Uşaqlar və Heydər Əliyev Fondu

  

 Bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Qeyd edək ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb.

Təbii ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın işıqlı gələcəyinin gənclərdən və uşaqlardan asılı olduğunu deyən dahi lider bütün zamanlarda onların qayğısına qalmış və sağlam, vətənpərvər ruhda böyümələri üçün mühüm işlər görmüşdür. Ulu öndər Heydər Əliyev uşaqlara xüsusi qayğı və diqqətlə yanaşırdı, hər il bu bayram münasibətilə, eləcə də Yeni il ərəfəsində, Uşaqları Beynəlxalq Müdafiə Günündə müxtəlif uşaq müəssisələrində olur, onlara göstərilən qayğı və diqqətin daim artırılmasını təmin edirdi. Ulu öndərin uşaqlara xüsusi məhəbbəti onun bütün çıxışlarında öz əksini tapırdı. Daim qeyd edirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir və dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunların qəbul edilməsi, beynəlxalq təşkilatlarla, o cümlədən “SOS” və UNICEF və digər təşkilatlarla sıx əlaqələrin yaradılması Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasətinin olduqca mütərəqqi olmasından xəbər verirdi. Uşaqların dövlət himayəsində olmasının Konstitusiyada təsbit edilməsi isə ulu öndərin müdrikliyindən və xalqına olan böyük sevgisindən irəli gəlirdi. Heydər Əliyev hesab edirdi ki, heç bir uşaq dövlət himayəsindən kənarda qalmamalıdır.

Ulu öndərin qayğısını, sevgisini uşaqlar və gənclərlə bağlı tədbirlərdə iştirakı zamanı istedadlı uşaqların inkişafı üçün hər cür şərait yaratmasından aydın görmək olardı. Elə buna görə də Heydər Əliyev uğurlu gələcək üçün hər tədbirdə dönə-dönə uşaqların sağlamlığının, təhsilinin vacib olduğunu deyir və hər kəsi onlara qayğı göstərməyə, qorumağa çağırırdı.

Aydındır ki, hər bir uşağın şəxsiyyət kimi formalaşdırılması dövlətin təhsil sisteminin də əsas vəzifəsidir. Ulu öndər 1993-cü ildə xalqın təkidi və tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sosial-iqtisadi istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Tezliklə ölkədə siyasi-iqtisadi stabilliyi təmin edən ulu öndər ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin inkişafını xüsusi diqqət mərkəzinə çəkdi. Qeyd etmək lazımdır ki, Heydər Əliyev sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə də təhsilin inkişafını daim diqqət mərkəzində saxlamış, təhsil sistemində ciddi islahatlar həyata keçirmişdir. 1972-1973-cü illərdə Azərbaycanda orta ümumtəhsil məktəblərinin sayı qısa müddət ərzində 3 dəfə artmışdır. Bu, yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Ulu öndər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.

Bu gün ulu öndər Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlaqının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi Azərbaycan Dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılır.

Dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan körpələr də unudulmur. Müstəqillik illərində bu diqqət və qayğı daha da güclənib. Prezident İlham Əliyevin imzala­dığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli sərəncam qeyd olunan kateqoriyadan olan uşaqla­ra və reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyac duyan digər qrup­lara dövlət başçısının xüsusi qayğısı­nın növbəti təzahürüdür. Sərəncam ölkəmizdə sosial xidmətlər sisteminin güclənməsinə və əhatə dairəsinin genişlənməsinə, yeni mərkəzlərin yaradılmasına imkan verir. Sağlam­lıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan uşaqların, əlilliyi olan şəxslərin sosial təminatı, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, baxımsız uşaqların sosial adaptasiyası və s. ölkəmizdə uğurla həyata keçirilən sosial müdafiə siyasətinin prioritet istiqamətlərini təşkil edir.

Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarca dövlət proqramı və böyük layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır. Xüsusilə valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə olunuan uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması daim diqqətdə saxlanılır. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilir, xəstələrin sağlamlığının bərpası üçün tədbirlər görülür. Fond uşaqların inkişafı, təhsili, gələcəkləri üçün lazım olan bütün məsələləri diqqət mərkəzində saxlayır. Eyni zamanda fond təhsil, səhiyyə ocaqlarını təmir etdirir, müasir tələblərə cavab verən yeni uşaq evləri, bağçaları, mərkəzləri tikir. Həm də bu cür işlər yalnız Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Başqa ölkələrdə yaşayan azərbaycanlı uşaqlar da unudulmur. Eyni zamanda fond müxtəlif ölkələrdəki uşaqların hüquqlarının qorunması istiqamətində işlər görür və onların qayğısına qalır. Bunların nəticəsidir ki, BMT-nin Uşaq Fondu tərəfindən Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyevaya UNİCEF-in xüsusi mükafatı təqdim olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanıb. “Yeniləşən Azərbaycana yeni məktəb” çərçivəsində yüzlərlə təhsil ocağı tikilib istifadəyə verilib. “Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində çoxlu sayda körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunub. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, “Kor və zəif görən uşaqlar üçün informasiyakommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb.

Olduqca qürurvericidir ki, bu gün də cəmiyyətin gələcəyi olan uşaqların sağlam və firavan böyüməsi, onların fiziki və mənəvi inkişafı ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən işlər bir daha göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olacaq bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlib.

 

   Sevinc

   Həftə içi.- 2023.- 1-7 iyun. - S.4.