Adət-ənənələrimiz:

xalqımızın milli sərvəti

 

Hər bir milləti yaşadan, onu digər xalqlardan fərqləndirən adət-ənənələri, milli dəyərləridir. Bu mənada adət-ənənələrimiz, milli dəyərlərimiz xalqımız ən vacib sərvəti hesab olunur. Milli-mənəvi dəyər anlayışı özündə böyük bir mənanı ehtiva edir. Mənəvi dəyər dedikdə əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sistemi nəzərdə tutulur. Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək ta qədim dövrlərdən indiyə kimi yaşaya-yaşaya gəlib çıxıb.

 Azərbaycan cəmiyyətində xalqın özünəməxsus olan və milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik və ədalətlilik, böyüyə hörmət və kiçiyə qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik, namusluluq və qeyrətlilik, vətən və el, doğma torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət, azərbaycançılıq haqqında etiketlər yaranıb.

Təsadüfü deyil ki, ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini, həyat durduqca yaşamasını  hər bir azərbaycanlının əsas vəzifəsi hesab edirdi: "Bizim hamımızın bir Vətəni var--bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır".

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra  da milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi  dövlət siyasətinin prioritetinə çevrilmişdir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli dəyərlərimizə istinad edərək, həyata keçirməyə başladı. Bütün bunları özünün əsas vəzifəsi hesab edən ümummilli ider Heydər Əliyev deyirdi: "Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir". Ulu öndər  bildirirdi ki, hər bir azərbaycanlı azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır.

Ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin milli dəyərlərimizə, adət-ənənələrimizə yüksək dəyər verərək, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə də tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək, bütün dünyaya çatdırılmasında misilsiz xidmətləri var. Prezident çıxışlarında Azərbaycan xalqının öz dəyərlərinə hər zaman sadiq olduğunu vurğulayıb və dövlətin də bu istiqamətdə ardıcıl siyasət apardığını qeyd edib: “Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”.

Təbii ki, bir toplumun varlığının qorunub saxlanması üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərini qoruyub saxlanması lazımdır. Amma təəssüflər olsun ki, XXI əsrdə qloballaşma dediyimiz proses müxtəlif xalqların milli-mənəvi dəyərlərinə müxtəlif formalarda təcavüz edir və onu məhv etməyə, sıradan çıxarmağa çalışır. Bəs görəsən, milli adət-ənənələrimizin, cəmiyyətimizin, milli birliyimizin qorunması üçün əhəmiyyətli olan mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi  üçün nə etmək lazımdır? Müasir dövrün tələblərinə uyğun gəlməyən dəyərlər tamamilə sıradan çıxarılmalıdırmı?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Anar İsgəndərov deyib ki, tarix boyu Azərbaycan xalqının ən böyük uğurları sırasında milli adət-ənənələrə, milli dəyərlərə olan münasibəti dayanıb: “Tarix onu göstərir ki, o xalqlar ki qədim tarixə malikdir, oturaqdır, yaratdıqları var, bu yaratdıqları içərisində min illər boyu əldə etdikləri adət-ənənələri də var. Amerika ilə Avropa dövlətləri arasında nə qədər oxşarlıq desən saymaq olar. Fərq nədir? Avropa dövlətləri qanundan əvvəl adət-ənənələri ilə öyünürlər. Amma ABŞ dünən yaranan bir dövlət olduğuna görə burada hər şey qanun üzərindədir. Adət-ənənələrlə bağlı demək olar ki, heç nə yoxdur. Lakin Azərbaycan xalqı isə min illər boyu həm cənublu, həm şimallı, həm Borçalısı, həm də Qərbi Azərbaycanı vahid adət-ənənə üzərində formalaşan bir xalqdır. Bu xalqın dini bir, dili bir və bunun üzərində formalaşan adət-ənənəsi var. Eyni zamanda, Azərbaycan xalqının özünəməxsus mənəvi dəyərləri mövcuddur. Uzun illər müxtəlif ölkələrdən Azərbaycana səyahət edən insanlar olub və onların hər bir xalqımızla bağlı yüksək fikirdə olublar. Bizim dilimizə, dinimizə, dəyərlərimizə çox böyük hörmətimiz var. Ailə dəyərlərində ana müqəddəsdir. Hər cür adət-ənənə xalqın marağına hesablanmışdır. Bu mənada 70 illik sovet dönəmi, ona qədər olan çar Rusiyası əsarəti, bütün bunlar Azərbaycan xalqının adət-ənənələrinə təsir edə bilmədi. Doğrudur, sovet dönəmində milli bayramımız olan Novruzu, dini bayramımız olan Ramazanı və.s qeyd etmək olmazdı, adət-ənənələrimizə qarşı yüzlərlə yasaqlar var idi. Lakin bunların heç biri xalqımızı öz kökündən ayıra bilmədi. Biz sovet xalqı ailəsində yaşadıq, ancaq sovet xalqı olmadıq. Biz Azərbaycan xalqı olaraq formalaşdıq. Biz öz dini abidələrimizə, adətlərimizə sahib çıxdıq, onlara düşmən münasibəti göstərmədik.

Bu gün müstəqil Azərbaycan var, bu gün milli adət-ənənəsini və mənəvi dəyərlərini inkişaf etdirən dövlətimiz var. Hazırda dövlət siyasətində qeyd etdiyim maraqların inkişafı üçün hər cür şərait var. Dövlət-din münasibətlərini qaydaya salmaq üçün ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan ideologiya, inkişaf xətti bu gün də uğurla davam etdirilir. Eyni zamanda, 44 günlük müharibə göstərdi ki, Azərbaycan xalqının dünyanın ən qədim xalqlarından biri olaraq torpağına böyük məhəbbəti var. Hətta bu sevginin yolunda şəhid olmağa hazırdır. Bütün bunlar onu göstərir ki, milli adət-ənənələrimiz min illərdən gələn xalqın xarakterini, xüsusiyyətlərini daim üzə çıxardır və bu gün də Azərbaycan xalqı müstəqil bi dövlət, xalq olaraq öz adət-ənənələrini, milli mənəvi dəyərlərini qoruyur və onu inkişaf etdirmək üçün əlindən gələni edir”.

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, bəzən biz özümüzdə olan yaxşı xüsusiyyətləri, onların dəyərini bilmirik: “Son illərdə dünyada müəyyən Avropa mədəniyyəti formalaşıb. Hamı da elə düşünür ki, Avropa mədəniyyətində böyük bir üstünlük var və onlar nə edirlərsə biz də onu təqlid etməliyik, bu daha məsləhətlidir. Mən dəfələrlə Avropada olmuşam və sosioloji müşahidələr  aparmışam. Deyə bilərəm ki, biz avropalıların etdiyini etmirik, sadəcə, onları yamsılayırıq. Yamsılamaq həmişə çox gerilik əlamətidir. İnsan heç vaxt yamsıladığına çata bilmir. Məsələn, yamsıladığın əgər dağın başındadırsa, sən dağın ətəyində olursan. Beləliklə, yamsılamaqla heç nəyin önünə keçmək mümkün deyil. Digər tərəfdən, kim deyir ki, avropalıların etdikləri ideal, yaxşı hadisədir? Şəxsən dəfələrlə avropalı sosioloqlarla söhbət, müzakirə etmişəm, onlar Avropanın necə böyük bəla içərisində olduğunu deyiblər. Onlarda ailə dəyərləri tamamilə deformasiya uğrayıb. Azərbaycanda isə çox gözəl ailə dəyərləri, sağlam mənəviyyat var. Hətta bir neçə avropalı mənə demişdi ki, Azərbaycan ailəsində ideal məsələlər var. Təbii ki,  bu məsələlərin hamısı ideal deyil. Amma böyük-kiçik, əxlaq, mənəvi mədəniyyət xeyli güclüdür. Niyəsə biz özümüzdə olan yaxşı xüsusiyyətləri, onların dəyərini bilmirik. O şey ki cəmiyyətdə mənəvi dəyərlər yaradır, o, çox əhəmiyyətlidir. O şey ki, cəmiyyətdə mənəviyyatsızlıq, xəstəliklər yaradır, onları heç vaxt müasirlik kimi qəbul etmək olmaz. Bunu fransız da, alman da etsə belə müasirlik deyil, səhv yoldur. İndi səhv yolda olan fransızın dalınca düşüb, onun yolunu getməyə çalışırıq. Bir azdan fransız fırlanıb bizim üstünlük verdiyimiz yola dönəcək, biz isə hələ uzun müddət həmin səhv yolda olacağıq. Yəni, öz dəyərlərimizi qorumağa çalışmalıyıq ki, gələcək nəsillərə çatdıra bilək. Eyni zamanda, Azərbaycanda ciddi elmi tədqiqat mərkəzləri olmalıdır. Həmin mərkəzlərdə tədqiq edilməlidir ki, bu gün hansı davranışlar ölkənin tərəqqisinə, hansı isə tənəzzülünə köməklik edir, ölkədə problemlər yaradır. Əsas meyar bundan ibarətdir. Beləliklə, bunları tədqiq edən elmi mərkəzə böyük ehtiyac var”.

 

Sevinc

 

Həftə içi.- 2023.- 9-15 fevral.- S.4.