Heydər Əliyev Azərbaycan

mədəniyyətinə işıq saldı

 

Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada seçilən ölkələrdəndir. Bu dəyərlərin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlayır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan dövrdür. Qeyd edək ki, Ümummilli Lider mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə buna görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdı.

Ulu Öndər dəfələrlə vurğulamışdı ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır:  "Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu müdrik ifadələr ümummilli lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən ulu öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdı. Mədəniyyətimizin elə bir sahəsi yox idi ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.

Bu bir həqiqətdir ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışdılar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində ən yüksək  fəxri adlara layiq görülmüşlər. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Ulu öndərin mədəniyyət məsələləri ilə bağlı hər çıxışı həmin sahənin gələcək inkişaf proqramına çevrilərdi.

Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya döndülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Heydər Əliyev bu kadrların hazırlanmasında ona görə maraqlı idi ki, gələcək müstəqil Azərbaycanımız üçün onlar gərəkli mütəxəssis olacaqdılar.

Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox mədəniyyət müəssisələri təmir olundu, filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi. Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular.

Azərbaycan kinosunun böyük bir dövr inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bizə yaxşı məlumdur ki, bir sıra filmlərimizin yaranmasında ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi, “Azərbaycanfilm”in fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən fəaliyyətə qaytardı.

Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlayırdı. Ən əhəmiyyətli fakt bu idi ki, Azərbaycanda ilk film nümayiş etdirildiyi 2 avqust (1898) kino işçilərinin peşə bayramı kimi qeyd olunmağa başladı. Əgər 1994-1996-cı illərdə iki film istehsal olunmuşdusa, 1998-2000-ci illərdə dövlət sifarişi ilə dörd tammetrajlı bədii film yaradıldı.

Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir.

Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.

Mövzu ilə bağlı qəzetimizə danışan əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevdeyib ki, ulu öndər Azərbaycan mədəniyyətinə misilsiz tövhələr verib: “Onun mədəniyyətimiz inkişafında, tərəqqisində əməyi çox böyükdür. Danılmaz faktdır ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışdılar. Məhz ümummilli liderin fəaliyyəti dövründə mədəniyyət və incəsənət xadimləri nəinki ölkə daxilində, ölkədən kənarda da tanınmağa başladılar. Dahi lider Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini hər zaman yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Mən ulu öndər Heydər Əliyevin Azərbaycan səhnəsində obrazını da oymamışam. Aqşin Babayevin “Xilaskar” adlı əsərində, Hidayət Orucovun “Burdan min atlı keçdi” əsərində, özümün müəllifi olduğum “Qurtuluş”, “Qurtuluş dastanı” əsərlərində ulu öndərimizin bədii obrazını ifa etmişəm. Bu əsərlərlə nəinki bölgələrimizdə, bir çox ölkələrdə, Türkiyədə, Dağıstanda qastrol səfərlərində olmuşam və həmin səfərlərdə tamaşaçı bizi böyük rəğbətlə qarşılayıb. Hətta xatırlayıram ki, bir dəfə Tiflisdə səfərdə olan zaman tamaşamıza Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzeni də dəvət etmişdik. O, bizim tamaşaya gəlib baxdı və tamaşa bitəndən sonra adəti üzrə səhnə arxasına keçərək aktyorlarla söhbətləşdi. O, Heydər Əliyevlə bağlı çox gözəl fikirlər söylədi və bizə bildirdi ki, Heydər Əliyev haqqında tamaşa hazırlamaqla çox gözəl görürsünüz. O həmçinin qeyd edtdi ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, Qafqazın lideridir. bildirdi ki, mən dilinizi bilmirdim, amma buna rəğmən Heydər Əliyevin obrazı o qədər mükəmməl, dolğun canlandırılıb ki, dil bilməyə ehtiyac qalmırdı. Çünki mən əziz dostumu, onun jestlərini yaxından tanıyırdım.Şevardnadze həmin görüşdən sonra bizi iqamətgahına qonaq dəvət etdibiz onun qonağı olduq”.

Əməkdar mədəniyyət işçisi bildirib ki, Heydər Əliyev bədii obrazının istər ədəbiyyatda, istərsə də səhnədə canlandırılması üçün yaradıcılığının böyük bir hissəsini həsr edib: “Məsələn, dahi lider haqqında "Böyük Turanın Himni" əsərini, “Müstəqil vətənin memarı” poemasını yazmışam. Hər iki əsər 10 dilə tərcümə oluraq çap edilib. Daha sonra ulu öndər haqqında “İşıqlı, nurlu sabah”, “Qurtuluş”, “Qurtuluşa gedən yol”, “Qurtuluş dastanı”, “Nurlu ömrün anları”, “Azərbaycan bayrağı” adlı pyeslər yazmışam.  Ümumiyyətlə, hesab edirəm ki, bütün bunlar Heydər Əliyevin bizə göstərdiyi qayğıya, diqqətə görə bizim umummilli liderə qaytarılması mümkün olmayan borcumuzdur. Və biz çalışırıq ki, gələcək nəsillərə Heydər Əliyevi olduğu kimi, daha yaxından tanıdaq. Hesab edirəm ki, bu gün xalqımız, o cümlədən mədəniyyət xadimləri Heydər Əliyevin bütün sahələrdə gördüyü işlərin mənasını, mahiyyətini gözəl dərk edir. Biz onun yaratdığı bu işıqlı, nurlu yolun davam etdirilməsi üçün öz tövhələrimizi verməyə çalışırıq və bundan sonra da çalışacağıq”.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına verdiyi tövhələrdən danışan Azərbaycan Milli Konservatoriyasının professoru, “Şərəf” və “Şöhrət” ordenləri laureatı, xalq artisti Mənsum İbrahimov da bildirib ki, ulu öndərin fəaliyyəti dövründə bütün sahələr böyük inkişaf yolundan keçib: “Mən özümü dəfələrlə ulu öndər Heydər Əliyevlə görüşmüş, onunla ünsiyyətdə olmuş, qarşısında çıxış etmişümummilli liderin baş çəkdiyi konsert proqramlarında, dövlət tədbirlərində çıxış etmiş yaradıcı mühitdən olan xoşbəxt insan hesab edirəm. Məhz Heydər Əliyev mənə 1998-ci ildə Fəxri Əməkdar artist adını verib, 2002-ci ildə Prezident mükafatı ilə mükafatlandırıb. Birinci dəfə böyük lider Heydər Əliyevin qarşısında çıxış etmək şərəfinə dahi şairfilosof Füzulinin 500 illiyinin qeyd olunması çərçivəsində tədbirdə nail olmuşam. Məlum olduğu kimi, Heydər Əliyev həmişə teatr nümayişlərindən sonra səhnə arxasına gəlməyi və xoş mühitdə mədəniyyət xadimləri ilə söhbət etməyi, problemlərlə maraqlanmağı, məsləhətlər verməyi xoşlayırdı. Onun görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında ifa etdiyim əsas partiyanı yüksək qiymətləndirdiyini böyük hörmətlə xatırlayıram. O, mədəniyyətə, muğama böyük önəm verirdi. Bu gün muğam sənətinə bu cür münasibətin davamçısı Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uzun illər ərzində muğam sənətinin qorunması və inkişafı, dünyada təbliğ olunması üçün səylər göstərir. Təsadüfi deyil ki, 2008-ci ildə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahiqeyri-maddi mədəni irsinin şah əsəri elan edib. Heydər Əliyev Fondunun dəstəyi ilə çoxlu layihələr reallaşdırılıb, albomlar buraxılıb, yaradıcılıq gecələri keçirilib, ölkədə və xaricdə konsert proqramları təşkil edilib”.

Xalq artistinin sözlərinə görə, bu gün Heydər Əliyev ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Biz Qarabağımızı azad etmişik. Sərhədlərimizin bütövlüyü təmin olunub. 2021-ci ildə Prezident əziz Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi.  2022-ci il isə "Şuşa ili" kimi yadda qaldı. Bunların hamısı hər bir azərbaycanlının sevindirmiş əlamətdar hadisələrdir. Sevindiricidir ki, milli mədəniyyətin beşiyi olan Şuşada uzun illərdən sonra Heydər Əliyev Fondu tərəfindən yenidən “Xarıbülbül” festivalı və Vaqif poeziya günləri keçirilir. Azərbaycanın bugünkü inkişafı və çiçəklənməsi Heydər Əliyevin və onun yolunun davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.”

 

Sevinc

 

Həftə içi.- 2023.- 4-10 may.- S.4.