu addımları məhz uğurlu liderlər
təmin edir və bu gün Azərbaycan uğurlu gələcəyə
doğru inkişaf edir. Təbii
ki, 4 günlük aprel hadisələri, 44 günlük savaş
və bu gün Azərbaycanın bu qələbəsini həzm
edə bilməyib reallıqla barışmaq istəməyən
qüvvələr hələ də Azərbaycana təsir etmək
iddiasındadır. Buna baxmayaraq bugünkü Azərbaycan
artıq həmin Azərbaycan deyil, yeni Azərbaycandır.
Müasir, güclü ordusu, xalqı dəmir yumruğa
çevrən məharətli, qətiyyətli liderə sahib
olan bir Azərbaycandır. Bu
gün ölkəmizin nüfuzu dünyada gün-gündən
artır. Həm iqtisadi inkişaf, həm daxildə olan
sabitlik, aparılan xarici, məntiqli, dürüst siyasət Azərbaycanın
bundan sonra da maraqlarını
qorumağa imkan verir. Düşünürəm, Azərbaycan
bundan sonra da uğurlu əməliyyatları ilə
güclü inkişaf yolunu davam edəcəkdir. Bunu bu gün
işğaldan azad edilmiş torpaqlarda aparılan işlər,
qısa bir zamanda infrastrukturun bərpa nəticələri, əraziərin
minalardan və digər qeyri-qanuni sursatlardan təmizlənməsi
surəti deməyə əsas verir. Düşünürəm, başda Silahlı Qüvvələrin
Ali Baş Komandanı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan cəmiyyəti
bu inkişafa layiqdir və xalqımız ona yönələn
təsirlərə, təzyiqlərə baxmayaraq, bu
inkişafı davam etdirməyə qadirdir.
Tahirə Qafarlı
Həftə içi.- 2023.- 6-12
aprel.- S.3.